Dünyanı böyük İQTİSADİ TƏHLÜKƏLƏR gözləyir - Trampdan CİDDİ TƏHDİDLƏR
Bizi izləyin

ABŞ

Dünyanı böyük İQTİSADİ TƏHLÜKƏLƏR gözləyir - Trampdan CİDDİ TƏHDİDLƏR

ABŞ prezidenti Donald Tramp İranı yeni nüvə razılaşmasına imza atmağa məcbur etmək və onu iqtisadi baxımdan dalana dirəmək istəyir. Bu yolla müharibəyə girəcəyi təqdirdə, canlı itki ilə yanaşı, büdcəsini milyardlarla dollar xərcdən qurtarmağı hədəfləyir.

Publika.az xəbər verir ki, rəsmi Vaşinqton və Tehran hərbi münaqişə istəmədiklərini dilə gətirsələr də, ABŞ 1990-cı il Birinci Körfəz Savaşından öncəki strategiyasına bənzər şəkildə İrana qarşı güc toplayır.

Donald Tramp seçki kampaniyasında Vaşinqtonun Yaxın Şərqdə daha çox müharibəyə girməsini istəmədiyini açıqlamışdı. Lakin o, ABŞ-ın nə qədər güclü olduğunu nümayiş etdirməyi də istəyir. İraq lideri Səddam Hüseynin sonunu yaşamamaq üçün ölkəsinin nüvə proqramını könüllü şəkildə sona çatdıran Liviyanın sabiq prezidenti Müəmmar Qəddafinin verdiyi qərar Tramp üçün ən uyğun ssenari olaraq görünür.

İran realının ən aşağı səviyyəsini görməsi, işsizlik və yoxsulluğun artması kimi böhranlarla boğuşan İran rejimi isə ABŞ-ın ölkənin ən böyük maliyyə qaynağı olan neft ixracatını sıfırlama qərarının ardınca ciddi təhdidlə qarşı-qarşıya qalıb. Bu durum iqtisadi böhranı İrandakı orta və kasıb təbəqəni rejimə qarşı etiraza qalxmağa qədər dərinləşdirə bilər.

ABŞ ilə İran arasında güc fərqi nəzərə alındıqda rəsmi Tehran avropalı ortaqlarının da ABŞ-ın sanksiya tətbiq etmə təhdidləri qarşısında öhdəliklərini yerinə yetirmədiyi bir şəraitdə Vaşinqtonun tətbiq etdiyi iqtisadi embarqodan qurtulmaq üçün Rusiya və Çin başda olmaqla, beynəlxalq müttəfiqlərinə kürəyini dayamağa çalışır.

Lakin Rusiya və Çin ABŞ-ın İrana qarşı təhdidləri ilə hara qədər mübarizə apara bilər?

Rusiya İranın nüvə sazişində qalmasını istəyir

İrana silah satan Rusiya Suriya rejimini qorumaq üçün hərbi ortaqlıq qurmasına rəğmən, İranı strateji müttəfiq olaraq görmür. İki ölkə arasındakı ticarət səviyyəsi olduqca aşağıdır. 2018-ci ildə bu faiz 1 milyard 741 milyon dolları keçməyib. Bunun 1 milyard 208 milyon dolları Rusiya ixracatının payına düşüb.

Neft və təbii qaz ixracatçısı olan bu iki ölkə iqtisadi baxımdan enerji bazarında müttəfiq olmaqdan savayı, rəqib sayılır. Bu səbəbdən rəsmi Moskvanın Tehran hökumətinə tətbiq olunan iqtisadi blokadanın yüngülləşdirilməsində əsas rol oynaması uzaq ehtimaldır.

ABŞ-ın sanksiyalarını qınayan Rusiya xarici ölkələrə çağırış edir ki, Tehranla münasibətləri məhdudlaşdırmasınlar. Həmçinin İranın Buşəhr Nüvə Stansiyasının və “Fordo” uranın zənginləşdirilməsi təsisinin inkişafına dəstəyini davam etdirəcəyini açıqlayır.

Rusiya Müdafiə Nazirliyi İranın ABŞ-ın artan sanksiyalarına qarşı nüvə razılaşması çərçivəsindəki öhdəliklərinin bir qismini dayandırması qərarını anlayışla qarşıladığını ifadə edir. Amma bir neçə gün sonra Rusiya prezidenti Vladimir Putin İranın razılaşmada qalmasının vacibliyini vurğuladı və hətta, bir addım irəli gedərək rusiyanın xüsusilə öz iradəsinə sadiq olmayan mövzularda hər şeyi xilas etmək gücünün olmadığını bildirdi.

Putin güclü müttəfiq rolundan daha çox nəsihətçi və vasitəçi rolunu oynamağa çalışır. Əlavə olaraq “ABŞ nüvə sazişindən çəkildi və razılaşma çökür. Avropa ölkələri razılaşmanı xilas etmək üçün nəsə etmir. Avropalılar İranın iqtisadi sahədəki itkilərini kompensasiya etmək üçün addımlar atmırlar” deyərək avropalıları da günahlandırdı.

V.Putin Tehrandakı iqtisadi böhranı həll etmək bir yana, nüvə razılaşmasını çöküşdən xilas edəcək iplərin öz əlində olmadığını etiraf edir. Putin vəziyyətin sadəcə Rusiya ilə deyil, ABŞ, Avropa ölkələri və İran da daxil, bütün müttəfiqlərlə bağlı olduğunu deyir.

Bu açıqlamalar İran torpaqlarının ehtimal olunan işğalının qarşısının alınması üçün hərbi müdaxilə seçimi bir tərəfə qalsın, ABŞ sanksiyaları altındakı İran iqtisadiyyatını qorumaq nöqtəsində belə Moskvanın bir çox gedişdən məhrum olduğunu göstərir. Ancaq Rusiya BMT-də Tehranın önəmli diplomatik dəstəkçisi, başlıca silah qaynağı və nüvə enerjisi istehsalında vazkeçilməz ortağı kimi qalır.

Çin İranla ortaq maraqlarından asanlıqla imtina etməyə hazır deyil

Çin ümumilikdə, 37 milyard dollarla İranın iqtisadiyyatda ən böyük tərəfdaşıdır. Bu səbəbdən, rəsmi Pekin Tehrana tətbiq olunan sanksiyalardan ən çox zərər görən tərəfdir.

İran 80 milyondan çox istehlakçıya malik bazar mövqeyindədir. Bu vəziyyət Çini böyük ixracatını əməcək yeni bazarlar axtarışına çıxmağa sövq edir. Lakin Çin İranla ortaq maraqlarından asanlıqla imtina etməyə hazır deyil.

Durum Çinin ABŞ-ın sanksiyalarına qarşı müxalif mövqeyini və rəsmi Pekinin Tehranla münasibətlərini niyə “strateji” olaraq dəyələndirdiyini açıq şəkildə ifadə edir. Lakin Çin əjdahasının ABŞ aslanlarına nə qədər meydan oxuyacağı bəlli deyil.

Çinin dövlət katibi və xarici işlər naziri Vanq Yi ötən həftəki açıqlamasında ölkəsinin ABŞ-ın İrana təktərəfli sanksiyalar tətbiq etməsinə qarşı çıxdığını bildirdi. Vanq Çin və İranın strateji ortaq olduğunu, beynəlxalq və regional durumların sürətli şəkildə inkişafı ilə iki ölkə arasında koordinasiyanın gücləndirilmsəinin vacib olduğunu vurğuladı.

Çin 2015-ci ildə nüvə sazişinin imzalanmasından öncə İran iqtisadiyyatının əsas oyunçusu idi. Ancaq bu tarixdən sonra Çin məhsullarına nisbətən daha keyfiyyətli olan Qərb məhsulları susamış İran bazarında girən Avropa şirkətlərinin güclü rəqabəti ilə qarşılaşdı. Lakin ABŞ-ın sanksiyalarından qorunmağa çalışan bu şirkətlərin geri çəkilməsi Çinin gedişlərini gücləndirdi. Xüsusilə də İranın Çinin başlatdığı “Bir kəmər, bir yol” layihəsinin əsas ortağı olması buna zəmin hazırlayır.

Bütün bunlara rəğmən Çinin strateji tərəfdaşına sadiq qalması onu böyük iqtisadi təhlükələrlə üzləşdirəcək. Çünki Tramp ciddi təhdidlər səsləndirir. Pekinin Vaşinqtonla olan maraqları da böyükdür. Çin dünya fabriki vəzifəsini daşıyırsa, ABŞ da bu məhsulların bazarını müəyyən edir. İki ölkənin ticarət həcmi təxminən, 600 milyard dollardır. Bunun 500 milyardlıq hissəsini Çinin ABŞ-a ixracatı təşkil edir.

ABŞ-ın Çinə təzyiqi böyükdür. Bu, xüsusilə, Çin məhsullarına gömrük vergisi tətbiq olunmasından sonra artıb. Bundan daha təhlükəlisi ABŞ-ın “Huawei” kimi nəhəng şirkətlərə təzyiq göstərməsidir. ABŞ-ın Çin şirkətlərinə tətbiq etdiyi təzyiqin təsiri Çin Milli Neft Şirkəti (CNPC) ilə “Sinopec” neft və təbii qaz şirkətinin 2018-ci ildə İrandan neft ixracının tamamilə dayandırılmasını açıqlamasında özünü göstərdi.

Çinin İranla strateji maraqları olsa da, fayda və zərəri onu prioritetlərini yenidən nəzərdən keçirməyə və ABŞ-ın sanksiyalarından yan keçmək üçün alternativ yollar axtarmağa məcbur edir.

Trampın sanksiyaları qarşısında Rusiyanın İrana dəstəyi hər zaman prqamatik olub. Üstəlik, Tehran da iqtisadiyyatı onunku ilə inteqrasiya olan Çinin əksinə Rusiya ilə yaxın olmaq niyyətində deyil. Lakin İran Trampın dünyadakı digər rəqiblərlə izlədiyi qarşıdurma siyasəti işığında Rusiya, Çin və ABŞ arasında müharibə məkanına çevrilə bilər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm