Üzeyir Hacıbəyli öldürülübmü? – Düdənginskinin iddiası
Bizi izləyin

Art

Üzeyir Hacıbəyli öldürülübmü? – Düdənginskinin iddiası

Publika.az Teleqraf.com-a istinadla Milli Azərbaycan Legionunun komandanı Əbdürrəhman Fətəlibəyli Düdənginskinin bəstəkar Üzeyir Hacıbəyli haqqında yazısını təqdim edir:

Azərbaycan xalqının böyük oğlu

23 noyabr 1948-ci ildə Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy Hacıbəyli vəfat etdi. Təkcə Azərbaycanda deyil, bütün müsəlman dünyası üçün opera sənətini yaradan Üzeyir Hacıbəyli Azərbaycan Milli İstiqlal Hərəkatını yönəldənlər arasında idi. Azərbaycan qurtuluş hərəkatında Üzeyir bəy mühüm yer tutub.
Həm müəllimliyi, həm də qələmi ilə milli oyanışa böyük xidmət edən Üzeyir Hacıbəyli 1885-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. İlk təhsilini Şuşada aldıqdan sonra Qori müəllimlər seminariyasında oxuyub və 1904-də buradan məzun olub. Tükənməz zəhmətsevərliyi, sarsılmaz iradəsi, geniş dünyagörüşü və cəsarətli fikirləri ilə tanınmış Üzeyir bəy əsl şöhrətini musiqi sahəsində qazanıb və bütün türk-müsəlman tarixində şərəfli bir yer tutub.

Onun klassik sənətində yönəldici amil Vətən sevgisi olub. Bütün yaradıcı həyatını millətimizə həsr edən Üzeyir bəy millətimizin böyük və tükənməz qüdrətini və tarixi fəal rolunu öz musiqisində göstərib.
Azərbaycan xalq mahnılarını öyrənmək üçün böyük qeyrət sərf edən bəstəkarımız, qardaşı dəyərli bəstəkar Zülfüqar Hacıbəyli ilə birlikdə 300-ə qədər xalq mahnısı toplayıb.

Musiqi sənəti ilə paralel olaraq ictimai-siyasi fəaliyyətinə də davam edən Üzeyir Hacıbəyli, Versal Sülh Konfransı heyətinin üzvlüyünə təyin olunmuş qardaşı Ceyhun bəyin yerinə keçərək 1919-da müstəqil Azərbaycanın rəsmi qəzeti “Azərbaycan”ın redaktoru olub. Daima klassik opera üzərində çalışan və musiqi-dramatik sənətində yeniliklər axtaran bəstəkar 1908-dən, ta 1920-yə, yəni Azərbaycanın cəbrlə sovetləşdirilməsinə qədər, 10-a yaxın musiqi əsəri yazıb. Azərbaycanın ilk operası “Leyli və Məcnun” 1908-də Bakıda səhnəyə qoyulub. Bu ilk operanı bəstəkar kiçik qardaşı Ceyhun Hacıbəyli ilə birlikdə yazıb. Lakin bu həqiqəti bolşeviklər xalqımızdan gizlədirlər.

Böyük müvəffəqiyyətlər qazanan bu opera ilə Azərbaycan opera sənətinin və dolayısı ilə səhnəsinin təməli qurulub.

Bir az sonra bir-birinin arxası ilə “Şah Abbas”, “Əsli və Kərəm”, “Şeyx Sənan”, “Rüstəm və Söhrab” kimi operalar, “Ər və arvad”, “O olmasın bu olsun”, “Arşın mal alan” kimi məşhur operettalar yaradır.
Heyhat. Bu qaynar yaradıcı fəaliyyət birdən-birə kəsilir. Sovet istilasından ta 1938-ci ilə qədər bəstəkarımız susmağa məcbur olur. Sovet hökuməti öz “sosial ismarlamaları” ilə Üzeyir bəyi ağır yaradıcılıq böhranına məruz qoyur və musiqi fəaliyyətini davam etdirmək üçün bir açıq qapı da buraxmır. Şübhəsiz ki, sovetlərin ismarlamaları və əmrləri ilə Hacıbəyli yarada bilməzdi.

Bu susqunluq illərində Üzeyir bəy bütün gücünü gənc musiqiçilər yetişdirməyə sərf etdi, eyni zamanda Azərbaycan xalq musiqisini nota köçürdü. Azərbaycan Musiqi Məktəbinin direktorluğunu, Azərbaycan Dövlət Konservatoriyasının professorluğunu, sonra isə rektorluğunu, Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyini etdiyi bu illərdə Üzeyir bəy yüzlərlə musiqiçi yetişdirdi və müdhiş bir xor heyəti yaratdı.
Üzeyir bəyin bu susqunluq dövründə Azərbaycan musiqisi və xüsusilə opera sənəti olduqca gerilədi. Sovetlər dönəmin Maarif komissarı Mustafa Quliyevin əli ilə Üzeyir bəyin əsərlərini “Quba meydanı” kimi adlandıraraq səhnədən də çıxarmışdılar.

Azərbaycan sənətini çıxılmazlığa sürükləyən Sovetlər başqa yollara da baş vurdular. Bir neçə bəstəkar dəvət etdilər. Bunların arasından bəstəkar Qliyer sevimli bəstəkarımız Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasını çox fikirləşmədən və utanmadan “Şah Sənəm” operasına “çevirdi”.

Rus və başqa Avropa operalarından istifadə etmək istədilər. Bu səmərəsiz təcrübələrə çox vaxt və pul sərf etdikdən sonra sovetlər 18 il yaradıcılıqdan məhrum etdikləri Üzeyir Hacıbəyliyə həyasız üzlərini çevirməyə məcbur oldular.

Xalqımızın dərin və incə sevgisinə layiq olan Hacıbəyli ailəsinə Sovetlər əl uzada bilmədilər. Bu xalq sevgisini istismar niyyəti ilə sovetlər Üzeyir və Zülfüqar Hacıbəyliləri “sovetləşdirməyə”, bu gün milli istiqlal hərəkatımızı idarə edən Ceyhun Hacıbəylini isə xalqımıza tamamilə unutdurmağa qərar verdilər.

Bu “sovetləşdirmə” əməlini Kremlin öz köləsi Bağırovun əli ilə etdilər. Nəhayət, 18 illik susqunluqdan sonra 1938-ci ildə Üzeyir Hacıbəylinin “Koroğlu” operası meydana gəldi. Bu opera Azərbaycan sənətini sovet dalanından geniş bir yola sövq etdi və bütün türk-müsəlman musiqi sənətinə yeni bir istiqamət verdi. Bu operada başlıca qəhrəman millətimiz idi.

Xalqın hisslərini sömürməkdə mahir olan Sovetlər xalqımızın Hacıbəyli ailəsinə qarşı sevgisini və dərin şükran hisslərini sömürmək məqsədilə Üzeyir və Zülfüqar Hacıbəyliləri verdikləri bir çox ordenlərlə, vəzifə və ünvanlarla “sovetləşdirmişdir”.

Böyük bəstəkarımızı “sovetləşdirdikdən” sonra onun həyatda olmasına Kreml dözə bilməzdi. Ani, 25 noyabr 1948-ci ildə Moskva radiosu bütün dünyaya bu xəbəri yayımladı: “Uzun sürən ağır xəstəlik səbəbindən böyük bəstəkar Üzeyir Hacıbəyli vəfat etmişdir”.

Nə kimi xəstəlik? Necə olur ki, bu xəstəlik uzun davam edir? Vəfatından bir an əvvəl Üzeyir bəy Moskvada bəstəkarların toplantısında idi.

Eyni məchul şərait içərisində dəyərli bəstəkar Zülfüqar Hacıbəyli də vəfat etdi. Bu barədə “Bakinski raboçi” qəzeti 1 oktyabr 1950-ci ildə eynilə bu cür yazırdı: “30 sentyabrda uzun sürən ağır xəstəlikdən sonra Azərbaycanın qocaman bəstəkarı Zülfüqar Hacıbəyli vəfat etmişdir...”.

Sovetlərin amansız darlığında, hürriyyətsizlik üzündən böyük bəstəkarımız yaradıcılığının ən səmərəli dövründə qardaşı ilə birlikdə boğuldu.

Üzeyir bəyin əsərləri Sovetlər Birliyinə qatılmış bütün cümhuriyyətlərdə, xüsusilə də, türk və Qafqaz ölkələrində dərin təsir buraxmaqdadır. Rus dili ilə yanaşı bir çox Avropa dillərinə tərcümə edilib.

Üzeyir bəyin vəfatından sonra sovetlər bayağı mənfəətləri üçün onun adına muzey açmaq, anıt tikmək qərarı veriblər.

Sovetlər nə qədər çabalayır-çabalasın sənəti ilə ruhlara məhəbbət və etimad təlqin edən, Şərq musiqisinin seyrini dəyişdirmiş Azərbaycanın bu böyük fədakar və səmimi oğlunu, yaradılış xariqüladəsi Üzeyir Hacıbəylini nə Azərbaycandan, nə də türk-müsəlman tarixindən heç bir qüdrət ayıra bilməz.

P.S. Məqalə Münihdə Ceyhun Hacıbəylinin çap etdiyi “Azərbaycan” dərgisinin 1952-ci il oktyabr-dekabr sayında çap olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm