• USD 1,7000 0,00% EUR 2,0195 +0,53%
    • GBP 2,2330 +0,30% RUB 0,0233 +0,43%

SSRİ zülmündən ABŞ-a qaçan alimin AİLƏ FACİƏSİ - FOTO/VİDEO

  • Art
  • 6 Aprel 2017 11:30
  • 1 488 Baxış
SSRİ zülmündən ABŞ-a qaçan alimin AİLƏ FACİƏSİ - FOTO/VİDEO

Bu, həyati bir serialdır. Hadisələr XX əsrin 60-cı illərində bir sovet aliminin ailəsində baş verir. Alim fizikdir, çox ciddi elmi ixtirası var. Onun valideyni də fizikdir, dünya şöhrətli alimdir. Həyat yoldaşı gözəl qadındır, qızlarının hər ikisi ağıllıdır. Böyük qızı aktrisadır, kiçik qızı hələ məktəblidir, amma jurnalistikaya, fizikaya meyllidir. Alimin həyatında hər şey qaydasındadır. Günlərin bir günü balıq tutmağa gedən fizik alim yoxa çıxır.

SSRİ-nin bütün qüvvələri – istər milis, istər təhlükəsizlik orqanları axtarışa çıxırlar, lakin heç bir iz tapılmır. Ailəsi onu ölmüş hesab edir. Beləliklə, ailənin faciəsi başlayır. Onlar anlayır ki, bu məşhur alim həyatını itirib. Ehtimal edirlər ki, o, göldə balıq tutanda boğulub. Ancaq bu, belə deyilmiş. Həmin alim Kolokoltsev sən demə, Amerika Birləşmiş Ştatlarının səfirliyi ilə danışıqlar aparıb və gizli yolla öz elmi ixtirası ilə birlikdə Amerikaya qaçıb. O, anlayırdı ki, onun elmi ixtirası Sovet İttifaqında heç bir nəticə verməyəcək, lakin Amerikada xoşbəxt həyat qura biləcək, çox varlı bir insana çevriləcək. Alim bir şeyi unutmuşdu ki, ailəsini itirəcək, çünki sovet dövründə bilinsəydi ki, o, Amerikaya qaçıb, onun ailəsini çox dəhşətli bir faciə gözləyəcəkdi. Kolokoltsev fizik kimi çox istedadlı alimdir, elm onun üçün həyatı deməkdir. O, bütün həyatını, taleyini elmə, böyük nailiyyətlərə həsr edib. Hətta o qədər ki, öz həyat yoldaşından, anasından, atasından, qızlarından vaz keçib xaricə öz elminin arxasınca gedir. Demək lazımdır ki, elm məhz belə fanatik alimlərin hesabına elm olur. Böyük kəşflər məhz belə fanatiklərin hesabına baş verir. Amma bu adamların şəxsi həyatı olmur, onların həyatı faciəli və ya ümumiyyətlə, boş olur. Onların beynində elementar məişətə yer yoxdur, onların beynində elmi düsturlar dolaşır.

Alim düşünürdü ki, Amerikada onun adı alim Kolokoltsev kimi təsdiq olunandan sonra ailəsi onu anlayar və yenidən onu qəbul edər, lakin ailədə heç kim onu qəbul edə bilmədi. O, xaricdə, vətənindən kənarda tək yaşamağa məcbur oldu. Hətta sonralar müxtəlif yollarla adını dəyişərək, müxtəlif üsullarla Sovet İttifaqına qayıtdı, həyat yoldaşı ilə görüşdü, üzrxahlıq dilədi, barışıq etmək istədi, ancaq bu, mümkün deyildi. Artıq ailəsi onu silmişdi, ailə albomundan onun rəsmini çıxarmışdı. Bu ailədə ən bədbəxt, ən kədərli həyat tərzi sürən baba Kolokoltsevdir. O da öz elmi nailiyyətlərinin ardınca getmiş alimdir. Amma Sovet İmperiyasının ən ağır dövründə işlədiyi üçün onun elmi uğurları Sovet elmi uğurları kimi təqdim olunub. Onun şəxsi heç nəyi yoxdur. Şanı-şöhrəti, ordenləri ola bilər, amma onun Amerika səviyyəsində olan alimlərin əldə edəcəyi heç bir şeyi yoxdur. O, oğlunun yoxluğuna, nəvələrinin düşdüyü vəziyyətə, deyingən həyat yoldaşına dözməlidir. Çox qəribədir ki, aktyor olmaq istəyən Kolokoltsevin qızı Oleqlə nişanlanır, sonra nişanını atır, başqa bir ticarətlə məşğul olan insanla görüşmək qərarına gəlir, onunla evlənir. Lakin Kolokoltsevin məsələsi bilinəndən sonra, o da onu atıb gedir və beləcə bütün ailə xaos içindədir. Oleq isə gənc fizikdir, o da öz ömrünü fizika elminə həsr edib, alimdir. Sevgilisi onu amansızcasına atandan sonra ümumiyyətlə, emosiyalarını tam özünə qapadıb, özünü elmə, düsturların həllinə həsr elədi. Onun üçün həyatın rəngləri qarışdı. Yalnız elmi nailiyyətlər onun gözünün önündə gəldi.

Burada bütün bu təbəddülatlara, çaxnaşmalara baxmayaraq gözəlliyini, qadınlığını, xanım-xatunluğunu saxlayan Nadejdadır. Həyatın bütün çətinliklərinə göz yumaraq, içində bir sevgi ilə yaşayır. O, səmimi və isti insan kimi qalmaq istəyir və qalır. Həyatında yeni bir insanla tanış olur, özünə yeni bir həyat qurur. Katya çox maraqlı bir qəhrəmandır. Biz ondan necə sevməyi, dəyər verməyi, səmimi olmağı öyrənirik. Bütün pis niyyətlərdən uzaq, sırf ana kimi, bacı kimi rəftarının şahidi oluruq.

İndiki demokratiya dövründə yaşayan insanlar üçün əlbəttə, hansısa bir insanın gedib xaricdə fəaliyyət göstərməsinə münasibət çox sadədir. 60-cı illərdə isə bunları etmək qeyri-mümkün idi. Bu, hər şeyin üzərindən xətt çəkmək demək idi. Kolokoltsev bunları gözə alıb bu addım atmışdı.

Demək lazımdır ki, serialın çəkilişində dövrün anturajı çox maraqlı verilib. İstər şəhər, istər qəsəbə mühiti detallarına qədər işlənilib, dövrü tam canlandıra bilirik. Aktyorlar öz rollarının öhdəsindən uğurla gəlirlər. Kolokoltsevin ailəsində demək olar ki, hər kəsin özünəməxsus yeri var. Qalina Vasilevna – bu, ən yaxşı qadındır. O, sanki aillənin boz kardinalı, dəmir ledisidir. Amma serialın elə məqamları olur ki, onun da gözündən yaş gəlir. Aktyor qaçaq fizik Nikolay Kolokoltsev rolunun öhdəsindən çox ustalıqla gəlib və onun daxili dünyasını, bütün yaşantılarını detallarına qədər çatdırıb.

Ssenari müəllifləri Marina Stepanova, Ruslan Qaliyev, Pavel Titerski, prodüserlər Dimitri Çerkasov, Aleok Qadza, operator Vladimir Paşta. Aktyorlardan İqor Skilyar, Tatyana Çerkasova, Daniel Sraxov, Katerina Olkena, Kseniya Surkova, İvan Şibanov, Boris Romanov və digərlərini qeyd etmək lazımdır. Ümumilikdə isə biz rejissor Leonid Prudovski işini dəyərləndirməliyik. Əslində burada söhbət böyük bir ailə faciəsindən, ailə albomundan, atanın, vacib bir insanın yoxa çıxmasından gedir. Burada o elm naminə ailəni qurban verir. Əslində bu, çox böyük faciədir.

Hesab etmirəm ki, Azərbaycanda belə bir film çəkilə bilər, çünki Azərbaycan mentalitetində qəbulolunmaz bir haldır ki, hansısa bir alim öz ailəsini elmə görə atıb və uzaqlaşa bilsin. Söhbət amansız sovet dövründən gedir, bu obrazı, bu mühiti yaratmaq lazım idi. Rejissor bunu bacardı. Leonid Prudovski öz usta işi ilə filmə həm də lirik tonlar gətirdi. Yeri gəlmişkən, filmi lirik film adlandırmaq olar. Eyni zamanda janr olaraq buna siyasi lirika deyə bilərik, çünki siyasi proseslər gedir.

Qeyd edək ki, Kolokoltsev bu addımı elə-belə atmamışdı, o, xüsusi lazer kəşf etmişdi və o lazer dünya əhəmiyyətli bir kəşf idi. Amma sovet məmurları onu tələsdirirdilər. Burada sovet məmurları ilə sovet elminin mübarizəsi, siyasi məmurların elmə olan münasibəti göstərilir. Hər şey kağız üzərində, plan doldurmaq üzərində tez-tələsik, düşünülməmiş şəkildə həyata keçirilir. Elmə bu qədər boş münasibət Kolokoltsev üçün dözülməz idi. Ona görə də o öz əlyazmalarını götürüb Amerikaya üz tutdu. Amerikada kəşfini həyata keçirdi. Orada onun üçün bütün şərait yaradıldı, özünü laboratoriyası oldu. O, öz kəşfi ilə dünya elminə öz töhfəsini verdi. Rejissor o fərqi göstərir ki, azad, demokratik cəmiyyətdə elm müstəqil inkişaf edir, elmə xüsusi cığır açılır. Partokrat rejimində isə elmdən plan doldurmaq tələb olunur. Elm pambıq plantasiyası deyil ki, plan doldurulsun. Bir elmi nailiyyət üçün illər lazım olur. İllah da ki, Kolokoltsevin məşğul olduğu fizika sahəsində. Oleq isə məcbur olur ki, Sovet İttifaqında qalsın, sovet fizikasına xidmət etsin. O, burada laboratoriyanı bərpa edir. Öz müəllimi Kolokoltsevin yolunu burada davam etdirir və nailiyyətlərini burada əldə edir. Lakin o, Kolokoltsev kimi şöhrət qazana bilmir, şöhrəti Sovet elmi qazanır. Bu iki fərqi rejissor və ssenari müəllifləri çox uğurla qoyublar. Serialda bu iki toqquşma, iki fərqli cəbhənin yaranması özü-özülüyündə çox maraqlıdır və fikrimcə, serialın baxımlılığı, onun dramaturji toqquşma xəttinə çıxarılmasının səbəbi budur.

Ümumilikdə uğurlu serial kimi tövsiyə olunur. 2016-ci ildə Birinci kanalın ekranlarında nümayiş olunmağa başlayıb. Məsləhət görərdim ki, baxasınız. Çünki siz 60-cı illərin dövrünə, sovet aliminin ailəsinə, sovet aktrisasının, sovet jurnaslitinin həyatına, ümumiyyətlə, sovet mühitinə düşəcəksiniz. Mühit filmdə çox ustalıqla yaradılıb. Bütün yalançı bəzəklərdən uzaq, sadə sovet yaşam tərzi təqdim olunur və hesab edirəm ki, film bu səmimiyyətinə görə daha çox uğur qazanıb və daha maraqlıdır. Serialın adının “Ailə albomu” qoyulmasının da özünün bir faciəsi var. Yəni Ailə albomu tamamlana bilmir, kiminsə şəkili çıxarılıb. Kolokoltsev özü bu seçimi edib və onu heç kim anlamır. Təbii ki, onu anlamaq mümkün də deyil. Bəlkə də onu yeganə anlayan ata Kolokoltsev ola bilər, çünki o da elm adamıdır. Amma bütün hallarda ailə amili varsa, ailə albomu, ailə şəkli anlayışı varsa onlardan imtina etməyi bağışlamaq çətindir. Bütün hallarda maraqlı serial olduğu üçün istərdim ki, baxasınız öz rəyiniz formalaşsın.

Elçin Əlibəyli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR