• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Zamanın amansız üzü

  • Art
  • 2 Aprel 2017 09:31
  • 791 Baxış
Zamanın amansız üzü

Anar Yevtuşenkodan yazdı (2012)

Görkəmli rus şairi Yevgeni Yevtuşenkonun 80 yaşı tamam oldu. Bu münasibətlə Rusiya televiziyası şairin ABŞ-ın kiçik şəhərindəki evindən reportaj göstərdi. Şairin özünü tanımaq çətindi: üz-gözü qırış-qırış, boğazı sallanmış, başı dazlaşıb, gözləri sönük, səsi boğuq. Halbuki vaxtilə Yevtuşenkonun harayı ilə camaat stadionları doldurar, Moskvadakı Mayakovski meydanında gurultulu səsilə saatlarla söylədiyi nitqləri dinləmək üçün minlərlə pərəstişkarı toplaşardı. Ucaboylu, düz qamətli, üzünün mənalı ifadəsi ilə Yevtuşenko öz şerlərini hafizəsilə və böyük ustalıqla, bənzərsiz tərzdə oxumaq qabiliyyətilə təkcə müasirləri arasında yox, bəlkə də bütün zamanların ən çox sevilən rus şairi olmuşdu.
Bəlkə də sırf bədii cəhətdən Yevtuşenko Andrey Voznesenski, yaxud İosif Brodski kimi sənətkarlardan geri qalıb, elə özü də yazdığı şerlərin yetmiş faizini zəif hesab etmişdi. Buna baxmayaraq, daim diqqət mərkəzində qalmaq bacarığı sayəsində o vaxtların bütün ədəbiyyat və incəsənət xadimlərindən, o cümlədən müğənnilərdən və aktyorlardan daha çox rəğbət görürdü. Onu hər kəsdən çox sevirdilər, xalqın sevgisini qazanmaq isə həmişə ən ağır günah sayılıb. Yevtuşenko qısqanclıqdan uzaq olsa da, onun özünü çoxları, o cümlədən şair dostları da qısqanıblar. Elə Brodski də hətta Nobel mükafatını alandan sonra belə onun şöhrətini həzm edə bilmir və təkəbbürlə ”Yevtuşenko kolxozlara qarşı çıxsa, mən onları müdafiə edərəm” deyirdi.
Bir gün Mərkəzi Yazıçı Evində müharibə nəslindən olan iki rus şairin söhbətinə təsadüfən şahid oldum. Onlardan biri iddia edirdi ki, Yevtuşenko şöhrətini təkcə öz istedadına yox, həm də “KQB”yə borclu imiş.
- Amma yenə də istedadlıdır, elə deyilmi? – deyə o birisi israr edirdi.
- Elə mən də onu deyirəm, istedadla “KQB” vəhdəti böyük gücdür.
Mənim dostum və Ali Ssenarist Kursundan tələbə yoldaşım İvan Draç 70 yaş yubileyimdə xatirələrini bölüşürdü: “Zaman yaman dönüb. Vaxtilə Yevtuşenko bizi yüz min adam toplaşdığı stadiondakı gecəsinə çağırardı, ora heç diplomatlar girə bilmirdilər. Bizimlə restorana gələndə qapıçıya yüz manat verərdi, halbuki o vaxt aylıq təqaüdümüz 120 manat olub. Təsəvvürünüzə gətirin ki, biz buna necə baxırdıq. Bir dəfə Lübomir Levçev bizi Sofiyaya dəvət edib bolqar, yaxud rus, Ukrayna şerindən söhbət etmək əvəzinə ancaq Yevtuşenko haqqında danışırdı. Özü də üç saat. Amma mən bir-iki il əvvəl Sofiyadakı Yevtuşenkonun gecəsinə getdim, oraya haradasa iyirmi nəfər gəlmişdi. Budur ötən illərin gətirdiyi dəyişiklik, əzizim Anar...”
Moskvada tələbəlik illərimdə hələ Yazıçılar İttifaqı üzvü olmasam da, MYE iclasına yol tapa bilmişdim. Yaxşı yadımdadır, o iclasda Yevtuşenkoya və Voznesenskiyə divan tuturdular. Ədəbiyyat məmurları S.Mixalkov, A.Korneyçuk, L.Sobolev, A.Sofronov, beynəlxalq icmalçı Y.Jukov bütün nüfuzlarının gücü ilə gənc şairlərə qarşı hücuma keçmişdilər. Səbəbi də Yevtuşenkonun öz tərcümeyi-halını Fransa jurnalında dərc etdirməsi. Mixalkov lağ edirdi: “Tərcümeyi-halında harada, nə vaxt doğulmusan, atanın, ananın kimliyi göstərilir... Yevtuşenko da fürsətdən yararlanıb ölkəsini çirkaba...” Başqa ədəbiyyat məmurları, üstəgəl dəbə minən şairləri yamanca qısqanan gənc şair V.Firsov da elə bu qəbildən nitqlər söyləyirdilər. Həmin Firsova bir dəfə gözəl bir həcv yazmışdılar: Firsov deyir, Yevtuşenkonun hətta iki Dantesi olub, mənim isə birisi də yoxdur deyə. Bakıda gənc yaşlarımdan bizim Yazıçılar İttifaqının Natəvan klubunda bu cür çirkin iclaslara dəfələrlə şahid olmuşam, amma Moskvada belə şeyi ilk dəfədir görürdüm və çox dəhşətli, kədərli təəssüratla ayrılmışdım. Orada Voznesenski və Yevtuşenko da çıxış etmişdilər. Voznesenski natiq kimi güclü deyildi, həyəcanlanıb nitqini dolaşdırır, boğazdan yuxarı danışmağa başlayırdı. Yevtuşenkonun isə çıxışı bunun tam təzadı idi. Gözəl səsi, məharətli natiq fəndləri ilə kürsüdə çox rahat görünürdü. Zahirən də uca boyu, düz qamətli, əynində qəşəng kostümü ilə bayağı vodevillərin çirkin rəqiblərinin yanında daha cazibəli görünən müsbət qəhrəmanlarını xatırladırdı. Sonda Yevtuşenko öz şerini gözəl ifadə ilə oxudu. Görünür, izdihamlı şer gecələrində qopardığı gurultulu alqışların təəssüratından ayrıla bilməyib bu şerilə tamaşaçıları dərhal ələ almağı umurmuş. Amma bu dəfə olmadı, elə tamaşaçılar da başqa idilər. Oxuduğu şer sürəkli alqışla yox, qaşqabaqlı sükutla qarşılandı. Salonda açıq-aşkar bədxahlıq, ədavət, qısqanclıq ab-havası hökm sürürdü. Gənc, məşhur, qadınların sevimlisi, həyat eşqilə dolu Yevtuşenko nə qədər cazibəli görünürdüsə, hikkəsi istedadını üstələyən bu insancıqların daha çox nifrətinə tuş gəlirdi. Ölkəyə, hökumətə, ideologiyaya guya qahmar çıxmaqla bu cılız və müti məxluqlar içəridə bəslədikləri gizli istəklərini büruzə verirdilər. İllər sonra, yenidənqurma vaxtı onlara bənzər (bəlkə də eyni) adamlar Yazıçılar İttifaqının həyətindəki L.Tolstoyun heykəli qarşısında Yevtuşenkonun əvvəlcədən səylə, kinli səliqəylə hazırlanmış müqəvvasını yandırırdılar. Beləcə hikkələrini rahatladaraq Yevtuşenko ilə apardıqları döyüşü başa vurdular. Hər halda onun özünü yandırmaq iqtidarında deyildilər.
Mən Yevgeni Yevtuşenko ilə 1964-cü ildə MYE-nin restoranında Maqsud İbrahimbəyov və gürcü yazıçısı Tamaz Çiladze ilə naharımızda tanış oldum. Yadımdadır, bizə əvvəlcə Vasili Aksenov, sonra da Yevtuşenko qoşuldu. Həmin görüşü sonradan Aksenovun vəfatına həsr etdiyim essedə təsvir etmişəm. Burada isə həmin essedə toxunmadığım iki məqamı xatırlamaq istəyirəm. O gün Yevtuşenko hansısa ölkədəki sovet səfirliyində işləyən bir diplomatın arvadının ona vurulması haqqında danışırdı: “Təsəvvür edin, bu diplomatların arvadlarını yeddi qatına qədər yoxlayırlar, amma bu yenə də, sonrasını gözəl başa düşə-düşə məndən ötrü ərini tullayıb getməyə hazırmış”.
Rəsul Rzanın oğlu olduğumu eşidib atamla aramızda nəsillər ixtilafının olub-olmadığını soruşdu.
- Qətiyyən. – cavab verdim, - biz bütün məsələlərdə həmfikirik.
Bir neçə gün sonra atamla görüşəndə dedi: “Siz oğlunuzla tam həmrəysiniz, belə şey bu zəmanədə az-az rast gəlinir”.
Sonradan bir-iki dəfə Yazıçılar İttifaqı plenumlarında görüşmüşdük. Tiflisdə İlya Çavçavadzenin yubileyində məni Azərbaycan Yazıçılar İttifaqının sədri seçilməyim münasibətilə təbrik edib “rəhbərlik yükü ağırdırmı?” deyə sual vermişdi.
Qarabağ hadisələr başlayarkən Xuraman Abbasovanın qədim adətə görə başıalovlu kütlənin ayaqları altına yaylıq atdığını Moskva mətbuatında oxuduqdan sonra azərbaycanlı qadının bu müdrik və mərdanə hərəkətinə şer həsr etmişdi.
Zəmanənin bütün mühüm hadisələrinə təəssübkeşliyilə Yevtuşenko xalis “altmışıncılar”dandı. Öz “altmışıncılığı” ilə fəxr edər və edir, bu şanlı nəslə nifrət edənlərə nifrət etdiyini deyirdi.
Böyük Vətən müharibəsi iştirakçılarından Bulat Okucavanı da “altmışıncılar”a aid edirlər. Moskvada nəşr olunan “Oqonyok” jurnalının suallarına cavab verən şair belə demişdi: “Gənc “səksənincilər” “altmışıncı”lara yaman yanıqlıdırlar, amma ata-oğul məsələsinin əbədi olduğunu unudurlar. Təbii ki, “altmışıncılar” da o zamanın övladlarıdır. İnqilabçı olmayıblar, sadəcə dürüst insan olaraq o şərtlərə dözə bilmirdilər. Rejimi dəyişmək fikrinə düşməmişdilər, sadəcə daha çox təmiz hava olsun deyə onu bir az yumşaltmaq istəyirdilər, vəssəlam. İndi də “səksənincilər”ə üzümü tuturam. Biz bacardığımızı etdik, indi növbə sizindir. Davam edin”.
Doğrudan da, kim nə deyirsə desin, sovet ölkəsindəki mənəvi ab-havanı yeniləşdirməkdə, toplumun ovqatını dəyişdirməkdə, şüurunu təmizləyib sərbəst təfəkkür tərzinə sövq etməkdə, yəni Zamanı qabaqlamaqda “altmışıncılar”ın xidmətləri danılmazdır. Əlbəttə ki, bu hadisələrə ən böyük təsiri Yevgeni Yevtuşenkonun yaradıcılığı göstərib.
Bulat Okucava, Vladimir Solovyov, Andrey Voznesenski, Bella Ahmadullina, Rimma Kazakova, Robert Rojdestvenski, Yuri Kazakov, Vasili Aksenov, Vladimir Vısotski, İosif Brodski ötən əsrin altmışıncı illər dövrünü şöhrətləndirdilər. Amansız zaman onların hamısını bir-bir aramızdan apardı, yalnız Yevtuşenko o şanlı təbəqənin son təmsilçisi olaraq durur. O, həm də “altmışıncılar”ın sonrakı nəsillərin ayrı-ayrı nümayəndələri tərəfindən nankor hücumlara məruz qaldıqlarının son şahidlərindəndir. İndikilərin çoxu heç onun adını da bilmir, halbuki otuz il, qırx, əlli il bundan əvvəl bu ad sovet ölkəsində, Avropada dillər əzbəri olub. Ömrünün sonunu Yevgeni Yevtuşenkoya həm yad bir ölkədə, həm də yad zəmanədə yaşamaq qismət oldu…
Anar,
xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR