Müəllim öz andına sadiq olmağı bacarmalıdır - Ekspert - Publika.az
Bizi izləyin

Sosial

Müəllim öz andına sadiq olmağı bacarmalıdır - Ekspert

“Cəmiyyətdə müəllim-şagird münasibətləri həmişə aktual olub və bu, indi də davam etməkdədir. Ötən illərə nəzər salanda müəllimin valideyndən sonra 2-ci himayədar hesab olunduğunu görürük. Hətta valideynlər öz övladlarını müəllimlərə həvalə edəndə bildirərdilər ki, “Əti sizin, sümüyü bizim” olsun. Ancaq indi vəziyyət o qədər dəyişib ki, məcazi mənada deyilən bu deyim ümumiyyətlə, öz əhəmiyyətini itirib. Valideynlər uşaqlara adi səs tonunu belə qaldıran müəllimi az qala “topa” tutsunlar. Doğrudur, heç kəsin, həmçinin müəllimin də ixtiyarı yoxdur ki, qarşısında olan şəxsi hansısa formada alçaltsın. Amma ömrünü gələcək nəsillər uğrunda şam kimi əridən, hətta tələbələrinə ailəsindən daha çox vaxt ayıran, onları doğma övladları qədər sevən, vicdanlı, peşəkar, qayğıkeş bir müəllim məgər valideynin əvəzi demək deyilmi? Sözsüz ki, hər bir valideyn övladının olan səhvlərini deyir, onu danlayır, tənbeh edə bilir. Niyə bu tərbiyəvi üsul müəllimlərə qəbahət sayılsın?”

Bu fikirləri Publika.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

Onun sözlərinə görə, müəllim nüfuzunu ilk növbədə özü qazanmalıdır: “Bu, ilk təəssüratdan başlamış ömrün sonuna qədər yüksələn xətlə davam edən, son dərəcə məsuliyyətli bir prosesdir. Müəllim nüfuzu yalnız özü üçün deyil, arxadan gələn müəllim nəsilləri üçün qazanmalı və qoruyub saxlamalıdır. Bir müəllimin yanlış hərəkəti bütün müəllimlərin ünvanına çevrilə bilir. Ona görə də müəllim hər sözünü, addımını yüz ölçüb bir biçməyə məhkumdur. Müəllimin dəqiqliyi də onun nüfuzunu qoruyub saxlamaqda mühüm amildir. Dərsə gecikən, cədvəlini qarışdıran müəllim şagirdlərindən dəqiqlik tələb edə bilərmi? Əlbəttə ki, yox. Müəllimin pedaqoji ustalığı da onu nüfuzunun dayaq nöqtələrindəndir. Dərs müəllimin biliyini nümayiş etdirmə məkanı deyil, daha çox şagirdlərin elmlərin əsaslarına yiyələnmələrini təmin etməyin optimal yollarını tətbiq etməklə qarşıya qoyulan məqsədə nail olmaq üçün kollektiv çalışma prosesidir. Müəllim ilk baxışda ən çətin görünən materialı elə incələyib hazırlamalıdır ki, öyrənənlər müsbət nəticəyə sevinə bilsinlər. Bütün müəllimlər yaxşı bilirlər ki, müəllimin özünə dumanlı görünən informasiya şagird üçün zülmət olur. Yaradıcı müəllim xəstəsini dərmandan əvvəl şirin, ruhlandırıcı dili ilə müalicəyə çalışan həkim kimidir. Şəfa tapacağı üçün həkiminə güvənən xəstə kimi şagird də ən mürəkkəb elmi problemlərin həllini tapmaqda öz müəlliminə güvənməlidir. Müəlliminin professional səriştəsinə heyran olmayan şagirddə kifayət dərəcədə motivasiya yaratmaq da mümkün deyil. Motivasiya özü də müəllim nüfuzunun yaranması və qorunub saxlanmasına xidmət edir”.

Ekspert əlavə edib ki, müəllimin nüfuzunu qorumaqda onun şagirdlərinə qarşı diqqətli olmağı da böyük rol oynayır: “Ev tapşırığını yerinə yetirməyən bir sinif və iki müəllim təsəvvür edək. Müəllimlərdən birincisi ev tapşırığının yerinə yetirilmədiyini biləndə ən azından şimşək kimi çaxıb sinfi lərzəyə salır, həm öz qanını qaraldır, həm də dərsin ritmini alt-üst edir. İkinci müəllim isə tapşırığın yerinə yetirilməməsinin səbəbini səmimiyyətlə soruşub, keçdiyi mövzunu yenidən, daha sadə formada, həmin ev tapşırığından nümunələr verərək izah edir, onu şagirdləri ilə birlikdə tamamlayır. Şagirdlər də, müəllim də müsbət əhval-ruhiyə ilə dərsə davam edirlər. Valideynlərlə əlaqə, onların pedaqoji maariflənməsinə yardımçı olmaq da müəllim nüfuzuna böyük təsir göstərir. Müəllim işinin müasir dövrdə çətinliyini yaxşı başa düşən, ona yardımçı olmağa çalışan valideynlərlə yanaşı, işi-peşəsi məktəb və müəllimdə yerli-yersiz nöqsan axtaran, vasvası valideynlərə də rast gəlmək olur. Ona görə də valideynləri planlı şəkildə, sinif rəhbərinin köməyi ilə dərslərə dəvət etmək, müəyyən şagirdlər haqqında onlarla üzbəüz söhbət etmək məktəb və müəllim haqqında təəssüratların aydınlaşmasına gətirib çıxarır. Hazırda ən ciddi problem çətin idarə olunan şagirdlərin cəzalandırılması ilə bağlıdır. Müəllimin şagirdi döyməyə ixtiyarı yoxdur. Hüquqi baxımdan bu, cinayət hesab olunur. Nəinki müəllim, nə şagirdin həmyaşıdı, nə də onun valideyni bu hüquqa sahibdir. Diqqəti dərsdən yayınan, eləcə də nadinc şagirdlə davranmaq üçün pedoqoji üsullar var. Mən düşünürəm ki, bunun üçün səriştəyə əsaslanan təhsilə keçid baş tutmalıdır. Müəllim bilməlidir ki, bu cür situasiyalarda necə davranmalıdır. Məsələn, mənim öz üsullarım vardı. Mən dərsdə zəif şagirdlərin, diqqəti yayınan, dərsə qulaq asmayan, oxumayan şagirdin müəllim tərəfindən zor tətbiq edilməsinin həmişə əleyhinə olmuşam. Görürdüm ki, şagird riyaziyyatdan zəifdir, amma gözəl rəsm çəkmək qabiliyyəti var. Mən ona keçdiyim dərsin sxemini qurmasını, şəkillə çəkməsini, bu üsulla məsələ qurmasını tapşırırdım. Deyirdim ki, dərsin sonunda onun bacarığını lövhəyə asmaqla nümayiş etdirəcəm. Hətta onun üzərində dərs quracam. Uşağı dərsə maraqlandırmağın müxtəlif üsulları var. Müəllim çalışmalıdır ki, şagirddə bu yollarla dərsə maraq oyatsın. Pedaqoq bilməlidir ki, uşağı döyməklə, ona cəza verməklə şagirddə dərsə maraq oyanmayacaq. Bu, ola bilər müəllimin uşağa qarşı hirsini soyutsun. Amma nəticədə uşaqda bir dəyişikliyə nail ola bilməyəcək. Biz əməkdaşlıq pedaqogikasından danışırıqsa, bu zaman sinifdə müəllimin şagirdinə əl qaldırması absurddur. Mən çox təəssüf edirəm ki, bizim ali təhsil müəssisələrində müəllim kimi yetişən kadrlar ancaq öz ixtisaslarını öyrənirlər. Riyaziyyat müəllimi hazırlanırsa, ona ancaq riyaziyyatın bütün bölmələri tədris olunmaqla kifayətlənirik. Bu, belə olmamalıdır. Müəllimə həm də sinifdaxili idarətmə üsulları öyrədilməlidir”.

K.Əsədov vurğulayıb ki, Qərbdə müəllim kimi hazırlanan kadrlar ilk kursdan məktəblərə göndərilir: “Onlar müəllimliyi birinci kursdan sonadək məktəbdə öyrənirlər. Praktiki olaraq müəllim kimi yetişdirilirlər. Bizdə isə müəllimlər ancaq öz ixtisasları üzrə nəzəri biliklərə yiyələnirlər. Ali məktəbi qurtarıb 6 ay praktikadan sonra parta arxasındakı şagirdə müəllimlik edirlər. Hansı ki, Qərbdə artıq müəllimlərə sinifdaxili səmərəli fəaliyyət göstərmək üsulları öyrədilir. Bizdə isə müəllimin sinifdaxili davranış səriştəsinə demək olar ki, fikir verilmir. Hansı ki, o səriştələr müəllimə ilk kursdan öyrədilməlidir. Bu səriştələr aşılanarsa, müəllim sinifdə diqqəti dərsdə olmayan, zəif oxuyan, nadinc şagirdin diqqətini dərsə cəlb etməyi bacaracaq. Təəssüf edirəm ki, bizdə bu məsələ arxa planda qalıb. Nəticədə isə hələ də ümumtəhsil müəssisələrində müəllimin şagirdi döyməsi faktlarına rast gəlinir. 

Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli 600 nömrəli əmri ilə təsdiq edilmiş Müəllimlərin etik davranış qaydaları da var. Bu qaydaların 4.1.3 bəndində qeyd olunub ki, müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır. 4.1.8 bənddə isə bildirilir ki, müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir. 4.1.9 bəndə görə, müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir. Hətta bu qaydaların 4.4.3. bəndi müəllimin valideyn və digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmalı olduğunu özündə ehtiva edir. Bütün bunlarla yanaşı, müəllim öz andına da sadiq olmağı bacarmalıdır.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

ÜST-də fövqəladə səhiyyə vəziyyətlərinə hazırlıq barədə müzakirə olacaq

Bazar günü Cenevrədə açılacaq 75-ci Ümumdünya Səhiyyə Assambleyasının (mayın 28-dək davam edəcək - red.) iştirakçıları pandemiyanın dərslərini nəzərə almaqla qlobal ictimaiyyətin fövqəladə hallara cavab verməyə hazırlığının gücləndirilməsinə diqqət ayıracaqlar.

Publika.az xəbər verir ki, 2019-cu ildən bəri ilk dəfə əyani keçiriləcək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas illik forumunda 194 ÜST-yə üzv dövlətin nümayəndələri iştirak edəcək.

Forumun əsas mövzusu “Dünya üçün sağlamlıq, sağlamlıq üçün dünya” olacaq. Nümayəndələr qlobal səhiyyəni fövqəladə hallara cavab vermək üçün hazırlamaqla yanaşı, qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması üzrə 2023-2030-cu illər üçün yol xəritəsini, epilepsiya və digər nevroloji pozğunluqlar üzrə fəaliyyət planını, vərəm və poliomielitlə mübarizəni, qida məhsullarının təhlükəsizliyi sahəsində strategiyanı və davamlı maliyyələşdirmə məsələsini müzakirə edəcəklər.

Assambleya ÜST-nin Baş Direktorunu beş illik səlahiyyət müddətinə təyin edəcək. Təşkilatın İcraiyyə Komitəsinin yanvar sessiyasında bu vəzifəyə ÜST-nin hazırkı rəhbəri Tedros Adhanom Qebreyesusun (Efiopiya) namizədliyi irəli sürülüb.

Oxumağa davam et

Sosial

Bu gün 23 min abituriyent qəbul imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçiriləcək.

DİM-dən Publika.az-a bildirilib ki, bu imtahanda (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya imtahanı) 22 min 878 abituriyentin iştirakı nəzərdə tutulur.

Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq imtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Oxumağa davam et

Sosial

Gürcüstanın din xadimləri Füzulidə

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə ölkəmizə səfərə gələn Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda olub.

Publika.az xəbər verir ki, səfər iştirakçıları əvvəlcə Merdinli kəndində erməni barbarlığı ilə tanış olublar. Məlumat verilib ki, erməni vandalları 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən Merdinli kəndindəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətini nümayiş etdirib. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.

Nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanına da gəlib. Bildirilib ki, 44 günlük Zəfər yürüşü zamanı azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Bu işlər çərçivəsində Füzulidə qısa zamanda beynəlxalq hava limanı inşa olunub. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Artıq hava limanı xarici ölkələrdən təyyarələr qəbul edir.

Gürcüstanlı qonaqlar Füzuli şəhərinin mərkəzində də erməni vəhşiliyinin şahidi olublar. Məlumat verilib ki, şəhər tamamilə viran edilib, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Həmçinin şəhərin təbiəti, ağaclar və yaşıllıqlar məhv edilib.

Füzulidə erməni barbarlığı ilə tanış olan qonaqlar Şuşa şəhərinə yola düşüblər.

Oxumağa davam et
Reklam

Gündəm