Xocalıya həsr olunan film Amerikada mükafatlandırıldı
Bizi izləyin

Art

Xocalıya həsr olunan film Amerikada mükafatlandırıldı

Müstəqil litvalı rejissor Aleksandras Brokasın rejissoru olduğu “Sonsuz Dəhliz” (“Endless Corridor”) sənədli filmi ABŞ-da mükafat alıb.

Britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronzun səsləndirdiyi film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin müsahibəsi əsasında qurulub. O, faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibə götürüb. Ekran əsərində Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

Qeyd edək ki, filmin premyerası 2014-cü il iyulun 1-də Londonda keçirilib.“Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində ötən ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilən film ingilis dilində çəkilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, rus, türk, fransız, italyan, alman və ərəb dillərinə tərcümə olunub. Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında və İsrailin “Channel 1” televiziya kanalında nümayiş etdirilib.

Xatırladaq ki, sözü gedən filmə mükafat “Accolade Film Competition” adlı nüfuzlu kino nəşrinin təsis etdiyi “Global Film Awards” müsabiqəsinin “Humanitar mükafatı” “Müstəsna nailiyyət” nominasiyası üzrə verilib.

Məlumat üçün bildirək ki, “Global Film Awards” dörd unikal film yarışmasını (Accolade Global Film Competition, Best Shorts Competition, IndieFEST Film Awards and IMPACT DOCS Awards) özündə birləşdirir. Məqsədi film, televiziya, video və yeni media sahəsində müstəsna nailiyyətləri qiymətləndirməkdir. Bu beynəlxalq müsabiqəyə dünyanın istənilən ölkəsini təmsil edən tanınmış kinorejissorlarla yanaşı, karyera pilləsinin başlanğıcında olan rejissorların filmləri də təqdim edilir. Qalib filmi isə peşəkar və müstəqil münsiflər heyəti seçir. Builki qaliblər arasında Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Kanada, Litva, Almaniya, İspaniya, Tayvan, Hollandiya, Hindistan, İrlandiya və Avstraliya istehsalı olan filmlər yer alıb.

"Global Film Awards” tərəfindən təqdim olunan “Humanitar mükafat”ın məqsədi öz filmlərində siyasi, sosial ədalət, ekoloji, sağlamlıq, vəhşi təbiət və mənəvi mövzuların vacibliyinə toxunan kinorejissorların peşəkarlığının qiymətləndirilməsidir. Qaliblər il ərzində daxil olan yüzlərlə filmin içərisindən seçilir.

Sözügedən müsabiqə artıq 11 ildir keçirilir. “2015-ci il Humanitar mükafat”a layiq görülmüş filmlərin siyahısı aşağıdakı keçiddə verilib:

http://globalfilmawards.com/about-global-film-awards

Oxumağa davam et
Reklam
Reklam

Gündəm