Alyaskada 28 ildən sonra bir ilk yaşandı - FOTO
Bizi izləyin

ABŞ

Alyaskada 28 ildən sonra bir ilk yaşandı - FOTO

Alyaskada 28 ildən sonra bir ilk yaşandı - FOTO

Demokrat Conatan Krais-Tomkins Alyaska ştatının qubernatoru seçkilərində qalib gələrək, 1998-ci ildən bəri bu vəzifəni tutan ilk partiya nümayəndəsi olub.

Publika.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Onun qələbəsi ölkənin müxtəlif ştatlarında hakimiyyət orqanlarına keçirilən seçkilərdə demokratların əldə etdiyi genişmiqyaslı uğurların bir hissəsidir.

Alyaska qanunverici orqanının 37 yaşlı keçmiş deputatı Krais-Tomkins üç respublikaçı rəqibini, o cümlədən ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi namizədi qabaqlayıb. Krais-Tomkinsin namizədliyini respublikaçı senator Liza Murkovski, eləcə də ştatın üç keçmiş qubernatoru – demokrat Toni Noulz, müstəqil siyasətçi Bill Uoker və respublikaçı Frenk Murkovski də dəstəkləyib.

Krais-Tomkins qanunverici orqandan ayrıldıqdan üç il sonra yenidən böyük siyasətə qayıdıb. Seçki kampaniyası çərçivəsində ştatı gəzən namizəd yaşayış xərclərinin azaldılmasına, dövlət məktəblərinin tam maliyyələşdirilməsinə və neft-qaz şirkətlərinin korporativ mənfəət vergisi ödəməyə məcbur edilməsinin vacibliyinə diqqət çəkib. O, həmçinin qanunvericilər bu sahənin inkişafı ilə bağlı qaydaları qəbul edənədək yeni məlumat emalı mərkəzlərinin tikintisinə müvəqqəti qadağa qoyulmasını təklif edib.

Namizəd vəzifəsini tərk edən respublikaçı qubernator Mayk Danlivinin səkkizillik hakimiyyəti dövründə Alyaskanın ağır vəziyyətə düşdüyünü bildirib. O, buna misal olaraq ştatın bərə nəqliyyatı sistemini göstərib. Krais-Tomkinsin sözlərinə görə, marşrutların sayı kəskin azaldılaraq sistem faktiki olaraq çökdürülüb. Avtomobil yolları ilə əlaqəsi olmayan və hava nəqliyyatı imkanları məhdud olan Cənub-Şərqi Alyaskanın bir çox yaşayış məntəqəsi üçün bərələr hələ də ən mühüm nəqliyyat vasitəsi olaraq qalır.

Krais-Tomkins demokratların, respublikaçıların və müstəqil siyasətçilərin təmsil olunacağı administrasiya formalaşdıracağına söz verib. Onun sözlərinə görə, ştatın problemlərini həll etməyə qadir olan hər kəslə, siyasi mənsubiyyətindən asılı olmayaraq, əməkdaşlıq etmək niyyətindədir.

“Səsverməçilər dəyişikliklər və Alyaskanın inkişafı üçün partiyalar arasındakı fikir ayrılıqlarını aşaraq fəaliyyət göstərəcək hökumət istəyirlər”, – deyə siyasətçi qələbəsini elan edərkən bildirib. O, seçki kampaniyasına 10 mindən çox ianəçinin dəstək verdiyini də qeyd edib.

Krais-Tomkinsin qələbəsindən sonra qubernator vəzifəsini demokratların tutduğu ştatların sayı 30-a çatıb. Alyaskadan əlavə, partiya uzun müddət respublikaçıların nəzarətində olan Ayova, Corciya, Ohayo və Texas da daxil olmaqla, digər ştatlarda da uğur qazanıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm