Xəbərlər - Publika.az
Bizi izləyin

Xüsusi

Azərbaycanda dollar kəskin bahalaşacaq? - Keçmiş nazir AÇIQLADI

Son dönəmlər dünyada baş verən hadisələr fonunda Azərbaycan iqtisadiyyatının və milli valyutamızın da zərər görəcəyini düşünənlər az deyil. Ekspertlər hesab edirlər ki, bu hal davam edərsə, milli valyutamız olan manat da ABŞ dollarına nisbətdə dəyər itirə bilər. Üstəlik, Rusiyaya qarşı sanksiyaların da Azərbaycan iqtisadiyyatına, idxal və ixraca təsirsiz ötüşməyəcəyini düşünənlər var. 

Bununla bağlı keçmiş maliyyə naziri Fikrət Yusifovla söhbətləşdik. 


İqtisadçı alim Fikrət Yusifov Publika.az-a müsahibəsində söyləyib ki, bizdə dolların manata nisbətdə məzənnəsini Mərkəzi Bank idarə edir. Elə ona görə də bizim milli valyutamız tam sərbəst şəkildə üzən məzənnəyə keçməyib.

- Fikrət müəllim, dünyada gedən son proseslər fonunda yaxın vaxtlarda Amerika dollarının milli valyutaya, manata nisbətdə möhkəmlənməsini, manatın dəyər itirəcəyini gözləməliyikmi? 

- Təbii ki, mümkündür. Çünki bu, dünyada gedən bir prosesdir. Bilirsiniz, bu məsələ ilk növbədə neftin dünya bazar qiymətlərinin artması və dollar axının ölkəyə daxil olması ilə bağlıdır. Hazırda bütün dünyada ABŞ dollarının bahalaşması prosesi gedir. Təbii ki, bu proses ilk növbədə Amerika Birləşmiş Ştatlarında müşahidə olunur. Elə bu səbəbdən də bu proses təbii olaraq gedir. Bizdə dolların manata nisbətdə məzənnəsini Mərkəzi Bank idarə edir. Elə ona görə də bizim milli valyutamız tam sərbəst şəkildə üzən məzənnəyə keçməyib. Bütövlükdə bu məsələlər Azərbaycanda Mərkəzi Bank tərəfindən tənzimlənir. Elə o səbəbdən də bu proseslərin tənzimlənməsi baş verir. Bu, belə də olacaq. Ola bilər ki, dünyada baş verən proseslər fonunda bizdə də müəyyən bir həddə qədər dolların bahalaşması baş versin. Ancaq bunu mən bir o qədər də güman etmirəm. Çünki uzun müddətdir Azərbaycan manatı sabit olaraq qalır. 2016-cı ilin əvvəllərindən üzü bu tərəfə vəziyyət eynidir. 

- Bəs qonşu ölkələrin valyutalarında durum necədir? Bizim onlardan fərqimiz nədədir? 

- Buna baxmayaraq, bizə nisbətdə qonşu ölkələrdə məzənnələrdə dəyişikliklər baş verir. Türkiyədə lirənin məzənnəsində tez-tez ciddi dəyişikliklər olur. Rusiyada da rublun məzənnəsində ciddi dəyişiklikləri görmək mümkündür. Eyni zamanda, qonşu İranda da son illər ərzində realın məzənnəsində ciddi ucuzlaşmalar qeydə alındı. Bizdə isə elə bir dəyişiklik baş vermədi. Bu da onunla izah olunur ki, biz tam şəkildə üzən məzənnəyə keçməmişik. Elə bu səbəbdən də Mərkəzi Bank bu səbəbləri tənzimləyir. Ona görə də dünyada baş verən proseslərin Azərbaycanda manatın məzənnəsinə nə dərəcədə təsir edəcəyini söyləmək çətindir. Əgər Azərbaycan manatı da üzən məzənnə prosesinin içərisində olsaydı o zaman bu məsələyə konkret rəy vermək mümkün idi. 

- Rusiyada baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi Azərbaycan iqtisadiyyatına, milli valyutamızın məzənnəsinə hansısa formada öz təsirini  göstərəcəkmi?

- Bu, ciddi və böyük bir məsələdir. Rusiya bizim bir saylı ticarət tərəfdaşımızdır. Rusiya Azərbaycanla etdiyi xarici ticarətin həcminə görə birinci yerdədir. Onun ardınca Türkiyə gəlir. Təbii ki, Rusiyada baş verən hadisələr Azərbaycana da təsirsiz ötüşməyəcək. Özü də bunun təsiri az olmayacaq. Baş verən hadisələr Azərbaycan iqtisadiyyatına da yetərincə təsir edəcək. Əvvəla biz bu təsiri ixracda görə biləcəyik. Bu gün Rusiya rublun məzənnəsi ilə bağlı şou düzəldir və bütün dünyaya göstərir ki, rubl öz yerindədir. Amma bu əslində siyasi şoudan başqa bir şey deyil. Çox yaxın bir zamanda rublun harada dayanacağını hamınız gedib görəcəksiniz. Bunun da səbəbləri var. Çünki Rusiyaya valyuta gətirən əsas enerji daşıyıcılarına qadağa qoyulub. Onlar Rusiyadan neft və qaz ixrac edə bilməzlər. Bütün dünyada onlara qadağalar qoyulur. Həmin ölkələr indi alternativ ixrac mənbələri axtarırlar. Söhbət Rusiyadan qaz və neft ixrac edən ölkələrdən gedir. Bu səbəbdən də yaxın gələcəkdə Rusiya rublunun taleyinin çox acınacaqlı olacağı gözləniləndir. Bunun Azərbaycana təsirsiz ötüşəcəyini demək mümkün deyil. Yəni bu hal əsaslı şəkildə bizim iqtisadiyyata təsir göstərəcək. Üstəlik, hər il orada yaşayan soydaşlarımız, Rusiyada çalışan vətəndaşlarımız, iş adamlarımız tərəfindən 3-4 milyard dollar vəsait Azərbaycana göndərilir. Bu vəsaitin böyük bir hissəsi təhlükə altında qalacaq. Digər tərəfdən, Rusiyadan Azərbaycana ixrac edilən məhsulların, ixracın həcmində müəyyən dəyişikliklər ola bilər. 

- Niyə? Səbəbi nədir? 

- Çünki yerli bazarda ucuzlaşan məhsulların ixracına bir o qədər də rəvac verilməyəcək, imkan yaradılmayacaq. Eyni zamanda, biz Rusiya bazarına tərəvəz məhsullarını, xüsusən də pomidoru ixrac edirik. Onu Rusiya bazarlarına bundan sonra ixrac etmək bizim üçün sərfəli olmayacaq. Çünki biz Rusiya bazarında onu ucuz rus rublu ilə satdıqdan sonra dollara çevirməli və Azərbaycana gətirməliyik. Rubl dəyərdən düşəndən sonra bu artıq sərf edəcək bir variant olmayacaq. Ona görə də baş verən son hadisələr bizim üçün başdan-ayağa problemlərlə yadda qala bilər.

- Bəs Azərbaycan dövləti bunun qarşısını necə almalıdır?

- Bizi çox ciddi problemlər gözləyir. İndidən düşünüb-daşınmalıyıq. Hökumət papağını qarşısına qoyub perspektivdə bu məsələlərin bizi hara aparacağını müəyyən eləməlidir. Daha sonra preventiv, qabaqlayıcı tədbirlər görməlidir. Əgər biz 3 aydan sonra rublun taleyinin necə olacağını oturub gözləsək, ondan sonra hansısa addımların atacağını gözləmək gec ola bilər. 

Rəylər
Oxumağa davam et
Reklam

Xüsusi

Əgər bu, baş verərsə... - Sərdar Cəlaloğludan Rusiya ilə bağlı SENSASİON MÜSAHİBƏ

Ukrayna builki “Avroviziya” mahnı müsabiqəsində birinci oldu. Bir çoxları düşünür ki, burada siyasi səbəblər var. Yəni Ukrayna-Rusiya savaşına görə birincilərin təmsilçisi qalib olub. 

Bu istiqamətdə suallarımızı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluya ünvanladıq. 

Sərdar Cəlaloğlunun Publika.az-a müsahibəni təqdim edirik: 

- Sərdar bəy, Ukrayna builki “Avroviziya” mahnı müsabiqəsində birinci oldu. Sizcə, “Avroviziya”nın nəticələrinə siyasi amillər nə dərəcədə təsir göstərir? 

- Mahatma Qandinin gözəl bir sözü var, o deyir ki, istənilən məsələni siyasiləşdirməyin, onsuz da istənilən məsələnin siyasi nəticələri var. “Avroviziya”nı siyasiləşdirməyə ehtiyac yoxdur, amma onun müəyyən nəticələrinin bir sıra siyasi konyukturaya məruz qaldığı şəksizdir. “Avroviziya”nın nəticələri təkcə Ukraynanın son yarışda qalib gəlməsinə aid deyil. Eləcə də bundan əvvəl qalib gələnlərə aiddir. Bu baxımdan Ukrayna hazırda Rusiya imperializminə və rus şər qüvvələrinə qarşı vuruşduğu üçün bütün dünya xalqları Ukraynanı dəstəkləyir. 

- Bu, nə dərəcədə doğru yanaşmadır?

- Düşünürəm ki, bu, tamamilə düzgün yanaşmadır. Çünki “Avroviziya”da ölkələrin verdiyi səslər simpatiyaya əsaslanır, sənətin dəyərinə yox. Doğrudur, orada sənətkarlar da qiymət verirlər, amma ümumilikdə bütöv qiymət nəzərə alınır. Məsələn, Avroviziya” tarixində ilk dəfə olaraq Ukrayna bu qədər – 450 civarında səs alıb. Halbuki ekspertlər bundan aşağı səs gözləyirdilər. Bu da onu göstərir ki, Ukrayna xalqı bu gün dünyanın ən çox simpatiya bəslədiyi xalqlardan biridir. 

- Biz son 14 ildə “Avroviziya” mahnı müsabiqəsində bir dəfə birinci, bir dəfə də üçüncü olmuşuq. Orada təmsil olunmaq bizə nə verir? 

- Azərbaycan klassik Avropa ölkəsi deyil. “Avroviziya”nın adından da göründüyü kimi, bu müsabiqə Avropanın baxışıdır. Ölkəmiz bu cür beynəlxalq tədbirlərdə iştirak etsə, dünya ailəsinin bir üzvü kimi daha çox yerini möhkəmləndirəcək. “Avroviziya”nı tərk etməyi çıxış yolu olaraq görmürəm. 

- Sizcə, bu vaxta kimi bizi “Avroviziya”da təmsil edən hansı sənətçilərin baxışları və özləri milli idi? 

- Olub. Məsələn, elə bizim birinclik qazandığımız yarışda Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağı da qaldırıldı. Başqa yarışlarda bizim iştirakçılarımız Türkiyənin bayrağını qaldıraraq, Türkiyənin şüarlarına yer verdi. Bütün bunlar onu göstərir ki, həmin iştirakçılarımız millidir. 

- Facebook” və “İnstagram” Rusiyanın Avroviziya” müsabiqəsindəki musiqisinin bu sosial şəbəkələrdə səsləndirilməsinə, yayımlanmasına qadağa qoyub. Necə düşünürsünüz, bu cür qadağalar olmalıdır? 

- Boykot özü bir siyasi mübarizə vasitəsidir. Hətta demokratik mübarizənin özü də siyasi boykotdur. Bu gün Rusiyanın dünyanı təhdid edən, eləcə də keçmiş SSRİ respublikalarının müstəqilliyinə təhlükə yaradan siyasətinə qarşı bu cür boykotları alqışlayıram. Sanksiyaların tətbiq edilməsi də alqışalayiqdir. Düşünürəm ki, gec-tez ruslar da özlərinin dünya-aləmdən təcrid olunduğunu görüb özlərinin neofaşist ideyalarından, imperiya maraqlarından imtina edəcəklər. Ruslar sanki belə bir fikirdədir ki, bu dünyada yaşamaq hüququ yalnız onlara məxsusdur. Düşünürlər ki, dünyanın heç bir xalqı öz dövlətini yarada, öz müstəqil siyasətini apara bilməz. Onlar bütün dünya ölkələrini Rusiyanın maraqlarına tabe etdirmək haqqında düşünürlər. Bu da tamamilə kollektiv şizofreniyanın əlamətidir. Bu baxımdan ruslar bütün dünyanı özlərinə qarşı qaldırıblar. Çünki özləri bütün dünyaya qarşı çıxış edirlər. 

- Siz bir neçə il ard-arda “Nobel” mükafatına namizədliyinizi irəli sürürdünüz. Bu il də namizədliyinizi irəli sürmüsünüzmü? İndiyə qədər növbəti mərhələlərə keçə bilməməyinizin səbəbi nədir?

- Bilirsiniz, bu “Nobel” siz başa düşdüyünüz kimi bir o qədər də oyun-oyuncaq deyil. Mən indiyə qədər “Nobel”ə iki dəfə müraciət etmişəm. Onlardan biri “Kosmik dəyişmələr haqqında nəzəriyyə” idi. Onu göndərmişəm. Bu nəzəriyyənin əsasını Yerdə vulkanın, zəlzələnin niyə baş verməsi, Günəşin niyə partlaması, kainatda niyə hər şeyin kiçilməyə doğru getməsi təşkil edir. Bu nəzəriyyəm birinci dəfədən gizli səsverməyə gedib. Amma fizika ilə bağlı “Nobel” mükafatlarının verilməsində belə bir prinsip var ki, nəzəriyyələr praktikada təsdiq ediləndən sonra qiymət alırlar. Çox nadir hallarda birbaşa nəzəriyyələrə “Nobel” veriblər. Açığını deyim ki, bu da konyuktura ilə bağlıdır. Məsələn, “Nobel”in tarixində belə bir iş olub. Bir yəhudi bir nəzəriyyə verib, ona da Nobel” mükafatı təqdim olunub. Növbəti il həmin nəzəriyyənin yanlış olduğunu iddia edən başqa bir nəzəriyyənin “Nobel”ə namizədliyi irəli sürülüb. Həmin nəzəriyyəyə də “Nobel” verilib. Beləliklə bir adam bir-birinə əks olan iki nəzəriyyənin müəllifi olduğuna görə iki il ard-arda “Nobel” alıb. Yəni “Nobel”də belə bir konyuktura var. 

- Bəs ikinci nəzəriyyəniz nədən bəhs edir?

- İkinci nəzəriyyəm maddənin beşinci halı haqqındadır. Bu da hipotetik, yəni nəzəri bir məsələdir. Mənim Azərbaycanda onu praktikadan keçirmək üçün elə bir laboratoriyam yoxdur. Orada həm də mən kürəvari ildırımın əmələ gəlməsini izah etmişəm. Eləcə də bu vaxta qədər elmdə cavabı tapılmamış bir çox suallara cavab vermişəm. Hazırlaşıram ki, biologiyadan yeni bir nəzəriyyə göndərəm. Bu nəzəriyyəm həyatın əmələ gəlməsi haqqındadır. Çünki bu günə qədər biologiyada həyatın əmələ gəlməsi haqqında hamı tərəfindən qəbul edilmiş və ciddi elmi dayağı olan bir nəzəriyyə yoxdur. Mən tamamilə yeni bir nəzəriyyə irəli sürmüşəm. Açığını deyim ki, bu nəzəriyyənin hər hansı bir tənqidə məruz qalacağı bir tərəf yoxdur. Sadəcə olaraq başım bir qədər siyasətə qarışıb. İndi də müharibə ortaya düşüb. Hazırda kitab üzərində çalışıram. Həmin nəzəriyyə ilə bağlı rəylər də almışam. Sadəcə olaraq həmin nəzəriyyəni Nobel Komitəsinə göndərmək məsələsi qalır. Yəqin ki, əgər yayda vaxtım olarsa, biologiyadan olan bu nəzəriyyəni Nobel Komitəsinə göndərəcəyəm. 

- Bəs ümid varmı?

- Bilirsiniz, bu da nəzəriyyədir. Bu nəzəriyyədə həyatın əmələ gəlməsi ilə bağlı elə nüansları tapdığımı əxz etmişəm ki, mənə mütləq şəkildə laboratoriya lazımdır. Orada ilkin olaraq amin turşularının sintezini təbiətdə sübut etməliyəm. Bilirsiniz, mən siyasətlə məşğulam. Elmi laboratoriyam yoxdur. Dövlət və ya hər hansı bir institut bunun praktikası ilə məşğul olmadığına görə burada yenə də nəzəriyyə olacaq. Əgər yəhudilərə ancaq nəzəriyyələrə görə “Nobel” verirlərsə, buna da vermək istəsələr, verə bilərlər. Əks halda gözləməliyik ki, mənim bu nəzəriyyəm əsasında dünyanın hansısa elmi laboratoriyasında praktiki olaraq işlər aparılsın. Sübut olunsa ki, həyatın əmələ gəlməsi belə baş verib, o zaman təbii ki, mən yüz faiz “Nobel” alacağam.  

Oxumağa davam et

Xüsusi

Azərbaycan “Avroviziya”da BU SƏBƏBDƏN qalib gələ bilmədi - Professor AÇIQLADI

Tanınmış musiqişünas, pedaqoq, əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadənin sözlərinə görə, "Avroviziya" müsabiqəsində təmsilçilərimizin əcnəbi müəlliflərin mahnıları ilə çıxış etməsi arzuolunan deyil. Nadir Rüstəmlinin dünən Turində keçirilən müsabiqədəki çıxışını şərh edən professor qeyd edib ki, Avropa standartları bezikdirir, insanlar hansısa bədii kəşf intizarındadır, parlaq və özünəməxsus musiqi intonasiya və tembrləri  eşitmək istəyirlər. Təcrübə də bunu göstərir! Ukraynanın qələbəsinə sevinən musiqişünas bu qələbəni müharibənin gələn il bitməsi ümidi və sülh arzularımızın ifadəsi adlandırıb. 

Publika.az professorla müsahibəni təqdim edir:

- Zümrüd xanım, Nadir Rüstəmlinin çıxışını bəyəndinizmi? 

- Nadir Rüstəmlini “Səs Azərbaycan”da dinləmişdim, əlbəttə ki, o, həmin yarışmanın şəksiz lideri idi. Onun səs imkanları, səhnə mədəniyyəti və obraz yaratmaq bacarığını o zaman qeyd etmişdim. Odur ki, bu il ölkəmizin təmsilçiliyi Nadir Rüstəmliyə həvalə olunanda Azərbaycanda heç kim təəccübləmmədi.

Layiqli və professional çıxış idi

- Sizcə, qalib olmağa layiq idimi? 

- Düşünürəm ki, o mahnı Nadir Rüstəmlinin imkanlarını tam şəkildə aça bilmədi. O, müğənni kimi həm vokal, həm də obraz baxımdan istənilən əsərin öhdəsindən gələ bilən əsl artistdir. Qalibiyyətlə bağlı onu deyə bilərəm ki, bu yarışmada müxtəlif faktorlar rol oynayır, açıq desək, siyasi durum da təsir edir, tamaşaçı auditoriyasının öz xüsusiyyətləri var, ola bilsin ki, Avropanın zövqü bu il başqa bir istiqamətə yönəlib… Bununla belə hesab edirəm ki, Nadir Rüstəmli hər halda 10-luğa, bəlkə də 5-liyə 100 % daxil olmalı idi. Çünki həqiqətən layiqli və professional çıxış idi. Burda onun komandasının rolunu xüsusi qeyd etməliyəm, Eldar Qasımovun zövqü, istedadı, müəyyən intuisiyası - bunlar hamısını Nadir Rüstəmlinin Azərbaycanı bu il "Avroviziya" səhnəsində çox ləyaqətlə təmsil etməsini təmin edən faktorlardır. Yeri gəlmişkən, indi tvitterdə də Azərbaycanlı təmsilçinin  istedadının qiymətləndirilməməsi barədə  müzakirə açılıb. Özü də məşhur yazar, "Harri Potter"in müəllifi - Coan Roulinq öz fikrini paylaşıb.

Özündə hansısa bədii kəşf ehtiva edən mahnı eşitmədim

- Ümumiyyətlə, bu ilki müsabiqə əvvəlkilərdən nə ilə fərqlənirdi? 

- Azərbaycan müsabiqəyə qatıldığı vaxtdan - 2008-ci ildən bir eskpert kimi işləmişəm, həm də ölkəmizdə keçirilən seçim turlarında da bir neçə dəfə münsiflər heyətinin üzvü olmuşam, müsabiqə zamanı bütün çıxışlara şərhlər vermişəm. Hətta 2015-ci ildə Azərbaycan münsiflər heyətinin sədri də mən oldum, ondan sonra müsabiqədə bir mütəxəssis kimi iştirak etmədim. Demək olar ki, o zamandan bəri marağım sönməyə başladı. Çünki "Avroviziya" həqiqətən parlaq bir mahnı müsabiqəsidir, hər il burda Avropa ən yaxşı mahnısını seçir. Amma bu illərdə səslənən mahnıların demək olar ki, heç biri yadda qalmadı. Müəyyən bir qısa zamanda populyar olsalar da, ürəklərdə iz qoymadı və deməzdim ki, öz bədii keyfiyyətləri və dəyəri ilə seçildi. Odur ki, bu müsabiqəni artıq bir seyrçi kimi izləyirəm. 

Sovet dönəmində Azərbaycan bu müsabiqəni seyr etməkdən, qatılmaqdan məhrum idi. Təbii ki, ölkəmizin orda iştirakı mümkünsüz idi, bəzi parçalarına sadəcə tamaşa edə bilərdik. Həmişə arzu edirdim ki, Azərbaycan da nə vaxtsa bu səhnədə çıxış etsin. Gerçəklik elə oldu ki, "Avroviziya" ildən-ilə sanki səviyyəsini itirməyə başladı. O səhnədə 3 dəqiqə ərzində performans şəklində təzahür edən musiqi nömrələrinə ehtiyac var. Bu ilki müsabiqədə güclü səslər, janr müxtəlifliyi də oldu, amma qəlbimi fəth edən, özündə hansısa bədii kəşf ehtiva edən mahnı eşitmədim.

- Ukraynanın qalib seçilməsi gözlənilən idimi?  Siyasi hadisələrin müsabiqənin gedişinə təsiri haqqında nə deyə bilərsiniz?

- Əlbəttə ki, Ukraynanın qalib olacağı əvvəlcədən heç kimdə şübhə oyatmırdı. Ümumiyyətlə, Ukrayna "Avroviziya"da həmişə çox güclü təmsil olunub. Ruslana da çox parlaq çıxış etmişdi. Məni 2016-cı ildə Camalanın həm performansı, həm də ifası çox duyğulandırmışdı. Onu əvvəldən də tanıyırdım, xüsusilə krım-tatar mahnısının intonasiyaları və müdaxiləsi məni çox riqqətə gətirmişdi o zaman. Həqiqətən də istedadlı və özgün simalı bir müğənnidir. 

Bu il Ukrayna tərəfindən yenə kifayət qədər yaxşı musiqi təqdim edilmişdi, müasir ritmlərlə etno intonasiyalar uzlaşdırılmışdı, səhnə görünüşü də yadda qalan nömrə idi. Təbii ki, bütün dünya və Avropa orda yaranmış müharibə vəziyyəti ilə bağlı Ukraynanı dəstəkləyir. Açıq etiraf edim ki, mən də Ukraynaya bir neçə səs göndərdim. Çünki hamımız Ukraynadakı müharibənin tezliklə bitməsini arzu edirik. Ukraynanın qalib gəlməsi isə ümid verir ki, gələn il sülh şəraitində, müharibədən tamamilə azad olunmuş bir vəziyyətdə paytaxt Kiyevdə gözəl mədəni musiqi festivalı keçiriləcək və bütün atəş səsləri yox olacaq. Bu qələbə müharibənin gələn il bitməsi ümidi və sülh arzularımızın ifadəsidir. 


- "Avroviziya" müsabiqəsinin ilk illərində Azərbaycanın mahnı üçün xarici bəstəkarlara müraciət  başa düşünülən idi, aydındır ki, bu sahədə təcrübəli deyildik. Bununla belə 2008 "Avroviziya" mahnı müsabiqəsində ilk təmsilçilərimiz olan Elnur Hüseynov və Samir Cavadzadənin Gövhər Həsənzadəyə aid olan “Day After Day” adlı kompozisiyası böyük bir səs-küy salmışdı. Amma iş orasıdır ki, ilk dəfə biz bu müsabiqədə öz bəstəkarımızın mahnısı ilə və uğurla çıxış etdikdən sonra bu silsilənin davamı gəlmədi. Bu məsələyə sizin yanaşmanızı bilmək istərdim. 

- Azərbaycan neçə illərdir ki, öz mahnısını beynəlmiləl bir heyətə sifariş edir. Sosial mediada da oxudum ki, buna ironik yanaşırlar. Mənə görə ən yaxşı çıxışımız 2008-ci ildə Elnurla Samirin ifası idi. Çox gözəl ekspressiv bir nömrə idi, həm konsepsiya, həm obraz tərəfdən, həm də muğam müdaxiləsi olduqca yadda qaldı. Bu gün də həmin manhnı ara-sıra oxunur. 

Elan olunan nəticələrin həqiqiliyinə şübhə edirəm

Ümumiyyətlə, Azərbaycanın hər dəfə əcbəni müəlliflərə işləməyə üstünlük verməsi haqqında nəsə demək çətindir. Ölkəmizin elə gözəl bəstəkarlıq məktəbi və mahnı janrında elə güclü ənənələrimiz var ki, onlar indi də yaşayır və bunu çağdaş musiqinin hansısa xüsusiyyətləri ilə uzlaşdırmaq iqtidarında olan xeyli gözəl bəstəkarlarımız şübhəsiz ki, var. Və mən onların qüvvəsinə inanıram. Odur ki, bu seçim adama təəccüblü gəlir, həm də məni bir musiqişünas kimi narahat edir. Açığı, məndə skeptik ovqat yaranıb artıq, elan olunan nəticələrin həqiqiliyinə şübhə edirəm. Amma gələcəkdə bu müsabiqəyə qatılmalı olsaq, gərək öz obrazımızla, necə varıqsa, elə təqdim etməyin tərəfindəyəm. Dünyaya təqdim etməyə həqiqətən layiqli mahnılarımız var. Azərbaycanın  ənənəvi  və folklor musiqisini, bəstəkarlıq məktəbinin  nailiyyətlərini bir araya gətirib,  gözəl, parlaq milli xüsusiyyətləri ilə fərqələnən, eyni zamanda müasir səslənən bir mahnı eşitmək istərdik. Ukrayna milli simasını hər dəfə göstərməyə çalışır, yaxud da Moldovanın dinləyici səsverməsinə əsasən birdən-birə sıçrayış etməsi və yüksəklərə qalxmasını buna misal çəkmək olar. 

Odur ki, həm xalq musiqisində, həm də bəstəkar yaradıcılığında olan ənənələri birləşdirərək çox gözəl mahnı ilə gələcəkdə Azərbaycanı təmsil edə bilərik. Amma mən Nadir Rüstəmlini səmimi qəlbdən təbrik edirəm, bir peşəkar və musiqişünas kimi onun çıxışını çox uğurlu hesab edirəm. Peşəkarlıq baxımdan o, çoxundan üstün idi, bunu heç kəs dana bilməz, arzu edərdim ki, gələcək illərdə Nadir Rüstəmli "Avroviziya"da Azərbaycanı yenidən təmsil etsin, amma başqa bir ampluada və başqa bir mahnı ilə. Bu, hamının ürəyincə olardı və Azərbaycan gözəl, istedadlı, özgün, güclü səsə və xarizmaya malik bir ifaçı və müvafiq mahnı ilə təmsil olunardı. O mahnı onun imkanlarını aça bilmədi, daha yaxşı musiqi əsərinə layiq idi. 

Caz sahəsini götürək, görün ifaçılarımız necə xariqələr yaradır. Emil Əfrasiyab milli musiqi ilə müasir ritmləri birləşdirir. Son vaxtlarda isə tarzən Şəhriyar İmanov, Arslan Növrəsli caz sahəsində milli musiqimizi təmsil edirlər. Bunu Vaqif Mustafazadə, Rafiq Babayev də edib, ənənələr var. Odur ki, mahnı beynəlmiləl kollektiv tərəfindən yazılmamalıdır, qəti şəkildə. Bunu dərk edə bilmirəm, doğrusu məni çox kədərləndirir. Bəlkə də o məqsədlə edirlər ki, nəticədən əminlik yaransın, beləliklə Arvopa standartı ortaya qoyulacaq və Avropa dinləyicisinin qəlbini fəth edəcək... Təcrübə onu göstərir ki, Avropa standartları bezikdirir, insanlar hansısa bədii kəşf intizarındadır, parlaq və özünəməxsus musiqi intonasiya və tembrləri  eşitmək istəyirlər. Qoy, heç finala keçməyəcək, amma öz musiqimizlə təmsil olunaq, zər qədrini zərgər bilər. Keyfiyyətli bir əsər təqdim olunsa, onu heç olmasa peşəkarlar dəyərləndirə biləcək. Azərbaycan bəstəkarlıq məktəbi məşhur bir hadisədir, fenomendir, mili musiqimizin də rəngarəngliyi mahnıya bəllidir. Təcrübə də onu göstərir ki, Ukraynanın məhz milli musiqinin müasir sintezi nəticəsində tamaşaçılar tərəfindən bax belə bəyənildi. Eyni zamanda onların qalib gəlməsi bir sülh mesajı idi. Əmin-anamlıq, sülh və harmoniyanın bərqarar olması arzusunu ifadə edir və bunu başa düşmək olar. 

Oxumağa davam et

Xüsusi

Azərbaycanda konsert biletləri niyə REKORD QİYMƏTƏDİR? - ŞOK SƏBƏBLƏR

Bir çoxları Azərbaycanda təşkil olunan konsertlərin bilet qiymətlərinin baha olmasından şikayətlənirlər. Azərbaycanı qonşu Gürcüstanla, Türkiyə ilə müqayisə edirlər. Bildirirlər ki, Türkiyədə konsert bileti maksimum 30 manat olduğu halda,  Azərbaycanda müğənnilərin təşkil olunan konsertləri üçün biletlər 100-150 manata satılır.

Bəs biletlərin qiymətləri maksimum neçə manat olmalıdır. Biletləri baha satmaq ənənəsi haradan gəlir? Bunun səbəbi nədir? Aylıq maaşı 300-400 manat olan insanlar niyə konsertlərdən məhrum olmalıdırlar? Bu, necə tənzimlənməlidir? 


Əməkdar artist Nuriyyə Hüseynova Publika.az-a açıqlamasında deyib ki, bu zamanla düzələcək bir məsələdir:

“Musiqi zövqdür. Hər bir insanın dinlədiyi musiqi onun zövqündən, dünya görüşündən, daxili dünyasından xəbər verir. Bizdə bilet satışı məsələsi sistemli şəkildə deyil. Yəni, insanlar 6 ay öncədən bilet alsın, konsertə getsin... Bunlar oturuşmayıb. Səbəbinin niyə belə olduğunu deyə bilmirəm. Şəxsən məni sevən, dinləmək istəyən insanlar bilet alırlar, konsertlərimə də gəlirlər. Biz bileti elə baha qoymuruq. Heydər Əliyev adına Sarayda baş tutan konsertimdə ən bahalı biletin qiyməti 50 manat idi. 50 manatlıq biletlərin hamısı alınmışdı. Sevilən ifaçının pərəstikşarı olan bir ordusu var. Heç bir reklam elənmədən, konsertin afişasını elə internet üzərindən paylaşanda görürəm ki, konsertin keçiriləcəyi salonda artıq yerlər doludur”. 

Əməkdar artistin fikrincə, sadəcə olaraq insanlarımız maddi durumu ilə əlaqədar olaraq bəzən konsertlərə gələ bilmirlər:

“Çünki başqa problemləri də var. Həmin pulu başqa problemləri üçün istifadə edirlər. Əslində konsertə getmək, musiqi dinləmək yüksək mədəniyyət, dünya görüşünün artması, ruhun dinlənməsi, bir çox xəstəliklərdən xilas olmaq deməkdir. Hər kəs istəyər ki, gözəl musiqi dinləsin. Zaman keçdikcə, xəstəliklərin tüğyan elədiyi bir zamanda insanlar ruhunu dinləndirmək üçün yer axtarırlar. İstirahət etmək istəyirlər. Vaxt və zaman gələcək, bu bizə də gəlib çatacaq. İnsanlar normal şəkildə bilet alaraq konsertlərə gedə biləcəklər. 300-500 manatlıq biletlərin də öz sahibləri var. Onların çoxu heç bilmir ki, musiqi nədir. Heç musiqidən də anlamırlar. Onlar reklama, şöhrətə, görünməyə üstünlük verirlər. Çoxlarını tanıyıram, göstəriş üçün konsertə gedirlər. Bilet aldıqları konsertdə müğənnini, musiqini dərk də eləmirlər. Sadəcə pulu çoxdur, reklam üçün gedib orada oturur”. 


Yazıçı Qan Turalı Publika.az-a açıqlamasında söyləyib ki, Türkiyə ilə Azərbaycan arasında konsert qiymətlərində fərq olması təəssüf doğuran bir reallıqdır:

“Ancaq bu nəticədir, səbəb deyil. Əgər yağış yağırsa və insanlar əllərinə çətir götürürsə, bu o demək deyil ki, insanlar çətir götürdüklərinə görə yağış yağır. Əksinə, yağış yağdığı üçün çətir götürürlər. Ona görə də bizdə tək bu məsələdə yox, eləcə də bütün sahələrdə səbəbləri araşdırmadan, axtarmadan nəticəni tənqid eləmək meyli var.  Bu sahədə də vəziyyət belədir”. 

Ortaya çıxan bu nəticənin səbəbi nədədir?

Yazıçının fikrincə, burada iki əsas faktor var:

“Mən burada iki əsas faktoru qeyd etmək istəyərəm. Eyni zamanda, çoxlu başqa faktorlar da var. Məsələ burasındadır ki, hər şeydən əvvəl bütün dünyada olduğu kimi Türkiyədə müğənnilər əsas gəlirlərini konsertlər və modern internet platformaları vasitəsi ilə qazanırlar. Kimsə hər hansı bir müğənninin mahnısını dinləmək istəyirsə, oraya daxil olur və pul ödəyir. Həmin gəlirin də bir hissəsi sənətçiyə çatdırılır. Əgər kiminsə pərəstişkarı, fanatı çoxdursa, konsertləri daha çox təşkil edilir və həmin müğənni daha çox gəlir qazanır. Təəssüf ki, Azərbaycanda musiqi sahəsində belə bir təcrübə yoxdur. Azərbaycanda müğəninilər pullarını toylar vasitəsi ilə qazanırlar. Yəni müğənnilərimiz çox nadir hallarda, bəzən iki-üç ildən bir konsert verirlər. Bunun da səbəbləri aydındır. Bizdə konsert bir növ prestij üçündür. Yəni gəlir, qazanc vasitəsi deyil. Əlbəttə, bu da nəticəyə öz təsirini göstərir. Bu gün Türkiyədə konsert biletləri satılan məşhur bir sayta – “Billet tickets”ə daxil oldum, gördüm ki, İstanbulda bu gün ərzində bir neçə konsert var. Yəni mən təkcə konsertləri deyirəm. İstanbul Böyük Şəhər Bələdiyyəsi Harbiye adlı yerdə, açıq havada bu gün konsert təşkil edir və bu, 2-3 ay davam edir. Baxdım və 4 min nəfərlik konsert təşkil olunur. Bu gün Yıldız Tilbe var, o biri gün Ebru Gündeş var... Yəni hər müğənni il ərzində 20-30 konsert verir”. Qan Turalının fikrincə, bizdə isə əksinə, bunlar yoxdur:

“İqtisadi olaraq düşünsək, görərik ki, bir şeydən nə qədər çoxdursa, onun qiyməti də bir o qədər aşağı olur. Bir məkan hər gün konsert verirsə, ona əlahiddə qiymət qoymağa ehtiyac yoxdur. Hər gün 4 min adamın iştirakı ilə konsert verirsə, bu 40 gün ərzində yüz minlərlə adam deməkdir. Görünən odur ki, bu kimi amillər qiymətlərə adekvat şəkildə öz təsirini göstərir. Çox təəssüf ki, bizdə konsert təcrübəsinin olmaması, həm də Azərbaycanda musiqiyə və incəsənətə “quzunu kabab, şairi heykəl tək xoşlamaq” münasibəti olduğu müddətdə bu cür acınacaqlı mənzərə üzə çıxacaq. Bizdə teatr biletlərinin qiyməti çox ucuzdur. Yadımdadır, bir dəfə Türkiyədə teatra getmişdim, qiyməti bizdəkindən hardasa 2 dəfə bahalı idi. Halbuki o da dövlət teatrı idi. O mənada baxanda görürük ki, insanlar teatra da çox getmirlər. İstənilən halda qiymət fərqlərinin bu cür olması ölkə mədəniyyətinin inkişafına pis təsir göstərir. Nəticəni öyrənib aradan qaldırmaq imkanımız varsa – belə bir imkanın olub-olmadığını da bilmirəm – bu nəticələri ləğv eləmək bir o qədər asan olacaq”. 

Oxumağa davam et
Reklam

Gündəm