Vəsiyyətə görə hamınız “idiot”sunuz - FOTO/VİDEO
Bizi izləyin

Art

Vəsiyyətə görə hamınız “idiot”sunuz - FOTO/VİDEO

Professor öz doğurduğunu özü də məhv edir.

“İdiot”u, “Master və Marqarita”nı, “Taras Bulba”nı, “Böyük Pyotr. Vəsiyyət”i ekranlara gətirən Bortko soy adı “İt ürəyi” filmi ilə məşhurlaşdı. Böyük yazıçı M.Bulqakovun uzun müddət işıq üzü görməyən və yalnız 1987-ci ildə çap olunan bu satirik povesti avara itin tipik sovet insanına çevrilməsi axarında Oktyabr çevrilişinin yaratdığı həyatın mahiyyətini açır, başlanğıcından, dəyərlərindən uzaq düşən sovet adamı modelinin törəməsinə təkan verən ziyalının ictimai-mədəni problemini qoyurdu.

Professor Preobrejenski avara insanın orqanlarını itə köçürməklə yeni insan yaradır və bu yaratdığı əsil yeni sovet insanına çevrilir. İt tezliklə avara (Çuqunkinin) bütün xasiyyətlərini götürür və onun kimi olmağa başlayır. Amma o artıq avara deyil, sovet cəmiyyətinə uyğunlaşan, hətta Moskvanı avara heyvanlardan təmizləyən idarənin rəisi vəzifəsində çalışan, onu doğuran professorun canını boğazına yığan, onu ittiham edən partokrata çevrilir. Onun tələb və donoslarından, hərəkətlərindən bezən professor onu yenidən it vəziyyətinə qaytarır.

Bulqakovun bu əsəri ədəbiyyatşünaslar tərəfindən rus inqilabının mahiyyətini və proletariatın sosial şüurunun oyadılması işini ifşa edən ədəbi əsər kimi qiymətləndirilir. Şarikov birdən-birə azadlıq əldə etmiş, hüquqlar qazanmış, lakin ona bu bəxşişləri edənə qarşı asi çıxması, özü kimilərini məhv etməklə (küçə itlərinə və pişiklərinə qarşı xüsusi qəddarlıqla divan tutması) hakimiyyət pilləsində yüksəlməsi ilə ümumiləşdirilmiş görməmiş proletariat obrazıdır. Ədəbiyyatşünaslar bu əsəri repressiyalardan xəbər verən və 1920-30-ci illərdə hakimiyyətdə olanları ifşa edən siyasi satira kimi (Şarikov-Çuqunkin, soyadında dəmir ifadəsinə görə Stalinin, Preobrajenski - dəyişikliklər edən Leninin, Şarikovla yola getməyən Bormental Trotski (Bronşteyn), köməkçi Zina isə Zinovyevin) dəyərləndirirlər.

Rejissor Bortko dövrü üçün olduqca cəsarətli addım atıb Bulqakovun ən ziddiyyətli əsərinə ekran həyatı verdi. SSRİ-nin dəyişiklik dövründə (1988) ekrana çıxan bu film cəmiyyətin qeyri-stabilliyi ilə səsləşir, sovet gerçəkliyinə fərqli, lakin bədii sənətkarlıqla işlənmiş münasibəti ortaya qoyurdu. Rejissor müəllif təhkiyəsini düzgün dəyərləndirərək professorun yeniliyini sosialist cəmiyyətinin yaradılması ilə eyniləşdirərək təbii axarı dəyişdirməyin faciəsini ön plana çəkirdi. Ən aşağı təbəqədən olan insandan istifadə edərək onun əli ilə cəmiyyəti yerindən oynadan sovet ideologiyasının başlıca xisləti aydındır. Şarikovlar vasitəsi ilə donoslar yazılmalı, üzə durmalar və repressiyalar baş verməli idi. İt ürəyi bu əməlləri həyata keçirmək üçün əlverişli idi. Əsərin sonunda professor öz doğurduğunu özü də məhv edir.

“Böyük Pyotr. Vəsiyyət”

Bu serialda Bortko yeni Pyotr obrazı yaratdı. Baluyevin daxili aləminin zənginliyi ona amansız və islahatçı imperator kimi deyil, insan kimi yanaşmağa imkan verdfi. Filmin bir qədər səthi, üzdən olması dərhal nəzərə çarpırdı. Obrazların daxili aləmi, hadisələrin mahiyyəti açılmamış qalırdı. Pyotrun film boyu ağrı ilə, hüznlə verilməsi olduqca maraqlı rejissor yanaşması kimi qeyd olunmalıdır. Aktyor böyük şəxsiyyətin qəddarlığını, öz ölkəsi üçün verdiyi faydanı və bunun axarında tənhalığını xüsusi incəliklə çatdırırdı.

Burada da rejissor Pyotru ideallaşdırmağa çalışır və final səhnədə tabutunun onun silahdaşlarının çiynində müasir Sankt-Peterburq boyu aparılması da saxta vətənpərvərlik kimi görünürdü. Yelizaveta (İrina Rozanova) və Menşikovun (Sergey Makoveski) düzgün olmayan təfsirdə təqdimatı, vərəsə müəyyən etmək tələbi ilə saraydakıların toplanması epizodunda S.Şakurovdan (Ramadanovski) başqa hamının səthi ifası filmin təsirini azaldırdı. Knyaz qızı Kantemirin ifaçısı E.Boyarskayanın ehtiraslı oyunu səthi olduğundan obrazın tam mahiyyətini açmağa imkan verməmişdi. Knyaz Kantemirin özünü də M.Boyarski prinsipsiz, rəngsiz canlandırmışdır. Bizim seyrçi üçün Azərbaycan dilində danışığı (Pyotrun Xəzər yürüşündə azərbaycanlıların onun qarşısına çıxıb xərac verməsi və toxunulmazlıq təminatı alması səhnəsi) eşitmək maraqlı göründü.

Bu filmin uğursuzluğu bəlkə də mövzunun və tarixi gerçəkliyin toxunulmaz olması ilə bağlı idi. Axı çağdaş Rusiya hələ də Pyotr toxunulmazlığı ilə yaşayır və bu prinsip ədəbiyyatda, kinoda da qorunur. Hər halda geyim, dekor bəsitliyi, məkan azlığı, kameralılıq bu ekran işinin bədii gücünü azaldırdı. Bortko öz yaradıcı imkanlarının hamısını səfərbər edərək bu işə yönəltməmişdir. Bütün bunlara baxmayaraq Bortko imzasının çağdaş rus inematoqrafında böyük yer tutduğunu, xüsusən də ədəbi əsərlərin yenidən ekrana gəlməsi işində fəaliyyətini, yaradıcı imkanlarını, geniş diapazonunu xüsusilə qeyd etməliyik.

“İdiot”

Bortko bu serialda Dostoyevskinin yaratdığı atmosferi canlandıra, onu ekran vasitəsi il seyrçiyə çatdıra bildi. Elə əvvəldən rejissor seyrçini mövzunun, süjetin əsirinə çevirirdi. Bortko romanın elə incə məqamlarını ekrana gətirə bilmişdi ki, romanı bir dəfə oxuyan adam onları gözdən qaçıra bilər. Bortko Dostoyevskinin fərqli məhəbbət təqdimatını incəliklə canlandıra bilmişdi.

E.Mironovun knyaz Mışkini insanı biganə qalmağa imkan vermirdi. Tələsik və səthi nitqi obrazın təsirini azaltsa da, danışıq və ünsiyyət üslubu Dostoyevskiyə uyğun olmasa da, aktyor obrazın emosional tərəflərini jest və mimikası ilə verə bilirdi.

Nastasya Filippovna obrazı müəllif tərəfindən olduqca ziddiyyətli təqdim olunur. Bu cəhətləri aktrisa Lidiya Velejova tamlıqla çatdıra bilmirdi. Onun əzabları, xeyirxahlığı və iblis xüsusiyyətlərinin üzvi, inandırıcı çatdırmaq böyük ustalıq tələb edir. Lakin Nastasya Filippovnanın evində pulların sobada yandırılması, onun Aqlayla görüşü səhnələrinin emosional gücü, təsiri tərifə layiqdir.

Parfyon Roqojin Maşkovun ifasında bütün cəhətləri ilə açılırdı. Aktyor tərəfindən obraz ehtirasa uymuş, məkrli qadına vurularaq, qısqanc və insafını itirmiş şəkildə təqdim olunurdu.

General Yelançin və onun xanımı obrazları Basilaşvili və İnna Çurikovanın mahir ifaları ilə bütün rənglərlə çatdırılırdı. İnna Çurikova knyazın söylədiklərinin doğru çıxmasına naminə uşaq kimi görünmək cəhdi maraqlı alınmışdı.

“Taras Bulba”

Batal səhnələrin bəsitliyi, çəkiliş texnikasının kasadlığı filmin bədii imkanlarını zəiflətsə də, Bortko Qoqolun tarixi əsərinin əsas mahiyyətini ekrana gətirə bilmişdi. Qoqolun ustalıqla yaratdığı təbiət təsvirləri, mənzərələr filmdə bütün rəngləri ilə göstərilirdi. Ucsuz çöl, Donun görünüşü Qoqol təbiiliyini canlandırırdı. Bir çox oxucular Qoqolun təbiət təsvirlərini uzun-uzadı hesab etsələr də müəllif onu o qədər dəqiq və obrazlı təqdim edir ki, sanki rəssam təsviri idi.

Filmdə olan qəhrəmanların pafosu isə Qoqol sadə insanlarından seçilir, süni görünürdü. Bortkonun bütün filmlərində olduğu kimi burada da uğurlu musiqi seçimi emosional təsiri artırır, ona xüsusi çalar verirdi. Geyim, rekvizit və anturaj bütünlüklə 16-cı əsr Zaporojyesinin ab-havasını yaradırdı. Lakin müəllifin əsərdə vurğuladığı bir neçə vacib, əsərin əsas ideyasının açılışına xidmət edən istiqamətlər rejissor tərəfindən tutarlı işlənməmiş, özünün dramaturji həllini tapmayıb. Xüsusən də Tarasla oğlunun münasibətlərində olan dramaturji gərginlik xətti inkişafını və kulminasiyasını tapa bilmirdi. Bu münasibətlər Taras obrazının daxili aləmini, mübarizəsini və cəhətlərini açmağa kömək etməli idi. Lakin rejissor bu məqamların üzərindən tələsik keçirdi. Bir çox obrazların daxili enerjisi, nəfəsi duyulmurdu. Filmdə döyüş öncəsi Taras Bulbanın nitqlərlə çıxış etməsi səhnələri təbiilikdən uzaq, pafoslu alınmışdır. Qoqol öz qəhrəmanlarını ideyalarla yaşayan kimi deyil, adi insan olaraq yaradıb. Lakin Bortko ekranlaşmada qəhrəmanları ideallaşdırmış, avara, quldur kazak yığnağını müqəddəsləşdirib.

Qoqol əsərin bir neçə yerində kazak quldurluğunun, amansızlığının nümunələrini gətirir. Müəllif bu eybəcərliyin arasında gözəllik tapmaq istəyir. Lakin yuxarıda “Ölü canlar” haqqında dediyimiz kimi burada da müəllif müsbət qəhrəman tapa bilmir. Bortko isə əksinə qəhrəmanını müsbətləşdirirdi və bununla da Qoqolun əsas gedişindən uzaqlaşırdı.

Boqdan Stupka sözün əsl mənasında Taras Bulba idi. Onun fövqəladə təbii, çılğın ifası obrazın bütün cəhətlərini yaşayır və seyrçiyə çatdırıdı. Onun mimikası və jestləri, intonasiyası daxili yaşantıdan süzülüb üzə çıxırdı. Hər bir detal təbii, inandırıcı görünürdü. Sonadək ruhdan düşməməyi, hətta edam səhnəsində daxili cəsarətini qoruyub saxlamağı Stupkanın obrazın özündən gələn cəhətlərini daha da qabarıq çatdırması hesabına ifadəli alınıb. Zaparoji kazaklarının atamanı Taras Bulba müəllif tərəfindən bir qədər qarışıq, hamar olmayan süjet daxilində inkişaf etdirilən obrazdır. Boqdan Stupka özünün akademik, parlaq ifası ilə obrazın ideyasını dəqiqləşdirmiş şəkildə ifadə edə bilirdi.

İqor Petrenkonun Andriyiası filmin əvvəlində əsil kazak kimi inandırıcı görünürdü. Aktyor daxili plastikasını ustalıqla işə salaraq xüsusi istedadla dəyişilirdi. O kazaklıqdan çıxıb, vətənini, atasını satıb polşalılar tərəfinə keçəndə də bunu inandırıcı, xüsusi incəliklə edirdi. Seyrçi onu ittiham etməyə tələsmir, onun daxili həqiqətinə inanırdı.

Eljbeta Mazoveskaya rolunu ifa edən ecazkar görünüşlü, gözəl və iti baxışları ilə heyranlıq yaradan Maqdalena Melsaj acılığa dözməyib Andriyidən çörək istəyəndə və çörəyi üzünü çevirib həsədlə yediyi, dua etdiyi səhnə olduqca emosional, təsirli ifa göstərmişdi.

Andriyinin həlledici nitqi rejissor tərəfində ustalıqla işlənmiş və Petrenenkonun mahir ifası ilə daha da təsirli alınmışdı.

Eljbeta “Nə özünü, nə də məni aldatma. Səni atan, yoldaşların, atan çağırır. Biz sənə düşmənik”, - deyərək sanki Andriyini qovur. Andriy qabalıqla və kazak sayağı qürurla sanki qarşısındakını parçalamağa hazır halda, sonra ayağa duraraq “Neyləyirəm atamı, yoldaşlarımı, vətənimi. Kim dedi ki, Ukrayna mənim vətənimdir. Kim onu verib mənə. Vətən həm də qəlbdir. Mənim isə qəlbim sənsən. Bu vətəni ürəyimin dərinliyində saxlayacağam. Qoy bir kazak cəhd edib onu oradan qoparsın!” deyə hayqırır. Aktyor kazak üçün yolverilməz olan, lakin onun özünün seçimi olan bu qərarı da tərəddüdsüz, inamla, qətiyyətlə verirdi.

Maqdalena Melsajın görünüşü, məsumluğu, ecazkarlığı Andriyin qərarına haqq qazandırmağa imkan verirdi. Rejissor olduqca uğurlu seçim etmişdi.

Mixail Boyarskinin Mosiy Şilosu olduqca maraqlı, təsirli alınmışdı. Onun cəsurluğu, sona kimi vuruşmağı, əsl kazak kimi görünməyi diqqəti çəkirdi.

Filmi xarakterizə edərək Qoqol əsərinin maraqlı və yaddaqalan ekranlaşma olduğunu deyə bilərik. Rejissor özünə məxsus yanaşması, təfsiri əsərə yeni həyat verə bilmişdi. Dəqiq yaradıcılıq platformasına sahib olan Bortko poetikasını Qoqol üslubu ilə üzvi şəkildə təqdim edə bilirdi.

Elçin Əlibəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm