Atlar Moskva damlarının üstündən uçurdu - - FOTO/VİDEO
Bizi izləyin

Art

Atlar Moskva damlarının üstündən uçurdu - - FOTO/VİDEO

“Atlar Moskva damlarının üstündən uçurdu,

Mən şəhərlə vidalaşmaq istəyirəm -

Master qışqırdı”.

Sonuncu seriyanın sonuncu fraqmentində Bortkonun uzun əlavəsi - frençli adamın mühazirəsini istisna etsək, rejissorun bu filmdə də müəllif fikrini və əsas dialoqları qoruduğunun şahidi olarıq. Bulqakovun istedadını, qələminin qüdrətini əks etdirən bu əsərin dünya ədəbi mühitinə təsiri ölçüsüzdür. H.Cavidin İblisi ilə Bulqakovun Volandı arasında bir oxşarlıq var. On il öncə Cavid İblisin fitvasını, qurduğu tamaşanı və bu tamaşanın qurbanlarını, müharibə, qan qadanı göstərirdisə, Bulqakov İsa Məsihdən Ustada qədər Volandın əməllərini göstərir. Mistika, kinayə, məhəbbət intriqasının başlanğıcını tapmaq cəhdi müəllifin əsərə bəxş etdiyi üslubdur. Kitab içində kitab olan “Master və Marqarita” bütövlüyünü qoruyub saxlasa da, çoxqatlı və paralel hadisələr üzərində qurulub.

Qoqol və Bulqakov

Bulqakov özünün ən çətin anlarında Qoqolun heykəli önünə gəlib “Ustad, məni çuqun şinelinlə ört” deyərək rahatlıq tapırdı. Ömrünün son günlərində Bulqakov hamıdan Qoqolun ölüm qabağı çəkdiyi əzabları danışmağı xahiş edirdi. Qoqol yaradıcılığı Bulqakova birbaşa təsir etmişdir. Qoqolun uzun cümlələrini Bulqakov qısa ifadə tərzinə dəyişsə də, ironiyası, satirası əlamətlərinə görə seçilsə də, ümumi ruh yaxınlığı “Master və Marqarita”, “İt ürəyi”ndə aydın sezilir. Qoqolun üç uçan quşu Bulqakovda Master və Marqaritanı əzabdan xilas edib aparan uçan atlara çevrilir. Bulqakovda Qoqolun ruhu yaşayırdı. “Ölü canlar”da olan acı gülüş “Master və Marqarita” da var, burada da ölü canlar dolaşır.

Maraqlıdır, hər iki yazıçı Kiyevi sevmiş, Moskvada yazıb-yaratmış, əlyazmalarını yandırmış (Qoqol “Ölü canlar”ın ikinci hissəsini, Bulqakov “Master və Marqarita”nın qaralamalarını yandırmış, sonralar əsəri yenidən yazmışdır) hər ikisi eyni qəbiristanlıqda yanaşı dəfn olunublar. Başdaşı əhvalatı isə izahı olmayan hadisə, əsl mistikadır. 1931-ci ildə Danilov monastırını bağlayanda Qoqolun nəşini Novodeviçeva qəbiristanlığında dəfn edirlər. Onun başdaşında olan qolqofu (qolqof İsanın çarmıxa çəkildiyi təpənin adıdır. Başdaşı kimi Qolqofa bənzəyən qaya və üzərində xaç qoymaq adəti var) çıxarıb yazıçının büstünü qoyurlar. Bu daş doqquz il heç kimə lazım olmur və o, başdaşı düzəldən ustaların yanında qalır.

Nəzərə alsaq ki, daş qiymətli idi və onu S.Aksakov Krımdan böyük çətinliklə gətirmişdi, onun doqquz il ərzində başdaşı düzəldənlər tərəfindən istifadə olunmaması sadəcə mümkün deyildi. Bulqakov öləndən sonra həyat yoldaşı ona başdaşı axtararkən bu qolqofa rast gəlir və daşı alıb ərinin məzarı üzərinə qoyur. Sağlığında “Master, məni çuqun şinelinlə ört” arzusuna Bulqakov ölümündən sonra çatır. Bəlkə də qolqof özü də Bulqakovu gözləyirdi?

Mixail Bulqakovun bədii irsi də özü kimi müəmmalarla doludur. Məşhur yazarın həyat və yaradıcılığında çox sirli məqam var.

Ruhun satılması

ki, Bulqakov tez-tez “Böyük teatr”a “Faust”u dinləməyə gedərmiş. Bu opera həmişə onun əhval-ruhiyyəsini qaldırmağa kömək edib. Əsasən də Faust obrazını özünə yaxın hiss edib. Amma bir dəfə Bulqakov teatrdan çox dilxor, bədbin halda qayıdır. Bu, onun yenicə yazmağa başladığı “Batum” pyesi ilə bağlı idi. Stalin haqqında əsər yazmağa razılaşmaqla Bulqakov özünü ruhunu şeytana satmış Faust yerinə qoyurdu.

Bulqakovu oxuyanlar Moskvada Masterin zirzəmisini, pis evinin yerini axtarıb tapmaq arzusu ilə dolaşırlar. Maraqlı yerlərdən biri də Kiyevdəki Turbinlərin evidir. 13 nömrəli evdə indi Bulqakov və Ağ qvardiya muzeyi yerləşir. Orada olan Turbinlərə aid əşyalar - gitara, şinel... - hamısı ağ rəngə boyanıb.

Gertsen Qoqol haqqında yazırdı: “Qoqol poeziyası - pozğun həyatın təsiri ilə alçalmış adamın öz heyvanlaşmış sifətini güzgüdə görərək dəhşət və xəcalət içərisində qışqırtısıdır”. Qoqol “Ölü canlar”ın ikinci hissəsini yazmaq arzusu ilə yaşayırdı və yazdı da. Amma yandırdı. O bu əsərdə bir dənə müsbət qəhrəman tapmaq istəyirdi. Qoqolda müsbət qəhrəman yoxdur, “Ölü canlar” eybəcərlər yığnağıdır. Qoqolun sərt satirası müsbət qəhrəman görməyə imkan vermirdi. “Ölü canlar”ın ikinci hissəsində də müsbət qəhrəman tapa bilməyən Qoqol onun əlyazmasını yandırdı, ruhi xəstəlik tapdı.

Bəlkə də “Master və Marqarita” “Ölü canlar”ın ikinci hissəsidir. Qoqol öz poemasının ikinci hissəsini məhz bu cür, bu tərzdə yazardı. Hər iki ədibin mistikasına uysaq, bəlkə də Qoqolun ruhu Bulqakova keçərək öz əsərinin davamını “Ustad və Marqarita” şəklində yazıb. Master də Qoqol kimi şizofreniyaya tutulur və əlyazmasını yandırır. Ancaq Bulqakov Qoqoldan fərqli olaraq, müsbət qəhrəmanı tapa bilir – bu, Voland və Masterdir. Müsbət qəhrəman ya İblis, ya da şizofrenik ola bilər. Bu əsərdə xeyirxahlığı yalnız iblis edir, amma şərin əli ilə. Voland əsərin əvvəlində ruhi xəstəxanada olub-olmaması sualına “Olmuşam, olmuşam, özü də bir dəfə yox... təəssüf həkimdən şizofreniyanın nə olduğunu soruşa bilmədim” deyir. Voland “Müfəttiş”dəki sonda gələn əsl müfəttiş və ölü canlar toplayan Çiçikovdur. Qoqol müsbət qəhrəmanı tapa bilmədi, Bulqakovun Volandı isə ölü canların müfəttişi oldu.

Bortkonun bu əsərə verdiyi ekran həlli mükəmməl və bədii cəhətdən ifadəli idi. Müəllif təhkiyəsinin düzgün yozumu, miqyaslı yanaşma, daxili mahiyyəti açma rejissorun uğuru hesab oluna bilər. Əsər olduqca rəngarəng və çoxqatlı olduğundan onun ekran həllində bu qatların qarışmaması, bir-biri ilə üzvi əlaqədə olması qoyulan əsas tələb idi. Rejissor bu missiyanın öhdəsindən gəldi. Ekaranlara mistika və satira ilə bol, Bulqakov dilində danışan “Master və Marqarita” çıxdı. Rejissor Bortko romanda verilən üç xətti Ponti Pilat və İeşua, Moskva həyatı və Marqarita ilə Masterin dünyasını seriala ustalıqla köçürə bilib. Lakin bütün uğurları, incə işləmələri və fəlsəfi yükünə baxmayaraq, filmdə qüsurlar da nəzərə çarpırdı. Televiziya filmində tarixi hissələr, xüsusən də Erşalaim hadisəsi emosional təsir bağışlamır, kütləvilik, miqyas duyulmurdu.

Bortkonun müəyyən etdiyi aktyor ansamblı da kifayət qədər mübahisəli idi. Öncə bunu qeyd edək ki, əsərin aurası və oradakı obrazların rəngləri hər kəs tərəfindən bir cür qəbul edilirdi və bəlkə də Master, Marqarita, İeşua istisna olmaqla, heç bir obrazın ümumi assosiativ şablonu qurumayıb. Volandı, Ponti Pilatı və s. hər kəs bir biçimdə təsəvvür edir. Ona görə də film çıxar-çıxmaz əsas tənqid hədəfi aktyor ifası oldu.

İstedadı və aktyorluq məharəti ilə seçilən O.Basilaşvili həm yaşına, həm də fundamentallığına görə Volanda uyğun gəlmirdi. Moskvaya gələn İblis Bulqakovun təsvirində ağıllı olduğu qədər axmaq, əxlaqsız və alçalmış mələkdir. Aktyor obrazın dərin şeytani qatlarını çatdıra bilmir, daha çox müdrik filosofa bənzəməyə çalışırdı. Bulqakov Volandın “sağ gözünün axmaq, sol gözünün qara, ölü olduğunu” deməklə obrazın özünün də murdar məxluq olmasını çatdırmaq istəyirdi. Aktyor ifasında isə bir qədər hiyləgər, qəddar, lakin müdrik Voland ekrana gəlirdi. Seyrçi Volandın missiyasını və əməllərini pislik kimi yox, müdrik adamın qisası kimi qəbul edirdi. Film boyu Basilaşvili bu biçimi saxlayırdı. Yalnız ev xələtində iti baxışlarla baxıb “Əlyazmalar yanmır” deyəndə əsil iblis siması canlanırdı. Həmçinin restoran müdiri ilə söhbətdə balığın ya təzə, ya da iylənmiş olması, onun ömrünə az qaldığı üçün qalan pulu ilə ziyafət verib, sonra zəhər içib ölməsini təklif etməsi hissəsi xüsusi emosionallıqla çatdırılırdı.

Volandın tarixçəsi

Bulqakovun Voland obrazı Hötenin Mefistofelindən qaynaqlanır. “Faust” poemasında bu ad cəmi bir dəfə çəkilir - Mefistofel qara qüvvələrdən çəkilib yol verməsini xahiş edərkən deyir: “Dvoryan Voland gəlir!” Qədim alman ədəbiyyatında şeytanın bir adı da Faland idi. Bu ad “Ustad və Marqarita”da da verilib. Qulluqçu cadugərin adını yada sala bilməyəndə deyir: “...bəlkə Falanddır?”

İlk əlyazmada Voland obrazı “naməlum adam” kimi geniş təsvir olunurdu (15 vərəqdən ibarət idi). Hazırda bu təsvir hissələri tamamilə çıxarılıb. Bundan başqa ilkin redaktədə Volandın adı Astarot (Qərb demonologiyasına görə, cəhənnəmin ən nüfuzlu iblislərindən biri) olaraq verilmişdi. Sonralar isə Bulqakov özü bu adı qənaətbəxş bilməyib dəyişmişdi.

Böyük aktyor K.Lavrovun Ponti Pilatı qoca alınmaqla təsir gücünü zəiflətmişdi. Sanki xəstəhal prokurator təkcə hakimiyyətdən yox, həm də xəstəliklərdən bezmiş, yorğun görünürdü. Onun hökmü, idarəçilik və döyüş qabiliyyəti duyulmurdu.

Filmdə aktrisa Kovalçukun ifasında soyuqluq, sözdən qaçmağı və bir qədər şeytani mimikası əsil Marqaritanın canlanmasına imkan vermirdi. Bulqakovun Marqaritası mehriban, gülərüz və aristokratlar kimi rəftar edir. Ekranda isə məkrli və indiki dövrün obrazı canlanırdı. Master Aleksandr Qalıbinin ifasında yaddaqalan, detallarla işlənmiş şəkildə üzə çıxırdı. Əsil Ustad, əlyazmasını yandırmaq həddinə çatdırılan, dəlixanaya atılan, sevgi macərasında da bir faciə olan yazıçı obrazı ekrana gəlirdi.

S.Bezrukovun İeşuası çox boş, solğun və adi alınmışdır. Onun ilahi gücü, daxili saflığı ifadəli verilmirdi.

A.Abdulovun Korovyovu müqayisəsiz və canlı, əsərdə verilən incəliklə təqdim olunmuşdur. V.Qalkinin İvan Bezdomnısi uğurlu və emosional alınmışdır. Naqiyevin İudası isə uğursuz və sönük idi.

Bortkonun ekran həllində Moskva və onun sakinləri, həyatı hiss olunmurdu. Sanki hadisələr boşalmış şəhərdə baş verirdi. Lakin romanın əhatəliliyini nəzərə alıb bütün qüsurlarla bərabər televiziya filmi estetikası və çərçivələrində quruluşun uğurlu alındığını qeyd etmək olar.

Elçin Əlibəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm