• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Maral ömrü

  • Art
  • 23 İyul 2016 10:11
  • 1 734 Baxış
Maral ömrü

Bu gün ilk peşəkar qadın rəssamımız olan Maral Rəhmanzadənin doğum günüdür. Bu münasibətlə Publika .az bu yazını təqdim edir.

Bu qüdrətli qadının əsərlərini əsasən kitablarda görmüşük. Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanına, Məhəmməd Füzulinin "Qəzəllər"inə və Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasına çəkdiyi illüstrasiyalar kitab qrafikasının gözəl nümunələridir. Bu nümunələr hər zaman bizdə xoş ovqat yaradıb. "Azərbaycanın aşıq və şair qadınları" kitabına çəkdiyi bənzərsiz illüstrasiyalar unudulmazdır.
Qadın gözəlliyi, zərifliyi, istedadı, əzəməti bu rəsmlərin başlıca qayəsini təşkil edir. Maral xanım Rəhmanzadə Azərbaycan təsviri incəsənətinin elə bir simasıdır ki, o hər zaman ətrafa işıq saçıb, hər kəsi öz cazibəsində saxlamağı bacarıb. Sağlığında əfsanəyə çevrilən Maral xanım əsl Azərbaycan qadını kimi özünü təqdim edib.
Rəhmanzadə Maral Yusif qızı professional rəssamlıq təhsili görmüş azərbaycanlı qadın rəssam, qrafikçi, Azərbaycan Xalq rəssamı (1964), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1965), "Şöhrət" ordenli bir xanım olub.
Bakılı qızın fırçası aləm yaradıb. Həmişə diqqət mərkəzində olan və sevilən, dəyərləndirilən Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakı şəhərində anadan olub. 1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, 1934-1940-cı illərdə Moskva Rəssamlıq İnstitutunda oxuyub.

Maral Rəhmanzadə imzası...

Maral xanımın yaradıcılığını təhlil edən, araşdıran sənətşünaslar qeyd edir ki, 1940-cı ildə Moskva Rəssamlıq İnstitutunda təhsilini başa vuraraq Bakıya qayıdan gənc rəssamın elə həmin ildən "Maral Rəhmanzadə" imzalı əsərlər silsiləsi başlanır. Bu əsərlərin önündə gedən "Mənim bacılarım", "Bizim qızlar" nümunələrində Azərbaycanın bütün qadınlarının obraz payı var. "Doğma Vətənim", "Azərbaycan" tabloları ölkəmizi ibtidaidən aliyə doğru nüansbanüans vəsf etməkdədir. Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində ("Azərbaycan qadını keçmişdə və indi", 1940, "Qadınlar müharibə illərində", 1942) Azərbaycan qadınlarının həyatı öz əksini tapıb. Azərbaycan kəndinin həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin mövzusudur ("Bizim qızlar", "Mənim bacılarım", "Doğma Vətənim", "Azərbaycan" və s. (1965-1975).
Kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərib və bədii əsərlərə illüstrasiyalar çəkib. Bir sıra xarici ölkələrdə olub, həmin ölkələrin həyatından silsilə qravüralar yaradıb. "Çexoslovakiyada", (1959-1960) əsəri bu silsilədəndir.
Sənətşünaslar qeyd edir ki, əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində təqdim edilib. Əzəmətli rəssamın fırça nümunələri İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s. ölkələrdə nümayiş etdirilib. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri göstərilib. Əsərləri Tretyakov Qalereyası (Moskva), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanır. "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf nişanı" ordeni, Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib.
2008-ci il mart ayının 16-da vəfat edən və Mərdəkan qəbiristanlığında torpağa tapşırılan rəssam uzun və mənalı ömür yaşayıb. M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən "Şöhrət" ordeninə layiq görülüb. O, Prezidentin fərdi təqaüdçüsü idi.
Onu da bildirək ki, "Maral Rəhmanzadə" kitabı nəşr edilib.
"Sərvət" albomlar silsiləsindən olan bu kitabda qadın rəssamlarımızdan biri olan Maral Rəhmanzadənin həyat və yaradıcılığı əks olunub.

Qadın mövzusuna ürək qızdıran rəssam...

Sənətşünaslar bildirir ki, qadın mövzusu Maral Rəhmanzadə yaradıcılığının bütün dövrləri üçün aktual olub. "Cəbhə rəfiqələri", "Qadın ansamblının çıxışı", "Haqsızlıq", "Köləlik simvolu" kimi əsərləri bu qəbildəndir.
Peşəkar rəssam olan, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikasının Xalq rəssamı, "Şöhrət" ordenli Maral Rəhmanzadə son dərəcə gözəl taleyə malik qadındır.

Vətəni sevən qadın...

Maral Rəhmanzadə yaradıcılığını incələyən sənətşünaslar bildirir ki, "Dəniz nefti" Maral Rəhmanzadə yaradıcılığında özünü işıqlı xətlə göstərir. Sənətşünasların bildirdiyinə görə, onu digərlərindən fərqləndirən cəhət mənzərələrdən ta qrafika, linoqravür, sulu boya, rəsm və portretlərinə qədər bütün işlərində tərənnüm etdiyi vətəninə olan hədsiz sevgisi idi.
O, əsrlərlə təkmilləşdirilən mövzulara yeni nüanslar gətirməklə təsviri incəsənətdə orijinal mövzular açan ilk və demək olar, yeganə qadın rəssam olmağı bacardı. Keçən əsrin ortalarında öz əsərlərində neftçilərin ağır əməyini əks etdirən birinci qadın rəssam da məhz Maral xanım oldu.
Görünür, onun taleyi Allah tərəfindən belə yazılıb. Neft qoxulu Bakının balası Maral xanımın uşaqlığı Xəzər sahilində keçib və bu üzdən də neftçilərin həyatını yaxından izləyə bilib. Sənətşünaslar vurğulayır ki, yaradıcılıq ruhu bu yerlərin hətta havasına belə "hopmuşdu". Onun atası mahir zərgər, nənəsi bütün ərazidə tanınan xalça ustası, əmisi isə daşüstü oymaçı idi (onun vurduğu naxışlar hələ də bir çox mərdəkanlıların evini bəzəyir). Beləliklə, incəsənətə sevgi Marala, necə deyərlər, genlə keçib.
O, uşaqlıqdan rəsmlə məşğul olurdu, 7-ci sinfi bitirən kimi isə Bakı İncəsənət Texnikumuna qəbul olundu. Texnikumu vaxtından əvvəl bitirən Maral bir neçə istedadlı tələbə ilə birlikdə Moskvaya, məşhur V.İ Surikov adına İncəsənət İnstitutuna göndərilib.

Bakı sevgisini Moskvada qurduğu karyeradan üstün tutan rəssam

Onun müəllimləri arasında Vladimir Favorski, Aleksey Kravçenko, Dmitriy Moor (Orlov) və bu kimi böyük qrafika ustaları vardı.
Maralın Azərbaycan qadınlarına həsr edilmiş ilk diplom işi Surikov məktəbinin rektoru, məşhur rəssam və sənətşünas İqor Qrabar tərəfindən hələ o vaxt yüksək qiymətləndirilib. Surikov İnstitutunun istedadlı məzununu Moskvanın bədii ədəbiyyat nəşriyyatlarından birinə böyük ümidverici kitab illüstratoru təyin etdilər, amma Maral gözlənilmədən uğurla başladığı karyerasını yarımçıq qoymaq qərarını verib Bakıya qayıtdı. Bundan az sonra Böyük Vətən Müharibəsi başladı və gənc rəssam istedadının bütün gücünü hərbi vətənpərvərlik mövzularına həsr etdi.
Müharibədən dərhal sonra isə bu zərif və nəcib xanım, özünün dediyi kimi, "dəniz nefti"nə qapılaraq yenidən hamını təəccübləndirdi. Təbii ki, o vaxt sənaye tematikası rəssamların çoxu üçün əsas mövzulardan idi. Sovetlər ölkəsində baş verən sənaye bumu-fabriklərin, zavodların, su elektrik stansiyalarının, dəmir yollarının və şəhərlərin yüksək templə inşası adi iş günlərinin ilhamverici romantikası ilə fərqlənirdi. İnsan əməyi valehedici idi və məhz bu, Maralın "Neft daşları"na getməyinə, yəni "partiya və hökumətin göstərişi ilə" deyil, öz ürəyinin çağırışı ilə qərar verməsinin əsas səbəbinə çevrildi.

Hər gün açıq dənizdə...

Maral Rəhmanzadə dənizin lap ortasında ucaldılmış bu qeyri-adi şəhərdə işləməyə qərar verən ilk qadın oldu. Oraya hətta bizim günlərdə, "dirəklər üzərində şəhərin" inkişaf etmiş şəhər tipli qəsəbəyə çevrildiyi zaman təkcə bir dəfə də olsun gedənlər bu qadının cəsarətinin və ruhunun əzəmətini anlaya bilər. Çünki şəhər öz dirəkləri üzərində nə qədər möhkəm "dursa" belə, təbii fəlakətin yaxınlığı hissi sizi bir dəqiqə də olsun tərk etmir. O zaman, keçən əsrin 50-ci illərində orada yaşamaq daha çətin idi, üstəlik, rəssam özü üçün heç bir güzəşt tələb etmir, neftçilərlə eyni şəraitdə yaşayırdı. Maral və neftçilər üçün sığınacaq rolunu... batırılmış gəmi oynayırdı! Ancaq belə olan halda o, bütün emosiya və hissləri dərk edə, çətinlikləri başa düşə və neftçi əməyinin qəhrəmanlığına valeh ola bilərdi.
Hər gün gənc rəssam işçilərlə birlikdə dənizə çıxır, onların əməyini saatlarla müşahidə edir və insan cəsarətinin təbii fəlakətə qarşı qəhrəmancasına qarşıdurmasının şahidi olurdu. O, sözün əsl mənasında, "dirəklər üzərində şəhər"in energetikasını "öz canına çəkir", neftçi peşəsinin məğzini başa düşməyə çalışır və onlar kimi "növbədən" sonra yorğun halda buruqlar meşəsi fonunda heyrətamiz qüruba göz dolusu baxırdı. Bəlkə məhz buna görə onun "Neft daşları"na həsr edilmiş saysız-hesabsız və ifadə texnikasına görə müxtəlif olan natura etüdləri, rəsmləri və iri formatlı akvarel mənzərələri belə səmimi, realistik və eyni zamanda şairanə alınıb.
1947-ci ildə 10 lövhədən ibarət "Neft" adlanan ton linoqravürləri seriyası yarandı. Rəssam "hekayəsinə" öz zəngin təbii nefti və qazı ilə məşhurlaşan qeyri-adi Abşeron torpaqlarından başlamağa qərar verdi. Seriyanın hər işində Maral Rəhmanzadə ardıcıllıqla Azərbaycanda neft hasilatının tarixçəsi haqqında danışır: torpağımızın zənginliyi və müqəddəsliyinin simvolu olan "Atəşpərəstlər" tablosundan başlayaraq texniki tərəqqinin inkişfını göstərən "Mancanaqlar" işinə qədər. Seriyanı "Tanker dənizə çıxır" dəniz mənzərəsi tamamlayır: ay və ulduz şəfəqi ilə işıqlandırılan gecə dənizində şəhərin işıqları əks olunub və gəmi üzür. Maral Rəhmanzadənin bütün işlərində sərt reallıq dərin şairanəliklə heyranedici ahəngdarlıq təşkil edir. Təbii fəlakətin gücü və gözəlliyinə heyranlıq insan cəsarəti qarşısında baş əyməklə əvəz olunur.
İlk baxışdan onun qadınlara çox da yaxın olmayan mövzuda işlədiyi tablolarda müəllifin şəxsi iştirakı hiss edilir və məhz bu onun işlərinə qəribə energetika əlavə edir. Bizə elə gəlir ki, yalnız belə geniş və dərin dünyagörüşünə malik xanım hər gün həddən artıq çətinliklərlə üz-üzə gələn, amma buna baxmayaraq, öz işlərini ürəkdən sevən neftçilərin emosiya və hisslərinin bütün qammasını hiss edə bilərdi. Təəccüblüdür, amma dənizin dərinliklərində ucalan buruqlar və uzaqlara gedən estakadalar onun işlərində tamamilə başqa bir həyat və haradasa müəmmalı və romantik görünüş əldə edir. Bu, sadəcə, neft mövzusunda işlənmiş bir seriya deyil-bu, "Neft daşları"ndakı bəzək-düzəksiz həyatı olduğu kimi, eyni zamanda təbiətə, insana və vətəninə olan hədsiz sevgini nümayiş etdirən bütov bir epopeya, filmdir.

"Yeddi gəmi adası", "Günəş şüası" hikmətini yaradan əllər...

Sənətşünaslar qeyd edir ki, Maral Rəhmanzadə bir-birinin ardınca tablolar yaradaraq özünü tamamilə yaradıcılığa həsr edir: "Neftin daşınması", "Neftçilər tankerdə", "Rezervuar parkı", "Yeddi gəmi adası", "Günəş şüaları" və başqaları. "Fırtınada" və "Ərzaq gətiriblər" kimi qrafik miniatürləri energetikası və romantikası ilə digər işlərindən fərqlənir.
Sənətşünasların yazdığına görə, baxana elə gəlir ki, budur, əsl kişilərə xas olan iş məhz belə olmalıdır-dənizi ram etmək və heç bir çətinlik qarşısında boyun əyməmək. Amma eyni zamanda bu işlərdə insanın və təbiətin vəhdəti hiss edilir, onlar, elə bil, təbiət mənzərəsi ilə qovuşur, bir tərəfdən onun hissəsinə çevrilir, digər tərəfdən isə onun görünüşünü və əhvalını dəyişir.
"Neft daşları"nda çoxsaylı ekspedisiyalarda uzunmüddətli fədakar zəhmətin nəticəsi çoxlu və müxtəlif texniki üsullarla ifadə edilmiş qrafik işlər oldu.
Əvvəlcə bu əsərlər Maral Rəhmanzadənin Bakıda daha iki ay uzadılmış şəxsi sərgisində göstərildi. Ondan sonra sərgi artıq rəssamın ailə üzvü sayıldığı və "həmişəlik qeydiyyata alındığı" "Neft daşları"nda davam etdi. Görənlər xatırlayırlar: bu, misilsiz bir uğur idi!
Rəy kitabını dəyişdirməyə güclə imkan tapılırdı - onlar minnətdar seyrçilər tərəfindən dərhal doldurulurdu.
Çox keçmədi ki, bu uğur Moskvada da davam etdi - Kuznetsk körpüsündə SSRİ Rəssamlar İttifaqının sərgi zalında. Orada Rəhmanzadənin 70-dən artıq rəsmi, sulu boya və linoqravür işləri sərgilənmişdi. Daha sonra o, müəllimi Favorski, habelə Nisski, Vereyski və digərləri ilə birlikdə Londonda sovet qrafikasına həsr olunmuş Kral Rəssamlıq Akademiyasının qalereyasında keçirilən sərgidə "Neft daşları"ndan bir neçə işini sərgilədi. Bu əsərlər, sadəcə, Britaniya qəzetlərinin sərgiyə həsr edilmiş nüsxələrində deyil, orada nəşr olunmuş kitabda da yüksək qiymətləndirilib. Kitabda müəllifə ayrıca bir məqalə həsr edilmişdi.
1957-ci ildə Moskvada onun "Bizim Xəzərdə" adlı albomu buraxılır və dərhal da biblioqrafik inciyə çevrilir. Bu alboma daxil olan işlərin çoxu hazırda Tretyakov Qalereyasında nümayiş etdirilir. Onların ən yaxşısı "Yeddi gəmi adası" adlı rəngli avtolinoqravürdür.
Maral Rəhmanzadə artıq dünyada yoxdur, amma onun əsərləri yaşayır, yaşadıqca da öz müəllifini yaşadır. Azərbaycan mədəniyyət tarixində böyük qadınlar çox olub. Bu sırada əsl qadın, gözəllik simvolu Maral Rəhmanzadənin yeri ayrıdır.

İradə SARIYEVA

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>