Gülüstana dönən Muğan
Bizi izləyin

Art

Gülüstana dönən Muğan

De, yolun düşdümü Muğan düzünə?

Piyada gəzdinmi çölləri sən də?
Söz qoşub ceyranın qara gözünə,
Dincini aldınmı bir göy çəməndə?

Səməd Vurğunun “Muğan” poemasından bu məşhur misraları təsadüfən xatırlamadıq. Bol bəhrəli Muğan düzünün düz göbəyində yerləşən və son illər inkişaf dinamikası ilə diqqət çəkən Saatlı rayonuna qiyabi səyahətə çıxacağıq.

Aparılan tarixi araşdırmalardan bəlli olub ki, Saatlı etnonimi XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranıb. Əvvəllər Arpaçayın aşağı axarı və Arazın sağ sahilində yaşayan saatlılıların xeyli hissəsi XV əsrin 30-cu illərindən qonşu ərazilərə köç ediblər. Saatlıların bir qismi Qazax zonasında, digər hissəsi isə 1795-1798-ci illərdə Qarabağda məskunlaşıblar. Eyni zamanda, Saatlı tayfası adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin - Saadlı tayfasının etnik adıdır.

Muğan düzündə, ərazisi Araz çayının sağ və sol sahillərində yerləşən, respublikanın inzibati rayonlarından biri olan Saatlı 25 may 1943-cü ildən rayon statusu alıb.

Saatlı antik yaşayış məntəqələrinin aşkarlandığı məskən kimi həm də qədim mədəniyyətin izlərini qorumaqdadır. Rayon ərazisində regionun tarix və mədəniyyətinə aid 9371 eksponat var. Rayonda Nazirlər Kabinetinin müvafiq qərarı ilə 9 arxeoloji abidə mühafizə olunur.

Rayonda 7 qədim yaşayış məskəni olub - Araz düşərgəsi, Qaralar tunc dövrü yaşayış yeri, Abasbəyli yaşayış yeri, Muğan yaşayış yeri, Məmmədabad yaşayış yeri, Sarısu yaşayış yeri, Əlisoltanlı və Bəylər orta əsr yaşayış yerləri.

Qədim tarixə malik Saatlı respublikanın inkişaf etmiş kənd təsərrüfatı rayonlarındandır. Prezident İlham Əliyevin imzaladığı “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı (2004-2008-ci illər) Muğan düzündə yerləşən Saatlınını da inkişafına təkan verib.

Bu gün Saatlı rayonu nəinki bölgədə hətta respublikamızda iqtisadi, sosial, aqrar, mədəni sahələrdə inkişaf etmş, abad, səfalı əraziyə çevrilib.

Ölkə prezidenti İlham Əliyev son 7 ildə 6 dəfə Saatlıya səfər edərək görülən işlərlə tanış olub, əhali ilə görüşüb. Regionların sosial- iqtisadi inkişafına dair dövlət proqramının yüksək səviyyədə icra olunduğunun şahidi olan ölkə rəhbəri əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb, dövlət büdcəsindən rayonda görülən işlərin sürətləndirilməsi üçün vəsait ayırıb.

Rayon İcra Hakimiyyətinin diqqət və qayğısının nəticəsidir ki, Saatlıda sahibkarlıq inkişaf edir, əhalinin məşğulluq səviyyəsi artırılıb, yeni iş yerləri açılıb. Bu məqsədlə Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun sədrlik etdiyi Xüsusi qərargah da yaradılıb.

Saatlı rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası- abadlıq, quruculuq işləri və yeni sosial obyektlərin tikintisinin aparılması, yeni infrastruktur layihələrinin həyata keçirilməsi rayon iqtisadiyyatının gücləndirilməsinə, həmçinin, rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan verib.

Saatlıda yeni quruculuq işləri durmadan davam etməkdədir.

Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə 2008-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində yenidənqurma işləri aparılıb, ölkə başçısının tapşırığına əsasən Tarix-Diyarşünaslıq və Rəsm Qalereyası üçün bina tikilib və Prezident İlham Əliyevin iştirakı ilə 2012-ci il 27 oktyabrda istifadəyə verilib. 2013-cü il avqusun 29-da ölkə başçısının iştirakı ilə Bayraq meydanı və orada fəaliyyət göstərən muzey istifadəyə verilib.

Bayraq Meydanı Saatlı rayonundan olan şəhidlərin barelyeflərini əks etdirən “Şəhidlər” və 31 Mart - Azərbaycanlıların Soyqırımı abidələrinin ərazisi ilə birləşdirilərək ümumi kompleks şəklində yaradılmaqla iki hektar sahəni əhatə edir

Kompleksin ərazisində qurulan iki metr hündürlüyündəki dörd postamentin üzərində Azərbaycanın metaldan tökülən xəritəsi, dövlət gerbi, ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyi barədə müdrik kəlamları və Azərbaycanın dövlət himninin mətni həkk olunub.

Meydanın ətrafında orta əsrlərin memarlıq ənənələrinə uyğun qala tipli daş, eləcə də tağşəkilli hasarlar hörülüb. Üç qədim qala qapısı da meydana xüsusi gözəllik verir. Meydanda orta əsrlər Azərbaycan əsgərinin tökmə materiallardan beş heykəli yaradılıb. Heykəllərdən üçü qala divarları üzərində, ikisi isə meydan ərazisində qoyulub.

Bayraq meydanında yaradılan Muzeyin “Azərbaycanın tarixi dövlətləri” adlı bölməsi Manna dövlətindən başlayaraq Azərbaycan Xalq Cümhuriyyətinədək olan dövrü əhatə edir.

Ulu öndər Heydər Əliyevə həsr olunan bölmə isə “İstiqlal! Tam və mütləq Qələbə” adlanır. Muzeyin divarlarında, həmçinin, ümummilli liderin dövlətçiliyimizlə bağlı tarixi kəlamları, bayraq haqqında dediyi sözlər həkk edilib.

2013-cü il avqustun 29-da istifadəyə verilən Olimpiya İdman kompleksi son illər rayonda inşa olunan ən gözəl binalardan biridir.

Ümumi ərazisi 6 hektar, sahəsi isə 3340 kvadratmetr olan universal idman zalı müasir standartlara uyğun şəkildə inşa olunub. Kompleksə 900 yerlik açıq stadion, tennis kortu, basketbol meydançası da daxildir.

Açılış mərasimində iştirak edərkən ölkə prezident rayonun abadlıq-quruculuq işlərinə diqqət çəkmişdi: “Olimpiya İdman kompleksləri tikilir və bu gün Saatlıda biz bu kompleksin açılışını qeyd edirik. Doğrudan da, böyük hadisədir və hər dəfə Saatlıda olarkən biz hansısa bir obyektin açılışında iştirak edirik. Mən dəfələrlə Saatlı rayonunda olmuşam və görürəm ki, burada inkişaf var, abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, binalar tikilir. Bu, məni sevindirir. Çünki hər bir rayonun inkişafı ölkəmizin ümumi inkişafına bir töhfədir. Hər bir rayonun inkişafı burada sakinlərin yaşayış şəraitini yaxşılaşdırır, yeni imkanlar, yeni iş yerləri, yeni müəssisələr açılır. Saatlı rayonunun inkişafı ilə bağlı müvafiq sərəncamlar verilmişdir, vəsait ayrılmışdır”.

Dövlət başçısının mədəniyyət sahəsində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, onların aylıq vəzifə məvaciblərinin artırılmasına yönəlik sərəncamları, mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqda qərarları Saatlı rayonunun mədəniyyət işçiləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanır, böyük fərəh və iftixar hissi doğurur.

Rayon Mədəniyyət və Turizm Şöbəsi Saatlıdakı mədəniyyət müəssisələrinin göstərdikləri xidmətin səviyyəsinin yaxşılaşması üçün bütün potensial imkanlardan istifadə edir.

Rayonda 1 Mərkəzləşdirilmiş Kitabxana sistemi, 1 Uşaq kitabxanası, 54 kitabxana filialı, 13 klub, 14 mədəniyyət evi, 1 Tarix-Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Mədəniyyət və İstirahət parkı fəaliyyət göstərir.

Saatlı həm də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban verən, şəhidlik zirvəsinə yüksələn qəhrəmanları ilə də öyünür.

Hələ Böyük Vətən müharibəsi illərində bu rayondan 1600 nəfər cəbhəyə getmiş və 77-ci, 223-cü, 402-ci, və 416-cı diviziyaların tərkibində şərəflə döyüşüb. Onlardan 533 nəfəri həlak olub.

Böyük Vətən müharibəsi illərində şücaət göstərmiş babalarının yolunu müstəqillik dövründə davam etdirən gənc saatlılılar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə sinələrini düşmən gülləsinə sipər edib, Vətən torpağı uğrunda mərdliklə vuruşublar. Bu şərəfli yolda 116 nəfər gənc şəhid olub. 1995-ci ilin mart hadisələrində isə dövlət çevrilişinə cəhd etmək istəyən qeyri-qanuni silahlı birləşmələrə qarşı mübarizədə həlak olmuş Hüseynov Elşən İbrahim oğlu igidliyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Milli Qəhrəman Elşən Hüseynovun rayon Mərkəzi Xəstəxanasının həyətində qoyulmuş büstü gənc nəsil üçün vətənpərvərlik, mərdlik simvoluna çevrilib.

Prezident İlham Əliyevin tövsiyə və tapşırığını əsas tutaraq Saatlı məktəbliləri üçün ölkəmizin tarixini dərindən öyrənmək və təbiətini yaxından görmək məqsədilə mütəmadi turlar təşkil olunur. Tur aksiyaların davamı olaraq 16-19 mart 2016-cı il tarixlərində “Ölkəmizi tanıyaq” devizi altında Saatlı rayonundan olan 40 şagird və 5 müşayiətçidən ibarət nümayəndə heyəti Gəncə şəhəri, Şəmkir və Göygöl rayonlarına səfər ediblər. Bütün bunlar gənc nəslin milli dəyərlərimizə sadiq əsil vətənpərvər kimi böyüməsinə xidmət edir.

Rayon İcra Hakimiyyəti Böyük Vətən müharibəsi iştirakçısı və veteranlarına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə, eləcə də sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə daim diqqət yetirir, onlara ərzaq və pul yardımı göstərilir.

… Yazını xalq şairi Səməd Vurğunun məşhur misraları ilə başladıq, dillər əzbərinə çevrilən digər məşhur misralarla da bitirmək istəyirik:

Gedin deyin Xan çobana,
Buyursun, gəlsin Muğana.
Muğan dönüb gülüstana…

Cəvahir Səlimqızı

Yazı“Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin “Muğanımız - tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm