Ermənistan prezidenti niyə istefa verdi? - TƏHLİL - Publika.az
Bizi izləyin

Təhlil

Ermənistan prezidenti niyə istefa verdi? - TƏHLİL

Ermənistan prezidenti Armen Sarkisyan istefa verdi və beləliklə, Armen-Nikol mübarizəsində ikinci qalib gəldi.

44 günlük müharibədən sonra Armen Sarkisyan xüsusilə aktivləşmişdi və Paşinyan üçün qərarların qəbul edilməsində problemlər yaradırdı. Qasparyan qiyamı zamanı bu, açıq müstəvidə özünü göstərirdi. Paşinyan Armeni “yola gətirmək” üçün prezident səlahiyyətlərinin artırılmasını təklif etmişdi. Proseslərin inkişafı göstərdi ki, qapalı görüşdə tərəflər razılaşdılar, amma Nikol böhranı həll etdikdən, xüsusilə də parlament seçkilərində qalib gəldikdən və gücləndikdən sonra “vədinə əməl” etmədi.

Paşinyan konstitusiya islahatlarına hazırlaşır və yeni dəyişikliklərdə prezident səlahiyyətlərinin artırılması da nəzərdə tutulur. Lakin o, bunu Armen Sarkisyan üçün yox, öz gələcəyinə hesablayıb: Nikolun hakimiyyətini “geniş səlahiyyətə malik prezident” davam etdirmək planı var;

Armen Sarkisyanın səlahiyyət müddətinin (2025-ci il) başa çatmasına qədər gözləmək zaman alacaqdı və görünür, Paşinyan prezidenti istefaya məcbur edib. Bu fikri Sarkisyanın müraciətindəki bir qeyd xüsusilə gücləndirir. Armen bildirir ki, “reallıq budur ki, dövlət başçısı, bəzən ailəsi müxtəlif siyasi qrupların hədəfində olur”. İstisna deyil ki, Armenə istefası üçün ailəsi üzərindən də təzyiq edilib.

A.Sarkisyan istefa müraciətində bildirir ki, prezident səlahiyyətləri faktiki nə daxili, nə də xarici məsələlərdə həlledici qərar verməyə imkan vermir. Armen bununla  müharibədəki məğlubiyyətə və hakimiyyətin siyasətinə görə məsuliyyət daşımadığını da deməyə, gedərkən “təmizə çıxmağa” çalışır.

“Niyə indi istefaya getdi” sualının iki tərəfi var.

Birincisi tərəfi Armenin son dövrlər atdığı addımlar və Paşinyanın bundan narahat olmasıdır: 

- Sarkisyan xarici səfələrini intensivləşdirmişdi, xüsusilə ərəb ölkələri ilə münasibətlərin qurulmasında, ölkəyə investisiya cəlb edilməsində müəyyən nəticələr əldə edirdi; Paşinyan prezidenti indi göndərə bilməsəydi, sonra daha çətin ola bilərdi;
- Armenin prezident postunda qalması hakimiyyətin konstitusiya islahatlarını sürətləndirmək istəyi ilə paradoks təşkil edirdi;

İkinci tərəfi Armen Sarkisyanın hakimiyyətin yeni qərarlarının məsuliyyətini bölüşmək istəməməsidir.

O, müraciətində “radikal siyasi dəyişikliklərə”, gözlənilən “problemlərə” işarə vurur. Və mümkündür ki, bununla Paşinyan hakimiyyətinin atacağı addımlara “ortaq olmaq” istəmədiyinin mesajını verir:

- Ermənistanın Azərbaycanla imzalayacağı mümkün müqavilələr;
- Ermənistan-Türkiyə münasibətlərinin normallaşması;


Sarkisyan hadisələrin iki mümkün istiqamətdə inkişafını gördüyü üçün istefa verib, yaxud Paşinyanın istefa tələbinə razı olub. Bu o demək deyil ki, Armen proseslərin bu istiqamətdə inkişafına qarşıdır: bir neçə gün öncə “Sky Nyus Arabia” telekanalına müsahibəsində Türkiyə ilə münasibətlərin normallaşmasının doğru siyasət olduğunu bildirmişdi;

Armen istədiyini ala bilmədiyi – daha çox səlahiyyətə malik olmayacağı təqdirdə “niyə məsuliyyəti bölsün” məntiqi ilə hərəkət edir.

Burada erməni diasporunun da mövqeyi həlledici amildir və Armen Ermənistanda istədiyini ala bilməcəyini anladığı üçün diasporla münasibətləri də pisləşdirmək istəmir. Həmin müsahibəsində 2009-cu il Sürix protokollarına toxunur və qeyd edir ki, “Ermənistanın prezidenti və ya baş naziri diasporun dəstəyi olmadan necə saziş imzalaya bilərdi?”. Və bununla hazırda Ankara-İrəvan münasibətlərinin normallaşması prosesində də diasporun dəstəyinin əhəmiyyətli olduğu mesajını verirdi.

Armenin gedişi Paşinyanın daxildə siyasi gücünü daha da artıracaq, hərçənd, diasporun ona qarşı mübarizəsi daha da güclənə bilər, xüsusilə Ankara-İrəvan münasibətlərinin normallaşması və qondarma “erməni soyqırımı” məsələsinin arxa plana keçməsi prosesi sürətləndikcə, belə perspektiv güclənir.

Asif Nərimanlı

Rəylər
Oxumağa davam et
Reklam

Təhlil

Dünya Qarabağ müharibəsinin sirlərini öyrənir: 44 gündə hərb elmi yenidən yazıldı

Zirehli texnika, tank döyüşləri, təyyarələr, ağır artilleriya, hərb tarixində iz buraxmış silah-sursat...

Dünya hərbi cameəsi artıq müharibədə təkcə bunlara güvənməyin yersiz olduğunu, əksinə, müharibə taktikasının dəyişdiyi qənaətinə gəldi. İndi əsas diqqət “dron müharibəsi”nin sirlərini öyrənməyə yönəlib. Və bütün dünyanın istinad nöqtəsi Azərbaycanın 44 gün ərzində apardığı Vətən müharibəsi təcrübəsidir.

Vətən müharibəsində Azərbaycan Ordusu hərbi nəzəriyyələri alt-üst edən taktikaları uğurla tətbiq etdi.

- Şuşa əməliyyatı: bıçaq və tapança ilə silahlanmış qəhrəman əsgərlərimiz qayalara dırmaşaraq şəhəri azad etdi; hərbi mütəxəssislər bunu müasir hərb elminin prinsiplərini alt-üst edən əməliyyat adlandırırlar; israilli jurnalist Pyotr Lyukimson yazır ki, “İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə mənə belə dedi: Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir”;

- Aypara taktikası: bu, qədim türk hərbi taktikasının müasir hərbə transformasiya edilməsi, düşməni çəmbərə alaraq, məhv edilməsidir;

- Dron müharibəsi: qəhrəman əsgərlərimizlə yanaşı, müharibədə dronların uğurla tətbiqi, xüsusilə “Bayraktar”lardan istifadə hərb elminin nəzəriyyələrinə yenidən baxılmasını, ölkələrin müharibə strategiyalarının dəyişdirilməsini şərtləndirdi;

Azərbaycan 44 günlük müharibə ilə təsdiq etdi ki:

- Yüngül çəkili dronlarla ağır hərbi texnikanı, eləcə də Hava Hücumundan Müdafiə sistemlərini sıradan çıxarmaq mümkündür;

- Müasir müharibə artıq dronlar, PUA-larla aparılır;

Azərbaycan tarixə XXI əsrin müharibəsini aparan ölkə olaraq düşdü. Çünki Vətən müharibəsində taktiki-strateji addımlar və əldə olunan möhtəşəm qələbə yeni əsrin silah sənayesini, müdafiə doktrinalarını və müharibə qaydalarını dəyişdirdi.

Bu hərbi strategiya nəticəsində 4 ilə işğal edilən torpaqlarımız cəmi 44 günə azad edildi. Müharibədə Ermənistan tərəfindən məhv edilən hərbi texnikası da Azərbaycanın qələbəsinin böyüklüyünü sübut edir.

- 53 dənə tank əleyhinə vasitələr;

- 4 dənə “Smerç”;

- 97 dənə “Qrad”;

- “Uraqan” - 2, “YARS” - 1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu;

- 1 “S-300” radiolokatoru, 2 “S-300” aşkaretmə stansiyası;

- “Oborona” radiolokasiya stansiyası - 1;

- “TOR” zenit-raket kompleksi - 5 dənə;

- “Osa” zenit-raket kompleksi - 40 dənə;

- “KUB” zenit-raket kompleksi - 4 dənə;

- “KRUQ” zenit-raket kompleksi - 1 dənə;

- 14 dənə zastava;

- “S-125” zenit-raket kompleksi - 2 dənə;

- Pilotsuz uçuş aparatları - 22 dənə;

- “Elbrus” əməliyyat-taktiki raket kompleksi – 2;

- Ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, “R-142” komanda qərargah maşını - 2 dənə, “Nebo-M” radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə;

- Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb;

- Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb;

- Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb;

- Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb;

- Qumbaraatan – 178-i qənimət götürülüb;

- “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb;

- Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb;

- 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb;

- Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, ümumilikdə 366 tank;

- Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb;

- “Su-25” təyyarəsi – 5-i məhv edilib;

- Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.

Ermənistanın hərbi texnika itkisi ümumilikdə 4 milyard dollara yaxındır. Təkcə “Bayraktar”lar düşmənin 1 milyard dollarlıq hərbi texnikasını məhv edib.

Məhz bu nəticə dünyada Qarabağ müharibəsinin XXI əsrin yeni müharibəsi olaraq qəbul edilməsini şərtləndirdi.

ABŞ Qarabağ müharibəsi təcrübəsini öyrənir, hətta müharibə ilə bağlı məlumatlar hərbi dərsliklərə də daxil edilib. ABŞ ordusunun asimmetrik müharibə məsələləri ilə məşğul olan bölməsinin rəhbəri polkovnik Skott Şou qeyd edir ki, Azərbaycan Türkiyənin “Bayraktar” TB2 pilotsuz aparatlarından və patrul fəaliyyəti həyata keçirən “kamikadze”lərdən istifadə etməklə müharibədə xeyli üstünlük əldə etdi.

“Gələcəkdə müharibələrdə məhz pilotsuz aparatlar böyük rol oynayacaqlar. PUA-ları təkcə böyük ölkələr yox, kiçik ölkələr də əldə edə biləcəklər, çünki ucuz və əlçatandır. ABŞ ordusu döyüş qabiliyyətini saxlamaq üçün strategiyasını dəyişdirməlidir”, - amerikalı mütəxəssis deyir.

Almaniya da Qarabağda müharibə təcrübəsini hərbi strategiyasının yenilənməsi üçün istinad mənbəyi olaraq öyrənir. Eyni addımı digər ölkələr də atırlar.

Suriya və Liviyada “Bayraktar”lardan kifayət qədər uğurlu istifadə edilmişdi. Qarabağ müharibəsində isə Türkiyə istehsalı olan PUA-lar dünyanı yenidən düşünməyə vadar edən performans göstərdi. Bu silahlara əsas diqqət də məhz Qarabağ müharibəsindən sonra oldu. Çünki digər müharibələrdən fərqli olaraq, Azərbaycan “Bayraktar” və digər dronlarla ordunun hərəkətini uğurla sintez etmiş, tətbiq etdiyi hərbi strategiya ilə böyük Zəfər qazanmışdı. Və 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın adı tarixə XXI əsrin müharibəsinin müəllifi olaraq düşdü.

Oxumağa davam et

Təhlil

İrəvan Qarabağı sonraya saxlayır: Bakının strategiyası nədir?

Ermənistanın baş naziri Paşinyan bəyan edib ki, Azərbaycanla sülh danışıqlarının iki formatı müzakirə olunur: sülh sazişində Qarabağ məsələsi də yer alsın, yoxsa ayrıca məsələ kimi baxılsın;

Proseslər göstərir ki, rəsmi Bakı və Paşinyan hakimiyyəti Qarabağı sülh sazişinə daxil etmək niyyətində deyil.

Azərbaycan üçün Qarabağ de-fakto və de-yure daxili məsələdir və öz daxili məsələsini Ermənistanla danışıqlar masasına çıxarmaq, İrəvanın “status” mövqeyini gücləndirə bilər.

Bakı Qarabağdakı separatçı-terrorçularla bağlı məsələnin həllini sonraya saxlayır və şərtlərin yetişməsi üçün mərhələli strategiya tətbiq edir: sülh sazişi ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığını de-yure təsdiqləyir və bununla Qarabağdakı ermənilərin Ermənistanla bağı qoparılır; bundan sonra separatçı-terrorçu rejimin ləğvi edilməsi, erməni əhalisinin Azərbaycan vətəndaşlığı altında yaşaması, yaxud da getməsi seçiminin aktivləşməsi imkanları genişlənəcək; Qarabağın sülh sazişinə daxil edilməsi “status” məsələsinin də prosesə daxil edilməsi riskini yarada və Bakı üçün danışıqları ağırlaşdıra bilər;

Ermənistan hakimiyyəti ərazi bütövlüyünün tanınması tələbi ilə sülh sazişinin imzalanmasını qəbul edir, lakin Qarabağ məsələsinin ayrıca komponent kimi saxlanılmasından yanadır: Qarabağ sülh sazişi formatına daxil edilərsə, İrəvan bölgə üzərində Bakının hakimiyyətini tanımış olacaq və bu, daxildə siyasi böhran yarada bilər; Paşinyan Qarabağı ayrıca məsələ kimi saxlamaqla daxili ictimai rəydə və diaspor qarşısında qondarma “arsax”dan imtina etmədiyini göstərmək niyyətindədir; və sülh sazişindən sonra Qarabağ ermənilərini “hüquqi məsələ” olaraq gündəmdə saxlamağı planlaşdırır; erməni baş nazirin “bizim üçün Qarabağ ərazi yox, hüquqi məsələdir” sözləri də buna hesablanıb;

İrəvanın öz maraqları naminə siyasi oyun qurduğu aydındır, hərçənd, sülh sazişinin imzalanması Bakının Qarabağdakı separatçıların təmizlənməsi imkanlarını və mümkün hərbi addımların legitimliyini gücləndirəcək.

Paşinyanın çıxışında iki məqam da diqqət çəkdi:

- erməni baş nazir izah etməyə çalışır ki, Qarabağı “hüquqi məsələ” kimi sonraya saxlamasalar, bu imkandan da məhrum olacaqlar və sülhü  gecikməsi yeni toqquşmalar yarada bilər;
- sülh sazişini imzalamaq və Qarabağı ayrıca məsələ kimi saxlamaq ssenarisi “yeganə çıxış yolu” kimi müxalifət və Xankəndidəki separatçılarla müzakirə edilir;

Revanşistlərin Paşinyanla razılaşmayacağı bəllidir və bu, Ermənistan daxilində siyasi böhranı dərinləşdirə bilər. Proseslərin bu istiqamətdə inkişafı Bakının hərbi müstəvidə mümkün addımlarına zərurət yarada bilər.

Oxumağa davam et

Təhlil

Haradan haraya: Türkiyə-Azərbaycan qardaşlığı və iki liderin tarixi zəfəri

“Kəlbəcərdən insanları çıxarmaq üçün Türkiyədən helikopter istədim, vermədilər”.

Mərhum prezident Əbülfəz Elçibəyin bu sözləri Azərbayan-Türkiyə qardaşlığının ən ağrılı səhifələrindən olaraq qalır.

Birinci Qarabağ müharibəsində Ermənistan və havadarlarının işğal hücumuna məruz qalan Azərbaycana qardaş ölkədən dəstək verilmədi. Belə demək mümkünsə, Türkiyə hakimiyyəti öz qardaşlarını taleyin ümidinə buraxdı.

Türkiyənin bu yardımdan niyə imtina etməsinə dair müxtəlif fikirlər səsləndirilir. Həmin vaxt baş nazir olan Süleyman Dəmirəl “o böyüklüyündə helikopterimiz olsaydı, verərdik” deməklə Azərbaycanı köməksiz buraxmalarını əsaslandırmağa çalışırdı. Lakin bu, doğru deyildi, Türkiyə hökuməti dəstək vermək imkanı olduğu halda bunu etməmişdi.

Böyük Birlik Partiyasının mərhum lideri Muhsin Yazıcıoğlu da bildirirdi ki, Türkiyənin Azərbaycana verə biləcəyi helikopteri var idi.

Kəlbəcər işğal ediləndə mən Azərbaycana getdim. Elçibəyə “Türkiyədən gözləntiniz nədir” deyə soruşduğumuzda o bizə “iki helikopter verməyən bir ölkədən nə gözləyə bilərəm ki?!” cavabını verdi. Türkiyənin verə biləcəyi helikopteri var idi, vermədilər. Bu helikopter döyüşmək üçün yox, dağda qalmış yaşlıları və yaralıları, erməni qətliamından qaçan və meşələrə sığınmış insanları çıxarmaq üçün lazım idi. Bunu belə etməyən Türkiyə...”, - Yazıcıoğlu qeyd edirdi.

Bəli, Türkiyənin o vaxtkı hakimiyyəti Azərbaycanı işğal qarşısında tək buraxmışdı və yardım edilməməsinin əsas səbəbi də məhz siyasi iradənin olmaması idi, başqa heç nə...

Türkiyənin sabiq baş naziri Binəli Yıldırım 30 il öncəsi və bu günü belə müqayisə edir: “Vaxtilə  Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Preizdent Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O. Bu mesajı bütün dünyaya göndərə bildi”.

Haradan haraya... 30 il öncəni ağrı ilə xatırladığımız bu günlərdə Türkiyə-Azərbaycan münasibətləri 30 ildir arzuladığımız zirvəyə yüksəlib.

“Bir millət iki dövlət” prinsipi həmişə Bakı-Ankara xəttində mövcud olub, iki dövlətdə yaşayan bir millət sevincini və kədərini paylaşıb, lakin iki ölkə arasında münasibətlərin səviyyəsi tarix boyu hazırda olduğu qədər yaxın olmayıb. Prezident İlham Əliyev Rize-Artvin Beynəlxalq Hava Limanının açılışında münasibətlərimizin hazırki vəziyyətini bu cür ifadə etdi: “Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.

Atalarımızdan vəsiyyət qalan qardaşlığı məhz iki lider - Ərdoğan və Əliyev tarix boyu arzuladığımız zirvəyə yüksəltdi.

Birinci Qarabağ müharibəsində Ermənistanın soyqırımı maşınından azərbaycanlıları xilas edə bilməyən, bunun üçün Azərbaycana yardım etməyən Türkiyə bu gün sona qədər Azərbaycanın yanındadır. 30 il sonra torpaqlarımızda işğala son qoyan Vətən müharibəsində də qardaş ölkə yanımızda oldu. Və Türkiyənin siyasi dəstəyinin, Prezident Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” sözlərinin bu haqq müharibəsində ciddi payı oldu, xüsusilə Ermənistanın havadarlarının müdaxilə edə bilməməsi baxımından. Müharibənin ilk günündən Zəfərə qədər Türkiyə Azərbaycanı dəstəklədi, Ərdoğan sələflərindən fərqli olaraq qardaşlarını yalnız buraxmadı.

Qələbədən sonra Şuşa Bəyannaməsinin imzalanması, postmünaqişə reallığında Türkiyənin də bölgədə əsas iştirakçılardan birinə çevrilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində iştirakı da bu qardaşlığın məntiqi davamıdır. Bu gün Azərbaycan və Türkiyə bütün məsələlərdə eyni hədəfə vurur.

Və 30 il öncə azərbaycanlıların müharibə meydanından çıxarılması üçün Türkiyənin helikopter verməməsi faktı göstərir ki, münasibətlərimizin bu gün zirvəyə çatmasında tarixi bağlarımızla yanaşı, liderlərin siyasi iradəsi də həlledici rol oynayıb.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın yürütdüyü siyasətin nəticələri ortadadır:

- İki qardaş xalq sevincində də, kədərində də, bütün çətinliklərində də birlik nümayiş etdirir;
- Bu gün nə Türkiyə, nə də Azərbaycan 90-cı illərdəki ölkə deyil, öz taleyinə özü qərar verən, milli maraqlarını müdafiə edən və qardaşının yanında dayana biləcək iradəyə malik olan, istənilən təzyiqə müqavimət göstərə bilərək qədər güclü dövlətlərdir;


İki liderin eyni siyasətinin ortaq hədəfi də Türkiyə və Azərbaycanın gücələnməsi, iki dövlətdə yaşayan bir millətin daim var olmasıdır. Bu gün Azərbaycan və Türkiyə münasibətlərinin tarixdə olmadığı qədər inkişaf etməsi həm də iki liderin – Əliyevlə Ərdoğanın böyük zəfəridir.

Oxumağa davam et
Reklam

Gündəm