Trampın ailəsinə qarşı genişmiqyaslı araşdırma hazırlanır - Mask da hədəfdədir
Bizi izləyin

ABŞ

Trampın ailəsinə qarşı genişmiqyaslı araşdırma hazırlanır - Mask da hədəfdədir

Trampın ailəsinə qarşı genişmiqyaslı araşdırma hazırlanır -  Mask da hədəfdədir

ABŞ-da noyabrın 3-də keçirilən seçkilərdən sonra Konqresin hər iki palatasında çoxluq qazanan demokratlar Donald Trampın ailə üzvləri, milyarder tərəfdarları və administrasiyasının yüksək vəzifəli şəxsləri ilə bağlı araşdırmalara hazırlaşır.

Publika.az ABŞ mediasına istinadla xəbər verir ki, araşdırmaların əsas hədəfləri arasında İlon Mask, Trampın kürəkəni Cared Kuşner, oğulları Donald Tramp və Erik Tramp, eləcə də keçmiş Daxili Təhlükəsizlik naziri Kristi Noem var.

Demokratlar Tramp ailəsinin biznes əlaqələrini, xarici investisiyaları, kriptovalyuta layihələrini və dövlət müqavilələrini araşdırmaq niyyətindədirlər. Xüsusilə Kuşnerin “Affinity Partners” investisiya şirkətinin xarici kapital ilə əlaqələri, Tramp ailəsinin “World Liberty Financial” kriptovalyuta layihəsi və ailə üzvlərinin kommersiya fəaliyyəti diqqət mərkəzində olacaq.

İlon Maskın dövlət müqavilələrindəki rolu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması prosesində iştirakı da araşdırıla bilər.

Bundan başqa, keçmiş nazir Kristi Noem və onun müşaviri Kori Levandovskinin fəaliyyəti də yoxlanılacaq. Noemin vəzifədə olduğu dövrdə dövlət satınalmaları, lüks təyyarələrin alınması və təxminən 220 milyon dollarlıq reklam kampaniyası ilə bağlı iddialar araşdırma mövzularındandır.

Demokratların digər hədəfləri arasında miqrasiya siyasətinə cavabdeh olmuş Stiven Miller, Tom Homan və digər yüksək vəzifəli şəxslər də var. Miqrantların saxlanılması və deportasiyası, federal təhlükəsizlik qüvvələrinin əməliyyatları və dövlət vəsaitlərinin istifadəsi də araşdırılacaq məsələlər sırasındadır.

Nümayəndələr Palatasının Nəzarət Komitəsinə rəhbərlik etməsi gözlənilən demokrat Robert Qarsiya artıq araşdırma çərçivəsində adı çəkilən şəxsləri vəkillərlə işləməyə çağırıb.

Yeni Konqresin yanvar ayında fəaliyyətə başlamasından sonra demokratlar şirkətlərdən sənədlər tələb edə, rəsmiləri ifadə verməyə çağıra və açıq dinləmələr keçirə biləcəklər.

Ağ Ev isə ittihamları rədd edir və demokratların hazırlıqlarını siyasi motivli təşəbbüslər kimi qiymətləndirir. ABŞ mediasının məlumatına görə, Tramp administrasiyasının mümkün hüquqi mübarizələrə hazırlaşdığı da bildirilir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm