• USD 1,7000 +100,00% EUR 1,9288 +100,00%
    • GBP 2,2567 +100,00% RUB 0,0264 +100,00%

Elçin Şıxlı: “Hasarı qaldırmışam ki, qonşuları görməyim”- MÜSAHİBƏ

  • Art
  • 17 Noyabr 2016 22:56
  • 1 038 Baxış
Elçin Şıxlı: “Hasarı qaldırmışam ki, qonşuları görməyim”- MÜSAHİBƏ

Elçin Şıxlı. İsmayıl Şıxlının oğlu, qocaman publisist – qocaman deyib qocaltmaq istəmirəm onu, 59 yaşı var, sadəcə bu yazı-pozu işində, yazı-pozu içində saç ağardıb – 20 ildən çox əlində qəzeti olan, sonra qəzeti bağlanan, bir müddət kənarda dayanıb susan, yorğunluğunu çəkən, sonra da "paslanmağı, geridə qalmağı özünə rəva görməyən” adam.

Onunla bircə dəfə qarşı-qarşıya dayanmışıq, 5 il əvvəl. Diplom işi müdafiəsində rəhbərimiz idi. Mən diplom işimi müdafiə edirdim, o da gülümsəyirdi. Ümumiyyətlə, onu həmişə gülümsəyən görmüşəm; həyatda da, fotolarında da, yazılarında da. Onunla ikinci dəfə qarşı-qarşıya oturmaq, bu adamı daha yaxından tanımaq istədim. Bilmək istədim, onu nə kövrəldir, nə sevindirir, nə əsəbiləşdirir, nə incidir, nə yorur... O, necə sevir, nələri sevir? Kəsəsi, necə yaşayır?..

Üzündə həmişə təbəssüm gəzdirən bu adam ölən itindən danışanda gözləri doldu, danışa bilmədi. Mən də kövrəlmişdim, amma içimdə sevinirdim. Son yazısında yaponlardan “it olsa belə ona heykəl qoyan” millət deyə söz açıb içindəki təəssüfünü ifadə etmişdi. Gözlərini tutan bu yaşın özü sədaqətə qoyulan heykəl deyildimi?

Belə getsə, təkcə mən danışacam. Ancaq Elçin Şıxlını siz də tanıyın...

“BİR DƏ VAR İNSAN HİRSLİ OLUR...”

–Elçin müəllim, Edip Cansever bir şeirində deyir ki, “Ahmet abi, gülemiyorsun ya, gülmek bir halk gülüyorsa, gülmektir”. Sizin də gülüşünüzdən nəsə əksilib elə bil. Bu xalq gülmürmü deyə?

–Gülüş dediniz, yadıma bir əhvalat düşdü. 1984-cü ildə Avstriyanın folklor festivalına getmişdik. Mən tərcüməçi kimi getmişdim. Bizim folklor qrupuydu, mərhum müğənni Səxavət Məmmədov, bir sıra tanınmış musiqiçilər, rəqqaslar da ordaydı. Festival Vyanadan 45 dəqiqəlik məsafədə yerləşən balaca, orta əsrlərdən qalmış Krems şəhərindəydi. Ora da Bakıdan getmək mümkün deyildi, Moskvadan getmişdik. Sentyabrın axırları idi, Moskvaya gələndə yağış yağırdı. Qrupumuzda bir tarzən də vardı, çox baməzə adamıydı.

Avstriyada adamların üzündən təbəssüm əksik olmurdu. Sonra gəldik yenə Moskvaya düşdük. Boz hava, ruslar o yan-bu yana tələsir. Birdən o tarzən qayıtdı ki, sən Allah, bir bunlara baxın, sifətlərindən zəhrimar yağır. Amma orda hamı gülürdü.

Bilirsiniz, bu, cəmiyyətin daxili enerjisindən asılıdır. Hələ 84-cü il idi, onda bir o qədər problem yoxuydu. Amma SSRİ-də artıq problemlər yaranmağa başlamışdı. Yəni yemək barəsində... Əsas o idi, camaatın qarnı tox olanda kefdə olurdu. Brejnev öyrətmişdi də, əsas odu çörək olsun, çörək olanda mahnı da olacaq.

Üzündə təbəssüm olmaq hələ o demək deyil ki, problem yoxdu... Problem var. Amma cəmiyyətin özünün daxilindən gələn kefi, halıdır ki, bizim üzümüzdə əks olunur. Məsələn, Moskvadan Azərbaycana gələndən sonra bizdə təbəssüm çoxuydu, amma Moskvada o təbəssüm yoxuydu.

Son vaxtlar deyirlər ki, yazılarınızda sakitlik, dərd var. Söhbət dərddən getmir, daxili hissiyyatdan, ümumi ab-havadan gedir. Bu, o demək deyil ki, mən bədbinəm. Bədbinlik başqa şeydir. Bir də var insan hirsli olur. Acıqlı olanda təbəssümə yer qalmır. Məsələn, mən yerli telekanalları açanda səs qulağıma dəyən kimi əsəbiləşirəm.

–Bəs bütün bunların içində sizi nə güldürür, ürəyinizi nə açır?

–Ürək açan çox şey var. Nəvəmi görəndə, uşaqlar karıxıb evə gələndə ürəyim açılır. Böyük oğlum şəhərdə yaşayır, biz Şüvəlanda. Oğlunu götürüb gələndə deyir, ata, nətərsən? Deyirəm, atanı görəndə məndən salam söyləyərsən. Belə zarafatlarımız da var. Sonra dostlarımı görəndə üzüm gülür, nəsə öyrənəndə üzüm gülür. Maraqlı insanların əhatəsində gülümsəyirəm. Görürsən ki, adamlar bir-birini başa düşür.

Bir sovet filmi var, uşaqlara “Xoşbəxtlik nədir?” mövzusunda inşa yazdırırlar. İnşa bir neçə səhifə olmalıdı. Uşaqlardan biri bircə cümlə yazır: “Səni anlayırlarsa, demək, sən xoşbəxtsən”. Son zamanlar mənə ləzzət eləyən, güc verən bir şey var ki, əksəriyyət yazdığımızı başa düşür, reaksiya verir.

O gün İbrahim Nəbioğlunun yaşındaydıq, orda Araz Qurbanov yazımın içindən bir cümləni sitat gətirdi. Dedim, Araz, tutmusan o söhbəti? Dedi, onu tutmamaq olar? Yəni müxtəlif ifadələr var ki, başqasının onu başa düşdüyünü görəndə sevinirsən.

–Ümumiyyətlə, “Ayna”nın bərpası oxucular kimi bu dörd müəllifi də dirçəldib. Yəni biz belə hiss eləyirik, təbii ki, sosial şəbəkələrdən...

–Mən feysbuka bu ilin fevral ayında gəlmişəm. Qoşulmağımın əsas səbəbi də nədir? Bizim həmişə İbrahimlə mükalimələrimiz olurdu, soruşurdu, sən niyə feysbukda yoxsan ey? Deyirdim, əşi mənim nə işim var orda?

–Yəni qoca kişiyəm?..

–Yox, mənə elə gəlirdi ki, kiminlə ünsiyyətdə olmaq istəyirəmsə, o adamların səsini eşitməliyəm, yaxud zəng vurub görüşməliyəm. Təbii, bu, yenə olur. Amma məncə, mənə qəlbən yaxın insanları tapmışam. Yəni fiziki tanışlığım olmasa da, yazışmalar zamanı görürəm ki, biz xeyli gözəl insan var. Feysbuka da gəlməyimin səbəbi İbrahimin məni dümsükləməsi oldu. Bir də bilirdim ki, biz “Ayna”nı başlayacağıq, ona görə gəldim. Hətta bir dəfə yazını sayta qoyub 2 saat gözlədim, 10-12 nəfər oxudu, ya yox. Amma feysbukda paylaşandan sonra 7 mindən çox oxundu.

Arif Əliyevin neçə illərdir feysbukda səhifəsi var idi, amma işlətmirdi. Onu da döyə-döyə məcbur elədik ki, sən də gəlməlisən. Ən böyük feysbuk xəstəsi isə Qulu Məhərrəmlidir. Səhərdən-axşamacan əlində telefon... Hətta biz bir məclisdə olanda Qulu o qədər telefonla danışır, yazır ki, axırda telefonu əlindən alırıq. O, həmişə hərəkətdədir. Mən gün ərzində 2 yerə gedirəmsə, Qulu ən azı 12 yerə gedir. Kim zəng vurursa, deyir, darıxma, gələcəm. Deyirəm, Qulu, burdasan axı, necə gedəcəksən? Deyir çatdıracam, sənin nəyinə lazımdır?

Beləcə, sosial şəbəkəyə gəldim, yaxşı ki də gəldim. Düzdür, çalışıram mənə maraqlı olmayan şeylərə əhəmiyyət verməyim, amma ümumən baxıram. Feysbuk da asılılıq yaradır. O olmayanda mən informasiyanı müəyyən mənbələrdəm alırdımsa, indi o mənbələrə baxmağa ərinirəm. Səni arxasınca aparır.

–Demək olar ki, hər şey var da orda.

–Elə bil ki, var. Amma mən bir az qırağa çıxanda görürəm ki, o, hər şey deyil. Məsələn, mənim maraq dairəmdə olan iki məqam var. Biri heyvanlar aləmidir. Biri də mən harasa gedəndə adətən bir yol olur da, Bakı-Qazax yolu, Bakı-Şamaxı yolu, asfalt pisdi, yaxşıdı, onunla gedirik. Amma orda cığırlar olur, həmişə istəmişəm o yollardan birinə burulub gedim.

Off-road – yəni avtomobil idman növüdür. Bir-iki dəfə bizim kluba getmişəm, adama böyük həzz verir. Yəni tapdanmış cığırlardan qırağa çıxırsan, heç təsəvvür etmədiyin yerlərdə də görürsən yol var. Onda görürsən ki, Azərbaycanı heç də yaxşı tanımırsan, nə qədər yollar, yerlər, təpələr var.

–Əslində feysbuk da bir dünyadır, Azərbaycanın özüdür. Burda real həyatda görməyəcəyimiz qədər çox adam görüb tanıyırıq, ovqatlarından xəbərimiz olur. Bu mənada şəxsən mən hiss eləyirəm ki, Azərbaycan insanı gəncindən tutmuş yaşlısına kimi yorğun düşüb. Siz nə hiss eləyirsiniz bəs?

–Təxminən eyni şeyi hiss eləyirəm. Bir çox ölkələrdə sosial şəbəkə vasitəsilə camaatı inqilaba qaldırırlar. Bizdə deyəsən əksi baş verir, camaat ürəyini feysbukda boşaldır və yenə də balaca yuvasına qapanır. Demirəm ki, sosial şəbəkə nəsə inqilab eləməlidir. Yeni texnologiyaların yaxşı tərəfi nədir? Tutalım, mən əsgərlikdə olanda həftələrlə məktub gözləyirdim. Almaniyadaydım, məktub gec gəlib çatırdı. Ordakı dostlarımdan birini internet vasitəsilə tapa bilmişəm.

Qabaqlar məktub üzərində hətta romanlar da qurulurdu. Sosial şəbəkədə uzun statusları oxumağa hövsələm çatmır. Amma kitabı, elə məktubun özünü həsrətlə gözləyirdim, əlim əsə-əsə oxuyurdum. Yenə də sosial şəbəkəyə insanların həyat tərzinə çevrilib, hamının əlində telefon var.

“UŞAQ VAXTI TISBAĞA DA SAXLAMIŞAM”

–Elçin müəllim, niyəsə mənə elə gəlir ki, sizin ürəyinizdə adamlarla yanaşı, başqa canlı və cansız varlıqların da bir doğma, oturuşmuş yeri var. Məsələn, itlərin, tut ağacının, köhnə radionuzun... Ağırlıq eləmir ki?

–Yox. Bayaq içəri girdim, pərdə bağlıydı. Amma mən heç vaxt onu bağlı qoymuram, daxilimdə xoşuma gəlmədi ki, bunu kim bağlayıb? Sadəcə, insan özü üçün bir şərait yaradır, bilir ki, bu burda olsa yaxşıdır. Ümumiyyətlə, canlıları çox xoşlayıram. 20 ildən artıq it saxlamışam. Danışmağa başlasam, böyük macəra kitabı yazılar. Onların balacalığını da görmüşəm, gözümün qabağında öldüyünü də görmüşəm, dəhşət ağırdır.

Uşaq vaxtı tısbağa saxlamışam. Rəhmətlik anam deyərdi, hər dəfə məktəbdən gələndə paltonun yaxasına qorxa-qorxa baxıram ki, bu dəqiqə ordan bir quş, ya nəsə çıxacaq. Məktəbdə oxuyanda ikicə dənə fəxri fərmanım olub, o da zoologiyadan. Məhlədə nə qədər yiyəsiz it varsa, yığışıb onlara yemək verirdik, bəsləyib böyüdürdük. Müəyyən şeylər var ki, onların yanından ötüb keçirsən, amma hardasa insanın beynində yığılıb qalır. Birdən-birə yadına düşür: radio, hansısa pəncərə, işıq...

–Yazılarınızda adi məqamları, məsələn, gödəkçəni geyib qapıdan çıxmağı elə ağır-ağır, sevə-sevə təsvir edirsiniz ki... Yaşayanda da həmin anı o cür yaşayırsınız, yoxsa yazının ovqatına düşüb yazırsınız?

–Təbii, o qədər geyinib-soyunursan ki, hər dəfə ona fikir vermirsən. Hadisəni təsvir eləmək istəyəndə hamısı bir-bir yada düşür.

–Elçin müəllim, keçən dəfə Qulu Məhərrəmliylə söhbətdə deyir ki, tez-tez dostlarla görüşürük, görüşəndə də elə söhbətlər edirik ki, görən deyər bunlar nə yaxşı adamlardı. Azərbaycanın necə işıqlı gələcəyə çıxmasından-filan danışırlar. Amma yəqin ki, söhbətinizin mövzusu təkcə bu olmur...

–Adətən, bir-birimizi görəndə sevinirik. Doğrudan da, bir neçə adam var ki, onlarla görüşməyəndə çox ağır olur. Görüşəndə ürəyimizdəkiləri tökürük, çox şeyi müzakirə edirik. Uşaqların problemləri, hava niyə belə oldu, bu niyə baş verdi... Axırı gəlir yenə siz dediyiniz mövzuya çıxır. Çünki biz nəticədən danışa-danışa gəlib səbəbə çıxırıq. Onda gülməyə yer də qalmır. Biz həm özümüzün, həm də yanımızdakıların yaxşılığını istəyirik. Hərə öz yaxınını düşünsə, onda bu qədər problem olmaz.

–Hərdən yaradıcı adamlardan eşidirik ki, onların dünyası, maraq dairəsi həyat yoldaşları ilə uyğun gəlmir. Evin içində danışmağa, ürəklərini boşaltmağa adam tapmırlar. Bu mənada sizin bəxtiniz gətirib, yoxsa o həmdəmi evin çölündə axtarırsınız?

–Rahatca hər şeyi bölüşürəm. Bölüşə bilməsəm, yaşamaq çətin olardı. Çünki gənc olanda müəyyən hisslər olur, amma illər ötdükcə –32 ildir evliyik – yanındakı adam sənin dostun olur. Sevgili hissləri o qatların altında qalır. Sizi inandırım, yoldaşım YOLDAŞIM olmasaydı, mən qəzetin bağlanmasını sinirə bilməzdim. Çünki böyük ağırlığı o, hələ də çiynində daşıyır. Bircə dəfə də mənə demədi ki, əcəb oldu, mən sənə demişdim... Olmadı. Sadəcə, arada deyir ki, bir az da uşaqları fikirləş. Uşaqların işində mənə, mənim oğlum olduqlarına görə çətinlik olub. İnsanlar çox qəribədi. Özünə yaxın bilmədiyin insan müəyyən məqamda sənə salam verməkdən çəkinmir, amma çox yaxın olan adam ilim-ilim itir. Bu baxımdan mənim bəxtim gətirib. Yoldaşım o ağır məqamda mənə “gül”dən ağır söz demədi.

–Bu 32 ildə ortaq məxrəcə gəlmədiyiniz məqam oldumu?

–Hə, o, çay xoşlamır, mən çay içənəm. Deyəndə ki, ay Seva, çay ver. Deyir, bəsdi də, nə qədər çay içərlər? Orda kofe var, su var...

– Başqa nə üstündə sözünüz düşür?

–Uşaqların üstündə olur. Ya mən 20 ildir it saxlayıram, ad olur ki, mən saxlayıram. Amma əziyyətini o çəkir. Onunla hələ nişanlı olanda 50 metrdən pişik görəndə halı xarab olurdu. Amma indi qoyun itini görəndə qucaqlayır. Yəni mənə olan istəyindən o itləri də qəbul edir. Özü də mən xırda it xoşlamıram.

–Sizdə də xanımınıza görə dəyişən nəsə varmı?

–Yəqin var, amma köklü yox. Qadınlar daha fədakar olur. Qadının fədakarlığı, kişini anlaması olmasa, ocaq sönər. Ocağın qoruyucu qadındır.

–32 ildə olubmu, başqa bir qadına vurulduğunuzu hiss edəsiniz, amma deyəsiniz ki, dayan, neyləyirsən sən...

–Təbii, elə şeylər həmişə olur. Yenə xanımıma qayıdıram... Bir ailəvi dostumuz var, şit zarafatları xoşlayır. Həyətdə dayanmışdıq, cavan və gözəl bir gəlin keçirdi. Yoldaşım da arxası mənə dayanmışdı. Bu dostumuz da xanımı görüb gözüylə mənə işarə elədi, mən də baxdım. O saat qayıtdı ki, Seva, buna bax, sən burda ola-ola, qadına baxır. Yoldaşım da dedi ki, vallah, Elçin ona fikir verməsəydi, mən təlaşlanardım. Fikir verirsə, hələ hər şey yaxşıdır.

“İNTİHAR ELƏSƏM, DƏNİZDƏ ÜZÜB GEDƏRƏM”

–Maraqlıdır, əlinizdən yazı yazmaqdan başqa nə gəlir?

–Sözün doğrusu, heç nə... Yazmaqdan başqa heç nə bacarmıram.

–Yazı adamı olmasaydınız...

–Aktyor olardım. Bir ara həvəsim varıydı, amma başa düşdüm ki, Azərbaycanda bunun üçün mən istədiyim şərait yoxdur. Nəsə, alınmadı. Kino aktyoru olmaq istərdim. Əslində, teatrdan keçməsən, kinoda heç nəsən.

–Siz deyəndən sonra beynimdə canlandı, əslində, bu simanı kinomuzda görmək yaxşı olardı.

–Bilirsiz, mənim böyük xalam o vaxtkı Radio-Televiziya Komitəsində işləyirdi. O zamanlar tamaşalar canlı gedirdi. Kuba inqilabının rəhbəri haqqında bir tamaşa verilirdi. Onda 6 yaşım vardı, onun kiçik oğlu rolunu mən oynayırdım. Guya qardaşımın pul kisəsi cibindən düşməliydi, mən də onu yerə saldığını deməliydim. Tamaşa gedən vaxt pul kisəsi düşmədi. Mən də ətəyindən yapışıb dartıram ki, bu pul niyə düşmədi. O da özünü itirmədi, dedi, əşi düşmədi-düşmədi də, gəl gedək...

Firəngiz Şərifova Gənc Tamaşaçılar Teatrının aktrisasıydı. O ana rolundaydı, inqilabçılardan kimisə tutanda məni qucaqlayıb ağlayırdı. Mən də qayıtdım ki, burax məni, boğuldum (gülür)...

– Boğulmaq demişkən, qalstuk taxan deyilsiniz, deyəsən...

–Qalstuk taxanlar qalstuklarını açanda mən taxacam.

–Bizdə dəbdir axı, qalstukla ziyalı, nüfuzlu kişi görünüşü yaratmaq...

–Adam kolxoz sədrinə oxşayır onda... Müəyyən yerlər var ki, protokol xatirinə məcbur taxmalısan. Mən də qabaqlar taxmışam. Amma mənə gəlir ki, boğuluram onda.

–Mənəvi azadlığımız da boğulur bu gün. Sanki adamlar bir-birinin yaşamasına kömək eləmək əvəzinə, mane olur. Bu mənada sizi incidən nəsə var?

–Mənə konkret mane olan nəsə yoxdur. Azadlıq bilirsiz nədir? Məsələn, Arif Yalamayla bağlı materialı hazırlamamışdan əvvəl mindik maşına, gedib oraları gəzdik. Mənə nə ləzzət elədi? Məndə balaca CİP-dir, yola çox çıxmışıq. Bir cığır görürdüm, deyirdim, Arif, gedək. Getdik. Maşını saxlayaq, təpəyə qalxaq. Qalxdıq. Mənimçün azadlıq budur, istədiyimi eləyə, deyə bilirəm.

20 il bundan əvvəliydi. Bakı bağlarında ənənədir, darvaza göy rənglə boyanmalıdır. Hər yerdə darvazalar göy idi. Biz darvazımızı boz rəngə boyadıq. Rus qonşumuz dedi, bəs olmaz, siz niyə göy rənglə boyamamasız darvazanı? Yoldaşım dedi, boz olacaq, indi hamı boz rəngdədir. Yəni heç kimlə işim yoxdur, istədiyimi eləyirəm. Dəlilik dərəcəsinə çatmayana qədər... Mən dəlisovluğu xoşlamıram. Kimisə incitmədən düşündüyümü edə bilirəmsə, mütləq eləyirəm.

–Ətrafınızdakı dostlarınız bəllidir, bəs qonşuluqda sözünüzün tutduğu, dərdləşə biləcəyiniz adam varmı?

–Təəssüf, yoxdur. Hasarı da qaldırmışam, heç kimi görmək də istəmirəm. Sadəcə salamlaşırıq, bir az başqa zümrənin adamlarıdır. Şəhər evimiz atamgilin eviydi. Orda yaşayan adamlar onların nəsliydi. Onda dövr başqaydı. Həmişə kimsə kiminsə evindəydi. O vaxtlar indiki kimi zəng vurub, “evdəsənmi, gəlmək olarmı?” demirdilər. Hərçənd mən onun tərəfdarıyam...

Qabaq elə deyildi, qapı döyülürdü, heç kim də heç nəyə etiraz eləmirdi. Bir dəfə lift işləmirdi, üstdəki qonşuya qonaq gəlirdi. Səhvən bizə gəlmişdi. Anam da görüb ki, adam pilləkənləri çıxmaqdan təntiyib, deyib gəl bir stəkan çay iç, sonra qalxarsan.

–İndi hamı bir-birindən qorxur elə bil. Qapı döyüləndə 5 dəfə soruşuruq ki, kimdir?

– Zəmanədəniydi, ya nə, anamda elə şey yox idi. Atam rəhmətə getmişdi, biz də işdə-gücdə. Deyirdim, ay mama, tanımadığın adam olanda qapını açma. Amma açırdı. İt olandan sonra rahatıydım. Anamsa deyirdi, ay bala, kimsə gəlib sizi soruşurdu, dedim qapını açsam, it yeyər sizi. Doğrudan da, açsa, yeyərdi. Ərazisini müdafiə eləyirdi... Zəng vuranda da, mama, neyləyirsən, deyirdi hara gedirəm, Alan da düşür dalımca. Çox qəribədir, anam rəhmətə gedəndə rayondaydıq, tez qayıtdıq. Evə adam gəlib-gedirdi, anam olan otaqda saxladıq Alanı.

Bu it ömründə evdə heç nəyi gəmirməyib, dağıtmayıb. Amma anamın üstünə Quran qoymuşduq. Özü də anam rəhmətə getməzdən bir həftə sistem köçürülüb yatırdı, it də anamın yanında. İynəni çıxaranda əlinin yara olan yerini yalamağa başlayırdı. Nədənsə o it Quranın hər iki tərəfdən qabığını yemişdi. İçinə toxunmamışdı, üzünü yemişdi...

–Yazınızda dediyiniz kimi, o itə də heykəl qoymaq lazımdır.

–O it 14 il bizimlə yaşadı. İndi də danışanda birtəhər oluram. Öləndə həyətdə basdırmaq istədik, alınmadı. Uşaqlar dirənmişdi ki, ata, Alana bir büst qoyaq. Onunla bağlı çox xatirələrimiz olub... (Kövrəlir).

“MAĞAZADAN ANCAQ SU ALIRAM”

–Kənardan sakit, təmkinli insan təsiri bağışlayırsınız, amma bilə bilmərik ki, içinizdə nə təlatümlər, üsyanlar olur. İntihar etmək istəmisiniz heç?

–Yox. Cavanlıqda nakam məhəbbətə görə hərdən ağlımdan keçib, amma elə ciddi bir şey olmayıb.

–Demək də bir az pis çıxır... Bəs etmək istəsəniz, hansı intihar növünü seçərdiniz?

–İndinin özündə də intihar eləsəm, dənizdə üzüb gedərəm. Üzməyi çox xoşlayıram. Batanacan üzərəm. Hərəkətdə ola-ola getmək böyük şeydir.

–Elçin müəllim, bir qazaxlı kimi yeyib-içməklə aranız necədir?

–Necə olacaq, yaxşı... (Gülür).

–Ən çox hansı yeməyi sevirsiniz?

–Həmişə uşaqlar toyuq çığırtması-filan sifariş edir. Deyirlər, Elçin, darıxma, mütləq kabab da olacaq. Ət xoşlayanam mən. Təbii ki, mövsümü olanda qurudlu xəngəlsiz keçmir.

Atam elə yeyib-eləyən deyildi. İçkiylə də arası yoxuydu. Hər halda mən gördüyüm 25-30 ildə içmirdi. Deyirdi ki, ay bala, onsuz da bilirəm ki, hardasa uşaqlarla içib-eləyəcəksiz, gəlin gözümün qabağında nə edirsiniz-edin. Məclis olanda gəlib sağlıq deyirdi, sonra gedirdi.

–Bizdə hər kişi mətbəxə girmir, amma girəndə xarüqələr yaradır. Sizin belə işiniz var?

–Yox, heç bacarmıram.

–Ümumiyyətlə, məişət işlərində xanımınıza kömək eləmirsiniz heç?

–Məişət işlərində mənim köməyim dükana gedəndə maşın sürmək olur. Onda da yoldaşım deyir, gəlmə. Bax dalaşmaq imkanımız olan yer ancaq dükan ola bilər. O qadındır, ora baxır, bura baxır. Amma mən su alıb çıxıram. Həm də mən alveri bacarmıram. Yoldaşımın bir tərəfi şəkilidir, qanında var onun. Nəyi hardan, necə almağı bilir.

Dünyanın düz vaxtında İspaniyaya getmişdik, o dükana filan girirdi, mənə deyirdi get otur bir kafedə, bağda. İki saatdan sonra gələrsən. Bir dəfə də ailəvi dostlarla Barselonaya getmişdik, hamı döşəndi dükanlara, mənim də xasiyyətimi bilirlər. Yoldaşım öz cibindən 26 avroya mənə tur bileti aldı, iki üzümdən öpdü, dedi get, axşam görüşərik.

–Belə başa düşdüm ki, geyim məsələsində həssas deyilsiniz. Yəni rahat bir şey olsun, geyinim, vəssalam.

–Soruşsanız, heç ölçümü bilmirəm. Üst-başı yoldaşım alır mənə. O olmasa, tamam biabır olaram.

–Görün nə qədər məsələdə ağırlığınızı çəkir...

–O məsələdə bilmirəm bəxti gətirməkdir, ya necə, dayaqdır mənə. İndi də uşaqların problemi yaranır. Oğlumun böyüyü evləndi, boşanası oldu. İkinci də deyir ki, ana, sən çox pis nümunəsən bizim üçün, sənin kimi qız tapa bilməyəcəyik. Deyir, sən dostsan...

–Amma onun da bəxti gətirib ki, siz də fədakarlığını, zəhmətini qiymətləndirirsiniz.

–Bizdə mühit bir az başqa cürdür. Uşaqlıqdan bir-birimizi tanıyırıq. Nənələrimiz qohumuydu. Valideynlərimiz də dostuydular. Evlənmək fikri olanda atam məni qırağa çəkib dedi ki, Sevinclə münasibətləriniz ciddidirsə, evlənin. Amma Elxanla məni düşmən eləyəcəksənsə, səni evdən qovaram. Dedim, yox ciddidir.

–Elçin müəllim, yəqin məclislərdə çox olursunuz. Ənənəvi Elçin Şıxlı tostu varmı?

–Mən heç tost deməyi bacarmıram. Müəyyən məqamda ürəyində nəsə gəlir, qalxıb onu demək istəyirsən. Toyda tost deməyə çağırırlar, ən zəhləm gedən şeydir. Onda da çıxıb uzun-uzadı ağlamalı tost demişəm. Yoldaşım deyir, qurban olum, çıx denən Allah xoşbəxt eləsin, mübarəkdir. Artıq heç nə demə, camaat qırılıb-batdı.

–Bəs dost məclislərində dediyiniz sağlıqlar?

–Bir-birimizi tərifləməkdən xoşum gəlmir. Deyirəm, Arif, sağ ol. Bunu deyəndə onun gözünün içinə baxıram, o başa düşür ki, hər şeyi deyirəm. Dar dairədə oturanda əbədi tamadamız Qulu müəllimdir.

–Ən çox hansı içkini sevirsiniz?

–Arağı. Bilirsiz nəyə görə? Kişi kimi içkidir. O elə şeydir ki, onunla ya bacarırsan, ya da yox.

–Məclislərdə axıra kimi içirsiniz, yoxsa “ta bəsdir” məqamı olur?

–O barədə tormoz çətindir. Amma elə məclis olur ki, heç içmirəm. Öz istədiklərim olanda bilirəm ki, bir-birimizi başa düşəcəyik, artıq söhbət olmayacaq.

–Danışdıqlarınıza əsasən təsəvvür eləyə bilmirəm ki, siz rəqs edirsiniz...

–Rəqs eləməyi də xoşlamıram. Bircə xoşladığım əsl “Ruhani”yə oynamaqdır. Atam da bircə ona oynayardı. Amma o xoşladığına görə deyil, sadəcə sümüyümə düşür.

–Bəs nəyi dinləməkdən zövq alırsınız?

–Yaxşı musiqini. Bu, caz da ola bilər, pop da. Muğamatı başa düşə bilmirəm. Mənim canıma işləmir, çatmır mənə. Simfoniya da onun kimi. Sazın səsi gələndə yerimdə dura bilmirəm. Özümdən asılı deyil, qanda, damardadır. Bir də mühitdən, kefindən asılı olur.

–Ata kimi çox əziyyət çəkmisiniz?

–Yox, adi, normal uşaqlar olublar. Elə bir problem yaratmayıblar. Məktəbə gediblər, dərslərini oxuyublar, universitetə qəbul olublar, karateyə gediblər. Özlərindən əmin uşaqlardılar.

–Heç qızınız olsun istəmisiniz?

–Elə xüsusi arzum olmayıb. Yalandan deyim ki, qız uşağı üçün ürəyim gedib, yox. Qayınatam məsələn, deyirdi ki, qızım olanda bir həftə dərdimdən içmişdim. Amma qızımın gözlərini görəndən sonra hər şey dəyişdi. Qızını çox istəyirdi.

–Bu sualı verməsəm, olmayacaq. Düzdür, başqa dostlarınız da var, amma İbrahim Nəbioğluya elə dostluq edirsiniz ki, elə bil həyatda hələ heç bir badalaq, xəyanət görməyən, məhlədə futbol oynayan 10-12 yaşlı oğlan uşaqlarının dostluğudur. Hardandı bu sevgi, necə qoruyursunuz onu?

–Daxildən gələn bir şeydir. Mən dostluqda çox xəyanət görmüşəm, həddindən artıq... Bir yerdə böyüdüyüm adamlar mənə elə xəyanətlər ediblər ki... Tam arxayın olduğum adamlar elə şeylər eləyiblər ki, nə bilim, nə isə... İbrahimlə isə dünyaya eyni cür baxırıq. Təbii ki, müəyyən çalarlar var. Bir-birimizlə ünsiyyətdə olmaq maraqlıdır. O, həddindən artıq mütaliəli adamdır, dəhşət... Səhərdən-axşamacan oxuyur. Mənim oxumağım onun yanında heç nədir. Mən yazını 3-4 günə yazıramsa, o 1 aya yazır. Onu oxuyur, bunu tapır. Özü də əliylə yazır, sonra köçürür.

–Sizə vətəndən uzaqda yaşamaq çətin olar, deyəsən...

–Çətin olmasaydı, yəqin ki, çoxdan çıxıb gedərdim. Mən gəzməyi xoşlayıram. Soruşsalar ki, harda yaşamaq istəyərdin, Almaniya deyərdim, sonra da Avstriya. Amma daha rahat Türkiyədə yaşamaq olardı, indi orda da mümkün deyil. Gözəl yer İspaniyadır. Orda hamının üzü gülür, hamı bir-birinə yol verir. Bax belə... (teleqraf.com)

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
loading...