Azərbaycan “Azərbaycan”ı niyə oxumur? – TƏNQİD
Bizi izləyin

Art

Azərbaycan “Azərbaycan”ı niyə oxumur? – TƏNQİD

Azərbaycan Yazıçılar Birliyinin dövlət büdcəsindən maliyyələşən ədəbi orqanları uzun illərdir mətbuatda, sosial şəbəkələrdə tənqid olunur. İstər yazıçılar, istərsə də müasir dərgiləri izləyən oxucular Yazıçılar Birliyinin ədəbi orqanlarını zamanın nəbzini tutmamaqda, müasir dünya ədəbi prosesindən kənar qalmaqda ittiham eləyir.

Ən çox tənqidə məruz qalan dərgilərdən biri də vaxtilə ölkənin ən nüfuzlu ədəbi orqanı olan “Azərbaycan” jurnalıdır. Uzun illərdir bu jurnalın rəhbərliyində heç bir dəyişikliyin olmaması, ədəbi siyasətdə, jurnalın dizaynında köhnə düşüncədən əl çəkilməməsi gənc yazıçılar tərəfindən həmişə narazılıqla qarşılanıb.

Bəs çıxış yolu nədədir? “Azərbaycan”ı necə xilas eləmək olar? Publika.az bu mövzuda yazarlar arasında sorğu keçirib. Səslənən fikirləri təqdim edirik:

Xanəmir: “Ölkəmizdə elə dərgi və qəzetlər var ki, onların işıq üzü görməməsi görməyindən daha xeyirlidir. Məsələn, “Azərbaycan” jurnalı çıxmazsa, onun ədəbiyyatımızda heç yoxluğu da hiss olunmaz. Yəqin gerçək sənətə qarşı yönəldilmiş belə jurnalların “firəng ustalığıyla gizlədilən” fəsadlarını aradan illər keçəndən sonra daha aydın və net olaraq görəcəyik. Bu gün İŞİD İslam dünyası üçün hansı azdırıcı rolu oynayırsa, “Azərbaycan” jurnalı da əlindəki unikal imkanlarla ciddi ədəbiyyat üçün eyni missiyanı yerinə yetirir.

“Azərbaycan” jurnalının digər bir məqsədi, gerçəkdən yeni yaranan ədəbiyyatı kölgədə saxlayıb, sanki sovet dönəminin ab-havasının üstünlük kimi özəlliyini hər vəchlə qoruyub saxlamaqdan ibarətdir. “Azərbaycan” jurnalı, ən şərəfli və ən xoşbəxt dönəmlərini yazıçı Əkrəm Əylislinin ədəbiyyatımızı əyalət əsarətindən qurtardığı vaxtda yaşayıb. “Azərbaycan” jurnalı yeni dönəm ədəbiyyatının, ədəbi prosesin damarını tutub istiqamətini müəyyənləşdirə bilmir. Bir-iki yalançı, Yalıncıq ruhlu obrazlarla təlqinlər oyadan materialları verməklə, çap etməklə gözdən pərdə asmağa əsas yoxdur. Yaxşı olar ki, bu cür dövlət dəstəyi görən, maliyyə imkanlarına sahib jurnal, heç olmasa, adındakı mahiyyəti doğruldardı. Şərt o deyil ki, hər ay “plan” doldurula. İldə 12 dəfə yox, 5 dəfə çıx, amma ədəbiyyat adı altındakı bu alveri, bazarı yığışdır. Hərdən mənə elə gəlir ki, bu jurnalın baş redaktoruna toplunun məhz belə çıxması üçün “istedad işgəncəsi” verirlər. Amma baş redaktor bilmir ki, bir nəfərin işgəncə çəkməməsi naminə 100 nəfərin – ədəbiyyat adamının işgəncəyə məruz qalması da yaxşı hal deyil. Çünki əvvəl-axır istənilən işgəncə növünün elə bu dünyadaca cəzasız qalmayacağını bilmək güclü istedad tələb etmir”.

Vaqif Nəsib: “Bu yaxınlarda “Azərbaycan” jurnalının üç sayında yeni romanım hissə-hissə çap olundu. Sonra da çap olunmaq üçün şeirlərimi verdim. Amma dərc olunmadı. Jurnalın baş redaktoru İntiqam Qasımzadəyə deyəndə ki, niyə mənim şeirlərimi çap etmirsiniz, qayıtdı ki, “papka”da şeirlər çoxdur, növbəni gözlə. Başa düşə bilmirəm, İntiqam Qasımzadə “jek” müdiri-zaddır ki, hamının adını növbəyə salır? Ümumiyyətlə, İntiqam Qasımzadə kimdir? O hansı ədəbi potensialla jurnala rəhbərlik edir? Heç olmasa, aradabir uğurlu əsərləri çap edir, amma ümumilikdə götürəndə “Azərbaycan” jurnalı baş redaktorun ədəbi dəyirmanıdır. AYB isə sanki şəxsi təsərrüfat sahəsidir. İstedadı olmayan, AYB-yə dəxli olmayan adamları yığıb doldurublar ora, istedadlı yazıçılar da küçədə işsiz qalıblar”.

Səxavət Sahil: “Təbii ki, bu jurnalın səviyyəsi məni qane eləmir. "Azərbaycan" jurnalının vəziyyəti dəfələrlə müzakirə olunsa da jurnalın rəhbərliyi tənqidlərdən nəticə çıxarmaq istəmir. Eyni vəziyyət "Ədəbiyyat” qəzeti və "Ulduz" jurnalında da yaranmışdı, lakin indi bu ədəbi orqanların vəziyyəti kifayət qədər yaxşıdır. Hesab edirəm ki, AYB rəhbərliyi jurnalın kollektivini yenidən formalaşdırmalıdır, gənclər əməkdaşlığa cəlb olunmalıdır. Jurnalın bu vəziyyətdə olmasına səbəb hazırkı baş redaktordur”.

Nisəbəyim: “İslahat olmalıdı, amma gərək islahat ehtiyacını biz yox, jurnal özü hiss eləsin. Oxunaqlı ,maraqlı olmaq, ən azından satış tirajını artırmaq onlara sərf edir. Bunun üçün daim yenilənməli, çağdaş ədəbiyyatımızın, eyni zamanda, dünya ədəbiyyatının bugünkü mənzərəsini əks etdirməlidir. Mənim ədəbi taleyimdə bu jurnalın xüsusi yeri olub. Mərhum Yusif Səmədoğlu xeyirxah və qayğıkeş insan idi. Kənarda yaşadığıma görə yaradıcılığıma həssaslıqla yanaşırdı. Bəlkə də qarşıma çıxan bu qayğıdan ruhlanıb yaradıcılığımı genişləndirmişəm. İnsan təbiəti belədir, ədalətsiz və haqsız münasibət çox zaman yaradıcı insana psixoloji cəhətdən ağır zərbələr vurur. Odur ki, redaksiyalarda çalışanlar gərək belə məqamları nəzərə alsınlar. Jurnal təkcə mətbu orqan deyil, həm də ədəbi məktəb, mədəniyyət ocağı olmalıdır. Çox istərdim ki, “Azərbaycan” jurnalı yaxşı ənənələri davam etdirsin, yenilikçi və cəsarətli olsun. Orijinal, zəngin materiallarla ədəbi mühiti canlandırsın, oxucuların sevimli dərgisi olsun. Mən nəinki “Azərbaycan” jurnalına, bütün nəşrlərə yalnız yaxşı, uğurlu islahatlar arzulaya bilərəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm