Xəbərlər - Publika.az
Bizi izləyin

Xüsusi

Bayrağımızı oğurlamaq istəyirdim ki, polislər gəldi... - Atabəy Nəcəfpurla MÜSAHİBƏ

Publika.az Norveçdə yaşayıb fəaliyyət göstərən diaspor fəalı Atabəy Nəcəfpur ilə müsahibənin ikinci hissəsini təqdim edir.

Birinci hissəni buradan oxuya bilərsiniz.

- Qürbətdə yaşayan həmvətənlərimiz üçün bu, çox önəmlidir.

- Bilirsiniz, mən öz ana dilimi səlis bilmirəm, Urmuda yaşayanda müxtəlif yollarla əldə etdiyim, lakin ərəb əlifbası ilə yazılmış kitabları bir az öyrəndim. Çünki doğulduğum yerdə Azərbaycan dili qadağan idi, kitabları yandırırdılar, insanlarımızı həbs edirdilər. Mən ancaq evdə valideynlərimdən örnək alıb dilimizi yaşadırdım. Övladıma da aşılamağa çalışdım. Qızımın taleyi mənimlə eyni olmasın deyə, ona latın əlifbası ilə yazılmış kitabları çətinliklə olsa da, əldə edib oxuyurdum. Evdə isə klassiklərimizi dinləyirdik.

Ancaq etiraf edim ki, övladlarımızı daha çox Türkiyənin mədəniyyəti ilə böyütdük. Çünki türkdilli materialları daha çox əldə etmək imkanımız vardı. Odur ki, qızımın leksikonunda türk şivəsi daha çox hiss olunur. 2006-cı ildə cənab Prezident İlham Əliyevin dəvətilə Dünya Azərbaycanlılarının Qurultayında iştirak üçün Vətənimə dəvət olundum. Müstəqil Azərbaycan Respublikasına səfər edirdim, sevincdən uçurdum. Çünkü Novruz bayramı ərəfəsində ilk dəfə həsrətimə son qoyurdum. O anı əsla unutmaram, təyyarənin ekranlarındakı xəritədən gözümü ayırmırdım. Xoşbəxt idim, sanki Urmuyaya uçurdum və məni anam gözləyirdi. Təyyarədən enəndə ayaqlarım əsirdi. Ayağım torpağa dəyər-dəyməz diz çöküb torpağımı öpdüm. Həmin an lentə alındı. Ancaq çoxları mənə rişxənd etdilər. Onlar hardan bilsinlər ki, Vətən həsrəti nədir. İllər boyu qürbətdə azad dalğalanan bayrağımızı görmək arzusu ilə yaşadığımızı hardan bilsinlər.

- Qürbətdə yaşamadan Vətən həsrətini dərindən dərk etmək mümkün deyil…

- Elədir. Həmin gecə saat 03.00-də bizim bir toplantımız bitdi. Hərkəs hotelə gedirdi, ancaq mən Bulvara yollandım. Səhərə kimi Xəzərin qoxusunu içimə çəkdim, və təkcə gəzdim. Sevincdən yata bilmirdim.

- Bir də Vətəndə maraqlı “Bayraq” xatirənizin olduğundan xəbərdaram...

- Qızıma bayraq hədiyyəsi söz vermişdim. Lakin hara müraciət etdimsə, heç kim mənə bayraq alacağım yeri demədi. Səfərim Novruz bayramına təsadüf etdiyi üçün hər yer bağlı idi. Amma qızıma verdiyim sözü tutmalı idim. İçərişəhərdə şam yeməyimizi bitirib, hazırlaşmaq üçün yola çıxdıq. Küçədə gözümə bir bayraq dəydi. O bayrağı oğurlamağa qərar verdim. Ətrafıma da baxdım ki, polsilər məni görməsinlər. Çünki bu addımıma haqq qazandıra bilməyəcəkdim. Bayrağı endirməyə çalışdıq, amma alınmadı. Bu məqamda polislərin bizə yaxınlaşdığını gördük Bayrağımızı öpüb, gözümüzün üstünə qoyduq. Polislər gedən kimi çətinliklə də olsa, bayrağı endirə bildik. Bilirəm ki, bayraq oğurluğu da yasaqdır, amma qızıma Vətənimin simvolunu söz vermişdim. O da məni 4 gözlə gözləyirdi.

İstəyimə nail oldum, qızım da çox xoşbəxt idi. Bayrağımızın kənarlarını tikib, səliqəyə saldı. Qızım Şervin o bayraqla ən azı 16 ölkədə beynəlxalq müsabiqələrdə qalibiyyət qazandı. Qürurla dalğalandırdı.

- Ailəniz Azərbaycanı Norveçdə layiqli təmsil edir, lobbiçilik işlərində durmadan çalışır. Bu barədə danışmağınızı istərdim.

- Norveçdə ən əsas fəaliyyətlərimizdən biri isə lobbiçilikdir. Çalışmışıq ki, daim Vətənimizi və dövlətimizi layiqi təmsil edək. Haqq səsimizi çatdırmaq üçün çox vacib addımlar atmışıq. Bilirsiniz, Norveç və Azərbaycanın münsaibətləri son 15 ildir ki, həddən artıq pisləşmişdi. Mən çəkinmədən bunu ifadə edəcəm ki, burda saxta yollarla oturum və vətəndaşlıq alan üz qaralarımız, satqınlarımız və vətən xainlərimiz var. Onların sayəsində münasibətlər get-gedə daha da gərginləşmişdi. Ancaq həmişə demişəm ki, öz vətənini satan, əsla başqa dövlətə bel bağlaya bilməz. Yeri gələr, bir gün yaşadığı ölkəni belə satar.

Biz çox çətinliklərlə bu ölkədə rəsmi yerlərdə, Milli Məclisdə, deputatlarla görüşlərdə bu qarayaxmalara qarşı mübarizə aparmışıq. Çalışmışıq ki, burdaki insanları maarifləndirək. Lakin yolumuz heç vaxt hamar olmayıb. Yeri gəlib böhtanlarla üzbəüz qalmışıq, ancaq yenə də ümidimizi itirməmişik. Etiraf edim, burdakı ayrı-seçkilik məni çox üzür. Vaxtı ilə qurmağa çalışdığımız birliyi bir necə içi çürüklər pozub. Yenə də biz öz yolumuza davam edirik və daha strateji addımlar atırıq.

- 44 günlük Vətən müharibəsi, tarixi Zəfərimiz sizdə hansı təəssüratları yaratdı?

- Nə xoşbəxt bizə ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirir. Yorulmaz əməyi və uzaqgörən siyasəti sayəsində hər zaman olduğu kimi beynəlxalq aləmdə də Azərbaycanımız üçün uğurlar qazandırıb. Biz onun daim 50 milyon azərbaycanlının Prezidenti olduğunu hiss etmişik. Cənab Prezident dəmir yumruq ətrafında 50 milyon Azərbaycan türkünü bir araya gətirərək 44 günlük Vətən müharibəsində xalqımıza tarixi Zəfər qazandırdı. Dünya azərbaycanlılarının heç vaxt belə güclü bir birliyi olmamışdı. Bu da məhz onun siyasi iradəsi sayəsində oldu.

- Siz də, qızınız Şervin Nəcəfpur da bu müddət ərzində bir çox mühüm layihələr həyata keçirdiniz…

- Bizlər də 44 günlük Vətən müharibəsində Norveçdə səsimizi daha gur ucaldaraq, bir çox böyük uğurlara nail olduq. Bu da bizim burda doğulub boya-başa çatan gənclərimizin sayəsində baş tutub. Başqa millətlərlə əməkdaşlıq elədiyimiz üçün onlar da bizə dəstək olurlar və daha böyük kütləyə səs sala bilirik. Artıq yeni nəsilə tüm dəstəyimizi göstəririk, onlar Norveç dilini bizdən daha səlis bildikləri, burdakı qayda-qanunlara daha çox hakim olduqları üçün ən böyük yük onlara düşür. Biz böyüklər də daim onların yanında durub, həm maddi, həm də mənəvi dəstək oluruq.

- Qarabağın zəfəri ilə bağlı uğurlu layihələriniz baş tutub.

- Doğrudur. 30 illik həsrətimizi sona çatdırdıqdan bir necə gün sonra Osloda 200-ə yaxın billboardlar quraşdırdıq. Yerli qəzetdə məqalələr dərc olundu, minalara qarşı yerli qəzetdə kampaniyalar, 4 deputatla rəsmi görüşlər keçirildi. Bundan əlavə, Norveç və Azərbaycan dostluğunun təməllərini 90-cı illərdə quran Heydər Əliyev və Tur Heyerdalın dostluq münasibətlərini əks ettirən sərgi böyük uğurlara səbəb oldu. Münasibətlər güclənilir, mədəniyyət köprüləri qurulur, nail olunan uğurlara baxdıqca gələcəyimizlə bağlı daha çox ümidlənirəm. İnanıram ki, daha da böyük nailiyyətlər bizi gözləyir. Gənclərimiz hər gün diaspor fəaliyyətlərimizə yeni nəfəs qataraq, buzları əritməyə nail olublar. Qürbət ölkədə belə vətənpərvər gəncləri böyüdə bilmişiksə, onların da ailə quranda Azərbaycan türkçülük ideologiyasını öz övladlarına aşılayacaqlarından və bu ağır yükü davam etdirəcəklərindən əminəm.

Leyla Sarabi

Rəylər

Xüsusi

Dadlı yemək bişirməyin sirlərindən danışan məşhur aşpaz: Çox bahalı bir restorana getsək də...

Azərbaycan Kulinariya İncəsənət Mərkəzinin əslən Malayziyadan olan direktoru Kelvin Çong milli yeməklərimizi dünyada tanıtmaq üçün əlindən gələni edir. 

Publika.az mərkəzin direktoru ilə müsahibəni təqdim edir.

- Yemək bişirmək sevdanız necə başladı? 

- Uşaqlıqdan başladı istək, anam evdar xanım idi, çox dadlı yeməklər bişirərdi, baxıb bu prosesdən zövq alırdım. O dövrdə aşpazlığı oxuyub sertifikat ala biləcəyim bir məktəb və ya yer yox idi. Ya gedib hansısa bir tikintidə çalışa, da ya restoranda köməkçi işləyə bilərdim. Restoranda işləyəndə bilirsən ki, yemək havayıdır, deməli, qarnın tox olacaq (Gülürük). Mən bir restoranın qapısını döyüb “Sizdə işləmək olar” sualını verdim və Malayziyada bu şəkildə işə başladım. Daha sonra Sinqapura köçdüm. Tam təhsilim olmadığından orada iş tapmaq daha çətin idi, elə bir iş tapmalı idim ki, həm ailəmi dolandıra bilim, həm də istədiyim bir yer olsun. Bu aləmə daxil olandan sonra çoxlu aşpazlarla tanış oldum və gördüm ki, kulinariya dünyası başqa bir aləmdir, çox zəngindir. Adi bıçaqla işləməkdən tutmuş, yeməyin bir neçə addımdan ibarət olmasına qədər... Bu aləmdən çıxmaq istəmədim. Yüksəlmək istəyirsənsə, cavanlıqda dayanmadan işləməlisən. Elə günlər olurdu ki, 18-19 saat dayanmadan işləyirdim ki, nəyəsə nail olum. Aşpazlar işə olan sevgini görür və sənə yol açırlar. Səni başqa şeflərlə tanış edirlər ki, irəli gedəsən. Bütün bunlara əlavə olaraq, şans çox vacibdir. 

- Ölkəmizə gəlişinizi necə xatırlayırsınız?

- Londonda işlədiyim restoranda 3 istiqamət var idi: Yaponiya, Çin və Avropa mətbəxi. Avropa mətbəxinə tələbat yüksək deyildi, Çin və Yaponiya mətbəxinin təamlarını sevən müştərilər üstünlük təşkil edirdi. Avropa mətbəxində çalışan şef bir gün bizə dedi ki, bu yeməklərdə nə gözəllik var ki, inqrediyentləri üst-üstə atıb qarışdırırsınız. Bu söz bərk xətrimə dəydi. 


2006-cı ildə BBC kanalı Çin mətbəxi üzrə müsabiqə keçirmişdi. Digər iştirakçılar geyimimə görə qəribə baxışlarla məni süzüb kinayə ilə soruşdular ki, hansı ucuz restorandan gəlmisən, nə əcəb bura düşmüsən? Sonda qalib olanda və adım çəkiləndə hamı şoka düşmüşdü. Bu hadisədən sonra qərara gəldim ki, öz görünüşümü mükəmməlləşdirim. Qarşıma bir məqsəd qoydum ki, daha yaxşı bir səviyyəyə çatacağam, bişirdiyim yeməklərin isə həm görünüşü, həm də dadı damaqlardan getməyəcək. Beləliklə, Googleda ən yaxşı kulinariya məktəblərini araşdırmağa başladım. Fransada yerləşən çox bahalı kulinariya mərkəzinə yazıldım. Bu vaxta qədər Sinqapurda və Londonda qazandığım pulla ev almaq istəyirdim. Lakin hədəflərim dəyişdiyi üçün o pulları mən kulinariya mərkəzinə xərclədim, üstəlik, pulun bir qismi çatmadığından orada qalıb əlavə işləməli olurdum. Beləliklə, 4 illik mərkəzi başa vurdum, artıq vizamın da vaxtı bitirdi. Şef məni Dubaya işləməyə göndərdi. 

Dubayda olanda azərbaycanlı iş adamları ilə tanış oldum. Hazırladığım yeməklər çox xoşlarına gəlmişdi, Azərbaycanda çalışmağı təklif etdilər. Düşünmək üçün vaxt istədim, çünki Azərbaycanı tanımırdım. Bir həftə Azərbaycanı internetdə araşdırıb axtardım, məlumat topladım. Dostlarımın çoxu deyirdi ki, Bakı gözəl şəhərdir, getməyə dəyər. Artıq 10 ilə yaxındır ki, buradayam. 

- Azərbaycan Kulinariya İncəsənət Mərkəzini yaratmaq ideyasından danışardınız. 

- Bura gələndə restoranda aşpaz kimi çalışırdım, bir müddət sonra gördüm ki, kulinariya təhsili yaxşı inkişaf etməyib və belə bir mərkəzin yaradılmasına ciddi ehtiyac var idi. Burada peşə məktəblərini bitirmək yetərli sayılır, təcrübəsi və tam bilgili olanlar azdır. Azərbaycan Kulinariya İncəsənət Mərkəzini yaratmaq həm də bu ölkəyə olan sevgimdən irəli gəldi, istədim ki, yerli və cavan aşpazların beynəlxalq diplom almaq şansları olsun. Həmçinin mərkəzimizə xarici ölkələrdən də tələbələr cəlb edə bilmişik. 


- İstənilən marağı oyada bilmisiniz? 

- Yerli tələbələrin çox böyük marağı var, geyimlər və mətbəx özü televiziya şoularında gördükləri mətbəxləri xatırladır. Odur ki, Bakıda belə bir mərkəzdə biliklərini inkişaf etdirmək şansı qazandıqları üçün çox sevinirlər. Həm də həqiqətən çox istedadlı uşaqlardır, əksəriyyəti cavan olsalar da, əl qabiliyyətlərinə söz ola bilməz. Bundan əlavə, tələbələr dərsdən əlavə qalıb işləməyə çox həvəslidir. Qaynar mətbəx atmosferini yarada bilmişik. 

Ən önəmlisi, Azərbaycanın çox zəngin məhsul çeşidləri var. Bu məhsulları necə və harada istifadə etmək lazım olduğunu bilmək çox vacibdir. Beynəlxalq menyudan əlavə, Azərbaycanın milli mətbəxi də öyrədilir. Beynəlxalq menyuda Azərbaycan məhsulları istifadə edilir. 

- Azərbaycan mətbəxi bizim üçün əvəzolunmazdır, lakin peşəkar bir şefin qiymətləndirməsini də bilmək maraqlıdır. Milli mətbəximizin dünyadakı yerini necə görürsünüz? 

- Mətbəxiniz çox zəngindir, maraqlı yeməkləriniz var. Başqa ölkələrin nümayəndələri üçün yağlı olsa da, kombinasiyalar bir-biri ilə uzlaşır, məhsullar təbiidir, ərzaqların çoxu burada bitir, başqa ölkələrdən gətirilmir. Maraqlı amil odur ki, hər regionun öz yeməkləri və hər yeməyin də öz tarixi var, siz öz tarixinizi yaşatmağa davam edirsiniz. Hətta adlar da fərqlənir. 

2 gün öncə internetdə hansı dünya mətbəxlərinin məşhur olması barədə bir məqalə oxudum. Siyahıya 60 ölkə daxil edilmişdi, təəssüf ki, zəngin olmasına baxmayaraq, Azərbaycan yeməklərinin adı yox idi. Ona görə yox ki, Azərbaycan mətbəxi dadlı deyil, sadəcə, tanımırlar bu mətbəxi. Burada məktəbin böyük rolu ola bilər. Azərbaycan Kulinariya İncəsənət Mərkəzinə xarici tələbələr də cəlb olunur ki, bu da onun tanınmasına birbaşa təsir edəcək. Xarici turist burada dolma yeyib bəyənəcək, bəs qayıdandan sonra yenidən istəsə, nə olacaq? Heç nə, yaddan çıxacaq. Burada isə xarici tələbə dolmanın bişirilmə qaydasını öyrənib öz ölkəsində və ya hər hansı başqa bir ölkədə bişirə biləcək. Bunun üçün zaman lazımdır. 

Yeməyin bişirilməsindən əlavə, bizim proqramın bir hissəsi də ondan ibarətdir ki, bölgələrdə çaxır istehsalı, pomidor və ya göyərtinin yığılması, yaxud da fermalarda süd məhsullarının hazırlanma qaydası ilə tələbələri tanış edirik, bölgələrə ekskursiyalar təşkil edirik. Yerli məhsul istehsalının arxasında dayanan zəhmətkeş əhali ilə tanış edirik. Beləliklə, Azərbaycan mətbəxi dünyada öz layiqli yerini tutacaq. 

- Yemək nə zaman incəsənətə çevrilir? 

- Kefin yaxşı olanda (Gülürük). Yemək ilk hazırlanma prosesindən etibarən incəsənətdir, eyni zamanda nə və ya kimin üçün bişirdiyindən də çox asılıdır. Əgər sevdiyiniz insanlardırsa, bura öz sevginizi və qəlbinizi qoyursunuzsa, bu, artıq bir sənətdir. Bir də var ki, istəmədən nələrisə doğrayıb tökürsən, ona sənət demək günahdır. 


- Yeməyin hansı ovqatda hazırlanması onun dadına təsir edir? 

- Əgər yemək bişirməyi gözəl bacarırsınızsa, burada fərqdən danışa bilmərik. Avtomatik olaraq onu dadlı edəcək, çünki əllər buna öyrəşib, hətta kefin daha da açılacaq. Götürək, anaların hazırladığı yeməkləri. Anamız bəzən hirsli olsa da, bişirdiyi yemək yenə dadlı olur. Çox bahalı bir restorana gedib müxtəlif yeməklərin dadına baxsaq da, sonda deyəcəyik ki, anamın yeməyi bundan dadlıdır. Çünki ananın kefindən asılı olmayaraq, yemək dadlı olur. 

Mərkəzimizdə oxumaq istəyən tələbələri xüsusi seçirik, sadəcə sertifikat almaq xətrinə gələnləri qəbul etmirik. Sən o sənəti sevməlisən. Bütün resepti əzbər bilsə də, sənəti sevmirsə, ona müsbət duyğular ötürmürsə, o yemək dadlı olmayacaq. 

- Əlimizin duzunun olması üçün mətbəxdə hansı qaydalara əməl etməliyik? 

- Aşpaz olmaq üçün birinci vacib qayda disiplindir. Tələssən, yaxşı alınmayacaq. İkincisi, məsuliyyətdir. Qonaq üçün yemək bişirirsənsə, vaxtını düzgün hesablamalısan. Üçüncüsü isə gigiyenadır, təmizliyə riayət etməlisiniz. Buna əməl etməsəniz, dəhşət istedadlı olsanız da, yenə də yeməkdə problem çıxacaq. Boşqab və ya stəkan çirklidirsə, bişirdiyiniz bəyənilməyəcək.  

- Aşpazların və diyetoloqların qidalanma mövzusunda fikirləri üst-üstə düşmür. Sağlam yaşamaq üçün özümüzü dadlı yeməklərdən məhrum etməliyik?

Dadlı yemək adətən sağlam olmur. Tərəvəzlər də çiy halda faydalıdır, amma çiyin dadı olmadığı üçün çox adam onu yeyə bilmir. Əslində, sağlam qidaların da mənfi tərəfləri var. Mələsən, hər gün pomidor yemək olmaz. Burada balans olmalıdır, bu balans pozulanda artıq bir az problem yaranacaq. Tərəvəzlərin tərkibindəki protein və karbohidrat miqdarı da fərqlidir, hansınınsa şəkəri daha çoxdur, bunların balansını hər kəs öyrənsəydi, yaxşı olardı. 

- Söhbət üçün təşəkkür edir və işlərinizdə uğurlar arzu edirəm.

- Minnətdaram, qarşılıqlıdır. 

Aytən Məftun 

Foto: Ceyhun Rəhimov 

Oxumağa davam et

Xüsusi

Qəhrəman oğullarımız haqqında kitab yazan məşhur: Bir şəhid atası söhbətimizdə dedi ki…

Bu yaxınlarda Azərbaycanın qəhrəman oğullarının həyat yolundan bəhs edən "41" adlı kitabı işıq üzü görən şair, publisist Kamalə Abiyeva bildirib ki, İkinci Qarabağ savaşının 41 şəhidinin hekayələrini qələmə almaq çox ağır olub. 

Kamalə Abiyeva Publika.az-a müsahibəsində bu barədə ətraflı danışıb.

- Kamalə xanım, Astaranın 41 şəhidi haqqında kitabınızdan danışaq. Bu hekayələr necə toplandı?

- Müharibə haqqında oxumaq, filmə baxmaq başqadır, yaşamaq bir başqa. Biz müharibəni, qələbə sevinciylə bərabər şəhidlərin ağrısını da yaşadıq. Xəbərləri, videogörüntüləri izləyirdim. İlk Astara şəhidləri haqqında məlumatlara rast gəldim, axtardım, araşdırdım, ünvanlarını, əlaqə nömrələrini tapdım. Bu qürurlu, sevincli, həm də ağrılı günlərə qatqım olsun istəyirdim. Bilirsiniz, elə şəhid var ki, şəkli, ya da haqqında bir məlumat yox idi. Bu yazılar qəzetlərdə, onların saytlarında, "Yeni Səs", "Qadinkimi.az" və s. saytlarda yayımlandı. Ailələr üçün, özüm üçün təskinlik idi. İndi hər biri haqda az da olsa, məlumat var.

- Şəhid ailələri sizinlə danışmağa meyilli idilər?

- Ailələr çox yardımçı olurdular. Bəziləri ilə rayonda görüşmüşdüm, bəziləri ilə ancaq telefonla əlaqə saxlamışdım. "WhatsApp"la danışırdıq. Bir şəkil deyirdin, 5 şəkil göndərirdilər. Bölüşürdülər, ağlayırdılar, qürurlanırdılar. Təkcə ailə üzvlərini deyil, müəllimlərini, məktəb yoldaşlarını, ən əsas isə döyüş dostlarını tapırdım mütləq. Elələri var ki, hərbçidir, hələ də xidmətdədir. 200-300 nəfərlə söhbətləşmişəm. Yorulurdum, amma şəhidləri düşünəndə bu sözü dilimə gətirməyə utanırdım.

- Qəhrəmanların taleyini qələmə alarkən sizi ən çox təsirləndirən nə oldu? 

- Ən çox təsirləndirənmi, ağrıdanmı deyim, ata-anaların, ailə üzvlərinin mənə dəfələrlə təşəkkür etməsi idi. Hər bir qəhrəmanımın həyat hekayəsi də təsirliydi. Kitabın redaktoru Aysel Aydın Əlizadədir. Oxuyanda dedi ki, bu boyda ağrını necə yaşamısan? Elkiyar Məmmədov var, məsələn, uşaqkən valideynlərini itirib, qardaşıyla uşaq evində olub, sonra əmisinin himayəsində böyüyüb. Əksəriyyətinin yaşayışı çox çətin keçib. 

- Kitabın tərtibatı da, çapı da diqqət çəkir.

- Şəhidlərin şəkilləri olmalıydı. Ən keyfiyyətli kağızdan istifadə edilməliydi. Sözün düzü, düşündüm ki, imkanı olan adamlar niyə də dəstək olmasın? “Deputatlara müraciət edin” deyənlər oldu. Dəyərli həkim deputatımız Rəşad Mahmudov çox işlər görür, şəhid ailələrinə, xəstələrə yardım edir onsuz da, ona görə ona müraciət etmədim. Ziyafət Abbasovu isə seçicilər heç tanımır da. Ona nə deyim ki? Bir neçə adamla əlaqə yaratdım. Bir zəngimlə heç tərəddüd etmədən Ruslan Dadaşov "Nprint studiya" MMC-də nəşr edərik" dedi. Sonra öyrəndim ki, Tələt Məmmədov, İlqar Orucov, Şahin Dadaşov, Xaqan Axundov, Ceyhun Bəhramov, Anar Mustafayev də dəstək verib, sevindim. Hər kəsin şəhidlərimizi yaşatmaq arzusu sevindiricidir. Kitabın dizayneri isə İmambaxış Əliyevdir. 



- Kitab hazır olandan sonra şəhid ailələri ilə görüşünüz necə oldu?

- Astarada yaşamadığımdan çətin gəlirdi. Həyəcan keçirirdim. Hamı bilirdi ki, kitab hazırdır, gözləyirdilər. Qapı-qapı gəzməli də olsam, bunu edəcəkdim. İcra Hakimiyyətinin humanitar şöbəsinin rəhbəri Firəngiz xanımla əlaqə yaratdım. Gün təyin etdik. Çoxları dəstək oldu: savaş qazisi Turan Həsənzadə, Abbas İbrahimli, polkovnik-leytenant Nail Orucovun ailə üzvləri, mayor Kamran Fərəcovun xanımı Nuranə Fərəcova, rayon ziyalıları Sakitə Ülvü, Təbrizə xanım, Nuranə Həmidova, Lənkəran Dövlət Universitetinin doktorantı Ramin Əliyev... 41 şəhid ailəsindən 70-80 nəfər ailə üzvü - ata-ana, bacı, qardaş, xanımları iştirak edirdi.

- Şəhidlərimizin həyatı haqqında kitablar bildiyim qədər çox deyil. Bu ənənəni geniş şəkildə yaymaq üçün nə etməliyik?

- Çox deyil. Cənub bölgəsi fərqləndi: Lənkəran, Lerik, Masallı şəhidləri haqda kitablar yazıldı. Hər rayonda yaradıcı insanlar var, yazmalıdırlar. Yazmırlarsa, siz, ya mən nə edə bilərik? Bu da bir ürək işi, ruh halı, vicdan məsələsidir. Ən ağrılı bilirsiniz nədir?  Müəllif kitabları yenə satılır. Şəhidlər haqda yazılan kitablar isə qalır... Mənə indi də müraciətlər olur: tanıdıqları qazilər, şəhidlər haqqında yazmağımı istəyirlər. Necə edim? Yazıram. Müxtəlif bölgələrdən olan şəhidlər haqda yazdıqlarımı da ayrı kitabda toplamışam.  


- Sizcə, hansı analar dünyaya qəhrəman övladlar gətirə və yetişdirə bilir? 

- Zəhmətkeş ailələrdə böyüyür belə oğullar. Dövləti, vətəni üçün yaşaya bilənlər yetişdirir belə oğulları. Nəfsi sevgisindən üstün olanlar igid, mərd övlad böyüdə bilməz. Şəhidlər arasında maddi durumu normal olanlar da var, amma azdır. Əksəri zəhmətkeş, kasıb ailələrdir. Bu, həqiqətdir. Vəzifəli, varlı adamların uşaqları yoxdur, ya da çox azdır. Fikri-zikri varlanmaq olan adam torpağını düşünmür. 

"Şəhid anası" şeirimdə demişəm:

Bu torpaq hamıya ana deyil ki,

Namərdin, qorxağın vətəni olmur.
Hər qadın sənin tək igid böyütmür,
Hər ana bətnindən şəhid doğulmur.

- Yazıçı, şair düşünürəm ki, həm də sülh adamıdır, humanist dəyərlərin carçısıdır. Sizcə, ermənilərlə birgə yaşayış mümkün olacaqmı?

- Mən sülh adamıyam. Müharibənin  dəhşətini dərk edirəm. "İnsanlığa xəyanətdir" - belə şeirim var. Hələ gəncliyimdən "Qoruyaq bu dünyamızı", "Ürəklərdə ölməyin", "Silək sərhədləri", "Qızcığazlar ana olmaq istəyir" və s. kimi sülhə çağırış ruhlu şeirlərim var. Amma sərhədin, dövlətin varsa, onu qorumalısan. Coğrafi yerimiz xoşbəxtliyimizdir. Qonşular bədbəxtliyimiz. Müəyyən əlaqələrə məcburuq. Amma qonşuluq etməyə, danışmağa yox. Mənim üçün qeyri-mümkündür. Bu, indiki məsələ deyil axı?!.. Əsrlərin xəyanətini unuda bilmərik. Təkcə Ermənistanla deyil, bütün xəyanətkarlarla. Nə qədər torpaq verməli, ölməli, bağışlamalıyıq? Bəsdir daha. 

- Sülh və əmin-amanlıq içində yaşamaq, eyni zamanda gələcək nəsillərə bütöv Azərbaycan qoya bilmək üçün bundan sonra hər birimizin yerinə yetirməli olduğumuz vəzifələr nələrdir?

- Biz əslində sülhsevərik. Dövlət başçısı illərdir bu məsələni müharibəsiz, danışıqlar, sülh yolu ilə həll etməyə çalışdı. Bir şəhid atası söhbətimizdə dedi ki, bizi müharibəyə sürüklədilər. Həqiqətən belə oldu. Biz kiminsə torpağına göz dikməmişik, əksinə, bizim torpaqlarımız parçalanıb. Sülh şəraitində yaşamaq təkcə xalqın özündən asılı olsaydı, məncə, müharibələr  olmazdı bu qədər. Dünyada hegemonluq etmək istəyən qüvvələr, dövlətlər var. Demokratik hesab etdiyimiz dövlətlərdən biri (hərçənd belə hesab etmirəm) ABŞ milyardlar ayırır silahlanmaya. Dünya dövlətləri arasında birincidir. Müharibənin necə faciə olduğunu gərək dünyanı idarə edən siyasətçilər anlasın. Hələ ki bu, yoxdur. Ordusuz dövlət təsəvvür etmirik. Milyardlar xərclənir silah istehsalına. İnsan yetişməlidir, cəmiyyət yetişməlidir o qədər ki, buna "yox" desin. Bax, bu, yaxşı sualdır ki, Azərbaycanı necə qoruyaq. Tariximizi olduğu kimi yazaq, öyrədək. Hansı qonşu dövlətinsə maraqlarına görə həqiqətimizi gizləməyək, deməkdən çəkinməyək. Məsələn, Cənubi Azərbaycanın tarixini ətraflı bilməlidir övladlarımız. Biz dost və düşmənimizi tanıtmalıyıq gələn nəsillərə. Bu qədər unutqanlıq, susqunluq bəsdir.

- Yeni ildə bizi hansı yaradıcı yeniliklərlə sevindirəcəksiniz?

- Əslində, ötən il başqa kitabım hazır idi. Amma ilk növbədə müharibə edən bir ölkənin vətəndaşıyam. Belə zamanda şeirlər kitabı yersiz gəldi. Ona görə “41” yazıldı. Gecələr yatmadım. Başqa bir kitab da hazırdır: vətən mövzulu şeirlər, müxtəlif bölgələrdən olan şəhidlər haqda esselər və müharibə mövzulu hekayələr olacaq.

Ötən il də bir neçə mahnı oldu. 

Bu ili sevimlimiz Elçin İmanovun bəstəsində, Eyyub Yaqubovun ifasında "Bakım" mahnısı ilə başladıq. Bir neçə başqa mahnı da var. Çox istedadlı sənət adamları ilə maraqlı, ciddi iş birliyimiz var. Ömrün elə çağındayam ki, vaxt itkisinə vaxtım yoxdur. İl daha məhsuldar olmalıdır. 

Oxumağa davam et

Xüsusi

Sərhəddəki təxribatların arxasında BU QÜVVƏLƏR dayanır - Türk generaldan ŞOK

Azərbaycan və Türkiyə sülh, sabitlik, əmin-amanlıq, iqtisadi yüksəliş desə də, qarşılığında Ermənistandan mərmi və terror fəaliyyəti gəlir. Bu isə hər iki dövlətlə münasibətlərə çox pis təsir göstərəcək. 

Bu fikirləri Publika.az-a müsahibəsində Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

Müsahibəni təqdim edirik:

- Ermənistan sərhəddə təxribatlara əl atmaqla nəyə nail olmaq istəyir? Bunun  arxasında nə dayanır?

- Ermənistan həmişə başqaları tərəfindən idarə olunan bir dövlət olub. Son əl atdıqları təxribatlar və sərgilədikləri davranışlar da məhz Ermənistanın daxilində mövcud olan qanla qidalanan keçmiş hərbi və siyasi qrupların maraqlarına uyğundur. Eyni zamanda bölgəyə sülhün və sabitliyin gəlməsini istəməyən Qərb ünsürləri var. Atəşkəs anlaşmasının sülh müqaviləsinə çevrilməsini istəməyən, problemin davam edərək hər kəsin Qərbə, imperialist qüvvələrə möhtac olmasını istəyən qüvvələr mövcuddur. Bu təxribatlar da məhz onlara xidmət edir.

- Qarabağda sülhməramlıların komandanının dəyişməsi ilə sərhəddəki təxribatların eyni vaxtda baş verməsi arasında hansı əlaqələr var?

- Qarabağdakı sülhməramlıların komandanının dəyişməsi ilə eyni vaxtda təxribatların da törədilməsi əlamətdardır. Çünki Brüssel görüşməsi öncəsi də eyni taktikadan istifadə etmişdilər. Ermənilər dünyaya mesaj verməyə çalışırlar ki, guya Azərbaycan-Ermənistan sərhədində gərginliklər var və bu gərginliklərə Qərb də müdaxilə etsin. Ermənistan müharibədə itirdiyi, Azərbaycanın haqq və hüquq normaları çərçivəsində tarixi torpaqları olan ərazilərin azad edilməsi hərəkatı ilə azad etdiyi, 30 illik haqsız və hüquqsuz yerə əldə etmiş olduğu xüsusları mühafizə etməyə, Azərbaycan qarşısında əlini gücləndirməyə çalışır. Sülhməramlıların komandanına da mesaj verirlər ki, baxın, burada davamlı gərginlik və münaqişə mühiti var və bu məsələlər üzərinə daha çox vaxt ayırın.

- Ermənistanın bu cür təxribata əl atması Türkiyə-Ermənistan münasibətlərinə və Azərbaycan-Ermənistan arasındakı proseslərə necə təsir göstərəcək?

- Bu cür terror fəaliyyətləri beynəlxalq hüququ çeynəməkdir. Bu, həm Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına və sülh müqaviləsi məsələsinə, həm də Türkiyə-Ermənistan münasibətlərinə böyük təsir göstərəcək. Bu hadisələrin Ermənistanla münasibətləri müzakirə edəcək olan Türkiyə diplomatı Serdar Kılıçın təyinatının ötən gecə rəsmi Türkiyə qəzetində yayımlandığı günə təsadüf etməsi də əlamətdardır. Azərbaycan və Türkiyə sülh, sabitlik, əmin-amanlıq, iqtisadi yüksəliş desə də, qarşılığında Ermənistandan mərmi və terror fəaliyyəti gəlir. Bu isə hər iki dövlətlə münasibətlərə çox pis təsir göstərəcək. 

- Azərbaycanın Ermənistana sülh əlini uzatdığı bir müddətdə Ermənistanın sərhəddə təxribat törətməsi sülh müqaviləsinin imzalanmasını gecikdirməyə və ya təxirə salmağa hesablana bilərmi?

- Düşünürəm ki, bu təxribatlara görə sülh müqaviləsinin imzalanması prosesi gecikəcək. Çünki sülhə, hüquqa qarşılıq olaraq terrorla, mərmi ilə, qanla cavab verən Ermənistana layiq olduğu cavab mütləq verilməlidir.

- Həm meydanda, həm də masada bu təxribatlara qarşılıq Azərbaycanın cavabı necə olmalıdır?

- Allah son təxribatlarda şəhid olan qardaşımıza və bütün şəhidlərimizə rəhmət etsin! Azərbaycan Ordusu və dövləti həm masada, həm də hərbi əməliyyatlar sahəsində, sərhəddə lazım olanı yerinə yetirir. Hər azərbaycanlı əsgərin tökülən qanının qisası alınmalıdır, alınır da. Ermənistan tərəfindən Azərbaycan əsgərinə, torpağına açılan atəşə, törədilən terror fəaliyyətinə qat-qat artıq şəkildə qarşılıq verilir. Belə də edilməlidir. Əgər onlara belə bir şəkildə cavab verilməzsə, istənilən uğur və səmərəlilik əldə edilə bilməz.

Akqabay Mıradov 

Oxumağa davam et

Gündəm