Rusiyanın ABŞ-a cavabı necə olacaq? - Mümkün ssenarilər - Publika.az
Bizi izləyin

Təhlil

Rusiyanın ABŞ-a cavabı necə olacaq? - Mümkün ssenarilər

ABŞ və NATO-nun cavabından sonra əsas müzakirə mövzusu Rusiyanın hansı addımları atacağı üzərindədir.

Qərb Moskvanın tələblərini – Şimal Alyansının Şərqə doğru genişlənməməsi (Ukrayna və digər yeni üzvlərin qəbul edilməməsi), 1997-ci il aktına uyğun mövqelərə çəkilmək, Rusiya sərhədləri yaxınlığında raketlərin yerləşdirilməməsi və digər – qəbul etmədi, hətta ittifaqın Baltik və Qara dənizdə mövcudluğunun gücləndiriləcəyi bəyan edildi.

Və beləliklə, rusların tələbi ilə başlanan qarşıdurma amerikalıların cavabı ilə növbəti mərhələyə keçir. Qərb rusların istəyini geri çevirməklə yanaşı, Moskvanın qəbul etməyəcəyi tələblər – rus qoşunlarının Donbas, Abxaziya, Dnestryanı kimi ərazilərdən çıxarılması – də irəli sürür və bu, artıq başlandığı görünən “yeni soyuq müharibə”nin daha da kəskinləşəcəyini qaçılmaz edir.

Rəsmi Moskva bəyan edir ki, atılacaq addımlara Putin qərar verəcək.

Hansı addımlar atıla bilər, mümkün ssenarilər nələrdir?


Rusiyanın Ukraynaya müdaxilə edəcəyi ssenarisi o qədər də güclü olmayan versiya olaraq qalır. Sərhədə yığılan qoşunun hədəfi daha çox masada qalib gəlmək üçün “əzələ nümayişi” məqsədi daşıyır. O da istisna deyil ki, ruslar müdaxilə ssenarisi üzərində işləyirlər, lakin bu ən sonda atıla biləcək addım ola bilər. Qarşıdakı dövrdə Moskvanın bir neçə ssenari üzrə hərəkət edə biləcəyi mümkündür.

Birincisi,Donbas və Luqanskda separatçıları silahandırmağı sürətləndirəcək: hakim Vahid Rusiya partiyası bununla bağlı artıq Putinə müraciət edib və bu, Ukraynanın separatçılara qarşı anti-terror əməliyyatı riskinə hesablanıb;

İkincisi, Rusiya “əzələ nümayişi”ni genişləndirə bilər: Şərqi Avropa sərhədlərində hərbi təlimləri artıra və təlimlər adı ilə əlavə qoşunları bölgəyə cəlb edə bilər;

Üçüncüsü, Şərqi Avropa sərhədlərində hərbi varlığı artıracaq Moskva Avropa üzərindən NATO daxilində cəbhələşməni dərinləşdirməyə çalışa bilər:

a) “Normand formatı” üzrə danışıqları bərpa etmək istiqamətində işləyəcək: iki gün öncə bu formatda görüş keçirildi və növbəti görüşün iki həftə sonra olması üzərində razılıq əldə olundu;
b) Avropanı qaz rıçağı ilə sıxaraq, Fransa və Almaniyanın ABŞ cəbhəsində yer almasının qarşısını almaq, beləliklə, Şimal Alyansı daxilində fikir ayrılığını genişləndirmək strategiyasını izləyə bilər;

Bu kontekstdə “Şimal axını 2” qaz kəmərinin operatoru olan “Nord Stream 2 AG” şirkətinin “Gas for Europe GmbH” törəmə müəssisəsini yaratdığını elan etməsi diqqət çəkir: bu, layihənin sertifikatlaşdırılması üçün həyata keçirilməsi işlərdən biri idi və uzun müddətdən sonra ruslar alman qanunvericilyinin tələbini yerinə yetirdilər; qarşıdurma fonunda sertifikatın alınması asan olmasa da, prosesdə praktiki mərhələnin başlandığı görünür; Və bu, “Şimal axını” layihəsi, ümumilikdə Avropanın enerji təchizatı məsələsində Almaniya-Fransa ikilisinin ABŞ-la fikir ayrılığının davam etdiyinin real nümunələrindəndir;

Rusiya Avropanın vəziyyətindən NATO-ya qarşı maksimum istifadə etməyə çalışacaq. ABŞ buna qarşı hərbi müstəvidə addımları – bölgəyə qoşunların göndərilməsi və s. – genişləndirməklə Avropanı Rusiyaya qarşı cəbhədə birləşməyə məcbur etmək strategiyasını izləyə bilər. Qarşıdurma “soyuq müharibə” qaydaları ilə davam edəcək, həm hərbi, həm informasiya cəbhəsində...

Asif Nərimanlı

Rəylər
Oxumağa davam et
Reklam

Təhlil

Brüssel görüşündən gözləntilər və Əliyevin diktə etdiyi şərtlər

Mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək.

Brüssel gündəliyi ötən ilin 14 dekabrında başladı. İkinci görüş bu ilin 6 aprel tarixində keçirildi. Brüssel görüşləri müharibədən sonra alternativ platformada müzakirələrin aparılması idi. Sonuncu görüşdə bir sıra mühüm razılaşmalar əldə edildi.

- Sülh müqaviləsinin hazırlanması üzrə işin başlanması;
- Kommunikasiyanın açılmasının sürətləndirilməsi;
- Sərhədin delimitasiyası üzrə birgə komissiyanın aprel ayının sonuna kimi yaradılması;

Razılaşmaya görə, delimitasiya üzrə komissiyanın ilk görüşü aprelin 29-da Azərbaycan-Ermənistan sərhədində keçirilməli idi. Bu təşəbbüs İrəvandan gəlmişdi. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə görüş baş tutmadı və vaxtı 7-11 may tarixinə dəyişdirildi, hərçənd, yenə təyin olunan vaxtda görüş baş tutmadı.

Proseslər təsdiq edir ki, Ermənistanın məqsədi özünü razılaşmış kimi göstərmək, gerçəkdə isə heç bir real addım atmadan zamanı uzatmaqdır. Nikol Paşinyanın Moskva səfəri və verilən bəyanatlar göstərdi ki, Ermənistan Brüsseldə razılaşsa da, Avropanı Rusiyaya satıb.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın TASS agentliyinə açıqlamasında “komissiyaların görüşünün Moskvada keçirilməsinə hazır” olduqlarını bəyan etməsi də bunu təsdiqlədi.

Ermənistan tərəfi Moskva masasını önə çəkməklə müəyyən maraqlarının təmin edilməsinə çalışır, lakin burada əsas səbəb Rusiyanın təzyiqi ilə İrəvanın Brüssel masasından imtina etməsidir. Moskva bölgədə alternativ vasitəçini qəbul etmir və İrəvanın vasitəçiliyi ilə Brüssel razılaşmasını pozur. Bu, Ermənistanın Avropa İttifaqını Rusiyanın maraqlarına satması, Brüsselə xəyanət etməsidir. O qədər də təəcüblü deyil, çünki bundan öncə Rusiyanın maraqlarını Avropa İttifaqına satmışdı. Ötən ilin dekabrında Brüsseldə görüşün keçirilməsi və Avropanın proseslərə qoşulmasının təşəbbüskarı da Ermənistan idi. İndi eyni qayda ilə Aİ-nin maraqlarını Rusiyaya qurban verir və razılaşmaları heç birinə əməl etmir.

Mayın 22-də keçiriləcək Brüssel görüşünün gündəliyi müəyyən mənada məlumdur.

- Sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası, kommunikasiyaların  açılması ilə bağlı müvafiq komissiyalar çərçivəsində müzakirələrə başlanması;

- Humanitar məsələlər, o cümlədən mina problemi, birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanılar, kütləvi məzarlıqlar barədə məlumat verilməsi, Ermənistanda Azərbaycan xalqına məxsus tarixi-mədəni abidələr və s;

Görüşdə hansısa sənədin imzalanması gözləntisi azdır, çünki artıq gündəlik formalaşıb, indi əsas məsələ razılaşmaları icra edilməsidir. Ermənistan tərəfi prosesi nə qədər uzatmağa çalışsa da, “budaqdan budağa qonan quşlar” kimi gah Brüsselə, gah Moskvaya uçsa da, gec-tez sülh müqaviləsini imzalamağa məcburdur. Çünki hansı masaya getsə də, Azərbaycanın diktə etdiyi gündəliyi icra etməlidir.

Birincisi, Prezident İlham Əliyev prinsipial mövqeyindən bir addım belə geri çəkilmir və Paşinyan hara üz tutsa da, Əliyevin iradəsi ilə qarşılaşır;
İkincisi, İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində həm Moskva, həm də Brüssel masasındakı razılaşmalar Azərbaycanın maraqlarına uyğundur;

Hazırki proses Rusiya-Qərb qarşıdurması və hər iki tərəfin vasitəçilik missiyasını ələ almaq mübarizəsindən qaynaqlanır, hər iki tərəf də prosesə Ermənistan üzərindən müdaxilə etməyə çalışır. Prezident İlham Əliyev elə bir siyasi şərtlər formalaşdırıb ki, son nəticədə hansı tərəfin üstünlük əldə etməsindən asılı olmayaraq, Azərbaycan istədiyini alacaq.

Və əsas istinad nöqtəsi Azərbaycanın sülh sazişi üzrə irəli sürdüyü 5 bənddən ibarət baza prinspidir. Həm Qərb, həm Rusiya tərəfi bu prinsipləri qəbul edir. Ermənistanın “təklif” adlandırdığı 6 bənd isə Azərbaycanın təkliflərinə reaksiyadan başqa bir şey deyil. İndi Brüsseldə Aİ rəhbərliyi Ermənistana razılaşmalardan niyə imtina etdiyini soruşmalı və İrəvanın ikili oynamasına qarşı konkret addımlar atmalıdır. 

Oxumağa davam et

Təhlil

Baydenin Əliyevə məktubunun şifrələri: Vaşinqton Bakını dəstəkləyir

ABŞ Prezidenti Co Bayden Prezident İlham Əliyevə Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Bakı-Vaşinqton xəttindəki münasibətlərin fonunda Bayden və Əliyev arasında hər iki ölkənin əlamətdar günlərində təbrikləşmək ənənəvi haldır. Lakin ABŞ prezidentinin Bakıya göndərdiyi son məktub özündə təbrik müraciətindən daha çox amili birləşdirir.

ABŞ-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanan məktubun ilk abzasında üç məqam var.

Birincisi: Bayden qeyd edir ki, “Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır”.

Bu, Vaşinqton tərəfindən Azərbaycanın Avropanın, ümumilikdə dünyanın enerji təhlükəsizliyində oynadığı rolun yüksək qiymətləndirilməsi ilə yanaşı, eyni zamanda, bundan sonra da enerji sahəsində Bakı ilə əməkdaşlığın daha çox intensivləşdiriləcəyindən xəbər verir. Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın rus qaz və neftinin idxalını azaltmaq planı Qərb üçün enerji sahəsində Azərbaycanla daha çox işləmək zərurəti yaradır. Bunun əsas səbəbi Baydenin də vurğuladığı kimi, Azərbaycanın enerji sahəsində də etibarlı tərəfdaş olmasıdır.

İkincisi: Bayden qeyd edir ki, “Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir”.

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və müharibənin ilk günündən etibarən geniş humanitar yardım göstərir. Bu yardıma təkcə tibbi ləvazimatlar və ehtiyac olan digər məhsullar yox, həm də enerji resursları da daxildir. SOCAR-ın Ukraynada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri ambulanslar da daxil olmaqla dövlət əhəmiyyətli bütün nəqliyyat vasitələrinin yanacağı pulsuz verilir. Bakının belə bir dəstəyi müharibənin getdiyi vaxt Ukraynanın kənd təsərrüfatının tam sıradan çıxmasının qarşısını alır. Nəzərə alsaq ki, Ukrayna dünyanın taxıl ehtiyacının ödənməsində əhəmiyyətli rol oynayır, bu Azərbaycanın dünyanın qida təhlükəsizliyinə verdiyi töhfə kimi qiymətləndirilə bilər. ABŞ bunu ən yüksək səviyyədə qiymətləndirir, Baydenin məktubunda yer alan sözlər də bu qiymətin ifadəsidir.

Üçüncüsü: Bayden yazır ki, “Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik”.

Azərbaycan terrorizmə qarşı mübarizəyə ilk dəstək verən ölkələrdəndir və Bayden Administrasiyası Bakının terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələri təqdir edir.

ABŞ prezidenti Cənubi Qafqazda vəziyyətə də toxunur və Bakıya dəstəyini ifadə edir.

“İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır”, - Bayden yazır.

Və bununla bəyan edir ki:

- ABŞ müharibədən sonra regionda yaranmış yeni reallığı qəbul edir;
- “Qarabağ münaqişəsi” həll edilib və Vaşinqton üçün prioritet Bakı-İrəvan münasibətlərinin qurulmasıdır;
- Birləşmiş Ştatlar Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir, Bakının iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazırdır;


Bunu Bakının sülh sazişi üçün İrəvana təqdim etdiyi baza prinsiplərinin də Vaşinqton tərəfindən dəstəklənməsi olaraq qəbul edə bilərik. Çünki Baydenin məktubu göstərir ki, ABŞ Azərbaycanın sülh təşəbbüsünün bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətindədir.

Məktubun ən önəmli hissələrindən biri də mövcud geosiyasi qarşıdurmada ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyini birmənalı olaraq ifadə etməsidir. Bayden yazır ki, “Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir”.

Vaşinqton açıq mesaj verir ki, Azərbaycanın müstəqilliyi və suverenliyini dəstəkləyirik. Bu, dünyanın mürəkkəb vəziyyətində Azərbaycanın mövqelərinin güclnəməsi baxımından önəmlidir.

Bayden sonda bəyan edir ki, ABŞ qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusundadır.

ABŞ Prezidentinin Bakıya ünvanladığı müraciət və Azərbaycana, Azərbaycanla əlaqələrə yüksək verilən dəyər Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasət strategiyasının nəticəsidir. İlham Əliyev apardığı siyasət Azərbaycanı geosiyasi proseslərə həlledici oyunçuya çevirib və dünya gücləri də daxil olmaqla bütün tərəflər üçün Bakı əhəmiyyətli gücdür.

Oxumağa davam et

Təhlil

Baydenin Putinə Bakı mesajı

ABŞ Prezidenti Co Bayden Prezident İlham Əliyevə məktubunda qeyd edir ki, “Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir”.

Bu qeyddə iki mesaj var:

Birincisi, Vaşinqton Bakıya “işğalçı Rusiya qarşısında Azərbaycanı dəstəkləyirik” mesajı verir və bununla ABŞ cəbhəsində yer almasını istəyir;
İkincisi, Vaşinqton Moskvaya “Azərbaycanın yanındayıq” mesajı verir;

Geosiyasi qarşıdurma Azərbaycanın hər iki cəbhə üçün önəmini artırır, istər enerji resursları, istər Cənubi Qafqazda güc balansı, istərsə, Mərkəzi Asiya coğrafiyası baxımından. Və bu, Bakının manevr imkanlarını genişləndirir.

Geosiyasi qarşıdurmada Azərbaycanın hər iki cəbhə üçün önəmini artırır

Oxumağa davam et
Reklam

Gündəm