Stalinin general-leytenant oğlunun başına gətirdiyi DƏHŞƏTLƏR - FOTO/VİDEO
Bizi izləyin

Art

Stalinin general-leytenant oğlunun başına gətirdiyi DƏHŞƏTLƏR - FOTO/VİDEO

Soyadın zorla dəyişdirilməsi, kimsəsiz, məhv olmuş bir ömür.

Birinci kanalda SSRİ-nin ən əzazil hökmdarı və dünya tarixində öz zülmü, diktatorluğu ilə iz buraxmış İosif Stalinin övladı Vasili Stalin haqqında film yayımlandı. Filmin adı da belə idi: “Ellər atasının oğlu”. Film elə başlanğıcdan bizə sosial mesaj ötürürdü. Söhbət Stalinin bədbəxt elədiyi övladdan gedir. Çünki Stalin bütünlüklə öz adı, varlığı ilə o uşağa mane olurdu. O uşaq heç vaxt müstəqil yaşaya, özü ola, uşaqlıq, yeniyetməlik görə bilməzdi. Görmədi də...

Stalin Vasilini çox sevirdi və bu sevginin nəticəsi idi ki, o, 26 yaşında General-leytenant rütbəsi alır – Aviasiya General-leytenantı. Ona heç nə qadağan olunmur, idman sahəsində xüsusi fəallıq göstərir. Amma bütün hallarda o, xoşbəxt deyil və onun xoşbəxt olmamasının əsas yarlıkı məhz soyadıdır. Bu soyad ona çox sonralar da mane olacaq. Stalinin ölümündən sonra Vasili Stalin həqiqətən bədbəxt bir ömür sürəcək – Həbsxana, soyadın zorla dəyişdirilməsi, kimsəsiz, məhv olmuş bir ömür, süni parlaqlıq və çəkilən zülm. Ellər atasının bədbəxt övladı bax bu deməkdir. Serial bütünlükdə dediyimiz bu mənzərəni aça bilir. Fabula və süjet xətti məhz bunun üzərində qurulub.

Biz Vasili Stalinin uşaqlığından son gününə – həbsxanadan çıxana qədər onun ömrünü görürük. Baş rol oyunçusu Gela Mesxini xüsusilə qeyd etmək lazımdır. O, serialda çox maraqlı ifası ilə yadda qalıb. Onun istər hərəkətləri, istər davranışı Vasili Stalinin bütün jestlərini xatırladır. Düşünmək olar ki, Vasili Stalin məhz belə olmalıdır.

Qeyd etmək lazımdır ki, ssenarini hiss etmək üçün tarixə də bələd olmaq vacibdir. Bu baxımdan insafla danışsaq, serial tarixi həqiqətlərə çox uyğun, yaxın şəkildə yazılıb. Hadisələr olduğu kimi verilir, informasiyalar çox dəqiqliyilə göstərilir. Tarixlə bədii obraz, bədii rəng arasında uyğunluq çox uğurlu və ustalıqla tapılıb. Bir neçə sitatları, hətta bir neçə konkret hadisələri qeyd etmək lazımdır ki, çox yerində səslənib. Həqiqətən serial bu hadisələrin tarixi şahidliyi kimi göstərilə bilər. Ekranda görünən Stalin çox fərqlidir. Biz burada onun diktator olmasından daha çox mükəmməl ata yaratmaq istəyini görürük. O, üç yüz milyonluq ölkəni idarə edir və onun övladı mütləq nümunəvi olmalıdır. O, bu baxımdan mübarizə aparır. Bu filmdə biz məhz Stalinin bu tərəfini görürük. Rejissor və ssenari müəllifi Stalinin nə siyasi fəaliyyətini, nə də diktaturasını canlandırır, onlar məhz Stalinin bir atalıq missiyasını necə yerinə yetirdiyini göstərir.

Qeyd edək ki, Stalinin hakimiyyət dövrü SSRİ-nin ən ağır illərinə təsadüf edir. Elə ağır olmasının səbəbkarı da özü idi. Bütün Sovet hakimiyyətinin bəlalarının müəllifi də özü idi. O özünü ellər atası hesab edirdi və hamı onu bu cür adlandırırdı. Ellər atasının evdəki övladı təbii ki, çox tərbiyəvi və nümunəvi olmalı idi. Amma bu belə alınmırdı. Vasili Stalin bəzən xuliqanlıq edirdi, bəzən davalar çıxarırdı, içirdi, müxtəlif əyyaşlıqlar edirdi və bu Stalinin heç də xoşuna gəlmirdi. O, bütün hallarla bunu yığışdırmaq istəyirdi. Əgər o xalqlar atası, ellər atasıdırsa onun övladı bu cür olmamalıdır. Vasili Stalin bəzən bunları elə öz atasının acığına edirdi. Hətta filmdə belə bir epizod var, bir gün atasından pul almağa gəlir, amma Stalin deyir: “Bilirsən ki mənim maaşım akademikin maaşından belə azdır. Mənim maaşım ancaq mənim qidama çatır, haradan alım sənə pul verim”. Bu, həqiqətən belə olub. Burada heç bir şişirtmə yoxdur. Çoxlu şahidlər də danışıb ki, İosif Stalin pulgir olmayıb.

O, heç vaxt pul haqqında, geyim haqqında düşünməyib. Amma Vasili Stalin daim zöqlü geyinmək, qızlarla gəzmək, əylənmək istəyib. O, müasir həyat görmək istəyirdi. General-leytenant olsa belə pulu bunları etməyə çatmırdı. Ancaq hansısa yolla pul əldə etmək istəyirdi və asan yolu atasında tapırdı, amma atası buna imkan vermirdi. Vasili Stalin soyadından istifadə edib pul tapa bilirdi. Serialda biz bunun izlərini görürük. Filmdə çatışmayan cəhət kimi qeyd etmək lazımdır ki, Vasilinin spirtli içkiyə marağı aşırı şəkildə qabardılıb. Ümumiyyətlə, sovet dövrünü əhatə edən seriallarda siqaretdən və spirtli içkilərdən istifadə bəzi hallarda əndazəsini aşır. Bir çox rejissorlar vəziyyətdən çıxmaq üçün bunu bir fənd kimi istifadə edirlər. Hesab edirəm ki, bu, əslində bir fənd yox, bir qədər şişirdilmiş, eyni zamanda tamaşaçıya xoş təəssürat bağışlamayan təqdimatdır. Vasili Stalinin çox içməsinin qabardılaması məncə, çox uğursuz alınıb.

Ssenari müəllifi haqqında çox danışmağa dəyməz, çünki soyad özü hər şeyi deyir. Dünyasını bu yaxınlarda dəyişmiş ustad ssenari müəllifi Volodarski bir çox məşhur serialların ssenari müəllifir. Onun bütün işləri uğurlu olub. O cümlədən haqqında danışdığımız “Ellər atasının oğlu” serialı da onun uğurlu müəllif işidir. Hesab etmək lazımdır ki, filmin musiqi tərtibatı da uğurlu alınıb. Morozovların bəstəkar işi çox maraqlıdır. Burada həmçinin mühitin, müasirliyin musiqi elementlərini görürük. Ümumiyyətlə, bizim üçün müharibədən sonrakı SSRİ dövrünün bir mühiti yaranır. O mühitin yaranmasında musiqinin xüsusi bir rolu var. Xüsusən də Vasili Stalinin əyləncə yerlərində işlənmiş musiqi fraqmentləri olduqca maraqlıdır. Ümumiyyətlə, filmin soundtreki də uğurlu işlənib və Morozovların burada işini yüksək dəyərləndirmək lazımdır.

Aktyorların ifasına gəldikdə qeyd etmək lazımdır ki, Budyonovun ifası çox maraqlı alınıb. Budyonov sonuna qədər Vasili Stalini müdafiə etmək istəyir və həqiqətən də o, bununla bağlı Beriyaya, Xruşova müraciət edir. Amma filmdə Xruşşovun riyakarlığının, ikiüzlüyünün, onun qisas almaq istəyinin şahidi oluruq. Stalinə gücü çatmayan Xruşşov öz heyfini onun oğlundan çıxa bilir.

Əslində “Ellər atasının oğlu” serialı çox serialı bədii film adlandırıla bilər və son illərin ən yaxşı draması kimi dəyərləndirilməlidir.

Ekranda əsasən Vasili Stalini görürük. Təbii ki, qəhrəman Vasili Stalindir. 12 yaşından siqaret çəkməyə başlayan, içki və qadın aludəçisi, avaralığı çox sevən, hətta motosikletlə məktəbə gedib, sevdiyi qıza öz sevgisini etiraf edən dəliqanlı bir insanı görürük. Lakin ömrünün elə gənc yaşındaca atasının ölümündən sonra həbsxana həyatını keçirmiş, ucqar bir yerdə müflis, ac vəziyyətdə yaşayan bir insan yaşamını görürük. Xoşbəxt gündən pis günə düşən, dəyişmiş, başqalaşmış bir insana şahidlik edirik. Film əslində onun son günlərini göstərmir, sanki onu mifdə saxlayır. Biz onun son günlərini, çətin günlərini görsəydik, bəlkə mif dağılardı. Bu baxımdan ellər atasının oğlunun mifi saxlanılır, qorunur. Həqiqətən böyük diktatorun, ellər atası hesab olunan böyük bir insanın, hər şeyə qadir bir şəxsin övladının bədbəxt taleyi ürəkağrıdıcıdır. Bilirik ki, Stalinin qızı 60-cı illərdə sovet ərazısini tərk etdi və tərk edəndən sonra xatirələr yazdı. Alliluyevanın xatirələri çap olunandan sonra Stalin haqqında çox dəhşətli faktlar öyrəndik. Onun ailədə necə qəddar olması, həyat yoldaşını öldürməsi, digər həyat yoldaşını qətlə yetirməsi, böyük oğlu Yakova qarşı pis münasibəti haqqında qeyd olunmuşdu. İosif Stalin oğlu Vasilini varis kimi görmürdü. Onun belə bir niyyəti də yox idi. Atasının ölüm anında Vasili Stalin Beriyaya dönüb “Onu siz öldürdünüz” deyəndə, onun bu sözlərində çox böyük həqiqət var idi, çünki Stalin öz ailəsindən tamam ayrı düşmüşdü, tək qalırdı, ailəsindən uzaq idi və ancaq Beriya və onun ətrafındakıların – Xruşşovun, Malenkovun əhatəsində idi. Onlara isə sağ Stalin lazım deyildi, onun səhhətində problem olsa belə, bu, onlara maraqlı deyildi. Ümumiyyətlə, Stalinin ölümü ilə bağlı müəmmalar bu gün də davam edir, hələ açılmayıb. Onu da qeyd etmək lazımdır ki, Stalin ömrünün sonlarında artıq qocalıq sindromuna düşmüşdü, qocalıq xofu onu buraxmırdı. O, elə bilirdi ki, ona sui-qəsd hazırlayırlar. Hətta öz oğlundan belə xoflanırdı. Stalin elə bilir ki, oğlu varis olmaq istəyir. İosif Stalinin içindən belə hiss kiçirdi ki, oğlu onu öldürə bilər. Lakin Vasili Stalinin belə bir iddiası yox idi.

Hesab edirəm ki, filmin ən dəhşətli hissəsi Volf Messinqlə bağlı səhnədir. Bilirik ki, Volf Messinq dövrünün öncəgörəni idi. O, ekstrasens kimi SSRİ-də çox məşhur idi. Həmin dövrdə Vasili Stalinin rəhbərliyi ilə xokkey komandası fəaliyyət göstərirdi. Öncəgörmələrin birində Volf görür ki, təyyarə qəzası olacaq və bütün xokkey komandası öləcək. O, hansısa yolla bunun qarşısını almaq istəyir. Bu məqamda xokkey komandasının təyyarəyə minməməsi üçün kimə müraciət edəcəyini bilmir. Dərhal çıxış yolunu Stalinin yanına getməkdə görür. Stalin və Beriyanın iştirakı ilə görüş baş tutur. Volf deyir ki, öncəgörməsində Vasli Stalin də həmin təyyarədə gedir. Stalindən komandanın həmin təyyarəyə minməsinə icazə verməməsini xahiş edir. Stalin onu əmin edərək deyir ki, göstəriş veriləcək və onlar təyyarəyə minməyəcək. Görüşdən sonra Volf Messinq çox rahatlıqla evinə gəlir və həyat yoldaşına əhvalatı danışır: “Nəhayət, bu hadisəni Stalinə danışdım”. Əslində isə Stalin təklif edir ki, Volf Messinqin həqiqətən öncəgörən olduğunu yoxlasınlar. Təbii ki, təyyarədə Vasili Stalinin olmaması şərti ilə. Beləliklə, Vasili Stalin içkiyə meyilli olduğu üçün onu çoxlu içirdirlər. Dərin yuxuya gedən Vasili səhər ayılıb özünü təyyarəyə çatdıra bilmir. Bütün komandanın olduğu təyyarə həqiqətən də qəzaya uğrayır və komanda üzvlərinin hamısı qəzada ölür. Onda Messinq Stalinin nə qədər qəddar və amansız biri olduğunu anlayır və ömrünün sonuna qədər Stalini bağışlamır. Onun özü deyirdi: “Mən heç vaxt Stalinin yanına getməyəcəm, əgər o məni sınamaq istəyirdisə niyə bu qədər insanı qurban verirdi?”.

Məncə, filmin ən emosional təsirli, mistik tərəfi məhz bu yerdir ki, onu ssenari müəllifi ustalıqla işləyib. Ümumiyyətlə, filmin maraqlı məqamları çoxdur. Qadınlar, gözəl xanımlarla zəngin, baxılmalı, ekzotik yerlər var. 50-ci illərin bütün gözəlliklərini ekranda görürük. Operator və rəssamın işində ustalıq göz önündədir. Tövsiyə edərdim ki, bu filmə baxasınız, ellər atasının oğlunun taleyini görəsiniz.

Elçin Əlibəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm