Varlanmaq istəyən rəssamın və qardaşının qorxunc CİNAYƏTLƏRİ - FOTO/VİDEO
Bizi izləyin

Art

Varlanmaq istəyən rəssamın və qardaşının qorxunc CİNAYƏTLƏRİ - FOTO/VİDEO

Əslində bu televiziya filmi haqqında danışmağa başlayarkən ilk təəssürat belədir: söhbət real cinayətkarlardan, pul hərislərindən, pul uğurunda mübarizədən gedir. Amma müəlliflər bunu ideya mübarizəsi, rejimə qarşı çıxış kimi təqdim edirlər. Əslində bu, belə deyil. Filmdə rejissor 40 yaşını keçmiş aktyorları 20-27 yaşında gənclər kimi təqdim etmək istəyir. Bu ilk baxışdan çox maraqsız görünür. Əsas qəhrəmanlar iki qardaşdır. Onlardan biri rəssamdır, digəri isə kinoteatrda kino göstərir. Rəssam qardaş kinoteatrda afişalar çəkir. Onlar pul qazanmaq, uğur əldə etmək istəyirlər. Rəssam qardaş əvvəlcə saxta pul kəsməyə başlayır. Onun təsadüfən işlədiyi bir cinayətlə başqa cinayətlər törətməyə başlayırlar. Burada söhbət əvvəlcə mağazaların, sonra bankların yarılmasından gedir.

Böyük qardaş evlənmək istəyir. Çox qəribədir ki, filmdə o dövrə uyğun olmayan qəribə bir mühit canlanır, qadın özünə dəbdəbəli toy istəyir. Dəbdəbəli toy istəmək 90-cı illərə aid olan bir adətdir. Əgər biz 60-cı illərə diqqət yetirsək (Filmdə hadisələr 60-cı illərdə baş verir) həmin illərdə daha çox komsomol toyları dəbdə idi və böyük şadlıq məclisləri haqqında heç kim heç nə arzulamırdı. Bu bir qədər şişirdilmiş təqdimatdır və hesab edirəm ki, müəllif tərəfindən uğursuz tapıntıdır. Yəni məhz bu dəbdəbəli toy istəyi vadar edir ki, onlar cinayətə əl atsınlar və pul qazansınlar.

Milis işçisi Kiril Pletnyov öz tabel silahını itirir, ancaq dünya aləm vecinə deyil. Sovet dövründə isə tabel silahının itməsi çox ciddi hadisə idi. Amma ssenaristlər bu məsələni də unudublar və bu hadisəni ikinci plana atıblar. Bu, onların uğursuzluğudur. Filmin əsas yükü Novoçerkask şəhərində baş verən üsyanla bağlıdır və biz bu barədə əlavə danışacağıq. Çox qəribədir ki, həmin milis işçisi çoxlu cinayətlər baş verməsinə baxmayaraq onların araşdırılması işini tək başına görür. Sovet dövründə baş verən səs-küylü cinayətlərlə tək bir milis nəfərinin məşğul olması isə real deyil.

Söhbət ondan gedir ki, bu film əslində siyasi bir serial kimi təqdim olunmalı idi. Lakin bu, siyasi serialdan daha çox məhəbbət üçbucağına çevrildi. Melodrama və kriminal xətti daha çox inkişaf etdi və siyasi tərəfləri bir kənarda qaldı. Siyasi tərəf belədir ki, Novoçerkask şəhərində zavodlarda əmək haqlarının azalması haqqında qərar qəbul olunur və eyni zamanda hökümətin qərarı çıxır ki, qiymətlərdə artım olsun. Əhali buna dözmür, küçərlərə çıxır və həmin dövrdə Novoçerkask şəhərində əsil üsyanlar baş verir. O dövrün şahidlərinin dediyinə görə, əsgərlər yeridilir, üsyanda iştirak edənlər güllələnir, həbs olunurlar, hətta amansızcasına onlara qarşı qətliam törədilir. Filmdə biz bunların çox az hissəsini görürük. Əsgərlər düzgün silahlanmayıblar, sanki şəhər döyüşünə hazır vəziyyətdə deyillər, o səhnələr çox tələm-tələsik çəkilib. Böyük bir faciənin - bir şəhərin təxminən yarısının qırılması, şəhərin gülləbaran olunmasının ikinci plana keçirilməsi rejissor və müəllif tərəfindən bir qədər uğursuz tapıntıdır. Filmdə bəzi məqamlar var ki, əsgərlər sanki əhali ilə sadist kimi rəftar edirlər. Real 60-cı illərdə isə bu, mümkün deyil. Çünki II Dünya müharibəsindən heç 20 il keçməmişdi, insanlar ölümün nə olduğunu bilirdilər və dinc əhaliyə qarşı bu cür sadistcəsinə hərəkət etməzdilər. Arxadan güllə atmaq, habelə ağacda gizlənənlərə atəş açmağa qədər olan hadisələr uğursuzdur. Burada müstəntiq rolunu oynayan Kiril Pletnyovun ifasını qeyd etmək lazımdır.

Həmin hadisə vaxtı o orada olur, amma itirilmiş silaha görə işdən çıxarılmır və ya cəzalandırılmır. O, cani qardaşlarla – Tolstapyatovlarla dostlaşmağa başlayır. Məsələ orasındadır ki, elə Tolstapyatovlar həmin tabel silahı ilə milisdə işləyən növbətçini öldürürlər. Bütün cinayət hadisələrində bu qardaşların üzərinə nə isə bir kölgə düşür. Və bir qardaşı xilas etmək üçün milisi şantaj edirlər. Əslində isə 60-cı illərdə belə bir şantajın olması inandırıcı görünmür. Yalnız filmin sonunda Dövlət Təhlükəsizlik Komitəsi sanki ayılır, hadisələrə qoşulur və bununla da Tolstopyatovların böyük cinayətlərinin üstü açılır. Novoçerkask şəhərində baş vermiş qətliamla bu cinayət hadisəsini birləşdirmək əslində prodüserin uğursuzluğudur, çünki bunlar tamamilə fərqli hadisələrdir və ayrı çəkilməli idi. Filmi 24 seryia uzadıb bu iki fərqli hadisələri birləşdirməyin həqiqətən də heç bir manası yox idi. Əslində bu hadisələr film boyunca da birləşmədi, ayrı-ayrı xətlərlə getdi. Məsələ orasındadır ki, müəlliflər həmin Tolstopyatov qardaşlrını Karamazov qardaşlarına çevirmək istəyirdilər. Guya bunlar haqq-ədalət uğrunda mübarizə aparırdılar, bunlar rejimlə razılaşmırdılar. Əslində isə bunlar sadə cinayətkarlardır. Onların “Xəstə anama kömək etmək üçün saxta pul kəsirəm” deməsi elə-belə deyil.

Qeyd etmək lazımdır ki, aktyor heyətində Boqdan Stupkanın olması filmi xilas edir, çünki onun qeyri-adi oyunu, üsyançıların başında durması, həbsxana dövrü və bütün insan əzablarını yaşaması, oğlunun, həyat yoldaşının ölümünü bilib qəbirdə onların ikisini də qucaqlayıb uzanması epizodu çox mükəmməlliklə ifa olunub. Boqdan Stupka çox böyük aktyordur və onun möhtəşəm rolları var. Burada da filmi həqiqətən xilas edən aktyorlardan biridir.

Filmin prodüseri özünə uyğun, sakit DTK əməkdaşı obrazını tapıb. Söhbət Sergey Jqalovdan gedir. O da film boyu məhəbbət oyununun içindədir, çalışır ki, siyasi proseslərdən uzaqda qalsın. O öz rəisinin bacısı ilə evlidir. Rəisin bacısı isə psixi xəstədir. Sergey isə həmin üsyanda iştirak edən Boqdan Stupkanın qızını sevir. Amma onunla evlənmək qeyri-mümkündür. Çünki repressiyalar baş verir və o qız da bu repressiyaların hədəfi olur. Burada qızın təhsil ocaqlarından uzaqlaşdırılmasının şahidi oluruq. Onun Moskvaya getməsini, dissidentlərə qoşulmasını görürük və DTK əməkdaşı bütün yollarla çalışır ki, onunla bərabər olsun, lakin bu, mümkün olmur. Çünki həyat yoldaşı var və üstəlik həyat yoldaşı onu şantaj etməyə başlayır, hər dəfə deyir ki, mən özümü asacam. Nəhayət, bu, baş verir və özünü asır. Ruhi xəstə olan həyat yoldaşından xilas olan DTK əməkdaşı ərizə yazaraq orqanlardan uzaqlaşır və öz sevgilisinin yanına gedir. Bax, bu xətt də çox primitiv işlənilib. Burada dissident məsələsi ortalığa atılır, ancaq onun özü də göydə qalır. Sanki müəlliflər uğursuz 24 seriyanı doldurmaq üçün filmə yalnız bildiklərini əlavə ediblər.

Qadın aktrisaların da ifalarında çox zəiflik hiss olunur, onların ifaları da uğursuz görünür və beləcə tamaşaçı tərəfindən də sevilmir. Az-çox müğənni Babenkanın ifasını fərqləndirə bilərik ki, onun ifası daha maraqlı alınıb. 60-cı illərin mühitini üzvi şəkildə bizə çatdıra bilməyən rejissor Konstantin Xudyakov əslində hadisələri çox qarışdırıb. Bu da təbii ki, ssenari müəllifinin işindən irəli gələn məsələdir. Rejissor həmçinin bir neçə yerdə çıxılmaz vəziyyətdə qalır. O, Rostovun mühitini yarada bilmir, Rostov şəhərində, Novoçerkaskda baş vermiş hadisələrin paralellərini düzgün apara bilmir və burada çox uduzur.

Filmdə maraqlı ifalardan biri general Şapoşnikov rolunun ifasıdır. O, real həyatda özünü ideal zabit kimi aparır və xalqa qarşı silah işlətməkdən imtina edir. Hətta müvafiq qurumlara məktub yazaraq bildirir ki, bu rejim və Xruşşov ölkəni artıq uçuruma aparır. Çox qəribədir ki, o, bu məktubu Yazıçılar İttifaqına yazır. Orada çox maraqlı bir səhnə var. Belə ki, DTK əməkdaşı SSRİ Yazıçılar İttifaqının sədri Şoloxovla görüşür və məktubun kim tərəfindən yazıldığını müzakirə edirlər. Şoloxov deyir ki, bunu heç vaxt yazıçı yaza bilməz, bunu sırf hərbçi yaza bilər, çünki məktubdakı terminaloji ifadələr hərbçiyə aiddir. Məhz o məktubdan Şapoşnikin mərdliyi görünür. Filmdə göstərilən partiya nümayəndələri, rəhbər şəxslər, çox qorxaq, sanki özündə olmayan, özünü itirmiş bir vəziyyətdə təqdim olunur ki, bu da inandırıcı görünmür. Çünki Rostov kimi böyük bir ərazinin, Novoçerkask kimi şəhərin partiya rəhbərlərinin qorxaq, mağmın olması qeyri-mümkündür. Hesab edirəm ki, rejissor burada da böyük bir səhvə yol verib, gerçəkdən uzaq bir mənzərə yaradıb, aktyorlar da həmçinin. Təbii ki, ssenaridən gələn obrazlılığı bizə bu cür çatdırıblar.

Film boyu cinayətlər davam edir. Tolstopyatov qardaşları əldə qayırma silahlar düzəldirlər, müxtəlif cinayətlər törədirlər. Ən nəhayət DTK bunun izinə düşür və cinayətkarları tapır. Onları son anda öldürmək istəyən zaman isə Tolstopyatov cəld tərpənir və polisi qətlə yetirir. Və deyir ki, mən səndən, bu dövlətdən öz heyfmi aldım. Sanki bu son sözlə müəllif haqq qazandırmaq istəyir ki, onlar cinayətkarlar deyillər, onlar rejimə qarşı mübarizə aparanlardır.

Bütünlükdə biz filmdə 60-cı illərin ab-havasını, gözəlliyini, eqzotikasını, gözəl mənzərəsini görə bilmirik. Bütün SSRİ-yə səs salan Novoçerkask şəhərində baş vermiş qanlı üsyanla bağlı SSRİ məlumat yaymasa da qərb mətbuatı, “Amerikanın səsi” və “Azadlıq” radioları bununla bağlı çox ciddi faktlar deyirdi. Hətta o dövrün ədəbi mühitində bu məsələ çox ciddi müzakirə olunurdu və Xruşşov barəsində xalqa qarşı silah qaldıran bir rəhbər obrazı yaradılmışdı. Hadisələr o qədər mürəkkəb idi ki, üsyanın yatırılmasında Mikoyan şəxsən özü iştirak etmişdi. Mikoyan o dövrdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri idi və kifayət qədər böyük bir vəzifə daşıyırdı. Onun rəhbərliyi ilə üsyanın yatırılması bu üsyanın geniş əhatəyə sahib olduğunu göstərir.

Düşünürəm ki, rejissorla müəllifin səhvi yuxarıda qeyd etdiyimiz kimi, iki hadisəni bir-biri ilə qarışdırmasıdır. Həqiqətən də Tolstopyatov qardaşlarının real həyatda cinayətləri olub. Bu cinayətlər ayrıca bir kriminal dram kimi çəkilsəydi, həmçinin Novoçerkaskda baş vermiş üsyan başqa bir siyasi film kimi təqdim olunsaydı, daha uğurlu nəticələr görə bilərdik. Xüsusən də onların dissident hərəkatı ilə bağlılığı seçilir. Çünki, orada bir məqam var: belə ki, Novoçerkask üsyanının rəhbərinin qızı Moskvaya gedərkən təsadüfən bir nəfər süpürgəçinin evində qalmalı olur. Məlum olur ki, bu süpürgəçi yazıçıdır və Amerika səfirliyi ilə əlaqəsi var. O, xaricə öz romanını çatdırmalıdır, amma DTK bundan xəbər tutur və onu ağır işlərə göndərir. Nəticədə bu yazıçı vərəm xəstəliyi üzündən ölür, romanını isə həmin qız xilas edə bilir. Təbii ki, o romanın Amerikaya gedib çataması üçün professor işə qarışır və beləcə serialdakı bu xətt itir. Əslində xəttin özündə Soljenitsin, İosif Brotski və o dövrün yazarları 60-cılar nəslinin bir simvolu kimi çıxış edə bilərdi. Amma təəssüf ki, filmdə bunun şahidi ola bilmədik.

Ümumilikdə bu film çox uğursuz çəkilmiş serial kimi dəyərləndirilməlidir. 24 seriyada tamaşaçı uzun-uzadı, lazımsız məhəbbət epizodlarının şahidi olur. Bəzi yerlərdə əxlaqdan kənar məqamlar üzə çıxır. Qardaşın qardaşının həyat yoldaşına göz dikməsinə qədər olan epizodlar verilir. Hesab edirəm ki, bu, ümumi xətdən uzaqlaşmaqdır və filmin siyasi, ideoloji çəkisini aşağı salır. Arzu edərdik ki, Novoçerkask hadisələri ilə bağlı bədii serial ekrana çıxsın, çünki buna ehtiyac var.

Ümumilikdə götürdükdə bu filmə də baxmağı məsləhət görürük. Çünki son sözü siz deyə bilərsiniz. Elə məqamlar ola bilər ki, sizin xoşunuza gəlsin. Film qüsurlarla bol olsa da maraqlı aktyor ifaları var. Yuxarıda qeyd etdiyimiz kimi, Boqdan Stupkanın ifası çox şeyə dəyər. O cümlədən bir neçə ifalar var ki, onlar maraqlıdır və yadda qalandır.

Qeyd edək ki, “Bir dəfə Rostovda” serialının efir reytinqi də uğurlu olmayıb. Çox qəribədir ki, film siyasi fikirlərinə görə, sovet hakimiyyətinin amansızlığını göstərdiyi üçün bəzi sosial şəbəkələrdə qadağan olunub. Amma biz hesab etmirik ki, film sırf bu mövzu ilə bağlıdır. Hər halda doğrudur ki, burada ana xətt sovet rejiminin amansız olduğunu ifşa etməkdir. Filmdə nə qədər qarışıqlıq olsa da bu amansız xətt özünü sonuna qədər davam etdirir.

Elçin Əlibəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm