Xəbərlər - Publika.az
Bizi izləyin

Təhlil

Neftin ucuzlaşmasından qazananlar, ABŞ-ÇİN qarşıdurması: 10 il sonra da... - ŞOK PROQNOZ

Pandemiyanın başa çatması ilə dünya yeni düzənə daxil olacaq. Postpandemiya dövründə ölkələri yeni sürprizlərin gözlədiyi barədə iddialar var. Bu dövrdə həm siyasi, həm də iqtisadi vəziyyətin dəyişəcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Pandemiyanın iqtisadiyyata hansı zərbələri vurduğu və necə təsir göstərdiyi, postpandemiya dövründə dünyanı nələrin gözlədiyi ilə bağlı Publika.az-ın suallarını iqtisadçı-ekspert Natiq Cəfərli cavablandırıb.

- Natiq müəllim, dünya düzəninin postpandemiya dövründə, yəni pandemiyadan sonra dəyişəcəyi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bəs iqtisadiyyatın düzəni necə dəyişəcək?

- İqtisadiyyatda yeni texnologiyaların önə çıxması pandemiyadan əvvəl də baş vermişdi. Yəni, son on ili götürsək iqtisadiyyatın müasir texnologiyalara və süni intellektə keçidi müşahidə edilir. İqtisadiyyatın bir çox sahələri, bank sektorundan xidmət sahəsinə, alış-verişdən onlayn ticarətə qədər internet üzərindən aparılırdı və inkişaf edirdi. Pandemiya bu prosesi daha da sürətləndirir. Distansion iqtisadi modellərin önəmi artır. Bu bankçılıqdan digər sahələrə qədər yayılmağa başlayacaq. Hətta dünyada yaxın 2-3 il ərzində yəqin ki, bank sektorunda olan ənənəvi şöbələri biz görməyəcəyik. Azərbaycana bu nə vaxt çatacaq hələ ki, məlum deyil. Amma onlayn bankçılığın çox ciddi və daha sürətli yayılmasının şahidi olacağıq. Hətta Avropa və ABŞ-dan əlavə Rusiyanın ən böyük banklarından biri olan “Tinkoff Bank” cəmi bir şöbəyə malikdir. Qalan bütün əməliyyatları artıq internet bankçılığı üzərindən aparılır. Yəni, bu yeni dövrə qədəm qoyulmasına səbəb olur. Bundan başqa onlayn sifarişlər inkişaf edir. Hətta ənənəvi alış-veriş mərkəzlərinin də tarixə qovuşacağı məsələsi gündəmə gələ bilər. Çünki onlayn sifarişlərdə artıq yeni texnologiyalar o qədər sürətlə inkişaf edir ki, evdən çıxmadan geyinib-soyunma otağına qədər virtual reallıq yaradılır və siz istənilən paltarın bədəninizə necə oturmasını görə bilərsiniz. Bu texnologiyalar var idi. Amma pandemiya dövründə daha da sürətlə inkişaf etdi. Bundan başqa, texnoloji startapların və ideyaların, kontaktsız iqtisadi münasibətlərin daha da önə çıxdığı bir dövrə qədəm qoyuruq. Çox güman ki, iqtisadiyyatda bu istiqamətdə sahələr üzrə inkişafın şahidi olacağıq.

Amma pandemiyanın bir mənfi cəhəti də var ki, ölkələrin qapanmasını müşahidə edirik. Sanki antiqloballaşma önə çıxır və ölkələr öz maraqları çərçivəsində iqtisadi qərarlar alırlar ki, bu da dünya inteqrasiyasına mənfi təsirlərini göstərir, hətta əks proseslərə səbəb olur. Almaniya və ABŞ elan edib ki, Çin, eləcə də Asiyadan öz istehsal sahələrini ölkəyə qaytarmaqla bağlı proqram işləyib hazırlayırlar. Əslində postpandemiya maraqlı bir dövrdür. Onun iqtisadi formaları, yəni iqtisadiyyatda önə çıxan məsələləri yaxın aylarda daha ciddi müzakirə olunacaq. Burada məsafədən işləmə məsələsi də önəm kəsb edir. Bəzi şirkətlər var ki, artıq elan ediblər ki, postpandemiya dövründə evdən işləmə tipi ilə davam edəcəklər.

- Neftin taleyini nə gözləyir?

- Neftlə bağlı təqribən 10 il bundan əvvəl belə bir ehtimal səsləndirilirdi ki, artıq dünya postneft dövrünə qədəm qoyur. Yəni, neftin keçən əsrdə olan strateji və siyasi önəmi artıq arxa plana keçir. Bərpa olunan enerjinin sürətlə inkişaf etməsi neft dövrünü də arxada qoyur. Əgər qısamüddətli postpandemiya dövründən danışsaq təbii ki, neft qiymətlərinin yaxın aylarda, bu ilin sonunda, gələn ilin əvvəlində yüksəlməsinin şahidi olacağıq. Çünki hələ də “qara qızıl”ın istehsalı və istehlakı qiymətlərdə həlledici rol oynayır. Karantinlə əlaqədar olaraq istehlak kəskin azalıb. Ona görə də neft qiymətləri düşüb. İstehlak artdıqca qiymət də artacaq. Amma orta və uzunmüddətli, ən az 10 illik proyekt üzərində düşünsək neftin önəmi getdikcə azalacaq. Bu isə qiymətinin düşməsinə və aşağı səviyyələrdə qalmasına səbəb olacaq. Ötən əsrin 90-cı illərində neftin tükənən sərvət olması ilə bağlı məşhur nəzəriyyə var idi. Hamı deyirdi ki, neft tükəndikcə də qiyməti qalxacaq. Amma 90-cı illərdə aparılan tədqiqatlarda neftin həcmini dünyada ölçdülər. 2010-cu ildə həcm yenidən ölçüldü. Məlum oldu ki, bu 20 ildə neft ehtiyatları nəinki azalıb, hətta 6 dəfədən çox artıb. Bu çox ciddi bir konfiqurasiya dəyişikliyinə səbəb oldu. Artıq nefti tükənən sərvət kimi saymırlar. Bunun özü onun önəminə və gələcəkdə neft üzərində aparılan iqtisadi münasibətlərə ciddi təsir göstərəcək. Yəni, postneft dövrünün daha da ciddi və sürətlə yaxınlaşmasının şahidi olacağıq.

- Dünyada yaşanan iqtisadi çöküş hansı güclərin maraqlarına uyğundur?

- Əslində indi bütün ölkələr demək olar ki, ciddi zərər görür. Məsələn, Çinin ilin birinci rübündə Ümumi Daxili Məhsulu (ÜDM) ölkə tarixində rekord həcmdə azalıb. 36 faizə yaxın azalma müşahidə olunur ki, bu da iqtisadiyyatda çökmədir. ABŞ-da son günlər açıqlanan işsizlik rəqəmləri 3 milyon nəfər artıb. Son 2 ayda isə işsizlik 22 milyonu keçib və rekord həddə çatıb. Beləliklə, ABŞ-da böyük işsizlik ordusu yaranıb. ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa və Almaniyanı, neft istehsal edən ölkələri götürsək hər yerdə çöküş yaşanır. Yəni, bunun hansı ölkələrə xeyir verəcəyini görmürüksə deməli, hər hansısa beynəlxalq güclər varsa da bu dövlətlərin nəzarəti, yaxud da onların maraqları çərçivəsində hərəkət edirlər. Ona görə də hələ ki, qazanan dövləti görmürəm. Ola bilər ki, biz hələ oyunun əvvəlindəyik və bundan sonrakı gedişatda kimlərinsə və hansısa güclərin, dövlətlərin önə çıxdığını, qazandığını müşahidə edə bilərik. Əgər belə bir nəzəriyyəyə inansaq dünyada təhlükəsizliklə bağlı qayğıların artmasının şahidi oluruqsa, bu paralel olaraq azadlıqların azalması ilə müşahidə olunur. Amma bu iqtisadi qazanc deyil. Hələ ki, iqtisadi qazancla çıxan ölkələrin, yaxud da ki, qurumun və qrupun olduğu görünmür. Ola bilsin ki, sonradan daha ciddi proseslərin iştirakçısı olacağıq.

- Pandemiya fonunda ABŞ-Çin qarşıdurması nə zamanadək davam edəcək?

- Bu qarşıdurmanın tarixi pandemiya ilə bağlı deyil, təxminən 20 ilə yaxındır davam edir. ABŞ-ın beyin və strateji düşüncə mərkəzləri artıq 20 ildir xəbərdarlıq edirlər ki, gələcəkdə maraqların toqquşması ən çox Çinlə olacaq. Bu toqquşma həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə ola bilər. Ona görə də çəkişmələr pandemiyadan sonra da davam edəcək. Hər iki ölkə öz maraqları çərçivəsində münasibətləri tənzimləməyə çalışacaq. Sadəcə hələlik Amerikanın üstünlükləri görünür. Üstünlük ondan ibarətdir ki, Çin ixracatçı ölkədir. Əsasən ixracatla dolanır və bunun təqribən 560-570 milyard dollara yaxınını ABŞ-a edir. Bu ixracat da zəiflədikcə Çinin iqtisadi zəifliyi artır. Bundan başqa Çinin valyuta ehtiyatlarının 80 faizə yaxını ABŞ dollarında və yaxud da ki, ABŞ-ın borc kağızlarındadır. Bu təqribən 300 milyon dollara yaxın vəsaitdir. Bu isə ABŞ-ın Çinlə münasibətlərinə ciddi təsir edən amillərdən biridir. Amma bu qarşıdurma daim olacaq. Bundan 10 il sonra da olacaq. Nə qədər ki, dövlətlərin öz maraqları var və bu maraqlar üst-üstə düşmür, bu qarşıdurma da o zamana qədər davam edəcək.

- Pandemiyadan sonra dollar digər valyutalar qarşısında zəifləyə bilərmi?

- Əslində bunun hələ ki, əksini görürük. Dollar indeksi pandemiya elan olunan gündən, yəni mart ayının ortalarından bu günə qədər təqribən 6 bənd artıb. Dünya üzrə dollar indeksi 94 bənd idi. Hazırda bu rəqəm 100 bəndi keçib. Yəni hələ ki, dollar bahalaşır və güclənir. ABŞ valyutası eyni zamanda hazırda “güvənli liman” rolunu oynamağa çalışır. Bunun da obyektiv səbəbləri var. Dünya ticarətinin 72 faizi dollar üzərindən aparılırsa, dünya ölkələrinin ehtiyatlarının böyük əksəriyyəti – təxminən 75 faizi yenə dollardan ibarətdirsə, bu valyutanın gücü hələ uzun müddət davam edəcək.

- Pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi...

- Nə qədər qəribə səslənsə də, pandemiyadan və neftin qiymətlərinin ucuzlaşmasından udan dövlətlər də var. Onların sayı daha çoxdur. Neftin ucuzlaşması idxalçı ölkələrin iqtisadiyyatına müsbət təsir edir, nəinki satan ölkələrə. Aprel ayının nəticələrinə görə həcm olaraq neft satışını artırmışıq.

Akqabay Mıradov

Rəylər

Təhlil

Şamaxı rayonunda Qida Festivalı keçirildi - FOTO

Bu gün Dağlıq Şirvan iqtisadi rayonunun mətbəxini təşviq etmək, regionda fəaliyyət göstərən fermer və sahibkarların istehsal etdikləri məhsulları tanıtmaq məqsədilə Şamaxı rayonunda Qida Festivalı keçirilib.

Publika.az
xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təşkilatçılığı və Avropa İttifaqının tərəfdaşlığı ilə keçirilən festivalda Dağlıq Şirvan və Şəki-Zaqatala iqtisadi rayonlarında yaşayan fermer və sahibkarlar, turistlər, Şamaxı Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri iştirak ediblər.

Tədbirdə salamlı nitqi ilə çıxış edən Vüqar Bayramov festivalın məqsədindən və Dağlı Şirvanın aqrar və turizm potensialından danışıb. Avropa İttifaqının Bakı nümayəndəliyinin Siyasət Sektorunun Müdiri Zoltan Szalai ittifaqın Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev regionun turizm potensialı ilə bağlı fikirlərini bölüşərək bu sahədə həyata keçirilən fəaliyyətlərə diqqəti cəlb edib. Kiçik Orta Biznesinin İnkişaf Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, aqrar və qida sektorlarında əldə olunmuş uğurların nümayiş olunduğu Şamaxı Qida Festivalı işgüzar əlaqələrin qurulması və inkişafı, KOB-ların yeni satış bazarlarına çıxışı, aqro turizmin inkişafı baxımından da əhəmiyyətlidir. O bildirib ki, kənd təsərrüfatı və qida sənayesi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır və Agentlik bu sahələrdə fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. İndiyədək KOBİA-nın dəstəyi ilə 200-dən çox startap, mikro və kiçik sahibkarlıq subyektinin müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına Agentlik tərəfindən dəstək göstərilib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonun iqtisadi potensialı və turizmdə müqayisəli üstünlükləri barədə məlumat verib. Milli Məclisinin deputatları Vüqar İskəndərov və Tamam Cəfərova həyata keçirilən layihəni yüksək qiymətləndirərək belə proqramların regionların inkişafına təsirlərindən danışdılar.

Daha sonra festival iştirakçılarına Dağlıq Şirvan iqtisadi rayonunun ənənəvi yeməkləri təqdim olundu.

Oxumağa davam et

Təhlil

"Dost Aqropark" Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək

“Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək "Dost Aqropark" layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq”.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar.

Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.

Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. "Dost Aqropark" kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.

Oxumağa davam et

Təhlil

Qubad İbadoğlunun işsizlik və yoxsulluğa dair natamam şərhinin analizi

İqtisadçı Qubad İbadoğlu Azərbaycanda son bir ildə işsizlik və yoxsulluğun 2 dəfə artmasına dair iddia ilə çıxış edib. Özünün FB səhifəsində yazdığı postda bildirib ki, işsizlik 50 faizə, yoxsulluq 30 faizə qədər artıb. Sitat: “2020-ci ildə Azərbaycanda işsizlərin sayı 376 min nəfər qeydə alınıb ki, bu da 2019-cu illə müqayisədə 125 min nəfər və ya 50 faiz çoxdur. Beləliklə də, işsizlik səviyyəsi 2003-cü ildən sonra ən yüksək həddə çatıb. Müstəqil eksperlər 2020-ci il üçün işsizlik faizinin rəsmi göstərildiyi kimi 4,86 faiz deyil, 16,51 faiz olduğunu iddia edirlər”.

16,5 faiz işsizlik səviyyəsi o deməkdir ki, ölkədə 1,7 milyon nəfər insan işsizdir. Həqiqətənmi Azərbaycanda bu qədər sayda vətəndaş işsizdir?

Publika.az xəbər verir ki, "Faktyoxla Lab." bu iddianı araşdırıb.

Azərbaycanın əhalisinin sayı 10 milyon 127 min nəfərdir. Ölkə əhalisin təxminən 5,3 milyon nəfəri iqtisadi fəal əhalidir. Yəni, müxtəlif sahələrdə müxtəlif fəaliyyət növü ilə məşğul olanlardır. Onların təqribən, 1,7 milyon nəfəri muzdlu işçidir, yəni əmək müqaviləsi əsasında çalışanlardır. Yerdə qalan 3,5 milyon nəfər kənd təsərrüfatı və müxtəlif sahələrdə günəmuzd, mülk-hüquqi müqavilə ilə, eyni zamanda əmək qeydiyyatı olmadan çalışanlardır. (Mənbə)

Əmək qanunvericiliyinə əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs sayılır. Digər sosial qruplar, məşğul, yəni işləyən hesab olunur.

Ölkəmizdə əhalinin 18 yaşadək olan kateqoriyası üzrə sayı 2 milyon 600 min nəfər təşkil edir. Yəni bu yaşadək olanlar uşaq və yeniyetmələr və ilkin gənclərdir. Uşaq və yeniyetmələrin, yəni 15 yaşadək şəxslərin işləməsi, əməyə cəlb edilməsi qadağandır. Bu yaşadək əhalinin sayı 2 milyondur. Əmək Məcəlləsinə əsasən, 15-dən 18 yaşadək olan şəxslərin isə işləməsinə bir sıra hallarda, yalnız müəyyən istsnalar əsasında icazə verilir.

Beləliklə, ölkə əhalisinin 25 faizini təşkil edən yuxarıdakı kateqoriyanın işləmək hüququ olmadığından onların da işsiz kimi təqdim edilə bilməz.
2021-ci il yanvarın 1-i vəziyyətinə görə, Azərbaycanda 1 milyon 228,8 min pensiyaçı qeydiyyatdadır və bu da ölkə əhalisinin 12,3 faizini təşkil edir. Yaşa görə pensiya və ya müavinət alan şəxslər işsiz kimi qeydiyyata alınmırlar. Bununla yanaşı, ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Yaşa görə müavinət alanların sayı 100,2 min nəfər, əlilliyə görə - 182,5 min nəfər, ailə başçısını itirməyə görə 49,2 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 52,7 min nəfər, digər müavinətləri alanların sayı isə 27,2 min nəfərdir. Beləliklə, pensiya və ya müavinət alanların birlikdə sayı 1,7 milyon nəfərdən çox olmaqla ölkə əhalisinin 18 faizini təşkil edir.

Göründüyü kimi, bütün məşğul əhalinin və sosial kateqoriyaları hesabladıqda ölkə üzrə onların sayı 9 milyon nəfərdən çoxdur. Azərbaycandan kənarda xarici ölkələrdə işləməyə və yaxud müxtəlif səbəblərdən yaşamağa gedənləri də nəzərə alsaq bu rəqəm 9,5 milyon nəfəri ötür. Bu isə ölkə əhalisinin 93-94 faizini təşkil edir. Beləliklə, işsizlərin sayı ölkə üzrə təxminən 350-370 nəfərə bərabərdir və rəsmi statistikada əks etdirilən 375,9 min göstəricisinə tamamilə uyğundur.

Sual oluna bilər ki, son bir ildə işsizlərin sayı niyə 100 min nəfərə yaxın artıbdır? Məlum olduğu kimi, 2020-ci ildə pandemiyanın qlobal miqyasda xarakterik əlamətlərindən biri işsizliyin artmasına, insanların gəlirlərinin azalmasına təsirləri ilə bağlıdır. Azərbaycan qlobal iqtisadiyyatın bir parçasıdır, 190 ölkə ilə iqtisadi-ticari əlaqələr həyata keçirir. Pandemiya dünyanın bütün ölkələrində məşğulluğa mənfi təsir etdiyi təqdirdə, Azərbaycanın bu prosesdən kənarda qalması mümkün ola bilərdimi? Təbii ki, yox. 2020-ci ildə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması məqsədilə bütün xarici ölkələrdə tətbiq edilən qapanmalar baş verdi, xidmət, turizm, ictimai iaşə və digər sahələrdə məhdudiyyətlər iqtisadi fəallığın aşağı düşməsinə və məşğulluğa öz təsirlərini göstərdi.
Məsələ ondadır ki, hökumətin 2020-ci ilin aprel ayından tətbiq etdiyi geniş məzmunlu sosial-iqtisadi dəstək tədbirlərini nəzərdə tutan anti-pandemiya paketinin icrası zamanı vergi uçotunda olmayan, mühasibatlıqdan kənar, qeyri-rəsmi məşğulluğun və “kölgə iqtisadiyyatı”nın təzahürləri də meydana çıxdı. Bu mühüm amil qeyri-rəsmi məşğulluğun müəyyən dərəcədə rəsmiləşdirilməsinə də öz təsirini göstərdi, rəsmi əmək qeydiyyatında olmayan minlərlə şəxs uçota durdu. Eyni zamanda, məşğulluq orqanlarında qeydiyyatda olmayan on minlərlə vətəndaş qeydə alındı. Nəticədə bu proseslər həm də rəsmi işsizlərin sayının artmasına və Dövlət Statistika Komitəsinin məlumatına görə, 376 min nəfərə çatmasına səbəb olub.

Onu da nəzərə almaq lazımdır ki, ötən il ölkədə iqtisadi fəal əhalinin sayı və məşğul əhalinin sayı da artıb və bu amil də işsiz insanların sayının azalmasına səbəb olur. 2021-ci il sentyabr 1-ə olan məlumata əsasən, iqtisadi fəal əhalinin sayı da 1 faizdən çox artıb.

Son bir ildə ölkəmizdə muzdla işləyənlərin sayı da 1 faizə yaxın artıb. Yəni 1 faiz işsizlik artıbsa, 1 faiz də təkcə muzdlu işçilərin sayı artıb. Bu, işsizlik göstəricisinin azalmasında mühüm faktorlardan biridir.

Bütün bunlara rəğmən, ölkədə işsizliyin səviyyəsinin artımı cəmi 0,8-1 faizi ötmədi. Bunu həm hökumətin rəsmi statistikası, həm də beynəlxalq təşkilatların əmək bazarı ilə bağlı araşdırmaları da təsdiqləyir.

İşsizliyin səviyyəsini tətdiq edən qlobal araşdırma paltforması olan “Trading Economics”in nəşr etdiyi hesabatdan da görünür ki, Azərbaycanda işsizlik səviyyəsi əvvəlki 5,2 faizdən 6,2 faizə yüksəlib.

İşsizlik Azərbaycanda 0,8 faiz yüksəldiyi halda, dünya ölkələrində bu rəqəm 2020-ci ildə 6-20 faiz civarında yüksəlib. Dünyanın ən güclü iqtisadiyyatına malik ölkə olan ABŞ-da 2020-ci ildə işsizliyin səviyyəsi son 90 ildə ən yüksək həddə çıxdı və 15 faizə yaxınlaşdı. Bu, ötən əsrin 30-cu illərində Amerikada baş verən “Böyük depressiya”dan sonra yaşanmış ən pis vəziyyətlərdən biri hesab edilir.

Avropa Birliyi ölkələrində də bu rəqəm orta hesabla 8-20 faiz civarında olub.
Göründüyü kimi, son bir ildə, işsizliyin səviyyəsi MDB və dünya ölkələrində daha çox yüksəlib, Azərbaycanda isə 1 faizdən də aşağı olub.

Q.İbadoğlunun “işsizliyin səviyyəsi 2003-cü ildən sonra ən yüksək səviyyəyə yüksəlib” fikrinə də diqqət edək. 2003-cü ildə Azərbaycanda işsizliyin səviyyəsi 9,2 faizə bərabər olub, sonrakı illər ərzində bu rəqəm hər il azaldılaraq 2020-ci ildə 4,8 %-dək enib. (mənbə)

Beləliklə, əsil reallıq və təkzibolunmaz faktlar Qubad İbadoğlunun işsizliklə bağlı iddialaının tamamilə əsassız olduğunu təsdiqləyir.
Q.İbadoğlunun, yoxsulluqla bağlı iddiaları da həqiqəti əks etdirmir və mövcud vəziyyət onun fikirlərinin üstündən xətt çəkir.
Azərbaycan hökuməti üçün prioritet məsələlərdən biri yoxsulluğun davamlı olaraq azaldılmasıdır.

Azərbaycan 2000-ci ilin sentyabrında BMT-nin Minilliyin İnkişaf Məqsədləri (MİM) proqramına qoşulub. Respublikamız sənəddə 18 hədəf və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsədi gerçəkləşdirib və yoxsulluğun azaldılması istiqamətində irəliləyişlərə nail olub. Sənəddən irəli gələn əsas öhdəlik 2015-ci ilə qədər yoxsulluğun yarıyadək azaldılması idi. Hökumətin gerçəkləşdirdiyi dövlət proqramları, eləcə də regional inkişaf proqramları sayəsində yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2014-cü ildə 5 faizə, yəni ümumilikdə 10 dəfə azaldıldı və qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı enməsi ilə nəticələndi.

Sonrakı illərdə Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın icrası sayəsində yoxsulluq səviyyəsi 5 faizə qədər aşağı düşüb. (mənbə)

Dünyada yoxsulluğun azaldılması üzrə beynəlxalq çərçivəyə əsasən, gündəlik gəliri 3 dollardan aşağı olan şəxslər yoxsul hesab edilir. Bu, ayda 90 dollar, manatla 153 AZN deməkdir. Ölkəmizdə adambaşına ehtiyac meyarının məbləği isə 170 manatdır. (mənbə)

Digər bir yanaşma, yaşayış minumumu ilə bağlıdır ki, ölkəmizdə bu rəqəm beynəlxaql praktikada tətbiq edilən yoxsulluq həddi çərçivəsindən (yenə də üstündür. Azərbaycan qanunvericiliyinə görə, rəsmi təsdqilənən yaşayış minimumundan aşağı gəlirə malik olan insan yoxsul hesab olunur. “2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, ölkə üzrə yaşayış minimumu 196 manatdır. (mənbə)

Nəticə: Ölkəmizdə 196 manatdan az gəlirləri olan şəxslər yoxsulluq qrupuna aid hesab edilir. Azərbaycanda isə bu qrupların sayı təxminən 500 min nəfərdir. Yəni, 5%. Beləliklə, Qubad İbadoğlunun istər işsizlik, istərsə də yoxsulluqla bağlı iddiaları heç bir fakt və dəlilə söykənmədiyindən gerçəklikdən tamamilə uzaqdır.

Oxumağa davam et

Gündəm