“Kaspi” yeni layihəsini təqdim etdi - - FOTOLAR
Bizi izləyin

Art

“Kaspi” yeni layihəsini təqdim etdi - - FOTOLAR

“Kaspi” maarifçilik meydanı” kitabının təqdimatı keçirilib.

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Artkaspi.az adlı ədəbi-mədəni saytın və “Kaspi” maarifçilik meydanı” kitabının təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Mirzə Fətəli Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli, digər ziyalı və ictimai xadimlər iştirak ediblər.

“Kaspi” qəzetinin Azərbaycan üçün əhəmiyyətindən danışan Əflatun Amaşov tarixə nəzər salıb. O bildirib ki, “Kaspi” 1897-ci ildən sonra, çap olunduğu dövr ərzində Azərbaycançılıq ideyasının yayılmasında mühüm rol oynayıb: “Qəzetdə həm iqtisadi, həm siyasi, həm də mədəniyyət xəbərləri dərc olunurdu. Bu gün “Kaspi.az” saytı da həmin ənənəni davam etdirir”.

“Kaspi” maarifçilik meydanı” kitabı haqqında məlumat verən Sona Vəliyeva bildirib ki, kitabda dərc olunan materiallar vaxtilə “Kaspi” qəzetində yer alıb: “Kitabda haqlarında danışılan tarixi şəxsiyyətlər maarifçilik ideyasını irəli sürüb, milli şüurun oyanmasında, milli azadlıq hərəkatının formalaşmasında mühüm rol oynayıb, Xalq Cümhuriyyətinin qurulmasına qədər cəsarətli bir yol keçib. Əgər Çar Rusiyası qəzetin çapına icazə verəndə bilsəydi ki, maarifpərvər şəxs tərəfindən alınacaq, Həsən bəy Zərdabi dolayı yolla redaktorluq edəcək, Azərbaycan mətbuatına yenidən ağsaqqallıq edəcək, buna icazə verməzdi.

Kitabda Hacı Zeynalabdin Tağıyev haqda geniş material var. Onun maarifçilərin sırasına aid edilməsinə hətta təəccüblənənlər də oldu. Bunu da cəsarət biz etdik. Bu gün Tağıyev adını ziyalı qoyan çoxlarından yüksəkdə dayanır”.

“Kaspi”qəzetinin qoyduğu ənənələrin bu gün də davam etdiyini vurğulayan Kərim Tahirov kitaba daxil olan materialları yüksək qiymətləndirib: “Bu arxiv materialları təkcə Azərbaycan xalqı üçün yox, Azərbaycanla maraqlanan bütün mütəxəssislərin ən çox müraciət etdiyi mənbə olacaq”.

Cahangir Məmmədlinin sözlərinə görə, həm “Kaspi” qəzeti, həm də “Kaspi” Təhsil Mərkəzi bir məktəb formalaşdırıb: “Bu məktəb klassikaya sevgi və məhəbbəti tərünnüm edir”.

“Kaspi” qəzetinin redaktoru İlham Quliyev “Kaspi”ni 3 əsrin qəzeti adlandırıb: “Araşdırmalarımızdan məlum oldu ki, Avropa ölkələrinin birində qəzetin arxivi saxlanılır. Əlaqələrimizi işə saldıq. Məlum oldu ki, Hollandiyada Cek Linson nəşriyyatının onlayn mənbəyində “Kaspi”nin elektron variant saxlanılır.

Danışıqlar apardıqdan sonra qiymətli mənbəni ölkəmizə gətirmək üçün razılıq əldə etdik. Qərara gəldik ki, həmin arxivi PDF varianta salıb onlayn mənbədə yerləşdirək. Həmin arxiv artıq “Kaspi.az” saytına qoyulub”.

Tədbirdə həmçinin xalq yazıçısı İsa Hüseynovun həyat və yaradıcılığına həsr olunan ədəbiyyat əlavəsinin xüsusi sayı təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm