İran Ukrayna ilə dəyişdiriləcək? - Putin və Trampın görüşündən MÜMKÜN NƏTİCƏLƏR
Bizi izləyin

ABŞ

İran Ukrayna ilə dəyişdiriləcək? - Putin və Trampın görüşündən MÜMKÜN NƏTİCƏLƏR

Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın iyulun 16-da Helsinkidə keçiriləcək görüşünü dəyərli dialoqun başlanğıcı hesab etmək olar, ancaq ondan sürətli nəticələri gözləmək lazım deyil. Bununla belə, sammit sonrakı eskalasiyanın dayandırılması üçün siqnal ola bilər.

Publika.az xəbər verir ki, belə fikirləri ABŞ və Rusiya liderlərinin qarşıdakı görüşünü şərh edən politoloqlar “RİA-Novosti” agentliyinə açıqlamalarında səsləndiriblər.

Ekspertlər qarşıdakı sammitdə neft ixracının artırılması və Suriyadakı vəziyyətin, həmçinin Rusiyanın İran, ABŞ-ın isə Ukrayna üzrə qarşılıqlı güzəştlər imkanının müzakirə olunacağını bildirirlər. Kremldə daha əvvəl bildiriblər ki, prezidentlər görüşdə ikitərəfli münasibətlərin sonrakı inkişafının perspektivlərini, həmçinin beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə etmək niyyətindədir. Bu, ölkə liderlərinin birinci tam formatlı ilk görüşü olacaq. Bir il əvvəl ilk dəfə Putin və Tramp Hamburqda keçirilən G20 sammitində, 2017-ci ilin noyabrında isə Vyetnamda ATES sammitində qısa danışıqlar apardılar.

Qarşıdakı görüşün keçiriləcəyi Helsinki ABŞ və SSRİ, daha sonra isə ABŞ və Rusiya rəhbərlərinin də görüş yeri olub. 1975-ci ildə ABŞ prezidenti Cerald Ford Leonid Brejnevlə, 1990-cı ildə prezident Corc Buş Mixail Qorbaçov, 1997-ci ildə isə Bill Klinton prezident Boris Yelsinlə Finlandiyanın paytaxtında görüşüb.

Effektiv olacaq, amma nəticələr olmayacaq

Rusiyanın Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının keçmiş rektoru, politoloq Aleksandr Panovun fikrincə, görüşün keçirilməsi faktı onun ilk əhəmiyyətidir. Eyni zamanda, onun sözlərinə görə, görüş çətin ki, nəyisə dəyişdirəcək. O hesab edir ki, liderlər “qarşılıqlı danlaqlar” səsləndirəcəklər və ən yaxşı halda hər hansı işçi qrupların yaradılması haqqında danışaraq müzakirə edilmiş məsələlərə baxmağı tapşıracaqlar.

“Konkret nəticələr olmayacaq. Amma atmosfer çox gözəl olacaq. Trampın Şimali Koreya lideri Kim Çen Inla görüşünü xatırlayın, indi də həmin atmosfer olacaq”, - agentliyin həmsöhbəti hesab edir.

O inanmır ki, iki liderin ünsiyyəti Rusiya və ABŞ-ın münasibətlərində əks ediləcək: “Sanksiyalar ləğv edilməyəcək, Amerikanın siyasi elitası bizimlə bağlı başqa cür düşünür. Düşünmürəm ki, nəsə dəyişəcək”.

Analoji fikri Milli Strategiya İnstitutunun prezidenti Mixail Remizov da bölüşür. Onun sözlərinə görə, görüş müəyyən piar xarakteri daşıya bilər, amma ciddi sistem qərarları və dəyişikliklər olmayacaq.

“Hesab etmirəm ki, real dialoq başlana bilər”, - analitik deyib.

İran və Ukrayna: qarşılıqlı güzəştlər?

Amerikalılar üçün prioritet mövzuya – İrana gəlincə, Makarkin qeyd edir ki, Rusiya heç bir halda anti-İran sanksiyaları dəstəkləməyəcək. Analitikin sözlərinə görə, Rusiya üçün bu prinsipial məsələdir. Digər tərəfdən, ekspert hesab edir ki, Suriyada vəziyyətin müzakirə edilməsi mümkündür.

“Rusiya və İranın mövqeləri Suriyada yaxındır, amma tamamilə eyni deyil”, - Makarkin qeyd edib.

İran üzrə bu fikirlə Remizov da həmrəydir. Remizov qeyd edir ki, Tramp və respublika isteblişmentinin əhəmiyyətli hissəsi İran barəsində çox sərt siyasətə köklənib.

Ukrayna üzrə mövqedə dəyişikliyə gəlincə, analitik bildirir ki, bu, ABŞ-da gözdən keçirilmir, çünki Trampın azad seçimi yoxdur. Onun sözlərinə görə, ABŞ-ın Ukrayna üzrə mümkün güzəştlərinə əvəz olaraq Moskvanın İran üzrə güzəştləri olmayacaq.

Makarkinin fikrincə, tərəflər Ukrayna üzrə çətin ki, razılaşacaq. Onun sözlərinə görə, tərəflərin mövqeləri çox müxtəlifdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm