Xəbərlər - Publika.az
Bizi izləyin

Xüsusi

Kreml Bakının etirazını qəbul etdi: Komandan buna görə dəyişdirildi – DETALLAR

Son günlər Rusiya sülhməramlılarının nəzarət bölgəsində separatçıların təxribat xarakterli fəallığı artıb. Onlar Qarabağa müvəqqəti yerləşdirilmiş rusiyalı hərbçilərin ətəkləri altından müxtəlif tərxibatlara əl atırlar. Bundan başqa, Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl Vahid Rusiya partiyasının sədrinə qanunsuz səfərlərlə bağlı etiraz məktubu göndərmişdi. Bunun nəticəsində Qarabağdakı sülhməramlılara yeni komandan təyin olundu. Andrey Volkov Gennadi Anaşkinin yerinə gətirildi. Eyni zamanda regionda bir sıra əhəmiyyətli hadisələr də baş verdi. 

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Publika.az-a müsahibəsində baş verənlərin pərdəarxası məqamlarına toxunub. 

- Tofiq müəllim, Prezident İlham Əliyevin Dmitri Medvedevə etiraz notasından sonra Qarabağda müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıların komandanı dəyişdirildi. Sizcə, Moskva niyə Anaşkini Volkovla əvəzlədi?

- Düşünürəm ki, Qarabağda sülhməramlıların komandanının dəyişdirilməsi Bakının Moskvaya son etirazından sonrakı proseslərlə bağlıdır. Gəlin, açıq danışaq, Azərbaycan bu məsələdə söz sahibidir. İcazəsiz səfərlər olurdu, kimlərsə gəlib-gedirdi. Bəzən sülhməramlıların nəzarət bölgəsində hansısa ermənipərəst addımların atılması Azərbaycanın siyasi narazılığına səbəb olur. Bu da təbiidir. Biz görürük ki, Qarabağda sülhməramlıların nəzarətində olan ərazilərdə baş verənlərlə bağlı bütün məsuliyyət onların komandanına aiddir. Bizim tələbimiz odur ki, digər iş üslubu tətbiq edilsin. Hesab edirəm ki, Qarabağda sülhməramlıların komandanını dəyişməklə bu məsələ yenə də həll olunmayacaq. Çünki bizim əsas məqsədimiz ondan ibarətdir ki, orada Azərbaycanın sərhəd məntəqəsi fəaliyyətə başlasın. Artıq təhlükəsizliklə bağlı məsələlər öz həllini tapıb. Biz görürük ki, rusiyalı sülhməramlılar əhalinin təhlükəsizliyini təmin edirlər. Bu baxımdan sərhəd məsələləri, giriş-çıxış funksiyası və ya iqtisadi mühitin qorunması funksiyasını sülhməramlılar yox, Azərbaycanın müvafiq qurumları həyata keçirməlidir. Hesab edirəm ki, artıq bu məsələ yenidən aktuallaşıb. Ona görə də düşünürəm ki, Qarabağdakı sülhməramlıların komandanının dəyişməsi ilə Rusiya sonuncu dəfə söz verir ki, bütün bu məsələlər düzələcək. 


- Qazaxıstanda baş verən hadisələr fonunda Prezident Kasım-Jomart Tokayev bildirdi ki, sülhməramlılar orada da missiyalarını başa vurmaqdadır və bir neçə gün sonra gedəcəklər. Qardaş ölkədə bundan sonrakı proseslər hansı fonda cərəyan edəcək?

- Mən əvvəllər də bildirmişəm ki, Qazaxıstanda baş verənlər bir növ xaricdə olan hansısa qüvvələrin fəaliyyəti nəticəsində reallaşıb. Bəyanatlar verilirdi ki, guya 20 minlik “boyoviklər”, yaraqlılar Qazaxıstana gəlib, amma onlardan ölənlər də tapılmadı. Bunu bir çoxları müşahidə etdi. Bütün bunlar onu göstərirdi ki, bu cür fikirlər hansısa doğru vəziyyəti yox, təbliğatı sərgiləyir. Qazaxıstanda baş verənlər ilk növbədə Çin faktoru ilə bağlıdır. Çünki ABŞ-la Çin arasında gərginlik artır. Açıq şəkildə bəyan olunub ki, Çin Amerika Birləşmiş Ştatlarının rəqibidir. Bu baxımdan Rusiyanın mövqeyi çox vacibdir. Nəzərə alaq ki, hərbi imkanlarına görə Rusiya dünyada ikinci ölkədir. Bu mənada Moskvanın da mövqeyindən çox şey asılıdır. Yəni, Rusiya kimin tərəfində olacaq; Çinin, Birləşmiş Ştatların, yoxsa Kreml bu məsələlərdə neytral qalacaq?! Rusiya bunu hiss etdikdə bir sıra mövzuları ortaya, gündəmə gətirir. O cümlədən, Cenevrədə təhlükəsizlik məsələləri müzakirə olunur. Bu yaxınlarda həllini tapmış “Şimal axını” layihəsinə baxaq. Biz görürük ki, sanki Qərb bu məsələdə Rusiyaya güzəştə gedib. Bəyanatlar kəskin olsa da, real addımlar fərqlidir. Eyni zamanda, Çinin qərbində Sincan-Uyğur Muxtar Rayonu yerləşir. 

- Uyğurlarla bağlı məsələ indiki məqamda kim üçün daha həssasdır?

- Təbii ki, bu da Çin üçün çox həssas məqamdır. Bilirik ki, Qazaxıstan Çinin həmin qərb bölgəsi ilə həmsərhəddir. Bu baxımdan regionda hansısa böyük oyunlar, hadisələr gedir. Nazarbayev və onun tərəfdaşları ilə bağlı fikirlər səsləndirilsə də, biz görürük ki, əməldə, ortada bu məqamlarla bağlı heç nə yoxdur. Bunu hamı hiss etdi. Ona görə də ortaya digər mövzular da atılır. Guya Sovet İttifaqı bərpa olunur. Bu da həqiqətəuyğun deyil. Amma Birləşmiş Ştatlarla Rusiya arasında hansısa mövzularda siyasi alver gedir. Bunu açıq şəkildə hiss etmək mümkündür. 

- Orta Asiya regionunda baş verənlərlə bağlı Türk Dövlətləri Təşkilatının bundan sonrakı mövqeyi necə olacaq? 

- Bilirsiniz, bizim üçün əsas təhlükə əvvəlki dövrlərdə Qarabağla bağlı idi. Biz gördük ki, dünyanın əsas oyunçuları Azərbaycanın gündəmini qəbul etdilər. Yəni, artıq “status” barəsində hər hansı fikirlər eşitmirik. Bu baxımdan hiss olunur ki, Azərbaycan-Türkiyə birliyi, o cümlədən Rusiya-Türkiyə tandemi Qarabağla bağlı hazırkı vəziyyəti təsdiqlədib. Hiss olunur ki, artıq bir çox oyunçular bu fikirləri qəbul ediblər. Fransanın mövqeyi istisna olmaqla, sanki Qərb bu nüanslara bitmiş məsələ kimi baxır. Yəni, Azərbaycanla bağlı bu təhlükə artıq öz əhəmiyyətini itirib. O ki qaldı Turan proseslərinə, bilirsiniz, indiki mərhələdə Azərbaycan-Türkiyə birliyi mövcud prosesin əsas elementidir. Orta Asiya ölkələrində bu proses hələ yeni başlayır. Bəlkə də Qazaxıstandakı axırıncı hadisələrdən sonra orada Turan ideologiyasının güclənməsi gözlənilən olacaq. Hətta Özbəkistanda da. Yəni, həmin proseslər hələ də gələcəklə bağlıdır, çünki yetərincə formalaşmayıb. 

Tural Turan

Rəylər

Xüsusi

115 ölkəni gəzən azərbaycanlıdan maraqlı açıqlamalar: İki qızını gətirib mənə göstərdi və...

Budəfəki həmsöhbətimiz dünyanın yarısından çoxunu gəzmiş bir insandır. Həm oxuyub, həm işləyib, həm də gəzib. Çox gəzən çox bilər – atalar məsələni əlində bayraq edərək fərqli mədəniyyətlərlə tanış olub. Eyni zamanda fəal diaspor nümayəndəmiz kimi ölkəmizi tanıdıb. Xarici ölkələrdə bir sıra təşkilatların qurulmasında iştirak edib. 

Söhbəti çox uzatmadan gəlin, Azərbaycanın modern gənc səyyahı Maqsud Məmmədovla bir qədər də yaxından tanış olaq. 

Publika.az Maqsud Məmmədovla müsahibəni təqdim edir.

- Maqsud bəy, bu vaxta qədər dünyanın neçə ölkəsində olmusunuz?

- İndiyə kimi dünyanın 115 ölkəsini ayaqlarımla fəth emişəm (gülür). Bu səfərlərin çox az qismi işimlə bağlı olub, amma onların çox hissəsi təhsillə, gəzmək istəyimlə bağlıdır. Hətta bir qismi öz təşəbbüsüm, istəyimlə reallaşıb. Məndə olan məlumata görə, yaşıdlarım arasında (söhbət azərbaycanlılardan gedir) məndən çox bu qədər ölkə gəzən yoxdur. Hələ uşaqlıqdan coğrafiyanı sevdiyim üçün gəzmək istəmişəm. Fərqli mədəniyyətlərlə tanış olmağa can atmışam. 1999-cu ildən, yəni artıq 23 ildir  ki, dünyanı dolaşmaqdayam. Cons Hopkins Universitetində magistr təhsili almışam. London Universitetində dokturanturada oxumuşam. Eyni zamanda Bakı-Hyuston Azərbaycan cəmiyyətinin fəallarından olmuşam. 

- 5 dil bilirsiniz, bəs dilini bilmədiyiniz ölkəyə gedəndə nə edirsiniz?

- Maraqlıdır. Yəqin ki, bədən dilimi işə salıram (gülür). Bu, çox asan olur. Hərəkətlərlə, mimikalarla, jestlərlə... Həm də indi texnologiyalar çox inkişaf edib. Əlimizin altında “Google translate” var. O, 2-3 ildir var. Amma mən 1999-cu ildən gəzirəm. Ona qədər ancaq bədən dili ilə ünsiyyət qurmağa çalışmışam. 

- Tutaq ki, getmisiniz Tanzaniyaya, yerli qəbilələrdən biri ilə rastlaşırsınız, dili də bilmirsiniz, özünüzü onlara necə təqdim edərdiniz, istəklərinizi necə çatdırardınız?

- Yeri gəlmişkən, mən Tanzaniyada 3 ay yaşamışam. Orada işləmişəm. Məncə, ünsiyyət qurmaq üçün dil çox da önəmli bir faktor deyil. Əsas faktor insanın ünsiyyət enerjisidir. Səmimiyyət və təbəssüm, istiqanlılıq bəzən ünsiyyət qurarkən dildən də önəmli faktora çevrilir. Mən 15 yaşım olanda Azərbaycandan çıxmışam. Demək olar ki, orta məktəb illərindən xaricdəyəm. Son bir aya qədər... 


- Bizdə çox vaxt 15 yaşlı uşağı təkbaşına xaricə buraxmırlar. Valideynlərinizi necə razı sala bilmisiniz?

- O baxımdan şanslıyam. Amerika dövlətindən təqaüd qazandım. Daha sonra bunu evdəkilərə dedim. Söylədim ki, heç kəsə problem yaratmadan mən bu təqaüdü qazanmışam. Özü də “high school” idi. Valideynlərimin uşaqlığı sovet dönəminə düşmüşdü. Onlar xaricdə təhsil ala bilməmişdilər. Mən isə belə bir şans qazanmışdım, üstəlik, valideynlərimin də təhsilə həvəsləri böyük idi, ona görə də mənim istəyimə göz yummuşdular. Bir sözlə, 15 yaşımdan Amerikadayam. Bakalavr və magistr təhsili alandan sonra hardasa 10 il Amerikada yaşadım. Ondan sonra İtaliyada 1 il magistr təhsili aldım. Orada oxudum, həm də oxuduğum müddətdə İtaliyanın müxtəlif, maraqlı yerlərini gəzmək fürsətini də əldən vermədim. Bundan başqa, Argentinada və Tanzaniyada işləmişəm. İşləyə-işləyə gəzmək imkanım olanda onu da boşa verməmişəm. Bir həftə bundan öncə isə İngiltərədə fəlsəfə elmləri doktoru ünvanını almışam. 

- Təbrik edirəm, nə xoş xəbər...

- Çox sağ olun. Məndə istiqamət siyasi elmlərdir. Bakalavr və magistr təhsilimi daha çox enerji siyasəti üzrə oxumuşam. Doktorluq işim isə millətlərin “branding”i ilə bağlı idi. Post-sovet məkanından dünyada Rusiya, Ukrayna daha çox tanınır. Bəlli bir səviyyədə Qazaxıstan da tanınırdı. Amma geridə qalan ölkələr bir o qədər də tanınmırdı. Ümumiyyətlə, “stan” sonluqlu ölkələr dünyada heç tanınmırdı. Bizim adımızı isə demək olar ki, çox az eşitmişdilər. Mən 100 ölkə gəzəndən sonra düşünməyə başladım ki, dövlətlər niyə özlərini brendləşdirirlər. Yəni, özlərinin tanıtımı üçün ölkələr niyə bu qədər pul xərcləyirlər? Başa düşdüm ki, ölkələri tanıtmaq həm də fərdi şəkildə mümkündür. Özüm də 15 yaşımdan, yəni Azərbaycandan çıxdığım gündən ölkəmi tanıtmaq eşqi ilə yaşamışam. Tədbirlərdə canla-başla iştirak etmişəm. Eyni zamanda təhsillə, mədəniyyətlə bağlı fərqli-fərqli təşkilatların qurucusu olmuşam. Vaşinqtonda Amerika Tələbələri Assosiasiyası yaratmışam. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının yaradıcılarından biriyəm. Bir sözlə, aktiv diaspor fəaliyyətim olub. Hara getmişəmsə, hər zaman Azərbaycan bayrağını yanımda daşımışam. Tədbirlərə milli geyimlərimizlə qatılmışam. 

- Çox enerjili, həyata zarafatyana baxan insan təsiri bağışlayırsınız. Bu qədər tükənməz enerjinin, hər şeyə təbəssüm etməyin səbəbi nədir?

- Bütün bunlar həyata daha böyük baxmaqdandır. Yəni, gündəliyə, gündəlik hadisələrə qapanmamaqdandır. Hər kəsin öz problemi var, mənim də, sizin də... Bu, bizim enerjimizi alan əsas nüansdır. Çox gəzdiyim üçün şanslıyam və bu, səni düşünməyə vadar edir, düşünürsən ki, sən 7 milyard insandan birisən. Çindəki adamın da sənin qədər problemi var, Afrikadakının da, Amerikadakının da, İngiltərədəki ən yaxşı maaşlı insanın da... Ona görə də xırda şeylərə fikir verməmək lazımdır. Hər xırda şeylərə, gündəlik problemlərə fikir verməmək enerjimizə də müsbət təsir göstərir. Hər problemə qapanıb qalanda enerjimiz də xərclənir. 


- Bu yaxınlarda Şuşada idiniz. Şuşa təəssüratlarınızı öyrənməzdən əvvəl şəhərin azad olunması xəbərini harada eşitdiyinizi soruşmaq istərdim...

- Şuşanın azad olunması xəbərini xaricdə eşitdim. Türkiyədə idim. Bütün azərbaycanlılar kimi biz də 44 gün ərzində nə yatdıq, nə də yeyib-içdik, 24 saat gözümüz televizorlarda, sosial şəbəkələrdə, tvitlərdə idi. Ən əsası, durmadan ölkə başçısının tvitter səhifəsində “yenilənmə” düyməsini sıxırdıq ki, görəsən, təzə paylaşım varmı?! Noyabrın 8-i səhər saatları idi. Azərbaycan Prezidentinin çıxışını Türkiyə telekanalları da canlı yayımlayırdı. “Haber Global”da, canlı efirdə, hətta birbaşa Azərbaycan dilində yayım verilirdi. Cənab Prezident Şuşanın azad olunduğunu elan etdi. Çox fərqli bir hiss idi...

- Şuşaya ilk səfəriniz idi?

- Bəli, uşaq vaxtı da Şuşada olmamışdım. İxtisasım münaqişə bölgələri ilə əlaqəlidir. Bu vaxta qədər Kot d İvuarda, Cənubi Koreya sərhədində, Afrikanın bir çox münaqişə bölgələrində olmuşam. Həm araşdırmaçı, həm də səyahətçi kimi həmin yerləri gəzmişəm. Hətta müharibə vaxtı Yəməndə də olmuşam. Tam fərqli hissdir. Həmin ərazilərdə özünü üçüncü şəxs kimi hiss edirsən. Neytral olursan. Amma Şuşada belə olmadı, Qarabağ bir növ bizim kimliyimizlə bağlı münaqişə idi. Hissləri anlatmaq çox çətindir. Şuşa haqqında indi söz açılır, orada olarkən yaşadığım hissləri sanki yenidən yaşayıram. Bu vaxta qədər məğlub bir ölkənin təmsilçisi kimi səyahət edirdimsə, bundan sonra qalib bir ölkənin nümayəndəsi kimi səyahətlərimə davam edəcəyəm. Şuşanın azad olunması xəbərini eşidəndə hansı hissləri yaşamışdımsa, Şuşaya ilk dəfə ayaq basanda yenidən məni həmin hisslərin harmoniyası bürüdü. Mən konfliktologiya oxumuşam və bilirəm ki, münaqişələr heç bir tərəfin qazancı olmadan onilliklər, yüzilliklər boyu davam edir. Amma Azərbaycan dövləti 44 gün ərzində işğal altındakı torpaqlarını azad etdi. Bu dövrün şahidi olmaq, o hissləri yaşamağın özü də bir xoşbəxtlikdir. Sözlərlə ifadə etmək çətindir. Həmişə düşünürdüm ki, 115 ölkə gəzmişəm və görəsən nə zamansa öz Qarabağ torpaqlarımızda gəzə biləcəyəmmi?! Bu istəyimin reallaşması 44 günlük müharibəyə qədər mənə çox əlçatmaz görünürdü. Əlçatmaz arzularımız reallaşdı. Məsələn, 2010-cu ildə Feysbukda harada olduğunuzu işarə etmək, “tag” funksiyası yaranmışdı. Həmin funksiya açılandan sonra təxminən 70 ölkədə oldum, amma heç vaxt həmin funksiyadan istifadə etmədim. Hər zaman ürəyimdə deyirdim ki, Qarabağa gedəndə “çekn” edəcəyəm. Amma bunun baş verib-vermədiyini bilmirdim. Şuşaya ayaq basan kimi Feysbukda ilk dəfə “tag” funksiyasından orada istifadə etdim və Şuşada olduğumu işarələdim. Şuşaya getdiyim üçün özümü şanslı hiss edirəm. Çünki hər kəsə getmək nəsib olmur. 

- Şuşadan baxanda Xankəndi ovuc içi kimi görünür. Yuxarıdan aşağıya – Şuşadan Xankəndiyə baxanda hansı hissləri keçirirdiniz?

- Ən qısa zamanda Xankəndidə də suverenliyimizin əldə olunacağını düşünürəm. İnanıram ki, tezliklə, çox qısa bir dönəmdə orada yaxşı inteqrasiya olacaq. Əgər bu gün mən Cıdır düzündəyəmsə, Şuşadayamsa, deməli, Xankəndi çox xırda bir məsələdir. Bizdəki inkişafı görəndən sonra Xankəndidəki ermənilər də düşünəcək ki, Azərbaycanın bir parçası olacaq. Ermənilər aşağıdan yuxarı Şuşaya baxanda onun necə sürətlə inkişaf etdiyini görəcəklər. Xankəndidəki ermənilər də həmin çiçəklənməni görüb düşünəcəklər ki, niyə Azərbaycanın bir hissəsi olmasınlar. 

- Neçə dil bilirsiniz və dilləri necə öyrənirsiniz?

- Ümumi götürdükdə dörd yarım deyərdim... 5 dil də demək olar. Hər 5 ili ötürəndən sonra bir dil öyrənirəm. Azərbaycan, türk, ingilis, ispan və çincə bilirəm. Yarım dediyim dil də ruscadır. Ruscam o qədər də yaxşı deyil. Bir müddət ərəbcəni də öyrənməyə başlamışdım. Amma onu davam etdirə bilmədim. 5 ildən bir dil öyrənmək beyin üçün də çox yaxşıdır. Beyni inkişaf etdirir, həm də beyin idmanıdır. Dil öyrənməyə çox həvəsim var. Latın Amerikası mədəniyyəti mənim üçün çox xoşdur. Hər kəs Amerikaya ingilis dili öyrənməyə gedəndə və ya orada oxuyarkən ingilis dili öyrənəndə mən daha çox ispanca öyrənirdim. İspancanı öyrənəndə düşünürdüm ki, nə zamansa Latın Amerikasına gedəcəyəm. Sonradan bu arzularım reallaşdı. Bir neçə ay Argentinada oxumuşam. İndi də çin dili üzərində işləyirəm. Çox asan dildir, yazılışından başqa... Amma qrammatika baxımından ən sadə dillərdən biridir. Zaman formaları yoxdur. Dil öyrəndikcə həm də cəmiyyətin fikirləşmə tərzini öyrənirsən. 

- Yəqin ki, xarici pasportlarınızı da tez-tez dəyişirsiniz...

- Bəli, hər 1, 2 ildən bir dəyişirəm. 

- Gəzdiyiniz ölkələr, səyahət düşüncələrinizlə bağlı kitablar yazmaq haqda düşünmüsünüzmü?

- Bəli, istəmişəm. Qərblilər bir qədər işlədikdən sonra 2-3 il ara verirlər, gedib gəzirlər. Pasportları da buna imkan verir, güclü pasportlardır. Mən təhsillə bağlı daha çox səyahət etmişəm. Düşünmüşəm ki, gəzdiyim ölkələrin sayı 70-ə çatanda yazmağa başlayaram. Sonra bu ölkələrin sayı 80, 90, 100 oldu (gülür). 100 ölkəni gəzəndən sonra söz vermişdim ki, yazmağa başlayacağam. Artıq başlamışam, qeydlərim var... 100 ölkəni əhatə edən bir kitab yazmağı düşünürəm. Amma məsələnin qoyuluşu fərqli olacaq. Mən gəzdiyim ölkələrin mədəniyyətini necə kəşf etdiyimdən danışmaq istəyirəm. Deməli, “CrossFit” adlı bir idman növü var. Bütün dünyada onun idman salonları var. Şəhərin kənarlarında olur, adətən oraya şəhərin yerli sakinləri gəlir. Bakıda da var... Məsələn, sən turist kimi gedəndə ancaq tarixi, mədəni yerləri görə bilirsən. “CrossFit”də qrup dərsləri olur. Hər ölkəyə gedəndə “CrossFit” idman salonlarına gedirəm. Həmin şəhərlərin müəllimləri, həkimləri, sadə insanları oraya qatılırlar. Bir növ onlarla sosiallaşmağa başlayırsınız. Mən Sidneydən Minskə qədər bunu etmişəm. Çox maraqlıdır. Buradan yola çıxaraq səyahət kitabımı yazmaq istəyirəm. Bu idman ilk dəfə amerikan və rus hərbçilər tərəfindən yaradılıb. Məsələn, post-sovet məkanında “CrossFit”lərdə hamı qışqırır, bağırır, Afrikada da qatılmışam, orada fərqlidir, hamı gülür, danışır... Tam fərqlidir. Eyni standartlara, ölçü vahidinə fərqli mədəniyyətlərin yanaşmasını görürsən. Həmin salonlara getdikcə qeydlərim olurdu. Bəlli suallarım olur, həmin ölkənin müxtəlif təbəqədən olan insanlarına ünvanlayıram və getdiyim yer haqqında məndə müəyyən təsəvvürlər formalaşır. İndi müdafiə işlərim də bitib, yəqin ki, həmin kitabı yazmağa daha çox vaxtım olacaq. 


- Gəzdiyiniz ölkələrdə sizə evlilik təklifi olubmu?

- Bəli, bir dəfə olub. Deməli, İndoneziyada idik. Səyahət edirdik. Turdan sonra hotelə qayıdırdım. Gördüm ki, qəşəng güllər daşıyırlar. Səbəbini soruşdum. Hotelin meneceri söylədi ki, axşam toydur, dedim ki, mən də toya gələcəyəm. Onların da bizim kimi 300-400 nəfərlik böyük toyları olur. Dedi ki, gələrsən. Mən də otağa qalxıb özümü səliqəyə saldım, toya getdim. Orada mənə çox yaxşı münasibət sərgiləyirdilər. “Xoş gəlmisən” deyirdilər. Yemək, içmək... Sən demə, bəy xarici bir təşkilatda işləyirmiş, bunlar da məni bəyin iş yoldaşı hesab ediblər. Hətta bəy-gəlinlə bağlı sağlıq da demişəm. Orada bir xanım var idi, deyəsən, gəlinin xalası idi. Onun iki qızı var idi, gətirib qızlarını mənlə tanış etdi (gülür). Yəni, məni qızlarından biri ilə evləndirmək fikri var idi (gülür). 


- Gəzdiyiniz ölkələrdən daha çox nələri toplayırsınız?

- Bir çoxları kimi maqnitlər də toplayıram. Amma daha çox rəsm əsərləri almağı xoşlayıram. Yerli ölkənin rəssamının çəkdiyi rəsmləri... onları çox rahat şəkildə tapmaq mümkündür. Həmin şəhərin təsviri olan rəsm əsərləri mənə daha xoş təsir bağışlayır. 

- Ailə ilə gəzmək daha rahatdır, yoxsa tək?

- Təhlükəli mövzulara toxunursunuz (gülür). Hərəsinin öz yeri var. Amma tək gəzərkən daha rahat olursan. Ailə ilə gəzmək isə daha xoşdur, çünki sevdiklərin yanındadır. 

- Bəs yemək məsələsini necə həll edirsiniz? Bəzi ölkələr var ki, yeməklərini yemək çətin olur.

- Mənim üçün fərqi yoxdur. Daşdan yumşaq hər şeyi yeyirəm... Ən çox gəzdiyim şəhərlərin küçə yeməklərini sevirəm. Bəzi adamlar həmin yeməkləri fizioloji olaraq götürə bilmir. Bu baxımdan şanslıyam. Sevdiyim yeməklər ölkələrə görə dəyişir. Xaricilərin “street-food” dediyi yeməkləri daha çox xoşlayıram. Hindistanda da küçə yeməkləri yemişəm. Restorandakı yeməklərdən daha dadlı olurlar. Harada oluramsa olum, haranı gəzirəmsə gəzim, əsas məqsədim Azərbaycanı dünyada tanıtmaqdır.

Tural Turan

Oxumağa davam et

Xüsusi

Dadlı yemək bişirməyin sirlərindən danışan məşhur aşpaz: Çox bahalı bir restorana getsək də...

Azərbaycan Kulinariya İncəsənət Mərkəzinin əslən Malayziyadan olan direktoru Kelvin Çong milli yeməklərimizi dünyada tanıtmaq üçün əlindən gələni edir. 

Publika.az mərkəzin direktoru ilə müsahibəni təqdim edir.

- Yemək bişirmək sevdanız necə başladı? 

- Uşaqlıqdan başladı istək, anam evdar xanım idi, çox dadlı yeməklər bişirərdi, baxıb bu prosesdən zövq alırdım. O dövrdə aşpazlığı oxuyub sertifikat ala biləcəyim bir məktəb və ya yer yox idi. Ya gedib hansısa bir tikintidə çalışa, da ya restoranda köməkçi işləyə bilərdim. Restoranda işləyəndə bilirsən ki, yemək havayıdır, deməli, qarnın tox olacaq (Gülürük). Mən bir restoranın qapısını döyüb “Sizdə işləmək olar” sualını verdim və Malayziyada bu şəkildə işə başladım. Daha sonra Sinqapura köçdüm. Tam təhsilim olmadığından orada iş tapmaq daha çətin idi, elə bir iş tapmalı idim ki, həm ailəmi dolandıra bilim, həm də istədiyim bir yer olsun. Bu aləmə daxil olandan sonra çoxlu aşpazlarla tanış oldum və gördüm ki, kulinariya dünyası başqa bir aləmdir, çox zəngindir. Adi bıçaqla işləməkdən tutmuş, yeməyin bir neçə addımdan ibarət olmasına qədər... Bu aləmdən çıxmaq istəmədim. Yüksəlmək istəyirsənsə, cavanlıqda dayanmadan işləməlisən. Elə günlər olurdu ki, 18-19 saat dayanmadan işləyirdim ki, nəyəsə nail olum. Aşpazlar işə olan sevgini görür və sənə yol açırlar. Səni başqa şeflərlə tanış edirlər ki, irəli gedəsən. Bütün bunlara əlavə olaraq, şans çox vacibdir. 

- Ölkəmizə gəlişinizi necə xatırlayırsınız?

- Londonda işlədiyim restoranda 3 istiqamət var idi: Yaponiya, Çin və Avropa mətbəxi. Avropa mətbəxinə tələbat yüksək deyildi, Çin və Yaponiya mətbəxinin təamlarını sevən müştərilər üstünlük təşkil edirdi. Avropa mətbəxində çalışan şef bir gün bizə dedi ki, bu yeməklərdə nə gözəllik var ki, inqrediyentləri üst-üstə atıb qarışdırırsınız. Bu söz bərk xətrimə dəydi. 


2006-cı ildə BBC kanalı Çin mətbəxi üzrə müsabiqə keçirmişdi. Digər iştirakçılar geyimimə görə qəribə baxışlarla məni süzüb kinayə ilə soruşdular ki, hansı ucuz restorandan gəlmisən, nə əcəb bura düşmüsən? Sonda qalib olanda və adım çəkiləndə hamı şoka düşmüşdü. Bu hadisədən sonra qərara gəldim ki, öz görünüşümü mükəmməlləşdirim. Qarşıma bir məqsəd qoydum ki, daha yaxşı bir səviyyəyə çatacağam, bişirdiyim yeməklərin isə həm görünüşü, həm də dadı damaqlardan getməyəcək. Beləliklə, Googleda ən yaxşı kulinariya məktəblərini araşdırmağa başladım. Fransada yerləşən çox bahalı kulinariya mərkəzinə yazıldım. Bu vaxta qədər Sinqapurda və Londonda qazandığım pulla ev almaq istəyirdim. Lakin hədəflərim dəyişdiyi üçün o pulları mən kulinariya mərkəzinə xərclədim, üstəlik, pulun bir qismi çatmadığından orada qalıb əlavə işləməli olurdum. Beləliklə, 4 illik mərkəzi başa vurdum, artıq vizamın da vaxtı bitirdi. Şef məni Dubaya işləməyə göndərdi. 

Dubayda olanda azərbaycanlı iş adamları ilə tanış oldum. Hazırladığım yeməklər çox xoşlarına gəlmişdi, Azərbaycanda çalışmağı təklif etdilər. Düşünmək üçün vaxt istədim, çünki Azərbaycanı tanımırdım. Bir həftə Azərbaycanı internetdə araşdırıb axtardım, məlumat topladım. Dostlarımın çoxu deyirdi ki, Bakı gözəl şəhərdir, getməyə dəyər. Artıq 10 ilə yaxındır ki, buradayam. 

- Azərbaycan Kulinariya İncəsənət Mərkəzini yaratmaq ideyasından danışardınız. 

- Bura gələndə restoranda aşpaz kimi çalışırdım, bir müddət sonra gördüm ki, kulinariya təhsili yaxşı inkişaf etməyib və belə bir mərkəzin yaradılmasına ciddi ehtiyac var idi. Burada peşə məktəblərini bitirmək yetərli sayılır, təcrübəsi və tam bilgili olanlar azdır. Azərbaycan Kulinariya İncəsənət Mərkəzini yaratmaq həm də bu ölkəyə olan sevgimdən irəli gəldi, istədim ki, yerli və cavan aşpazların beynəlxalq diplom almaq şansları olsun. Həmçinin mərkəzimizə xarici ölkələrdən də tələbələr cəlb edə bilmişik. 


- İstənilən marağı oyada bilmisiniz? 

- Yerli tələbələrin çox böyük marağı var, geyimlər və mətbəx özü televiziya şoularında gördükləri mətbəxləri xatırladır. Odur ki, Bakıda belə bir mərkəzdə biliklərini inkişaf etdirmək şansı qazandıqları üçün çox sevinirlər. Həm də həqiqətən çox istedadlı uşaqlardır, əksəriyyəti cavan olsalar da, əl qabiliyyətlərinə söz ola bilməz. Bundan əlavə, tələbələr dərsdən əlavə qalıb işləməyə çox həvəslidir. Qaynar mətbəx atmosferini yarada bilmişik. 

Ən önəmlisi, Azərbaycanın çox zəngin məhsul çeşidləri var. Bu məhsulları necə və harada istifadə etmək lazım olduğunu bilmək çox vacibdir. Beynəlxalq menyudan əlavə, Azərbaycanın milli mətbəxi də öyrədilir. Beynəlxalq menyuda Azərbaycan məhsulları istifadə edilir. 

- Azərbaycan mətbəxi bizim üçün əvəzolunmazdır, lakin peşəkar bir şefin qiymətləndirməsini də bilmək maraqlıdır. Milli mətbəximizin dünyadakı yerini necə görürsünüz? 

- Mətbəxiniz çox zəngindir, maraqlı yeməkləriniz var. Başqa ölkələrin nümayəndələri üçün yağlı olsa da, kombinasiyalar bir-biri ilə uzlaşır, məhsullar təbiidir, ərzaqların çoxu burada bitir, başqa ölkələrdən gətirilmir. Maraqlı amil odur ki, hər regionun öz yeməkləri və hər yeməyin də öz tarixi var, siz öz tarixinizi yaşatmağa davam edirsiniz. Hətta adlar da fərqlənir. 

2 gün öncə internetdə hansı dünya mətbəxlərinin məşhur olması barədə bir məqalə oxudum. Siyahıya 60 ölkə daxil edilmişdi, təəssüf ki, zəngin olmasına baxmayaraq, Azərbaycan yeməklərinin adı yox idi. Ona görə yox ki, Azərbaycan mətbəxi dadlı deyil, sadəcə, tanımırlar bu mətbəxi. Burada məktəbin böyük rolu ola bilər. Azərbaycan Kulinariya İncəsənət Mərkəzinə xarici tələbələr də cəlb olunur ki, bu da onun tanınmasına birbaşa təsir edəcək. Xarici turist burada dolma yeyib bəyənəcək, bəs qayıdandan sonra yenidən istəsə, nə olacaq? Heç nə, yaddan çıxacaq. Burada isə xarici tələbə dolmanın bişirilmə qaydasını öyrənib öz ölkəsində və ya hər hansı başqa bir ölkədə bişirə biləcək. Bunun üçün zaman lazımdır. 

Yeməyin bişirilməsindən əlavə, bizim proqramın bir hissəsi də ondan ibarətdir ki, bölgələrdə çaxır istehsalı, pomidor və ya göyərtinin yığılması, yaxud da fermalarda süd məhsullarının hazırlanma qaydası ilə tələbələri tanış edirik, bölgələrə ekskursiyalar təşkil edirik. Yerli məhsul istehsalının arxasında dayanan zəhmətkeş əhali ilə tanış edirik. Beləliklə, Azərbaycan mətbəxi dünyada öz layiqli yerini tutacaq. 

- Yemək nə zaman incəsənətə çevrilir? 

- Kefin yaxşı olanda (Gülürük). Yemək ilk hazırlanma prosesindən etibarən incəsənətdir, eyni zamanda nə və ya kimin üçün bişirdiyindən də çox asılıdır. Əgər sevdiyiniz insanlardırsa, bura öz sevginizi və qəlbinizi qoyursunuzsa, bu, artıq bir sənətdir. Bir də var ki, istəmədən nələrisə doğrayıb tökürsən, ona sənət demək günahdır. 


- Yeməyin hansı ovqatda hazırlanması onun dadına təsir edir? 

- Əgər yemək bişirməyi gözəl bacarırsınızsa, burada fərqdən danışa bilmərik. Avtomatik olaraq onu dadlı edəcək, çünki əllər buna öyrəşib, hətta kefin daha da açılacaq. Götürək, anaların hazırladığı yeməkləri. Anamız bəzən hirsli olsa da, bişirdiyi yemək yenə dadlı olur. Çox bahalı bir restorana gedib müxtəlif yeməklərin dadına baxsaq da, sonda deyəcəyik ki, anamın yeməyi bundan dadlıdır. Çünki ananın kefindən asılı olmayaraq, yemək dadlı olur. 

Mərkəzimizdə oxumaq istəyən tələbələri xüsusi seçirik, sadəcə sertifikat almaq xətrinə gələnləri qəbul etmirik. Sən o sənəti sevməlisən. Bütün resepti əzbər bilsə də, sənəti sevmirsə, ona müsbət duyğular ötürmürsə, o yemək dadlı olmayacaq. 

- Əlimizin duzunun olması üçün mətbəxdə hansı qaydalara əməl etməliyik? 

- Aşpaz olmaq üçün birinci vacib qayda disiplindir. Tələssən, yaxşı alınmayacaq. İkincisi, məsuliyyətdir. Qonaq üçün yemək bişirirsənsə, vaxtını düzgün hesablamalısan. Üçüncüsü isə gigiyenadır, təmizliyə riayət etməlisiniz. Buna əməl etməsəniz, dəhşət istedadlı olsanız da, yenə də yeməkdə problem çıxacaq. Boşqab və ya stəkan çirklidirsə, bişirdiyiniz bəyənilməyəcək.  

- Aşpazların və diyetoloqların qidalanma mövzusunda fikirləri üst-üstə düşmür. Sağlam yaşamaq üçün özümüzü dadlı yeməklərdən məhrum etməliyik?

Dadlı yemək adətən sağlam olmur. Tərəvəzlər də çiy halda faydalıdır, amma çiyin dadı olmadığı üçün çox adam onu yeyə bilmir. Əslində, sağlam qidaların da mənfi tərəfləri var. Mələsən, hər gün pomidor yemək olmaz. Burada balans olmalıdır, bu balans pozulanda artıq bir az problem yaranacaq. Tərəvəzlərin tərkibindəki protein və karbohidrat miqdarı da fərqlidir, hansınınsa şəkəri daha çoxdur, bunların balansını hər kəs öyrənsəydi, yaxşı olardı. 

- Söhbət üçün təşəkkür edir və işlərinizdə uğurlar arzu edirəm.

- Minnətdaram, qarşılıqlıdır. 

Aytən Məftun 

Foto: Ceyhun Rəhimov 

Oxumağa davam et

Xüsusi

Qəhrəman oğullarımız haqqında kitab yazan məşhur: Bir şəhid atası söhbətimizdə dedi ki…

Bu yaxınlarda Azərbaycanın qəhrəman oğullarının həyat yolundan bəhs edən "41" adlı kitabı işıq üzü görən şair, publisist Kamalə Abiyeva bildirib ki, İkinci Qarabağ savaşının 41 şəhidinin hekayələrini qələmə almaq çox ağır olub. 

Kamalə Abiyeva Publika.az-a müsahibəsində bu barədə ətraflı danışıb.

- Kamalə xanım, Astaranın 41 şəhidi haqqında kitabınızdan danışaq. Bu hekayələr necə toplandı?

- Müharibə haqqında oxumaq, filmə baxmaq başqadır, yaşamaq bir başqa. Biz müharibəni, qələbə sevinciylə bərabər şəhidlərin ağrısını da yaşadıq. Xəbərləri, videogörüntüləri izləyirdim. İlk Astara şəhidləri haqqında məlumatlara rast gəldim, axtardım, araşdırdım, ünvanlarını, əlaqə nömrələrini tapdım. Bu qürurlu, sevincli, həm də ağrılı günlərə qatqım olsun istəyirdim. Bilirsiniz, elə şəhid var ki, şəkli, ya da haqqında bir məlumat yox idi. Bu yazılar qəzetlərdə, onların saytlarında, "Yeni Səs", "Qadinkimi.az" və s. saytlarda yayımlandı. Ailələr üçün, özüm üçün təskinlik idi. İndi hər biri haqda az da olsa, məlumat var.

- Şəhid ailələri sizinlə danışmağa meyilli idilər?

- Ailələr çox yardımçı olurdular. Bəziləri ilə rayonda görüşmüşdüm, bəziləri ilə ancaq telefonla əlaqə saxlamışdım. "WhatsApp"la danışırdıq. Bir şəkil deyirdin, 5 şəkil göndərirdilər. Bölüşürdülər, ağlayırdılar, qürurlanırdılar. Təkcə ailə üzvlərini deyil, müəllimlərini, məktəb yoldaşlarını, ən əsas isə döyüş dostlarını tapırdım mütləq. Elələri var ki, hərbçidir, hələ də xidmətdədir. 200-300 nəfərlə söhbətləşmişəm. Yorulurdum, amma şəhidləri düşünəndə bu sözü dilimə gətirməyə utanırdım.

- Qəhrəmanların taleyini qələmə alarkən sizi ən çox təsirləndirən nə oldu? 

- Ən çox təsirləndirənmi, ağrıdanmı deyim, ata-anaların, ailə üzvlərinin mənə dəfələrlə təşəkkür etməsi idi. Hər bir qəhrəmanımın həyat hekayəsi də təsirliydi. Kitabın redaktoru Aysel Aydın Əlizadədir. Oxuyanda dedi ki, bu boyda ağrını necə yaşamısan? Elkiyar Məmmədov var, məsələn, uşaqkən valideynlərini itirib, qardaşıyla uşaq evində olub, sonra əmisinin himayəsində böyüyüb. Əksəriyyətinin yaşayışı çox çətin keçib. 

- Kitabın tərtibatı da, çapı da diqqət çəkir.

- Şəhidlərin şəkilləri olmalıydı. Ən keyfiyyətli kağızdan istifadə edilməliydi. Sözün düzü, düşündüm ki, imkanı olan adamlar niyə də dəstək olmasın? “Deputatlara müraciət edin” deyənlər oldu. Dəyərli həkim deputatımız Rəşad Mahmudov çox işlər görür, şəhid ailələrinə, xəstələrə yardım edir onsuz da, ona görə ona müraciət etmədim. Ziyafət Əsgərovu isə seçicilər heç tanımır. Ona nə deyim ki? Bir neçə adamla əlaqə yaratdım. Bir zəngimlə heç tərəddüd etmədən Ruslan Dadaşov "Nprint studiya" MMC-də nəşr edərik" dedi. Sonra öyrəndim ki, Tələt Məmmədov, İlqar Orucov, Şahin Dadaşov, Xaqan Axundov, Ceyhun Bəhramov, Anar Mustafayev də dəstək verib, sevindim. Hər kəsin şəhidlərimizi yaşatmaq arzusu sevindiricidir. Kitabın dizayneri isə İmambaxış Əliyevdir. 



- Kitab hazır olandan sonra şəhid ailələri ilə görüşünüz necə oldu?

- Astarada yaşamadığımdan çətin gəlirdi. Həyəcan keçirirdim. Hamı bilirdi ki, kitab hazırdır, gözləyirdilər. Qapı-qapı gəzməli də olsam, bunu edəcəkdim. İcra Hakimiyyətinin humanitar şöbəsinin rəhbəri Firəngiz xanımla əlaqə yaratdım. Gün təyin etdik. Çoxları dəstək oldu: savaş qazisi Turan Həsənzadə, Abbas İbrahimli, polkovnik-leytenant Nail Orucovun ailə üzvləri, mayor Kamran Fərəcovun xanımı Nuranə Fərəcova, rayon ziyalıları Sakitə Ülvü, Təbrizə xanım, Nuranə Həmidova, Lənkəran Dövlət Universitetinin doktorantı Ramin Əliyev... 41 şəhid ailəsindən 70-80 nəfər ailə üzvü - ata-ana, bacı, qardaş, xanımları iştirak edirdi.

- Şəhidlərimizin həyatı haqqında kitablar bildiyim qədər çox deyil. Bu ənənəni geniş şəkildə yaymaq üçün nə etməliyik?

- Çox deyil. Cənub bölgəsi fərqləndi: Lənkəran, Lerik, Masallı şəhidləri haqda kitablar yazıldı. Hər rayonda yaradıcı insanlar var, yazmalıdırlar. Yazmırlarsa, siz, ya mən nə edə bilərik? Bu da bir ürək işi, ruh halı, vicdan məsələsidir. Ən ağrılı bilirsiniz nədir?  Müəllif kitabları yenə satılır. Şəhidlər haqda yazılan kitablar isə qalır... Mənə indi də müraciətlər olur: tanıdıqları qazilər, şəhidlər haqqında yazmağımı istəyirlər. Necə edim? Yazıram. Müxtəlif bölgələrdən olan şəhidlər haqda yazdıqlarımı da ayrı kitabda toplamışam.  


- Sizcə, hansı analar dünyaya qəhrəman övladlar gətirə və yetişdirə bilir? 

- Zəhmətkeş ailələrdə böyüyür belə oğullar. Dövləti, vətəni üçün yaşaya bilənlər yetişdirir belə oğulları. Nəfsi sevgisindən üstün olanlar igid, mərd övlad böyüdə bilməz. Şəhidlər arasında maddi durumu normal olanlar da var, amma azdır. Əksəri zəhmətkeş, kasıb ailələrdir. Bu, həqiqətdir. Vəzifəli, varlı adamların uşaqları yoxdur, ya da çox azdır. Fikri-zikri varlanmaq olan adam torpağını düşünmür. 

"Şəhid anası" şeirimdə demişəm:

Bu torpaq hamıya ana deyil ki,

Namərdin, qorxağın vətəni olmur.
Hər qadın sənin tək igid böyütmür,
Hər ana bətnindən şəhid doğulmur.

- Yazıçı, şair düşünürəm ki, həm də sülh adamıdır, humanist dəyərlərin carçısıdır. Sizcə, ermənilərlə birgə yaşayış mümkün olacaqmı?

- Mən sülh adamıyam. Müharibənin  dəhşətini dərk edirəm. "İnsanlığa xəyanətdir" - belə şeirim var. Hələ gəncliyimdən "Qoruyaq bu dünyamızı", "Ürəklərdə ölməyin", "Silək sərhədləri", "Qızcığazlar ana olmaq istəyir" və s. kimi sülhə çağırış ruhlu şeirlərim var. Amma sərhədin, dövlətin varsa, onu qorumalısan. Coğrafi yerimiz xoşbəxtliyimizdir. Qonşular bədbəxtliyimiz. Müəyyən əlaqələrə məcburuq. Amma qonşuluq etməyə, danışmağa yox. Mənim üçün qeyri-mümkündür. Bu, indiki məsələ deyil axı?!.. Əsrlərin xəyanətini unuda bilmərik. Təkcə Ermənistanla deyil, bütün xəyanətkarlarla. Nə qədər torpaq verməli, ölməli, bağışlamalıyıq? Bəsdir daha. 

- Sülh və əmin-amanlıq içində yaşamaq, eyni zamanda gələcək nəsillərə bütöv Azərbaycan qoya bilmək üçün bundan sonra hər birimizin yerinə yetirməli olduğumuz vəzifələr nələrdir?

- Biz əslində sülhsevərik. Dövlət başçısı illərdir bu məsələni müharibəsiz, danışıqlar, sülh yolu ilə həll etməyə çalışdı. Bir şəhid atası söhbətimizdə dedi ki, bizi müharibəyə sürüklədilər. Həqiqətən belə oldu. Biz kiminsə torpağına göz dikməmişik, əksinə, bizim torpaqlarımız parçalanıb. Sülh şəraitində yaşamaq təkcə xalqın özündən asılı olsaydı, məncə, müharibələr  olmazdı bu qədər. Dünyada hegemonluq etmək istəyən qüvvələr, dövlətlər var. Demokratik hesab etdiyimiz dövlətlərdən biri (hərçənd belə hesab etmirəm) ABŞ milyardlar ayırır silahlanmaya. Dünya dövlətləri arasında birincidir. Müharibənin necə faciə olduğunu gərək dünyanı idarə edən siyasətçilər anlasın. Hələ ki bu, yoxdur. Ordusuz dövlət təsəvvür etmirik. Milyardlar xərclənir silah istehsalına. İnsan yetişməlidir, cəmiyyət yetişməlidir o qədər ki, buna "yox" desin. Bax, bu, yaxşı sualdır ki, Azərbaycanı necə qoruyaq. Tariximizi olduğu kimi yazaq, öyrədək. Hansı qonşu dövlətinsə maraqlarına görə həqiqətimizi gizləməyək, deməkdən çəkinməyək. Məsələn, Cənubi Azərbaycanın tarixini ətraflı bilməlidir övladlarımız. Biz dost və düşmənimizi tanıtmalıyıq gələn nəsillərə. Bu qədər unutqanlıq, susqunluq bəsdir.

- Yeni ildə bizi hansı yaradıcı yeniliklərlə sevindirəcəksiniz?

- Əslində, ötən il başqa kitabım hazır idi. Amma ilk növbədə müharibə edən bir ölkənin vətəndaşıyam. Belə zamanda şeirlər kitabı yersiz gəldi. Ona görə “41” yazıldı. Gecələr yatmadım. Başqa bir kitab da hazırdır: vətən mövzulu şeirlər, müxtəlif bölgələrdən olan şəhidlər haqda esselər və müharibə mövzulu hekayələr olacaq.

Ötən il də bir neçə mahnı oldu. 

Bu ili sevimlimiz Elçin İmanovun bəstəsində, Eyyub Yaqubovun ifasında "Bakım" mahnısı ilə başladıq. Bir neçə başqa mahnı da var. Çox istedadlı sənət adamları ilə maraqlı, ciddi iş birliyimiz var. Ömrün elə çağındayam ki, vaxt itkisinə vaxtım yoxdur. İl daha məhsuldar olmalıdır. 

Oxumağa davam et
Reklam

Gündəm