“Atəşkəs” filminin təqdimatı oldu - FOTOLAR
Bizi izləyin

Art

“Atəşkəs” filminin təqdimatı oldu - FOTOLAR

Macarıstanlı rejissor Erik Boqnarın Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” sənədli filmi Azərbaycan dilində ilk dəfə nümayiş olunub.

Publika.az xəbər verir ki, ekran əsəri Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən istehsal edilib.

Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

BAMF-in sədri Umud Mirzəyev film haqqında geniş məlumat verərək bildirib ki, sənədli film “İşğalın qurbanı” layihəsi çərçivəsində macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Film Macarıstanın məşhur “Oriqo” studiyasında macar dilində çəkilib. Filmdə Azərbaycanın tarixi-mədəni irsi, ənənələri, kulturoloji aspektlər yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, erməni qırğınları, Qarabağ həqiqətləri, Qarabağ müharibəsinin törətdiyi acı nəticələr, Xocalı faciəsi filmin əsas leytmotivini təşkil edib. Ekran əsərində macar, alman, fransız, amerikan ekspertlərinin münaqişənin həlli ilə bağlı fikirləri, rəyləri və şahid ifadələri yer alıb.

U.Mirzəyev deyib ki, 2015-ci ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə film macar dilində təqdim edilib və ölkədə ciddi rezonans doğurub.

Diqqətə çatdırılıb ki, bu ekran əsəri Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə BAMF tərəfindən Azərbaycan dilində dublyaj edilib.

Əli Həsənov çıxışında azərbaycanlılara qarşı törədilən soyqırımın dünyada tanıdılması istiqamətində görülən işlərdən danışıb. Filmin bu istiqamətdə əhəmiyyətini xüsusi vurğulayıb:

"Biz bu gün növbəti dəfə məyusluq doğuran hadisələrin xronologiyasını yenidən xatırladıq. 24 il əvvəl növbəti dəfə bəşəriyyət insanlığa sığışmayan Xocalı faciəsinin şahidi oldu və təəssüf ki, susdu".

Sonra film nümayiş olunub.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm