Qulam Məmmədlini xatırlayarkən
Bizi izləyin

Art

Qulam Məmmədlini xatırlayarkən

Azərbaycan Televiziyasının sifarişi ilə mətbuat fədaisi Qulam Məmmədli barədə veriliş hazırlayırdıq. Görüşümüz çətin baş tutdu. Qulam müəllim yataqda son günlərini yaşayırdı. Özü də dünya işığına həsrət qalmışdı. Heç vaxt dilinə gətirməsə də, mənalı, məzmunlu işıqlı bir ömür yaşamışdı. Həmsöhbət olduğumuz məqamda fasilələrlə, çətinliklə danışırdı. Dedi ki, “Əgər söylədiklərim nəyəsə yarayırsa, heç nəyi əsirgəyə bilmərəm - 90 ildən çox yaşamışam, xeyli yazıb-pozmuşam, amma hələ görəcəyim işlər çox idi. Nə deyim, ay oğul, taleyimə bu qədər yazılıb. Elə dahilər itirmişik ki...”

Bunu deyəndən sonra bir qədər kövrəldi. Mirzə Cəlili, Cəfər Cabbarlını, Üzeyir bəyi xatırladı. Maksim Qorki ilə məktublaşmasından danışdı. Titrək səslə: “O dahilərlə müqayisədə özümü çox kiçik adam sayıram” -dedi. Sonra öz həyat yolundan bəzi fraqmentləri xatırlatdı:

- Bakıya 1923-cü ildə gəldim. Məni “Kommunist” qəzetinin Aşqabad müxbiri Yaqub Nəsirli gətirdi. Yaqub dedi ki, əvvəlcə gedək Mirzə Cəlilin yanına. O zaman Mirzə Cəlil “Molla Nəsrəddin”dən əlavə “Yeni yol” qəzetinin də redaktoru idi. Yaqubla Mirzə Cəlil söhbət edirdilər. Birdən Mirzə Cəlil dedi:

-Bu cavan kimdir?

- Mürəttibdir.

- Bura niyə gəlib?

- Özünə iş axtarmağa.

- Tapıbmı?

- Xeyr.

Mirzə Cəlil telefonun dəstəyini götürüb kiminləsə danışdı:

- Mirzə Qədir, burada bir cavan oğlan var, göndərirəm yanına. Ona bir iş ver.

Mirzə Cəlilin köməyi ilə “Kommunist” mətbəəsində mürəttib işlədim. Bir müddət keçdi, gördülər ki, mətnləri təmiz yığıram, mənə ən ciddi materialları da etibar etdilər.

Qulam müəllimin güclü yaddaşı və hafizəsi vardı. Kimlərlə nə vaxt görüşdüyünü, hansı məsələlərdən danışdığını ardıcıllıqla xatırlaya bilirdi. Doğrusu, onun yaddaşına həsəd aparmaq olardı. Bəlkə də salnaməçi olması da iti yaddaşı və güclü hafizəsi ilə bağlı idi. Çox şeylərdən məlumat verirdi. Cəmi 4 il mollaxana təhsili görmüşdü, çətinliklə yazıb-pozmağı öyrənmişdi. Amma sonradan öz üzərində o qədər fədakarlıqla işləmişdi ki, onun ensiklopedik biliyinə həsəd aparırdılar. Yenə də öz dilindən eşitdiklərimizə üstünlük verək:

- İyirminci illərdən üzü bəri bütün böyük sənətkarlarla bu və ya digər dərəcədə bağlılığım olub. Cəfər Cabbarlı ilə yaxın dost olmuşuq. Üzeyir bəylə də tez-tez görüşmüşəm. Kazım Ziya, Rza Təhmasib, daha sonralar Rəsul Rza, Abbas Zamanov, Qılman İlkin ən yaxın dostlarım idi.

O zaman fəhlə müxbirləri tez-tez irəli çəkirdilər. 1929-cu ildə məni “Kommunist” qəzeti redaksiyasına ədəbi işçi götürdülər. Az sonra yaxşı işlədiyimi görüb məktublar şöbəsinin müdiri, sonra isə məsul katibliyə irəli çəkdilər. Bir gün Azərbaycan KP MK-nın katibi Ruhulla Axundov məni çağırıb dedi: “Qulam, sən vicdanlı, təmiz adamsan. Biz səni “Kəndli” qəzetinə redaktor göndərmək istəyirik. Düzdür, qəzet Sultan Məcid Əfəndiyevin (Azərbaycan SSR MİK sədri) redaktorluğu ilə çıxır, amma onun adı formaldır, qəzeti sən idarə edəcəksən”. İki il həmin qəzetdə redaktor müavini oldum. Doğrusu, kənd təsərrüfatı məsələlərindən o qədər də başım çıxmırdı. Amma qəzetdə işləyən əməkdaşlar mənə kömək edirdilər. Qəzet ancaq təsərrüfat məsələlərini deyil, mədəniyyət məsələlərini də işıqlandırırdı. Maksim Qorki ilə də məktublaşmam da elə bu qəzetdən başladı.

Qulam Məmmədli çalışdığı bütün sahələrdə eyni həvəslə fədakarlıq göstərirdi. Onu nümunə etalonu kimi tanıyırdılar. Güclü publisist, teatrşünas, salnaməçi... O qədər titulları vardı ki... Amma gördüyü işlərin heç biri ilə öyünməzdi. Elə söhbətimizdə də ən çox bir məqamı vurğulayırdı ki, onu bu işlərə təhrik edən qüvvənin adı zəhmətdir. “Mən burada heç bir sirr görmürəm. Yəni, mən ömrümü sərf etdiyim bu işə ləzzət və zövq mənbəyi kimi baxmışam. Bilmişəm ki, bütün bunlar məndən çox xalqıma lazımdır...”

Mətbuat fədaisi ömrünü xalqına əmanət, gördüyü dəyərli işləri isə zəmanət sayırdı. Bütün bunlarla fəxr edirdi. Fəxr edirdi ki, öz xalqının xidmətçisidir. Tariximizi, taleyimizi araşdıranda günlərlə müxtəlif mənbələri, arxiv materiallarını oxumalı və öyrənməli olurdu. Yenə də öz dediklərinə qayıdırıq:

- Elə olub ki, Moskvada, ya başqa bir şəhərdə kitabxanaya getmişəm, bir də ayılıb görmüşəm ki, kitabxanaçı əlini çiynimə vurub deyir: “A yoldaş, hamı gedib, bircə siz qalmısınız”.

Öyrənmək üçün sərf etdiyim vaxta, vədəyə görə heç vaxt heyfsilənməzdi Qulam Məmmədli. Ondan öyrənmək istəyənlərə də daim səxavət göstərərdi, bildiyini heç kəsdən əsirgəməzdi. Bəzən yol keçəndə də hörmətlə ona müraciət edib nəyisə soruşardılar. Belə məqamlarda da səmimiyyət göstərərdi, bildiklərini arxayın-arxayın izah edərdi. Onun ən çox məşğul olduğu sahə teatr tariximizin araşdırılması idi. Özü demişkən, ən məsul vəzifələrdə çalışsa da, qəzetçi və jurnalist kimi daha çox iş görmüşdü. “Kommunist” qəzetində şöbə müdiri, “Yeni yol” qəzetinin baş redaktoru, “Azərbaycan kolxozçusu” qəzetinin baş redaktoru kimi məsul vəzifələrdə çalışmışdı.

Qulam Məmmədli vəzifə və karyera üçün ciddi canfəşanlıq etməzdi. Ona işlədiyi kollektivdə zəhmətinə görə etimad göstərirdilər. Hansı sahəyə göndərirdilərsə peşəkarlığı, səriştəsiylə seçilirdi. Mirzə Cəlillə işlədiyi illəri ömrünün xoşbəxt anlarından sayırdı. Qulam müəllimin bir xoşbəxtliyi də onda idi ki, çox böyük yazarlarla, ədəbiyyatşünaslarla, sənət aləmində tanınan adamlarla ömrünün sonuna qədər dostluq etmişdir. Professor Abbas Zamanov onun ən etibarlı dostlarından biri kimi haqqında yazırdı: “Deyə bilərlər ki, faktları toplayıb bir-birinə calamaq çox da çətin iş deyildir. Yox, bu işin xüsusiyyətinə bələd olanlar bilirlər ki, salnamə elmi ədəbiyyatın ən çətin növüdür. Qulam bu salnamələri gərgin günlərin, yuxusuz gecələrin hesabına yaratmışdır. Bunun üçün o, Bakıda və Təbrizdə, Tbilisidə və Yerevanda, Moskvada və Leninqradda, Daşkənddə və Aşqabadda və bir çox başqa şəhərlərdə arxivlərin təkində uzun illər boyu axtarışlar aparmış, çalışıb-çapalamış, necə deyərlər, iynə ilə gor qazmalı olmuşdur”.

Doğurdan da, Qulam müəllim yazılarında “iynə ilə gor qazmaq” kimi çətin işin öhdəsindən gəlirdi. Arxivlərdə aylarla vaxt itirməkdən çəkinməzdi. Söhbət zamanı dedi ki, köhnə arxivlərin qoxusu və ağır havası olmasaydı, bəlkə də daha çox yaşayardı. “Amma gördüyüm işlərdən sona qədər zövq aldım. Ən böyük təsəllim odur ki, mənim araşdırmalarımın xalqımıza az-çox faydası var.”

Deyirlər ki, Qulam müəllim nəsihət verməyi o qədər də sevməzdi. Bunu biz də hiss etdik. Amma görüşüb ayrılanda bircə onu dedi ki, “Xalqa fayda verməkdən yorulmadım. Siz də bu yolda çətinlikdən qorxmayın”. Sonra Azərbaycan radiosunda işlədiyi illərdən danışdı. Dedi ki, xarici verilişlərin baş redaktoru olmuşam. Xalqımın xaricdə ləyaqətli təbliği üçün əlimdən gələni ərisgəməmişəm. İstəmişəm ki, bizim səsimiz dünyanın hər yerində aydın və səlist eşidilsin. Bu dil bütün dalğalarda yayılırsa, fəxr etməliyik, qürur duymalıyıq. Azərbaycan adlı məmləkəti hər birimiz tanıtmağa cəhd etməliyik.”

Ömrünün son aylarında dünya işığına həsrət qalsa da, özü nurlu bir insan kimi hər tərəfə şölə saçırdı Qulam müəllim. Onun zəkasının işığı illər ötsə də, daim gərəkli və faydalı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm