AQTA qida əlavələri ilə bağlı xəbərdarlıq etdi - Publika.az
Bizi izləyin

Sosial

AQTA qida əlavələri ilə bağlı xəbərdarlıq etdi

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji fəallığa malik qida əlavələri ilə bağlı xəbərdarlıq edib.

Publika.az-a AQTA-dan bildirilib ki, hazırda ölkədə dövriyyədə olan bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) əksər hissəsi idxal edilən məhsullardır.

Qeyd edək ki, BFMQƏ-lərin idxalı Nazirlər Kabinetinin “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında müvafiq qərarı, ekspertizası isə “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası” ilə bağlı qərara uyğun olaraq həyata keçirilir. Yerli istehsal və idxal edilən bütün BFMQƏ-lər Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ekspertizadan keçirilir və nəticələri qurumun rəsmi internet səhifəsində yerləşdirilir.

Agentlik özünün funksional vəzifə səlahiyyətlərinə uyğun olaraq, ölkəyə idxal edilən və istehsal olunan BFMQƏ-lər üzərində nəzarət tədbirlərini həyata keçirir. Bu tədbirlər çərçivəsində məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələrə cəlb edilir.

Qeyd edək ki, 2021-ci il ərzində BFMQƏ-lərin ölkəyə idxalı ilə bağlı, ümumilikdə, 2932 müraciət olunub və 47 müraciət üzrə məhsulların sertifikatlaşdırılmasından imtina edilib. Təhlükəsizlik göstəriciləri uyğun olmayan məhsulların məhv edilməsi və ya geri qaytarılması barədə müvafiq qərarlar qəbul edilib. Aşkar olunan digər uyğunsuzluqlarla bağlı sahibkarlıq subyektlərinə xəbərdarlıqlar ünvanlanıb və onlara öz fəaliyyətlərini qanunvericilik çərçivəsində həyata keçirmələri ilə bağlı zəruri göstərişlər verilib. Uyğunsuzluqlar aşkar edildikdən sonra sözügedən məhsulların məhv edilməsi və ya geri qaytarılması barədə qərar qəbul edilib. BFMQƏ-lərlə bağlı məlumatlarla aşağıdakı cədvəldən tanış ola bilərsiz.

BFMQƏ-lər qida rasionunu zənginləşdirmək məqsədilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin müvafiq formada hazırlanan gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. İstehlakçılar nəzərə almalıdır ki, BFMQƏ-lər dərman vasitəsi deyil, yalnız orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə nəzərdə tutulmuş qidalandırıcı maddələrdir. BFMQƏ-lər xəstəliklərdən qorumur, xəstəliklərin müalicəsi və profilaktikası məqsədilə istifadə edilə bilməz və normal qidalanmanı əvəz etmir. BFMQƏ-lərin istifadə təlimatında xəstəliklərin müalicəsində istifadəsi və ya bu cür təəssürat yaradan ifadələr qeyd olunmamalıdır.

Qeyd edək ki, “Dərman vasitələri haqqında”qanununa əsasən, BFMQƏ-lərin həkim reseptinə yazılması qadağan olunsa da, hələ də qanunsuz olaraq onların həkim reseptinə yazılması və apteklərdə reseptlə satışının həyata keçirilməsi hallarına rast gəlinir. Ona görə də reseptə yazılan dərmanların arasında BFMQƏ-nin olub-olmaması istehlakçılar tərəfindən dəqiqləşdirilməli və aptekdən xəstəliyin müalicəsi, yaxud profilaktikası ilə bağlı dərman alarkən onun BFMQƏ olmadığında əmin olmaq lazımdır. Həmçinin onların istifadəsi zamanı tövsiyə edilən sutkalıq doza keçilməməli və nəzərə alınmalıdır ki, BFMQƏ-lərin uşaqların istifadəsi üçün yaş həddi 4-14 yaş arası müəyyənləşdirilib. 4 yaşına qədər uşaqlar üçün isə yalnız bitki çayları formasında istifadə oluna bilər.

“Reklam haqqında” qanununa əsasən, BFMQƏ-lərin reklamında onun dərman vasitəsi olması və ya müalicə xüsusiyyətinə malik olması barədə təəssürat yaranmamalı, istifadəsinin faydaları, üstünlükləri barədə məlumat verilməməli, dərman vasitəsi olmadığı haqqında məlumatlar yer almalıdır. Qeyd edilənlərlə bağlı qanunvericiliyin tələblərinə əməl olunması və bu sahədə nəzarət tədbirlərinin daha da gücləndirilməsi üçün Agentlik tərəfindən aidiyyəti qurumlara rəsmi qaydada müraciətlər edilib.

AQTA bəyan edir ki, BFMQƏ-lərin istehsalı, idxalı və satışı prosesləri mövcud qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməli və bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər. İstehlakçılar isə bu məhsulları alarkən qablaşma üzərində olan və ya içlik vərəqəsində qeyd olunmuş istifadə təlimatı ilə diqqətlə tanış olmalı, hər hansı qanunsuz hallarla qarşılaşdıqda müvafiq dövlət orqanlarına, o cümlədən Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat verməlidirlər.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Zəngilanda “Ağıllı kənd” layihəsi üzrə ilk “Smart DOST” məntəqəsi istifadəyə verildi - FOTO

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkədə ilk dəfə olaraq həmin kənddə qurulmuş “Ağıllı DOST” - “Smart DOST” məntəqəsi ilə də tanış olublar.

Publika.az xəbər verir ki, “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana biləcəklər.

Məntəqəyə yaxınlaşan vətəndaşa xidmət onlayn qəbul sistemi vasitəsilə virtual olaraq, DOST agentləri tərəfindən həyata keçiriləcək. Ehtiyac yarandıqda məntəqədə vətəndaşa texniki dəstək göstərəcək əməkdaşın fəaliyyəti də nəzərdə tutulub.

Yeni “Smart DOST” məntəqəsində rəqəmsal sistemin quraşdırılması və istifadəyə verilməsi işləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilib.

Oxumağa davam et

Sosial

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

Bugünkü əfv sərəncamı ilə “Neapol” hotelinin sahibi Şükür Əhmədov da azadlığa çıxıb.

Publika.az xəbər verir ki, iş adamı 6 milyon dollarlıq borca görə 2018-ci ildə həbs edilib.

Şükür Əhmədov “AccesBank”ın şikayəti əsasında saxlanılmışdı.

Oxumağa davam et

Sosial

DGK-nin sabiq şöbə rəisi azad olundu

Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisi əfv olunanlar siyahısındadır.

Publika.az xəbər verir ki, DGK-nin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin sabiq rəisi və gömrük xidməti polkovnik-leytenantı Natiq İmanov Prezident İlham Əliyevin sərəncamı ilə azadlığa buraxılıb.

Qeyd edək ki, N. İmanov 2018-ci ildə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, o, pensiya yaşına çatmış komitə əməkdaşlarına dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti almışdı. Növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanmış, Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə vəzifəsindən azad edilmişdi.

Oxumağa davam et
Reklam

Gündəm