Kinematoqrafiya sahəsinə güzəştli kreditlər verilə bilər
Bizi izləyin

Art

Kinematoqrafiya sahəsinə güzəştli kreditlər verilə bilər

Azərbaycanda kinematoqrafiya sahəsinə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.

Azərbaycanda kinematoqrafiya sahəsinə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.

Publika.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında yeni "Kinematoqrafiya haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Hazırda qüvvədə olan qanunun 1998-ci ildə qəbul olunduğunu xatırladan R.Hüseynov bildirib ki, həmin vaxtdan sonra Azərbaycanın xeyli inkişaf etməsi yeni qanun layihəsinin hazırlanmasını zəruri edib. 12 fəsil, 40 maddədən ibarət olan yeni qanun layihəsində filmlərin istehsalı və yayımlanması, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətlər tənzimlənir.

R.Hüseynov əlavə edib ki, yeni layihəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən yayım müəssisələri üçün yayım zamanı milli efir vaxtının həcminin müəyyən edilməsi və tətbiqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək. Milli efir vaxtına riayət edilməsinə nəzarəti də məhz həmin orqan həyata keçirəcək.

Qanun layihəsinə əsasən, kinematoqrafiya sahəsində film komissiyaları da yaradılacaq. Kinematoqrafiya sahəsində film komissiyası Azərbaycanda audiovizual əsərlərin və filmlərin istehsalına dəstək göstərən publik hüquqi şəxs olacaq. Film komissiyaları öz fəaliyyətini "bir pəncərə" prinsipi əsasında quracaq və müraciət edən prodüserə audiovizual əsərlərin və filmlərin istehsalına xidmətlər təqdim edəcək.

R.Heseynov bildirib ki, Azərbaycanda milli filmlərin televiziya yayımı Azərbaycan dilində həyata keçirilməli, xarici filmlərin televiziya yayımına yalnız Azərbaycan dilinə dublyaj olunduqda icazə veriləcək.

Qanun layihəsində bu kimi məsələrin də əks olunduğunu deyən komitə sədri bildirib ki, yeni layihəyə əsasən, Azərbaycan ərazisində fəaliyyət gösətərən kinozallardan və kinoteatrlardan aztəminatlı əhalinin, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, müharibə iştirakçılarının güzəştli istifadə etmələrinə şərait yaradılacaq.

Layihədəki digər məsələləri də açıqlayan R.Hüseynov əlavə edib ki, milli film şəhadətnaməsi filmin yayım dövrünə qədər verilərsə, lakin film istehsalçısı filmin istehsalını 1 ildən artıq müddətə dayandırarsa və film yayıma verilməzsə, həmin şəhadətnamə müvafiq icra hakimiyyətinin qərarı ilə ləğv ediləcək və milli film istehsalçısına həmin filmlə əlaqədar verilən güzəştlər ləğv ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm