Dövlət Gənc Tamaşaçılar Teatrında “Ağ ölüm” tamaşası nümayiş etdirilib
Bizi izləyin

Art

Dövlət Gənc Tamaşaçılar Teatrında “Ağ ölüm” tamaşası nümayiş etdirilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında narkotik vasitələr və onun fəsadları barədə tədbir keçirilib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir teatrın, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və 129 nömrəli orta məktəbin birgə layihəsi əsasında baş tutub.

Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan narkotik vasitələr haqqında danışıb. Teatr rəhbəri bildirib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Gənc Tamaşaçılar Teatrında V. Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilən “Ağ ölüm” tamaşası haqqında məlumat verib.

Tədbirdə 129 nömrəli məktəbin direktoru Esmira Quliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Fərman Abdullayev, Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovniki Tanrıverdi Aydınov çıxış edərək bu gün dünyanı narahat edən, cinayətkarlığın artmasına səbəb olan narkotik maddələr və onların gətirdiyi bəlalar haqqında danışaraq tədbir iştirakçılarını bu bəladan uzaq durmağa çağırıblar.

Sonra “Ağ ölüm” tamaşası nümayiş etdirilib. Quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu olan tamaşada əsas rolları Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev ifa ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm