Bəlkə, sən Murakaminin romanında yaşayırsan?
Bizi izləyin

Art

Bəlkə, sən Murakaminin romanında yaşayırsan?

Bir fil qəribə formada yoxa çıxır. Evinə qayıdanda səni div bir qurbağanın gözlədiyini görürsən. Pişik qeybə çəkilir. Göy üzündə eyni vaxtda iki Ay yüksəlir. Həyat yoldaşın birdən-birə itir. Qəribə bir adam səndən bir qoyuna rast gəlib-gəlmədiyini soruşur və ya bir qadın həyatının 10 dəqiqəsini tələb edir.

Ətrafına bax! Aşağıdakıları oxu!

*Qəhvəni tünd və südsüz içirsən.

*Keçmiş caz vallarını çox sevirsən.

*Yad adamlarla mənəvi bağlılıq hiss etmədən yaşadığın seks sənə normal gəlir. Belə bir təcrübəni dostuna danışmağa çalışsaydın, soyuq bir dildən istifadə edərdin. Ancaq bunu edə bilməzsən, çünki heç dostun yoxdur.

*1960-cı illər... Tünd qəhvə, günortadan sonra baş tutan hissiz sevişmələr - bu tip bəsit zövqlər yaşamaq xoşuna gəlir. Ancaq bilirsən ki, 1960-cı illərdə yaşasaydın belə, yenə də yalnız olacaqdın.

*Günlərini “necə edim ki, daha real bir həyat yaşaya bilim?” sualını götür-qoy edərək keçirirsən.

*Bəxtsizsən, ətrafındakı hamı kobuddur. Onlar diqqətinə layiq olmayan insanlardır.

*Bir tanışın var. Ancaq tamamilə sənin ziddindir.

*İçində olduğun məkanları qüsursuz şəkildə təsvir edə bilirsən. Ancaq növbə hissləri təsvir etməyə gələndə çox bacarıqsız olursan.

*Bir qadına edə biləcəyin ən böyük “kompliment” onunla yatmamaqdır.

*Bir nəfər var, o sənin alnının yazısıdır. Onunla münasibətin yalnız eşqdən ibarət deyil. Kainat sən onunla qarşılaşa biləsən deyə yaradılıb.

*Evini tərk edib nəyinsə arxasınca düşmüsən. Ancaq axtardığın şeyin nə olduğunu sən də bilmirsən. Beşulduzlu mehmanxanalara, kiçik qəsəbələrə, dağ başında yerləşən ruhi dispanserə gedirsən. Sonra gözləməyə başlayırsan. Ancaq olmağını gözlədiyin şeyin çoxdan baş verdiyini görmək üçün mütləq evinə qayıtmalı olursan.

Bunlardan ən azı biri sənin də başına gəlibsə, yapon yazıçısı Haruki Murakaminin hər hansı romanının və ya hekayəsinin qəhrəmanı ola bilərsən. Bəlkə, sən Murakaminin yaratdığı onlarla obrazdan birisən. Elədirsə, kədərlənməyə və fəlakətlərə hazır ol! Həyatının qadınını tapsan belə, sonda xoşbəxt ola bilməyəcəksən. Çünki Murakaminin yaratdığı kainatda həmişə nəsə əskik qalır.

Qeyd edək ki, bu maraqlı test “The Toast” adlı saytda yayımlanıb. Orada qeyd edilənə görə, bu test təkcə kişilər üçündür. Çünki Murakami romanının içindəki qadın olsaydınız, çoxdan yox olmuşdunuz.

İlknur Salamova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm