Trampın Rusiyaya qarşı PLANINI AÇIQLADILAR – İki gün QALDI
Bizi izləyin

ABŞ

Trampın Rusiyaya qarşı PLANINI AÇIQLADILAR – İki gün QALDI

ABŞ prezidenti Donald Tramp “Skripal işi” ilə əlaqədar onlarla Rusiya diplomatını deportasiya etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Bloomberg” agentliyi bildirib.

“Prezident Donald Tramp ABŞ-dan onlarla Rusiya diplomatını deportasiya etməyə hazırlaşır”, - agentlik yazıb.

Qeyd edilir ki, bu barədə bəyanat martın 26-da verilə bilər. Daha əvvəl KİV bildirib ki, ABŞ-ın Milli Təhlükəsizlik Şurası “Skripal işi” ilə əlaqədar Rusiya diplomatlarını deportasiya etməyi tövsiyə edib.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert Moskva barəsində sanksiyaların mümkün tətbiqini istisna etməyib.

Daha əvvəl "The Times" qəzetinin yazdığına görə, Avropanın 20 dövləti "Skripal işi"nə görə, rusiyalı diplomatları ölkəsindən göndərməyə hazırdır. Rusiyaya qarşı tədbirlərin martın 26-dan başlayaraq həyata keçiriləcəyi bildirilir.

"İndiyədək misli görünməmiş və əlaqələndirilmiş şəkildə ölkə ərazisindən çıxarılma mərhələsi bazar ertəsindən Avropa İttifaqının Moskvadakı səfirinin 4 həftəlik geri çağırılması ilə başlanacaq", - deyə "The Times" yazıb.

Müvafiq qərar martın 22-də Aİ-nin Brüsseldə keçirilən sammitində qəbul olunub. Britaniyanın baş naziri Tereza Mey yenidən Rusiyanı Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın zəhərlənməsində günahlandırıb və preparatın adını açıqlayıb.

Litva, İrlandiya, Fransa və Almaniya Londondan nümunə götürərək rusiyalı diplomatları ölkədən göndərməyə razılıq veriblər.

Bununla yanaşı, rusiyalı diplomatları Çexiya, Niderland, Bolqarıstan, Danimarka, Estoniya, Latviya və digər Avropa ölkələri də çıxarmağa hazırdır.

Xatırladaq ki, martın 4-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib və martın 14-də 23 Rusiya diplomatının deportasiya edilməsinə qərar verib.

Martın 23-də isə Rusiyadan deportasiya edilən Böyük Britaniya diplomatları səfirlikdən ayrılıb. 23 diplomat ailəsi ilə birlikdə Rusiyanı tərk edib.

Martın 18-də isə Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson bildirib ki, Kreml SSRİ-nin dağılması vaxtlarından sinir-iflic maddəsinin yeni ehtiyatlarını yaradırdı. Ekspertlərin sözlərinə görə, bu bəyanat kimyəvi silahlar üzrə müşahidə orqanının Rusiya laboratoriyalarının yoxlamalar keçirməsinə dair tələbin göstəricisi ola bilər.

Qeyd edək ki, Rusiya ordusunun polkovniki Böyük Britaniyanın xeyrinə casusluğa görə 2004-cü ildə həbs edilmişdi. Onu xəyanətdə ittiham etdilər: güman edilir ki, Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) ona Qərbdə işləmiş rus agentlərinin ifşa edilməsinin əvəzində pul ödəyib. İstintaqın nəticələrinə görə, Skripal Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa hələ 1995-ci ildə cəlb edilmişdi. Rusiya hakimiyyətinin versiyasına görə, hətta işdən çıxarılandan sonra da sabiq kəşfiyyatçı məxfi məlumatları verməyə davam edirdi. O, məlumatları keçmiş iş yoldaşları vasitəsilə əldə edirdi.

Skripal öz günahını etiraf edib. Bütün rütbələrindən məhrum etməklə onu 13 il azadlıqdan məhrum etdilər.

Amma 2010-cu ildə Skripal Avstriya aeroportunda həyata keçirilən casusların genişmiqyaslı mübadiləsinin iştirakçısı olub. O, ABŞ-da saxlanılmış 4 Rusiya agenti ilə dəyişilmişdi. Skripala Böyük Britaniyaya köçməyə icazə verdilər. 66 yaşlı rusiyalı bazar gününə qədər sakit həyat tərzi sürürdü.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm