Əgər müəllim o vaxt qulağımı çəkməsəydi, mən indi... - Mütəxəssislərdən MARAQLI RƏYLƏR - Publika.az
Bizi izləyin

Sosial

Əgər müəllim o vaxt qulağımı çəkməsəydi, mən indi... - Mütəxəssislərdən MARAQLI RƏYLƏR

6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Son günlər təhsil müəssisələrində baş verən özbaşınalıqlar sosial media gündəmini zəbt edib. Biri şagirdi, digəri isə müəllimi, yaxud valideyni günahlandırır. Nəzərə alsaq ki, məsələ kifayət qədər həssasdır, onda bu problemə sadəcə bir prizmadan yanaşmaq yanlış olar. Təbii ki, bu cür məsələlər birmənalı şəkildə qərəzsiz araşdırılmalı və düzgün qiymətləndirilməlidir. Əgər problem varsa, onun yaranma səbəbləri və həlli vasitələri də doğru seçilməlidir. Sağlam cəmiyyətin formalaşmasının təməlində düzgün təhsil sistemi dayanır. Düzgün təhsil sistemi dedikdə burada söhbət sadəcə dərs oxumaq və ya əla qiymətlər almaqdan getmir. Belə bir atalar sözü var: "Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir". 

Sözsüz ki, təhsil sistemi dedikdə burada təlim və tərbiyə anlayışlarına yanaşma tərəzinin gözlərində eyni ağırlıqda dayanır. Ona görə də bu gün tədris prosesinin sağlam və tərbiyə normaları çərçivəsindən kənara çıxmayan mühitdə verilməsi bizim üçün prioritet olmalıdır. 

Məsələyə mütəxəssislərin nöqteyi-nəzərindən baxmağa çalışdıq. 

Professor, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Publika.az-a bildirib ki, 1946-1947-cı illərdə "Dallas" doktrinası vardı, bu doktrinanın əsas məqsədi müharibədən qalib çıxmış SSRİ-ni daxildən dağıtmaqdan, milli-mənəvi dəyərlərə, adət-ənənələrə zərbə endirməkdən ibarət idi: "Uzun müddət bunu SSRİ-yə tətbiq etdilər və hazırda SSRİ yoxdur. Dəqiq demək çətindir ki, bu çöküşə həmin doktrinanın təsiri olub, ya yox, lakin burada gözdən qaçırmamalı olduğumuz əsas nüans var. Azərbaycan da müharibədən qalib çıxmış ölkədir. Bizə düşmən olan qüvvələr istəyir ki, bu qalibiyyətimizi SSRİ-nin qalibiyyəti səviyyəsinə endirsinlər. Ona görə də bizə daxildən hücum olunur. Belə ki, milli adət-ənənələrimiz hədəfə götürülür və ona qarşı işlənir". 

Şura sədri əlavə edib ki, təhsil sistemində müqəddəs yer məktəblərdir: "Biz məktəbləri müqəddəsləşdirməklə qələbəmizi tarixiləşdirə bilərik. Həmçinin biz məktəbləri, müəllimləri, milli-mənəvi dəyərləri hədəfə almaqla hər şeyi korlaya da bilərik. Fikrimcə, bizim məktəblər bilərəkdən hədəf altındadır. Ailəmizin daxilindəki problemləri necə daxildə çözməyə çalışırıqsa, məktəbdə olan problemləri mətbuat vasitəsilə ictimailəşdirmək əvəzinə, onu yerindəcə həll etməliyik". 

Şahlar Əsgərov vurğulayıb ki, insan fəaliyyətinin iki dinamosu var: "Biri maraq, digəri qorxu. İnsan Allahdan, dövlətin qanunlarından qorxmalıdır. İnsanın uzun, xoşbəxt yaşaması üçün qorxu mütləqdir. Biz qorxmasaydıq, 80 il yaşamaz, hansısa hadisə nəticəsində daha tez dünyamızı dəyişərdik. Yəni, qorxu zəruri hisslərdən biridir. Biz niyə bu qorxu üsulundan istifadə edib məktəbdə uşaqları oxutmayaq? Burada söhbət şagirdi ağır şəkildə döyməkdən getmir. Söhbət tənbehdən, qulaqburmadan gedir. Bir misal çəkmək istəyirəm. Bir tibb bacısı mənə dedi ki, atam riyaziyyat müəllimi idi və o, 30-40 il bundan əvvəl dərs zamanı bir şagirdin dərsini bilmədiyi üçün qulağını tutub və bu zaman uşağın qulağı qırılıb. Hazırda atam pensiyaçıdır və atamı görmək üçün bizim evə ən çox gələn şəxs həmin qulağı qırılmış şagirddir, hansı ki, o, indi böyük vəzifədə işləyir. Atama deyir ki, sən o zamanlar məni tənbeh etməsəydin, mən indiki yerdə olmazdım. Bunlar həyatdan nümunələrdir, biz bunları niyə görmürük? İndi bir mif uydurublar ki, uşağa söz demək olmaz. Bu mif məktəbi və müəllimi gözdən salmaq üçün yaradılıb".

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, çətin tərbiyə olunan uşalarla bağlı mütləq qaydada bir baza formalaşdırılmalıdır: "Axı komissiyalar yanında çətin tərbiyə olunan həssas ailələrin qeydiyyatı aparılır. Bu gün aidiyyəti qurumlar bunu niyə edə bilmir? Həssas uşaqlarla işin təşkili dövlət qurumları ilə QHT-lər arasında sıx əməkdaşlıq səviyyəsində aparılarsa, bu cür xoşagəlməz mənzərələr ortaya çıxmaz. Son 1 ayda məktəblərdə istər müəllimlərə qarşı təzyiqlər, istərsə də uşaqların davranışları ilə bağlı çox sayda videomateriallar ortaya çıxır. Uşaq evlərində valideynlərlə tərbiyəçilər arasında yaşanan mənfi halların araşdırılmadan dərhal müəllimin, tərbiyəçinin qınaq obyektinə çevrilməsi, onların cəzalandırılması nə qədər doğrudur? Problemdən uzaqlaşmaq üçün müəllimi və ya tərbiyəçini dərhal işdən çıxarmaqla biz hər şeyi həll etmiş olmuruq. Bilirik ki, bu cür hallar daha çox həssas ailələrdə baş verir. Biz ailə dəyərləri aşağı olan, qeyri-rəsmi nikahlardan olan, tək analar tərəfindən tərbiyə olunan uşaqlarda bu cür mənfi halları daha çox görürük. Bu, uşağın günahı deyil. Uşaq ailədə necə davranış, necə tərbiyə görürsə, onu ikinci evi olan təhsil müəssəsinə şamil edir". 

K.Ağazadə vurğulayıb ki, çətin tərbiyə olunan uşaqla xüsusi qaydada iş aparılmalıdır: "Bu gün çətin tərbiyə olunan uşaqlarla bağlı müəssisə var? Bu zaman sual ortaya çıxır. Uşaq davranışı ilə ətrafa xəsarət yetirir, pis örnək olursa, nə etməliyik? Əlbəttə, psixoloji söhbətlər aparılmalı, monitorinqlər keçirilməli, ailənin sosial durumu araşdırılmalıdır. Bəs, bu uşaqla kim və harada işləməlidir? Bu gün 10-11-ci sinif şagirdlərinin narkotikə aludəçilik problemləri ilə üz-üzəyik. Valideynlər tərəfindən bu məsələ ilə əlaqədar da bizə müraciətlər olunur. İndi bu uşaqların narkotikdən asılılıqlarının aradan qaldırılması ört-basdır edilərək həll olunacaq? Əlbəttə, xeyr. Bu zaman uşaqlar üçün narkoloji şöbə olmalıdır. Göründüyü kimi, həllini tapmayan çox məsələ var və istər Təhsil Nazirliyi, istər Sosial Xidmətlər Agentliyi, istərsə də Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və digər adiyyəti qurumlar arasında nə qədər ki, iş birliyi olmayacaq, bu problemlər həllini tapmayacaq. Hər dəfə biz bu halları vətəndaş cəmiyyəti olaraq üzə çıxarırıq və bundan sonra bizə qarşı yaranan qıcıqları da anlayırıq. Çünki prinsip ört-basdır prinsipidir. Nə qədər ki, yuxarıda adlarını sadaladığım qurumlarla əməkdaşlığımız pərakəndə olacaq bu problemlər həllini tapmadan qalacaq. Hər birimiz bu məsələlərin həlli üçün əl-ələ verərək işləməliyik".

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.


Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Bakıda yağış yağacaq, bölgələrdə şimşək çaxacaq - SABAHIN HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-8° isti olacaq.

Oxumağa davam et

Sosial

SOCAR bu zavodla bağlı xəbərdarlıq etdi

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir. NEZ-in qurğularına xam neft və neft məhsullarının qəbulu, qurğuların emal gücünə çatdırılması zamanı baş verə biləcək mümkün texnoloji dayanmaların qarşısının alınması məqsədilə müəyyən karbohidrogen qarışıqlarının zavodun məşəl sistemlərinə göndərilməsi və nəticədə NEZ-in məşəl qüllələrində tüstülənmənin olması gözlənilir. Tüstülənmə qurğular tam olaraq istismar həcminə çatdırılana və emal prosesi normallaşana qədər davam edə bilər.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya Xidmətindən Publika.az-a bildirilib ki, layihə çərçivəsində razılaşdırılmış plana əsasən, NEZ-də həyəta keçirilən istismar dayanıqlılığı və mükəmməlliyi proqramının tərkib hissəsi olaraq 2022-ci il 4 aprel tarixindən etibarən zavodda 50 gün müddətinə əsaslı planlı təmir işlərinə başlanılıb.

Hazırda əsaslı təmir işlərinin yekun mərhələsi icra edilir və plana uyğun olaraq zavodun əsas texnoloji qurğularının istismara verilməsi prosesi həyata keçirilir.

Oxumağa davam et

Sosial

II ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.

DİM-dən Publika.az-a bildirilib ki, bu gün III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçirilir. Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunan imtahan saat 11:00-da başlanıb.

İmtahan keçirilən şəhər və rayonlarda 98 imtahan binası, 1 715 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 98 ümumi imtahan rəhbəri, 280 imtahan rəhbəri, 2 138 nəzarətçi–müəllim, 240 buraxılış rejimi əməkdaşı, 98 bina nümayəndəsi cəlb edilib.

Bugünkü imtahanlarda 22 min 878 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 20 min 725 nəfər Azərbaycan, 2153 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 13 min 648 nəfəri oğlan, 9230 nəfəri qızdır. 19 min 68 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3293 nəfər əvvəlki illərin məzunudur. 25 nəfər ali təhsil müəssisələrinin, 492 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 87 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2006-cı ildəndir.

İmtahanda 19 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edir. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Oxumağa davam et
Reklam

Gündəm