4 ölkə Fələstinə qarşı birləşdi - Ağ Evdə imzalanan müqavilənin detalları
Bizi izləyin

ABŞ

4 ölkə Fələstinə qarşı birləşdi - Ağ Evdə imzalanan müqavilənin detalları

İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında "münasibətlərin tam normallaşması" haqqında müqavilənin rəsmi imzalanma mərasimi Ağ Evdə baş tutub.

Publika.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp mövzu ilə əlaqədar açıqlama verib.

O bildirib ki, uyğun zaman gələndə Fələstin də bu sülh müqaviləsinin üzvü olacaq və seçkilərdən sonra İranla da razılaşma olacaq: "Co Bayden prezident olarsa, ABŞ-ın sahibi Çin, Rusiya və İran olacaq. 5 ölkə ilə bu yola çıxdıq. 5-6 ölkə daha bizə qoşulacaq. Onların tezliklə iştirak etmələrini təmin edəcəyik, hazırda danışıqlar aparılır. Səudiyyə Ərəbistanının İsrail ilə münasibətləri normallaşdıracağını gözləyirəm. Səudiyyə kralı ilə telefonda danışdım. Uyğun vaxt gələndə onlar da razılaşmaya imza atacaq".

Sazişlərin imzalanmasından bir neçə saat sonra isə Səudiyyə Ərəbistanı bəyanat yayıb. "Fələstin xalqının yanındayıq. Fələstin məsələsinə ədalətli və əhatəli həll yolu tapmaq üçün göstərilən bütün səyləri dəstəkləyəcəyik", - bəyanatda qeyd edilib.

Razılaşmanın ardınca Fələstin rəhbərliyi Ağ Evdə baş verənlərin bölgəyə sülh gətirməyəcəyini bildirib.

Müqaviləyə əsasən, ilk ticarət uçuşu həyata keçirilib, Səudiyyə Ərəbistanı ilk dəfə İsrail təyyarəsinə hava məkanından keçməyə icazə verib. Eyni zamanda, İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bankları arasında yeni anlaşma memorandumu imzalanıb.

ABŞ anlaşmalara əsasən F-35 təyyarələri də daxil olmaqla yeni nəsil silahların satışında BƏƏ-yə kömək edəcək.

İsrail və BƏƏ arasında imzalanan normallaşma müqaviləsinin əleyhinə Ağ Ev yaxınlığında etiraz aksiyaları keçirilib. Etirazçılar Fələstin bayrağını dalğalandıraraq anlaşmaya reaksiya göstəriblər.

Qeyd edək ki, İsrail və BƏƏ arasında razılaşma 13 avqustda ABŞ-ın vasitəçiliyi ilə əldə edilib. Sazişin rəsmi imzalanma mərasimi Ağ Evdə keçirilib. Mərasimə Donald Tramp, Benyamin Netanyahu və BƏƏ-nin vəliəhdi Məhəmməd bin Zayed qatılıb. Bu razılaşma ilə BƏƏ 1979-cu ildə Misir və 1994-cü ildə İordaniyadan sonra İsrail ilə normallaşma müqaviləsi imzalayan üçüncü ərəb ölkəsidir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm