Küləyə qarşı yeriyən adam
Bizi izləyin

Art

Küləyə qarşı yeriyən adam

3 iyun 2016... Bu gün ədəbiyyatın “Mavi gözlü div”i, romantik inqilabçı Nazım Hikmətin həyatla vidalaşmasından 53 il keçir...

Küləyə qarşı yeriyirəm,

Yamaqlı küçələrində bu şəhərin...

Kimi onu “Romantik kommunist”, kimi də “Romantik inqilabçı” adlandırırdı. Ancaq o, hər şeydən əvvəl bir insan idi - siyasi seçimləri üzündən dəfələrlə həbs olunan, həyatının böyük hissəsini həbsdə və sürgündə keçirən, vətən həsrəti çəkən, yenə də sevgiyə olan inancını itirməyən bir insan… “Mavi gözlü div” şeirindəki kimi div kimi bir ürəyə sahib insan…

Bir div kimi sevirdi div.

Və əlləri elə böyük işlər üçün

hazırlanmışdı ki divin,

döyə bilməzdi qapısını

bağçasında ebruliiii

hanımeli

açan evin.

1902-ci il 15 yanvar tarixində dünyaya göz açanda ona Nazim adını qoydular. Nazim elə adına uyğun olaraq şeirdə, nəzmdə yüksəldi, bütün dünyada tanınan, əsərləri 50-dən çox dilə çevrilən XX əsrin ən böyük şairlərindən biri oldu. Amma, bu, o qədər də asan başa gəlmədi.

1951-ci ildə Türkiyə vətəndaşlığından çıxarıldı. Öz ölkəsində yasaqlandı. Yazdıqlarına görə, 11 ayrı iddiadan mühakimə olundu. İstanbul, Ankara, Çankırı və Bursa həbsxanalarında 12 ildən çox yatdı.

Nə yazırdı axı Nazim Hikmət, nədən yazırdı ki, bu qədər müqavimət, bu qədər kinlə qarşılaşırdı?

O, həqiqətləri yazırdı, haqsızlıqlara qarşı çıxır və ən əsası xalqının, o cümlədən bütün insanların gözünü həqiqətlərə açmaq istəyirdi.

Bu dünya öküzün buynuzunda yox,

bu dünya əllərinizin üstündə durur.

- deyirdi, Nazim Hikmət “Əlləriniz və yalanlara dair” şeirində və belə davam edirdi:

Və insanlar, ah, mənim insanlarım,

yalanla bəsləyirlər sizi,

halbuki acsınız,

ətlə, çörəklə bəslənməyə möhtacsınız.

Və ağ bir süfrədə bir dəfə

doyunca yemək yemədən

köçüb gedəcəksiniz bu hər budağı təam dolu dünyadan.

Nazim insanları kitablarda yazılanlara, televiziyalarda gördüklərinə inanmamağa çağırır; kinolara, reklamlara, bir sözlə böyük bir yalanın parçası olan hər şeyə qarşı diqqətli olmağı tövsiyyə edirdi:

antenalar yalan söyləyirsə,

kitablar yalan söyləyirsə,

…..

əllərinizdən keçinən

və əllərinizdən başqa hər şey

hərkəs yalan söyləyirsə,

əlləriniz palçıq kimi itaətli,

əlləriniz qaranlıq kimi kor,

əlləriniz çoban itləri kimi axmaq olsun,

əlləriniz üsyan etməsin deyədir.

Elə buna görə də, sevilmir, yasaqlanır, vətən xainliyi ilə damğalanırdı.

Onu vətən xainliyi ilə ittiham edənlərin “vətənpərvərlik”lərinin iç üzünü açan şair, “Nazim Hikmət vətən xainliyinə davam edir” şeirində şaiyələrə cavab verir və “Bəli mən vətən xainiyəm” deyirdi:

Vətən fermalarınızdırsa,

kassalarınızın ve çek dəftərlərinizin içindəkilərdirsə, vətən,

….

fabriklərinizdə al qanımızı içməkdirsə, vətən,

vətən dırnaqlarıdırsa, ağalarınızın,

…..

mən vətən xainiyəm.

Yazın üç sütunda qapqara, hayqıran şriftlərlə:

Nazim Hikmət vətən xainliyinə davam edir, hələ də…

Bütün dünyanı gəzib vətən həsrəti ilə yaşayan adam

1921-ci ildə getdiyi Moskvada inqilabın ilk illərinə şahid oldu və kommunizm ilə tanışlığı da elə buradan başladı. Türkiyəyə qayıtdıqdan sonra “İşıqlıq” jurnalında işə başladı, ancaq jurnalda nəşr olunan şeir və yazılarına görə, 15 il həbsi istənildi. Beləliklə də o, təkrar Sovetlər Birliyinə qayıtdı. 1928-ci ildə əfvdən yararlanaraq təkrar Türkiyəyə gəlir, ancaq 1938-ci ildə ordunu qiyama səslədiyi iddiası ilə 28 il 4 ay həbs cəzasına məhkum edilir. 12 il həbs yatdı. 1950-ci ildə əfv qanunuyla sərbəst buraxıldı. Onun Bursa həbsxanasında qaldığı bu illər daha sonra 2007-ci ildə çəkilən “Mavi Gözlü Div” adlı filmdə öz əksini tapdı. Türkiyə vətəndaşlığından çıxarıldıqdan sonra Moskvada yaşadı. Xaricdə keçirdiyi illərdə Bolqarıstan, Macarıstan, Fransa, Kuba, Misir kimi ölkələri gəzdi, buralarda konfranslar təşkil etdi, müharibə və imperializm əleyhinə olan hərəkatlarda iştirak etdi. Ancaq heç vaxt öz məmləkətini unutmadı, həmişə vətən həsrəti çəkdi və bu həsrəti də məmləkət, vətən haqqında yazılmış şeirlərində dilə gətirdi. Bu şeirlər bəlkə də bir insanın məmləkət sevgisini əks etdirən ən təsirli şeirlərdir:

Sən indi yalnız saçımın ağında,

damarında ürəyimin,

alnımın cizgilərindəsən məmləkətim,

məmləkətim…

başqa bir şeirində isə belə deyir, usta şair:

Məmləkətimi sevirəm:

Çinarlarında gəzdim, həbsxanalarında yatdım.

Heç bir çey unutdurmaz sıxıntımı

Məmləkətimin mahnıları və tütünü kimi.

Nazim Hikmət Türkiyə vətəndaşlığından çıxarılmışdı, amma onun əlindən alınması mümkün olmayan bir vətəndaşlığı daha vardı – o, dünya vətəndaşı idi. Elə 1950-1963-cü illər ərzində yazdığı şeirlərində də dünyanın gəzib gördüyü yerlərini, şəhərləri və həmin şəhərlərdə keçirdiyi hissləri yazıb Nazim. İstanbul, Moskva, Paris, Sofiya, Roma, Praqa, Bakı Nazimin şeirlərində ən gözəl şəkildə təsvir olunub:

Gecə vaxtı ulduzsuz ağır dənizə qədər

Gecə zifiri qaranlıqda günəşli buğda tarlasıdır Bakı şəhəri.

Dünyanın ən şanslı qadınları

Nazim Hikmət şeirlərində sevginin hər halı əks olunub. Məmləkət sevgisi, həyata olan sevgi, qadına olan sevgi… Nazim Hikmətin sevgililəri bəlkə də dünyanın ən şanslı qadınları olub. Çünki, onlar, haqlarında ən gözəl eşq şeirləri yazılan qadınlardır. Nüzhet, Pirayə, Münəvvər, Qalina və Vera- hamısı da Nazimin şeirlərində eşq təcəssümünə çevriliblər. Belə deyilir ki, Nazim bu qədər çox qadına şeir həsr etsə də, axtardığı sevgini heç vaxt tapa bilməyib. Ancaq bu fikir o qədər də inandırıcı deyil. Həqiqi sevgini tapmayan bir insan belə şeirləri necə yaza bilər?

Sevirəm səni

Çörəyi duza basıb yemək kimi

Gecə vaxtı atəşlər içində oyanaraq

ağzımı krana dayayıb su içmək kimi

………….

Xoş gəldin qadınım mənim, xoş gəldin!

Ayağını basdın otağıma

….

Güllər açıldı pəncərəmin dəmirlərində.

Ağladın,

ovuclarıma töküldü incilər;

könlüm kimi zəngin,

hürriyət kimi aydınlıq oldu otağım.

Xoş gəldin qadınım mənim, xoş gəldin…

Nazim heç ölmədi ki…

1963-cü il iyulun 3-də səhər saat 06:30-da qəzet almaq üçün ikinci mərtəbədəki mənzilindən binanın qapısına gedən Nazim Hikmət qəzeti götürərkən infarkt keçirir.

Sovet Yazıçılar Birliyinin salonunda keçirilən hüzr mərasimdə yerli və xarici yazıçılar iştirak edirlər. Nazim Hikmət Moskvada məşhur Novo-Deviçye qəbristanlığında dəfn olunur. Məzar daşının üzərinə “Küləyə qarşı yeriyən adam” şeirindəki adamın fiquru çəkilir.

Nazimi sevənlər ölümün belə ondan qorxduğunu deyirdilər. Çünki ölüm bu böyük şairin bədənini alsa da, ruhunu, misralarını insanların yaddaşlarından silə bilməyəcəyini bilirdi. Onun şeirləri Bilqamışın axtarıb tapa bilmədiyi ölümsüzlük zərdabı oldu, Nazimə ölməzlik bəxş etdi. Onu sevənlərlə yanaşı, sevməyənlər də, hətta siyasi görüşlərinə görə onu tənqid edənlər belə, bu böyük insanın sənəti qarşısında baş əyməli oldular. Əgər onun şeirini bəyənmədiyini deyən biri varsa, bilin ki, o yalan danışır. Bəli onun şeirlərində elə bir sehr, elə bir sirrli qüvvə var ki, insan oxuduqca təsirinə düşür və Nazimi sevməmək mümkünsüz olur.

Artıq 114 ildir ki, Nazim Hikmət küləyə qarşı yeriyir və küləyin sürəti artdıqca onun addımları da yeyinləşir. Çünki, onun xəyalında “Gülüşü dəniz mavisi cocuqlar” olan bir məmləkət var.

Sanki mən min yaşında bir dəli

Yamaqlı küçələrində bu şəhərin.

Yeriyirəm küləyə qarşı

Xəyalımda “Gülüşü dəniz mavisi cocuqlar”…

İlknur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm