Zövqsüzlər zövqümüzü necə formalaşdırır, yaxud zombiləşən azərbaycanlılar
Bizi izləyin

Art

Zövqsüzlər zövqümüzü necə formalaşdırır, yaxud zombiləşən azərbaycanlılar

Zövqsüzlər zövqümüzü necə formalaşdırır, yaxud zombiləşən azərbaycanlılar

Hazırda nitq mədəniyyətinin aşağı səviyyəyə düşməsi xüsusilə gənclər arasında müşahidə olunur. Ünsiyyət zamanı anlaşılmaz cümlə quruluşu, sözlərin səhv tələffüzü, xarici sözlərdən səmərəsiz istifadə və bütövlükdə dilin ifadə imkanlarından düzgün şəkildə faydalanmamaq şifahi nitqdə daha çox nəzərə çarpır ki, bu da cəmiyyətimizdə çox aktualdır.

Bu problemlər müxtəlif amillərin təsiri nəticəsində baş verir. Məlum olduğu kimi, nitq mədəniyyətinin inkişafına kütləvi informasiya vasitələrinin təsir böyükdür. Hər bir insan hər gün qəzet, jurnal və saytlarda təqdim olunmuş mətnləri oxuyur, yaxud televiziya və radioda səslənən nitqin təsirinə məruz qalır. Buraya radio və televiziya ekranlarından hər gün mütəmadi olaraq eşitdiyimiz müasir və populyar mahnılar da daxildir.

Musiqi bütün dövrlərdə xüsusi sənət növü olub. Çünki mahnı geniş yayılmış və daha böyük kütləyə nüfuz edən populyar musiqi janrıdır. Şübhəsiz ki, populyar musiqi yeniyetmələr və gənclərin tərbiyəsinə təsir göstərən və nitq mədəniyyətinin formalaşdırılmasında vacib elementdir. Əlbəttə ki, müasir dövrdə mahnı mətnlərinin əksəriyyəti nitq mədəniyyətinin tələblərinə uyğun olaraq yazılır. Lakin populyar mahnılara nəzər salsaq, onda savadsız mətnlərin tərtib olunmasının artıq təhlükəli hal aldığını görərik. Bir çox hallarda ifaçılar söz yazarlarına əlavə pul ödəməmək üçün mətni özü yazır və ya bu işi daha ucuza görən hər hansı qeyri-peşəkara etibar edir. Nəticədə də “fəlsəfi” tərzdə yazdığını iddia edərək dinləyicilərə mahnı sırıyan xəsis ifaçıların nə demək istədiyini başa düşmək olmur, söz ahəngi pozulur, ədəbi dil normalarına ümumiyyətlə əməl olunmur. Əgər retro mahnıları zövqümüzü, qulaqlarımızı oxşayır və düşündürürdüsə, populyar musiqi janrı onunla müqayisədə sadəcə əyləncə funksiyalarını yerinə yetirir, mahnıların mövzusu isə əvvəlki kimi ciddi həyati məsələləri nəzərdə tutmur.

Müasir mahnıların dinləyicisinin əsas hissəsini gənclərin təşkil etdiyini nəzərə alsaq, bayağı və bəsit mahnı sözlərinin xüsusilə gənc nəslin nitqinə mənfi təsir etdiyini demək olar.

Publika.az mövzu ilə bağlı ölkənin ən sanballı və öz işinin peşəkarı olan ifaçı, aparıcı, yazıçı, şair və bəstəkarlarının fikirlərini öyrənib.

“Musiqi məni “Səfillər” qədər sarsıda bilir”

“Vəkil”, “Ayaqlarım üşüyürdü”, “Pərdələri çəkin” kitablarının müəllifi Aytən Cavanşir mahnı sözlərinin birbaşa ədəbiyyata aid edildiyini vurğulayıb:

“Bəzən bir mahnını dinlədikdə sanki qalın bir kitabı oxuyub bitirdiyimizi düşünürük. Qulaq asdığım mahnılar arasında məni müsbət mənada heyrətə gətirən mətnlər olur və həmin bəstələrin söz müəllifləri ilə fəxr edirəm! Üç-dörd bənd şeirdən ibarət musiqi məni “Səfillər” qədər sarsıda bilir. Mən mahnılarda boş sevgi təsvirlərindən daha çox nəyinsə hekayət edilməsini daha keyfiyyətli iş hesab edirəm. Əlbəttə, “bağa girdim, tikan batdı dizimə” kimi bəsit mətni ədəbiyyata aid etmək yolverilməzdir, ancaq misal üçün:

“Mən Domenikoyam,

Gəmim Tirren çayını keçər-keçməz, Amerika bayrağı altında başqa insana çevrildim,

Mən Domenikoyam,

Fəqət ehtiras və nifrətlərimin içində boğularkən mən gəncliyimə sadiq qaldım.

Simamı dəyişsəm də, qanıma, dilimə və ulduzuma xəyanət etmədim...”

Və yaxud bu mahnı mətni;

“Həyat o qədər güclüdür ki,

Onu görmək üçün

Divarları yarırsan,

Həyat o qədər təbiidir ki, onu tərk etmək fikri mümkünsüz gəlir,

Həyat o qədər qüdrətlidir ki, ölüm ayağında ikən

Zeytun ağacı əkərkən

Onun çiçək açmasının şahidi olacağına əmin olursan...”

Yeri gəlmişkən, bu mahnının söz müəllifi və ifaçısı Roberto Vekkioni bu şeiri yazarkən Nazim Hikmətdən bəhrənləndiyini qeyd edib. Bu cür dinlədiyim və zövq aldığım mahnılar saysızdır”.

Gənc yazıçı belə hesab edir ki, mahnının əsas funksiyası yalnız əyləndirməkdən ibarət olmalı deyil:

“Mahnı hər hansı mesaj ötürülməlidirmi? Əlbəttə! İncəsənətin məqsədi də elə budur. Gözəl musiqi mükəmməl mətni daha da qiymətsiz edir.

Bu gün fransız estradasında ərəb və yəhudi probleminə toxunan və sülhə çağıran onlarla mahnı var. Əgər, bu gün əksər mahnı mətnlərimizin zəif olduğu söylənirsə, buna səbəb dövr deyil. İfaçının dünyagörüşü, intellekti seçdiyi repertuarı və nəticədə, müasir mahnı gündəmini təyin edir”.

“Müğənniləri yola verirlər”

Фото AiD.

“Replə məşğul olan insanlar mahnılarında sosial mesaj ötürməlidir? Bu gün mahnı mövzularının demək olar ki, əksəriyyəti sevgidən bəhs edir. Sevginin bu qədər təbliğata ehtiyacı varmı?” sualına Orxan Zeynallı (AiD) özünəməxsus cavab verib: “Rep janrında oxuyan ifaçıların treklərində sosial mesajlar ötürməsi vacib amildir. Müğənnilər özləri bilər, amma replə məşğul olan insanlar mütləq şəkildə sosial mesajlar verməlidir. Mövzu sevgi olsa belə, sətirlərin özəyi təkcə iki nəfərin münasibətindən bəhs etməməlidir. Fikirlər dərində də gizlədilə bilər, dinləyicinin bunu anlayıb-anlamayacağı isə həmin yaradıcının dinləyici kütləsinin intellektual səviyyəsinə bağlıdır. Məndə bununla bağlı heç bir problem yoxdur”.

O.Zeynallının “Retro və müasir mahnıları müqayisə etsək, görərik ki, əvvəlki mahnıların sözləri daha düşündürücüdür və məna yükü çoxdur. Müasir mahnıların bəzilərini nə qədər dinləsən də, ifaçının nə demək istədiyini anlaya bilmirsən. Mahnı sözlərinin bu qədər bəsitləşməsinin günahı kimdədir?” sualına cavabı belə olub:

“Səbəbi çox sadədir. Əvvəl söz yazarları şairlər idi, yəni söz yazmağı bacaran adamlar. İndi isə mahnıların sözlərini bəstəkarların dostları yazır, bəzən isə bəstəkarlar pula qənaət etmək üçün özləri də ağzına gələni cızma qara edib 10 dəfə təkrarlanan kupletlərlə müğənniləri yola verirlər. Müğənnilərin də bir çoxunun daxili dünyası və şəxsi fikri olmadığından onlara "xarab məhsul" satmaq çox asanlaşıb. Məsələ tam olaraq pulda da deyil. Eyni pula yaxşı sözü də satmaq olar. Sadəcə olaraq sözün nə dərəcədə əhəmiyyətli olduğunu düşünəcək qədər dərin deyillər. Ona görə də 90-cı illərin mahnıları hələ də dinlənilir, indi çıxıb hətta hit olan mahnılarsa 2-3 il sonra unudulur və sadəcə “youtube”da təsadüfən qabağına çıxa biləcək link olaraq qalır”.

“Bədii sənətdə sosial mesajlar ola bilməz”

Фото Baba Veziroglu.

Baba Vəziroğlu musiqiçinin və müğənninin əsas vəzifəsinin humanizmi və sevgini təbliğ etmək olduğunu irəli sürüb. O, mövzu ilə bağlı bunları söyləyib:

“Mahnı sözləri də bədii söz sənətinə daxil edilir. Bu, nə publisistika, nə satira, nə yumor, nə də tənqidi yazıdır. Odur ki, bədii sənətdə sosial mesajlar ola bilməz. İncəsənətin bütün sahələri humanizm ideyalarının yayılmasına və təbliğinə xidmət etməlidir. Humanizm bəşəri dəyərlərdir, sosial mesajlar isə məişət səviyyəsində olan problemlərdir. Humanizm ideyalarına çağırış sosial mesaj ola bilməz. O Allahdan gələn, yüksək dəyəri olan çağırışlardır. Ədəbiyyat və musiqi də onların təbliğinə xidmət edir”.

“Şairlərin gecə-gündüz oturub qadınları vəsf etməkdən canları çıxıb”

“Onda belə çıxır ki, qadına qarşı şiddətin əleyhinə mahnı yazmaq və oxumaq doğru deyil?” sualına isə şair öz etirazını bildirib: “Bunlar hamısını şişirdilmiş, xaricdən, Avropadan bizə gələn uydurulmuş məsələlərdir. Qadına qarşı şiddət harada var ki? Şairlərin gecə-gündüz oturub qadınları təsvir və vəsf etməkdən, tərifləməkdən “canları çıxıb”. Hər bir şairin yaradıcılığının 99,9 faizinin mövzusunu qadınlardır. Yəni problem olmayan yerdən, problem çıxartmaq lazım deyil. Şərqdə heç vaxt belə problem olmayıb. Avropada olub, onlar da gedib öz problemləri ilə məşğul olsun. Son vaxtlar zorakılıq geniş yayılıb, lakin bu, tək qadına qarşı deyil, kişilərə qarşı da törədilir. Həbsxanalarda tez-tez oluram, qadınların xeyli hissəsinin məhkumluq həyatının əsas səbəbi ərlərini öldürməsidir. Onda biz də sosial mesaj ötürməliyik ki, qadınlar ərlərini öldürməsin. Bəlkə də qərbdən bizə gələnlərin sayı çoxaldığı üçün belə cinayətlər artır”.

“Yeni nəsil gənclər artıq pisi yaxşıdan ayıra bilmir, onlar zombiyə çevrilib”

Фото Javanshir Guliyev / Cavanşir Quliyev.

Təkrarolunmaz bəstələri sayəsində öz adını Azərbaycanın musiqi tarixinə qızıl hərflərlə yazdıran Cavanşir Quliyev mahnı sözlərinin bəsitləşməsinin günahını ifaçıların savadsızlığında və telekanallarda görür:

“Doğru deyirsiniz, bayağılaşıb. Bu, məncə, o bayağı sözləri bəyənən və onlara mahnı qoşanların intellektual səviyyəsi, daha doğrusu, səviyyəsizliyi və poeziya anlayışları, daha doğrusu, anlamamaları ilə bağlıdır. Bu "mahnıları" efirlərdə səslənməsinə icazə verən kanallar, radio-televiziya işçilərinin də səviyyəsi onlardan fərqlənmir. Təəssüf ki, son illərdə şou təsərrüfatında keyfiyyətli musiqini və poeziyanı anlayanların sayı sürətlə azalıb və yox dərəcəsinə çatıb. İllərlə bu eybəcər mahnıların təbliği yeni bir dinləyici nəsli yetişdirib. Yeni nəsil gənclər artıq pisi yaxşıdan ayıra bilmir, onlar zombi olublar. Çox təəssüf ki, Azərbaycan musiqi mədəniyyətinin vaxtı ilə parlaq bir hissəsi olan mahnı janrı artıq ölüm yolundadır. Bunun birinci günahkarı musiqi təbliğatı ilə məşğul olan idarələr - radio və televiziya kanalları, konsert təşkilatlarıdır. Bu problemi mən və bir neçə həmkarım illərlə qəzetlərdə və müsahibələrdə diqqət mərkəzində tutmağa çalışdıq, lakin bizə heç kim qulaq vermədi. İndi isə necə deyərlər, iş işdən keçəndən sonra, "bu ev niyə yandı?" soruşmağın, məncə, bir anlamı qalmayıb”.

"Hər aşiqin öz dövranı var"

Фото Seva Babazade.

Azərbaycanın Xalq artisti Eldar Mansurovun qənaətinə görə, müasir dinləyicinin tələbləri başqa istiqamətdə dəyişib:

“Hesab edirəm ki, müasir dinləyicinin tələbləri dəyişib. İndi gənclər yüngül tərzdə yazlan mahnıları dinləməyə üstünlük verir. Hər insanın, hər aşiqin, hər musiqinin, hər janrın öz dövrü olur. Fikir versəniz, görərsiniz ki, keçmişdə yazılan mahnılar ümumilikdə daha dərin və daha gözəl idi. Bu gün isə daha çox söz yığınına, sadə məzmunlu mahnılara fikir verilir. Mən mahnıya sosial mesaj ötürmək üçün istifadə olunan bir vasitə kimi baxmıram. Mahnı sənət əsəridir, onun başlıca funksiyası dinləyicinin zövqünü oxşamaqdır”.

“Müğənni fərd olaraq axına düşməyə də bilər”

Фото Faiq Ağayev.

Təkrarolunmaz repertuarı ilə illərdir ki, öz populyarlığını və nüfuzunu qoruyan Xalq artisti Faiq Ağayev zaman dəyişdikcə, zövqlərin də dəyişdiyi fikrini irəli sürüb:

“Bu, təkcə Azərbaycanla bağlı məsələ deyil. Yaxın Türkiyə, Rusiya, digər ölkələr, Hollivud və Avropa musiqisi də formatını dəyişib. Dil asanlaşıb, elə bil ki, yeni dil yaranıb. Hazırda sosial mediada istifadə olunan danışıq tərzi aktual olub. İndi mahnılarda daha çox sadə bəsit dillə danışılır. Həm mətnlər bayağılaşıb, həm musiqi keyfiyyəti aşağı düşüb. Yəqin ki, bu, kütlə ilə eyni dildə danışmaqdan ötrü baş verir. Mətnlərinin məna yükünün olmasını təkcə axınla bağlamaq düzgün olmazdı. Müğənni fərd olaraq axına düşməyə də bilər, daha dərin mənası olan mahnı seçə bilər. Yəni, ifaçıdan da çox şey asılıdır. İndiki zəmanədə mürəkkəb mahnı yazdırıb oxumaq riskdir. Çoxları qorxur ki, birdən nisbətən ağır mahnılar oxusalar, onlar digərləri kimi sevilməz”.

F.Ağayev onu da vurğulayıb ki, sosial mesaj vermək müğənninin borcu deyil: “Cəmiyyətin müğənnidən sosial mövzuda mahnılar oxumasını tələb etməsi qəbulounmazdır. Çünki ifaçı siyasətçi deyil, mahnılarda sosial mesaj ötürmək onun borcu deyil. Lakin yuxarıda dediyim kimi fərd olaraq yaradıcılığında belə mövzulara toxunması öz işidir”.

“Çox əzaziləm”

Xalq artisti mahnı seçimində olduqca diqqətli və məsuliyyətli yanaşdığını etiraf edib: “Mahnının təranəsi bəyəndikdən sonra sözlərin dərin araşdırmasına başlayıram. Mətnə çox fikir verirəm. Mənimlə çalışan gənc və böyük şairlər də yaxşı bilir ki, bu məsələdə çox əzaziləm. Mətni tam rəndələyib, redaktə edib düzgün formaya salandan sonra ifa etməyə qərar verirəm. Hesab edirəm ki, musiqidən əlavə, mətn də şeir kimi oxunmalıdır. Yekun olaraq 3 vacib nöqtəni bir daha təkrar etmək istərdim. Birincisi, bu hal təkcə Azərbaycanda baş vermir, ikincisi, müğənni fərddir və mətn şəxsi seçimidir, üçüncüsü isə müğənnidən sosial mövzuda oxumağı tələb etmək olmaz”.

“Əsas “rıkıdı-çıkıdı” olsun”

Məşhur aparıcı Aytən Səfərova ifaçıların çoxunun yaradıcılığında toy mahnılarını təşkil etdiyini xüsusi vurğulayıb:

“Bu gün müğənnilərin çoxu onlara toy sirafişləri gətirə biləcək şən və şux mahnılar oxuyur. Əsas “rıkıdı-çıkıdı” olsun. Toyda da kimsə rəqs edəndə mahnının sözlərinə qulaq asır? Yox. Məncə, çoxu pul qazanmaq üçün oxuduğu mahnı sözlərinin dərinliyinə fikir vermir. Özüm də əsasən qərb musiqilərinə qulaq asıram. Bütün mahnılar bir-birinə oxşayır. Bizdə son vaxtlarda super hit olan bir mahnı yadıma gəlmir”.

Aparıcı bu məsələdə senzuranın olmamasının təsirini də irəli sürüb: “Əvvəllər də bayağı mahnılar var idi, sadəcə bizə gəlib çıxmırdı. Çünki onda ağıllı insanlardan ibarət xüsusi komissiya var idi. Onlar bayağı mahnı müəlliflərinin camaatın zövqünün korlanmasına imkan vermirdi. İndi isə kim nə gəldi yazır və oxuyur. Müğənni birinci növbədə oxumaqla məşğul olmalıdır. İndi heç kim sosial mesajlar ötürən mahnılar yazmır. Hər kəs nakam sevgidən, gül-çiçəkdən danışır, kliplərdə də oğlan qıza şillə vurur, qız çamadanlarını yığıb gedir, axırda da vağzalda barışırlar”.

“Televiziya və kanallar pul qarşılığında efirdə mahnı səsləndirəndə nəticəsi belə də olmalı idi”

Image result for gövhər həsənzadə

Əməkdar artist və bəstəkar Gövhər Həsənzadənin bu məsələdə bayağı mahnıları təbliğ edən radio və televiziyaları günahkar bilir:

“Bunun qarşısını vaxtında almaq lazım idi. Telekanallar reytinq kimi xarici terminologiyaların fərqinə varmadan bayağı mahnıların efirə yol açmasına icazə verir. Bayağı olsa da, olmasa da mahnılara kommersiya xarakterli yanaşma olub. Telekanallar pul qarşılığında efirdə mahnı səsləndirəndə nəticəsi belə də olmalı idi. Peşəkarların və bu işə birbaşa aidiyyəti olan insanların efirlərdə səsləndirilən mahnılarla bağlı heç bir fikri öyrənilmir. Hər gün eyni mahnıları eşidən insan məcburən onları qəbul etməli olur və zövqü korlanır. Yəni, dinləyici zövqünün də formalaşmasında televiziya və radioların rolu var. İnsana nə təbliğ olunursa, onu da görüb-götürəcək. Burada başqa günahkar axtarmaq lazımdır. Bu mövzu barədə söz düşəndə mənim həqiqətən də ürəyim ağrıyır ki, gələcək nəsillər bizim əsər adlandırdığımız musiqilərə dırnaqarası baxacaq. Bu, hər bir normal azərbaycanlı narahat edir. Təəssüf ki, problemi bərpa etmək mümkün deyil. Kaş ki, bu yazılarlandan bir nəticə çıxaraydılar”.

Bəstəkarın sözlərinə görə, hər bir müğənni öz zövqünə və dünyagörüşünə uyğun mahnı seçir: “Dünya musiqi tarixində elə bir hadisə olmayıb ki, müğənni istəmədiyi mahnını oxusun. O cümlədən mətn seçiminə də özü qərar verir”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm