Xəbərlər - Publika.az
Bizi izləyin

Təhlil

Finlandiya NATO-ya üz tutur: Moskvanın cavabı necə olacaq? - TƏHLİL

Finlandiya sürətlə NATO-ya doğru irəliləyir və beləliklə, Rusiya ABŞ-NATO cəbhəsi qarşısında daha bir məğlubiyyətlə üz-üzədir.

“Qış müharibəsi” adlanan SSRİ-Fin müharibəsinin nəticəsində ruslar Finlandiyanın indiyə qədər davam edən “neytral status”una nail oldular. Ukraynanın işğalı hücumunda da Rusiya eyni ssenarini tətbiq etməyi planlaşdırır: Kiyevi Donbas və Krımdan rəsmi imtinaya məcbur etmək və “neytral statusu”na nail olmaq;

Müharibənin ilk mərhələsində - rus qoşunları Kiyev ətrafından çəkilməyənə qədər Ukrayna “neytral status”a razı idi, lakin hazırki mərhələdə daha güclü tərəf kimi görünən rəsmi Kiyevin mövqeyi dəyişib və müharibənin uzunmüddətli olacağı, cənub və şərq bölgələrində rus işğalı genişlənsə belə “neytral status”a nail olmağın çətin perspektivi daha güclüdür.

Və Ukraynada fin ssenarisini təkrarlamaq istəyən Rusiya buna nail ola bilmədiyi kimi, Finlandiyanda “neytral status” üstünlüyündən də məhrum olmaq ərəfəsindədir.

Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün nə deməkdir?

- Şimal Alyansı iki ölkə arasındakı 1300 kilometrlik sərhəd xəttinə nəzarəti ələ keçirir və Rusiyaya qarşı cəbhəni genişləndirir;
- Finlandiya ilə birlikdə İsveçin də ittifaqa üzvlüyü gündəmdədir: bu reallaşarsa, Rusiyanın Baltik dənizində NATO ilə tam əhatələnəcək, eyni zamanda, Arktikada da Şimal Alyansı qarşısında mövqeyi zəifləyəcək;

Finlərdən (75 faiz əhali dəstəkləyir) fərqli olaraq, isveçlilər (50 faiz əhali dəstəkləyir) üzvlük məsələsinə daha ehtiyatlı yanaşır: İsveçrə neytral mövqeyini və qlobal danışıqlara ev sahibliyi statusunu qorumaq haqda da düşünür, hərçənd, NATO-nun Rusiyaya qarşı cəbhəni genişləndirmək planı fonunda, eləcə də coğrafi mövqelər baxımından bu iki ölkənin eyni vaxtda qəbul edilməsi qərarının olduğu görünür;

Rusiyanın cavab addımı necə olacaq?

Moskva bəyan edir ki, “hərbi-texniki və digər xarakterli cavab addımları atacaq”.

Digər addımlara xüsusilə qazın nəqlinin dayandırılması daxildir və məlumatlara görə, Rusiya buna hazırlaşır. Hərçənd, Finlandiya rus qazından imtina edəcəyin açıqlamışdı. Buna səbəb idxal edilən qazın ödənişini rublla etmək istəməməsi idi. Rəsmi Helsinki rus qazını tamamilə əvəz edə bilməsə belə, buna hazırlıqlı olduğunu açıqlayır. Bu o deməkdir ki, Finlandiyaya qarşı “qaz kartı” effektli olmayacaq.

Bu prosesdə əsas sual Rusiyanın “hərbi-texniki” addımının nədən ibarət olacağı, daha doğrusu, bunun nə qədər doğru olmasıdır:

- Ukraynada müharibə aparan Moskva üçün cəbhənin genişlənməsi sərfəli deyil;
- Əsas hərbi resurslarını Ukraynaya yönəltməsi Finlandiyaya qarşı hərbi addım imkanlarını məhdudlaşdırır: iddialara görə, Rusiya Finlandiya ilə sərhəddəki qoşunların böyük hissəsini Ukrayna müharibəsinə cəlb edib;

Bu amillər Moskvanın xəbərdarlığının daha çox “strateji çəkindirmə” xarakterli blef olduğu versiyasını ön plana çıxarır. Hərçənd, rusların təkcə bleflə kifayətlənəcəyi də inandırıcı deyil. Mümkün versiyalar kiberhücumların təşkili və Belarus-Polşa sərhədində yaradılan miqrant probleminin burada da təkrarlanmasıdır.

Rəylər
Oxumağa davam et
Reklam

Təhlil

Bişkek Protokolunun tarixi əhəmiyyəti

Bu gün Bişkek protokolunun qüvvəyə minməsindən 28 il ötür. Həmin illərin hərbi-siyasi hadisələrini təhlil etdikdə hadisələrin sonrakı inkişafında bu sənədin hansı rolu oynadığı aydın olur. Hələ 1980-ci illərin sonuna yaxın respublikanın o zamankı “Dağlıq Qarabağ Muxtar vilayəti” ərazisində erməni “Miatsum” hərəkatının genişlənməsi və demək olar ki, eyni zamanda Azərbaycanlıların Ermənistandan qovulması SSRİ ərazisində qarşısı alınmayacaq kollaps şəraitini yetişdirirdi. İmperiyanın süqutu proseslərinin lap başlanğıcında Azərbaycan ərazilərini işğal etmək və “böyük Ermənistan” yaratmaq kimi öz çirkin niyyətlərini həyata keçirməyə başlamış ermənilər 1993-cü ilin sonuna qədər Dağlıq Qarabağ ərazisini tamamilə işğal etmiş və bununla da kifayətlənməyib onun hüdudlarından kənarda yerləşən bölgələrimizi də ələ keçirərək etnik təmizləməyə məruz qoymuşdular.  

1993-cü ilin iyun ayında xalqın tələbi ilə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıtması ölkədə qanlı hadisələrin qarşısının alınmasına ümid, ermənilərdə isə şaşqınlıq yaratmışdı. Azərbaycan Ordusunun  1993-cü ilin dekabrında  eyni vaxtda şimal və cənub istiqamətlərindən başlayan əks-hücum əməliyyatları  öz nəticələrini göstərməkdə idi. Artıq Füzuli rayonu ərazisində Horadiz qəsəbəsi də daxil olmaqla 20-dən çox yaşayış məntəqəsi işğalçılardan azad edilmişdi. Lakin 5 ildən çox davam edən müharibə, daxili qeyri-sabitlik və 80-ci illərdən bəri davam edən iqtisadi tənəzzül hərbi əməliyyatların davam etdirilməsini getdikcə çətinləşdirirdi. Siyasi hakimiyyətə yenicə qayıtmış Heydər Əiyev ölkəni parçalanmaqdan və dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etmək üçün yollar arayırdı. Belə bir zamanda Azərbaycan Ordusunun uğurlu əməliyyatları Ermənistanı və onun himayədarlarını da narahat edirdi. Artıq Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun revanş götürə biləcəyi və ermənilərin o zamanadək əldə etdikləri torpaqların geri alına biləcəyi erməniləri qorxudurdu. Beləliklə, hər iki tərəf müharibənin dayandırılmasını məqbul hesab edirdi. Lakin tərəflərin məqsədləri müxtəlif idi. Sonrakı dövrdə Ermənistan işğal etdiyi Dağlıq Qarabağı və ona bitişik 7 rayonun ərazilərini qondarma “Dağlıq Qarabağ Respublikası” adı altında legitimləşdirməyə, Azərbaycan isə işğal altına düşmüş bütün ərazilərin azad olunmasına çalışacaqdı. Məhz belə bir zamanda 1994-cü ilin mayın 4-də MDB Parlament Assambleyasının Bişkek şəhərində keçirilən iclaslarında Azərbaycan və Ermənistan arasında atəşkəsi nəzərdə tutan Bişkek Protokolu Rusiya tərəfindən danışıqlar masasına gətirildi. Həmin iclasda protokol müzakirələrin iştirakçıları olan 6 tərəfdən imzalansa da Azərbaycan öz şərtlərini irəli sürərək Protokolu imzalamaqdan imtina etdi. Daha sonra həmin sənəd Rusiya təmsilçisi V. Kazimirov tərəfindən Bakıya gətirilərək Azərbaycanın tələbləri, əlavə və dəyişiklikləri nəzərə alınmaqla parlamentin sədri Rəsul Quliyev və Qarabağın Azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov tərəfindən imzalandı və Bişkek Protokolu mayın 12-də qüvvəyə mindi.

Əldə edilən atəşkəs bütün tərəflərə sonrakı gedişlərini müəyyənləşdirmək üçün nisbətən dinc şəraitin yaranmasını təmin etdi. O tarixdən başlayaraq artıq hadisələrin axarını Heydər Əliyev siyasəti müəyyən edəcəkdi. Qısa müddət ərzində ölkədə daxili sabitliyi təmin edən Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafının təməlini qoymaq üçün beynəlxalq miqyaslı nəhəng layihələri özündə ehtiva edən  neft strategiyasını təqdim etdi və bununla da Azərbaycanın beynəlxalq siyasi və iqtisadi sistemə uğurlu inteqrasiyasının əsasını qoydu. Tezliklə uzun illərdən bəri davam edən iqtisadi tənəzzül dayandırıldı və Azərbaycanın iqtisadi inkişaf dövrü başlandı. Bütün bunlarla yanaşı Milli Ordunun yaradılması istiqamətində mühüm addımlar atıldı və faktiki olaraq torpaqların işğaldan azad olunmasının yol xəritəsi hazırlandı. 2003-cü ilə qədər Heydər Əliyev tərəfindən və daha sonra İlham Əliyev tərəfindən Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan çoxsaylı danışıqlar heç bir nəticə verməsə də, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq arenada kifayət qədər möhkəmlənməsinə gətirib çıxardı. Bu müddət ərzində  dünyanın demək olar ki, bütün beynəlxalq təşkilatları tərəfindən Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təsdiq edən qərar və qətnamələr qəbul olundu. İlham Əliyevin apardığı mahir siyasət münaqişənin həllinin siyasi yollarla mümkün olmayacağı təqdirdə Azərbaycana öz torpaqlarını hərb yolu ilə azad etmək haqqını tanıtdı. Ermənistan və onun işğalşılıq siyasətini dəstəkləyən böyük güclər isə 30 ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərin legitimləşdirilməsi istiqamətində heç bir uğur qazana bilmədilər. Prezident İlham Əliyevin və Azərbaycan xalqının işğala qarşı sərt və barışmaz mövqeyi  bu istiqamətdə atılan bütün addımların qarşısını qətiyyətlə aldı. Hadisələrin sonrakı inkişafı da göstərdi ki, Heydər Əliyev dühası və İlham Əliyev cəsarəti nəinki məkrli erməni siyasətinə, eyni zamanda erməni işğalını bu və ya digər şəkildə dəstəkləyən beynəlxalq güc mərkəzlərinə də qalib gəldi.

2016-cı ilin aprel döyüşləri  44 günlük uğurlu Vətən müharibəsinin ilk müjdəsi idi. 2020-ci ildə davamlı erməni təxribatlarına cavab olaraq başladılan Vətən müharibəsi bütün torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Beləcə dünya tarixində daha bir ədalətsiz müharibəyə  Azərbaycan xalqının qələbəsi ilə son qoyuldu. Hadisələrin zəncirində Bişkek Protokolunun önəmi böyükdür. Məhz həmin dövrdə həmin sənəd əsasında əldə olunmuş atəşkəs Azərbaycana öz müstəqilliyini qoruyub saxlamaq, dövlət quruculuğuna başlamaq, daxili sabitliyi və inkişafı təmin etmək, beynəlxalq müstəvidə öz mövqeyini kifayət qədər möhkəmləndirmək və nəhayət, işğal faktına son qoymaq imkanı yaratdı. Bütün bu imkanları düzgün dəyərləndirərək hadisələrin sonrakı gedişini  Azərbaycanın xeyrinə istiqamətləndirmək və bütün sahələrdə Azərbaycanın tarixə qızıl hərflərlə yazılan möhtəşəm uğurlarını təmin etmək isə Heydər Əliyev strategiyasının və İlham Əliyev siyasətinin ən parlaq qələbəsi oldu.

Cavanşir Feyziyev

12 may 2022

Oxumağa davam et

Təhlil

“5-ci kalon” aktivləşir: Bakıya qarşı kampaniyanın məqsədləri nədir?

“Azərbaycan insan haqları pozulur” kampaniyasına yenidən starrt verilib. Jurnalist Aytən Məmmədova ilə bağlı baş vermiş hadisə xüsusilə qabardılır və diqqəti “söz azadlığı”, “insan haqları” kimi məsələr üzərinə yönəltməyə cəhd edirlər. Azərbaycanın, ümumilikdə Cənubi Qafqazın əsas gündəminin sülh sazişinin imzalanması, bölgədəki yeni reallıqların İrəvanda da rəsmi şəkildə qəbul etdirilməsi olduğu halda bəlli qrupların Bakıya qarşı klassik metodlar üzərindən kampaniya aparması təsadüfi deyil.

Hadisələrin bir-birinə zəncirvari bağlı olması xüsusilə diqqət çəkir:

- 10-12 iyun tarixində Bakıda Formula 1 yarışı starrt götürəcək;
- Aytən Məmmədova ilə bağlı baş verən hadisədən istifdə edərək, bir qrup şəxs peyda olur;
- ABŞ-ın Azərbaycandakı səfirliyi məsələyə dərhal reaksiya verir, ardınca ABŞ Dövlət Departamentinin diqqət mərkəzinə düşür;
- Hadisə ilə bağlı “fəaların” aksiyası təyin olunur;

Hədəf bəllidir: Azərbaycana qarşı kampaniyanın “arqumentləri” formalaşdırılır.

Bunun məhz indi həyata keçirilməsinin birdən çox səbəbi var:

Birincisi, Bakıda Formula 1 yarışının keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycana yönəlməsinə səbəb olacaq və bəlli dairələr bu diqqəti öz kampaniyalarına yönəltməyə çalışır;

İkincisi, qrantın ayrılması üçün zaman daralır: ABŞ-ın NED-National Endowment for Democracy  fondu Azərbaycan üçün 2022-ci il üçün ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970,235 dollardır və  bu məbləğin 398,837 min dolları Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib; NED-in qrant elanında sonuncu tarix 25 may göstərilir və qrant maliyyələşdirilməsində əsas bəndlərdən biri “təcili qrantların ayrılması” bəndi yer alır; bu o deməkdir ki, NED 25 may tarixində qədər qrant maliyyələşməsi həyata keçirilməlidir və Formula 1 yarışından qısa müddət öncə “təcili” həyata keçirilən bu prosesə beynəlxalq diqqətin anti-Azərbaycan kampaniyasına yönəldilməsinə hesablanıb;

Üçüncüsü, diqqətin Ermənistandan yayındırılmasıdır: İrəvanda Sorosun “uşaqları” adlandırılan mövcud hakimiyyət günlərdir aksiyalara bütün inzibati resurslarla müdaxilə edir, polis zorakılığına əl atılır, ABŞ-ın bu ölkədəki səfirliyi, Dövlət Departamenti, hətta sifarişlə işləyən beynəlxalq hüquq-müdafiə təşkilatları belə heç bir reksiya vermir, əvəzində Azərbaycanda məişət zəminində baş verən hadisə şişirdilərək, “insan haqları pozulur” iddiası üzərindən kampaniyaya starrt verilir;

Göründüyü kimi, Qərbdəki ermənipərəstlər 44 günlük müharibədə Azərbaycanın tarixi Zəfərini, ölkəmizin inkişafını, beynəlxalq nüfuzunu, fəallığını həzm edə bilmirlər. Eyni zamanda, ABŞ Dövlət Departamentində viktoriya nulandlar heç cür Azərbaycanı  unuda bilmirlər. Eyni kobud metodlarla, eyni bəsit və heç bir tənqidə dözməyən səbəblərlə Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası təşkil edilir.

Belə çirkin kampaniyalar Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır, bu baxımdan, ictimai rəyə təsir edə və məqsədlərinə nail ola bilməyəcəkləri öncədən bəllidir.

Oxumağa davam et

Təhlil

Xankəndidə açılan atəş: Bakı ermənilərin bu planına müdaxilə edəcək

Xankəndidə baş verən atışma nəticəsində separatçı qalıqlarının “generalı” Samvel Karapetyan həbs olundu. Erməni mənbələr Karapetyanın 4 nəfərə atəş açdığını yazır. Sıradan insident deyil, çünki Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımı aktlarında iştirak edən Karapetyan keçmiş “Qarabağ klanı”nın Xankəndidəki əsas adamlarındandır və bir müddət separatçı-terrorçu dəstələrində qondarma “nazir müavini” olub. 

Azərbaycan-Ermənistan sülh sazişi üzrə razılaşmaların olduğu və prosesin praktiki mərhələdə icrası istiqamətində işlərin getdiyi vaxt
qondarma “general”ın Xankəndinin mərkəzində atəş açması təsadüfi hadisə deyil. Bu, İrəvanda “Qarabağ etirazları” ilə Paşinyanın devrilməsi ssenarisinin tərkib hissəsidir və görünən budur ki, “Qarabağ klanı” 1988-ci il ssenarisini təkrarlamaq niyyətindədir.

1988-ci ildə erməni separatçılar Qarabağda silahlı toqquşmalar və terror aktları törətməklə qarışıqlıq yaratdı. Separatizminin körüklənməsi nəticəsində Boris Gevorkovu devirən erməni terrorçular qondarma qurum yaradaraq, “hakimiyyətə” yiyələndilər. Eyni klan Qarabağ münaqişəsinin həll edilməsinə razılıq verən Levon Ter-Petrosyanı 1998-ci ildə devirərək, Ermənistanda hakimiyyətə gəldilər. Həm Xankəndidəki separatçı rejimə, həm də İrəvanda hakimiyyətə rəhbərlik edən “Qarabağ klanı” bu münaqişədən iqtidarda qalmaq üçün yetərincə yararlandı.

2008-ci ildə İrəvanda silahla yatırılan mitinqdə mülki əhaliyə atəş açan Samvel Karapetyanın dünən Xankəndidə açdığı atəş də qarışıqlıq yaradılması, Qarabağdakı separatçı-terrorçu rejimin ələ keçirilməsi və 1998-ci ildə gerçəkləşən ssenari üzrə İrəvana hücuma keçərək, hakimiyyətin ələ keçirilməsinə xidmət edir.

Niyə bu ssenari təkrarlanır?

Aprelin 6-da Azərbaycan və Ermənistan liderləri Brüssel görüşündə sülh sazişinə dair ciddi razılaşma əldə etdi.

1. İrəvan Bakının sülh sazişinə dair 5 baza prinsipini qəbul etdi və tərəflər sazişin hazırlanması üzrə XİN rəhbərlərinə tapşırıq verdi;
2. Sərhədin delimitasiyası üzrə birgə komissiyanın formalaşdırılması razılığı əldə olundu: artıq komissiyanın və sülh sazişi üzrə ikitərəfli formatda danışıqlar aparacaq qrupun tərkibi müəyyən edilib; Bakı və İrəvan arasında heç bir vasitə olnmadan müəyyən təmaslar qurulur;

Brüssel görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyan elan etdi ki, beynəlxalq ictimaiyyət İrəvandan Qarabağın “statusu” iddiasını arxa plana keçirməyi tələb edir və bundan sonra onlar üçün əsas məsələ Qarabağdakı erməni əhalisinin “təhlükəsizliyi və hüquqlarının təmin edilməsi” olacaq. Beləkliklə, Paşinyan “status”dan imtina etdiklərinin anonsunu verdi. Baş verənlər 30 il sonra bölgədə ciddi dəyişiklikdən xəbər verir. Bu, həm də 30 ildir Qarabağ kartı üzərindən Ermənistan siyasətində qalan qüvvələrin siyasi gələcəyini də sual altına salır.

“Qarabağ klanı”nın tör-töküntüləri aprelin 17-dən etibarən İrəvan küçələrində Paşinyanın istefası tələbi ilə aksiyalara başladı. Lakin aksiyalar nəticə vermir, çünki ictimai dəstək yoxdur. Nəticəsiz aksiya fonunda Xankəndidə 88-ci illərin ssenarisinin təkrarlanması planı “Qarabağ klanı”nın separatçı rejimi yenidən ələ keçirməyə və 98-ci ildə olduğu kimi İrəvanda hakimiyyətə Qarabağdan gəlməyə hesablanıb. 2008-ci ildə İrəvanda silahla yatırılan mitinqdə mülki əhaliyə atəş açanlar arasında olan Samvel Karapetyanın Xankəndidə açdığı atəşin hədəfi də budur.

Eyni ssenari təkrarlana bilərmi?

Revanşistlərin niyyəti aydındır, lakin tarixin təkrarlanması ehtimalı iki kontekstdə mümkünsüzdür.

Birincisi, Ermənistanda əhalinin müharibə istəməməsidir: müxalifət “Qarabağ tələbi” ilə küçələrə çıxıb və Paşinyanın bu tələblə devrilməsi yeni müharibəni də qaçılmaz edəcək; erməni əhalisinin böyük hissəsi 44 günlük müharibədən sonra yenidən eyni günləri yaşamaq istəmir; müharibədə məğlub olmasına baxmayaraq, sonuncu seçkilərdə Paşinyanın qalib gəlməsi də ermənilərin istəyinin nədən ibarət olduğunu göstərir; aksiyalarda cəmi 5-6 min insanın iştirakı da təsdiq edir ki, etirazların sosial dayağı zəifdir;

İkincisi, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə belə ssenarinin təkrarlanmasına imkan verməyəcək: 90-cı illərdə ermənilərin istədiyini etməsinə şərait yaradan səbəblərdən biri də Azərbaycanda dövlətin zəif olması idi, indi isə 30 illik işğala son qoyan və bütün paramentrlə üzrə regionun əsas gücünə çevrilən dövlət var; Azərbaycan dövləti regionda yaranmış yeni reallığa qarşı istənilən addımın qarşısını almaq iqtidarındadır və Qarabağda belə ssenarilərə qarşı müdaxilə etmək imkanı var;

Ermənilər üçün yeganə yol belə niyyətlərdindən əl çəkmək, keçmiş ssenariləri təkrarlamaq istəyini unutmaqdır.

Oxumağa davam et
Reklam

Gündəm