İsrailli konsertmeyster: "Qəbələyə turist kimi mütləq gələcəyəm"
Bizi izləyin

Art

İsrailli konsertmeyster: "Qəbələyə turist kimi mütləq gələcəyəm"

Musiqi festivalı çox gözəl yerdə və möhtəşəm keçirilir. Mən ikinci dəfədir ki, Qəbələ festivalında iştirak edirəm. Bura çox xoşuma gəlir və Qəbələyə turist kimi mütləq gələcəyəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edən İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Konservatoriyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman deyib. O, bu festivalın çox yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Bu günlərdə Qəbələyə toplaşan dünyanın məşhur musiqi xadimləri təqdim etdikləri konsertlərlə böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşadırlar. Bizi bura dostumuz, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonski dəvət edib. Bu festival haqqında əvvəllər az məlumatım var idi. Mən ötən il bu tədbirdə iştirak edərək Azərbaycandan xoş təəssüratla ayrılmışdım. Builki festivalda iştirakım üçün dəvəti böyük məmnuniyyətlə qəbul edərək bura gəldim. Hələ festivalın sonunadək burada bir neçə konsertdə iştirak edəcəyəm”.

O, festivalın bu qədər gözəl bir yerdə möhtəşəm təşkil edilməsinə görə zəhməti olan hər kəsə təşəkkür edib. “Mən burada məşhur pianoçu Fərhad Bədəlbəyli ilə birgə səhnəyə çıxdım və möhtəşəm kamera konserti verdik. Biz bacardığımızı etdik. İfamız tamaşaçıların o qədər xoşuna gəldi ki, onlar bizi ayaq üstə alqışladılar. Biz çox sevindik ki, musiqi bayramını izləyənlər üçün gözəl əhval-ruhiyyə bəxş edə bildik”,- deyə Janna Qandelman bildirib.

Bir çox beynəlxalq müsabiqələrin qalibi olan israilli musiqiçi müsahibəsində Qəbələnin çox xoşuna gəldiyini, boş vaxtlarında mənzərəli yerləri gəzdiyini söyləyib. “Xoş təəssüratlarla ölkəmizə qayıdacağam. Gələcəkdə konsertlə bağlı dəvət almasam da, Qəbələyə turist kimi mütləq gələcəyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm