İntihar edəcəyini bilirdim, qucaqlayıb saçını qoxlayırdım...
Bizi izləyin

Art

İntihar edəcəyini bilirdim, qucaqlayıb saçını qoxlayırdım...

Tanınmış yazar Şərif Ağayarla görüşdük. Yeni işıq üzü görmüş romanı və ümumilikdə ədəbiyyatımız haqda Kult.az üçün söhbət etdik.

Tanınmış yazar Şərif Ağayarla görüşdük. Yeni işıq üzü görmüş romanı və ümumilikdə ədəbiyyatımız haqda Kult.az üçün söhbət etdik.

- “Arzulardan sonrakı şəhər” dedikdə nəyi nəzərdə tutdun, bu şəhərin sakinləri sırasında özün varsanmı?

- Bu şəhər romanın qəhrəmanının təxəyyülündəki şəhərdir. Utopik bir dünyadır ki, hamımız zaman-zaman ora can atmışıq. Əslində, real olaraq heç kim oranın sakini deyil, amma xəyala nə var, görürsən uçdu getdi...

- Səhv etmirəmsə, bu, ikinci romanındır. “Haramı”nı oxumuşam. Uğurlu əsər idi, sözsüz, oxucu münasibəti də əsasdır, amma müəllif kimi özünün qənaətin necədir, yaddaşlarda qalıb, oxucu toplaya biləcəkmi bu kitabın?

- Üçüncüdür... Bu romanı yaradıcılığım üçün yeni mərhələ sayıram. Kitab hələ çap olunmamış maraq doğurmuşdu və bu proses davam edir. Məncə, səs-sədası çox olacaq.

- Şərif, artıq ədəbiyyatda özünün yerini müəyyənləşdirə bilmisən. Oxucuların var, tənqidçilərin diqqətindəsən. Bu yer səni qane edirmi?

- Azərbaycan reallığıyla götürsək, narazı deyiləm. Ümumi vəziyyət yaxşı deyil. Söhbət kitab industriyasından, yüksək səviyyəli tərcümə və təbliğat işinin təşkilindən gedir. Eyni zamanda normal mühit yoxdur. Biz nəinki oxuyub, öyrənib yazmaq, həm də mühit yaratmaq işiylə məşğuluq. Kitabdan qaçan cəmiyyətlərdə bütün bunlar sizə asan gəlməsin. Ədəbiyyata və kitaba ayrılan pullar titullu qocalar tərəfindən mənimsənilir, dağıdılır, yeni nəsil yazarlar heç bir maddi gəlir əldə etmədən sağlam ədəbi mühit yaradıb, oxuyur, yazırlar. Bunun bircə adı var: fədakarlıq! Ona görə azad düşüncəli, heç kimin qılıncının altından keçməyən yeni nəsil yazarları tənqid etməyə adamın ürəyi gəlmir. Demək, mühiti peşəkar dəyərlərlə qiymətləndirmək olmur. Bizə bu şansı vermədilər. Ancaq bütün hallarda geriyə yol yoxdur. Mən artıq içimdə çox şeyi həll eləmişəm. Ona görə, özümü güclü hiss edirəm. Mirzə Cəlildən fərqli olaraq anlamaq məni dərdə-qüssəyə salmır, əksinə rahatlıq gətirir. Olan budur də. Qəbul eləməsən də, hesablaşmaq məcburiyyətindəsən. İndi bir yazar, ləyaqətini itirməmək şərti ilə başını dolandırıb yazmağı davam etdirirsə, yalnız alqışa layiqdir.

- Ətrafında ədəbi nəslin müxtəlif nümayəndələri olur. Əsasən də gənclər. Gənc nəslin ədəbiyyatımıza verdikləri səni qane edirmi?

- Bizdə həmişə gənclik güclü olub. Ancaq bu gücü davam etdirməyə, oxuyub böyüməyə hər kəsin iradəsi çatmır. Ədəbiyyata gəlmək orda davam gətirib dözməkdən asandır. Bu barədə mənim 40 yaş sindromu adlı yazım da vardı. Gənclər oxusa, onlar üçün faydalı olar.

- Bu yaxınlarda gənc yazar Mövlud heç birimizin gözləmədiyi bir addımı atdı. Yeniyetməlik vaxtlarından sənin yanında olub, haqqında xoş danışıb, səni ustad bilib. Onun haqqında fikirlərin yaxşı olub, ümidverici olub, onun intiharının sənə necə təsir etdiyini soruşmuram, məlumdur bu. Cəmiyyətdə hansı izi qoya bilər?

- Mən Mövludu itirəcəyimi qəlbimin dərinliklərində hiss eləmişdim. Son vaxtlar onu o qədər çox istəyirdim ki, hərdən qucaqlayıb saçlarını qoxlayırdm. Bu, normal sevgi deyildi. Onu bədənimin bir parçası kimi hiss edirdim. Bunu bilənlər-bilir. Ona çox qızğınam. Məni eşitmədi. Daha doğrusu, eşidirmiş kimi göstərib aldatdı. Əminəm, nə vaxtsa üz-üzə gəlsək, üzr istəyəcək, “bağışla, dözəmmədim” söyləyəcək. Mövluda düşdüyü durumun hər üzünü anlatmışdım, yol da göstərmişdim. Məni eşitsə, gələcəyin ən gözəl yazıçılarından, ən rahat insanlarından biri olacaqdı. Təəssüf ki, buna iradəsi çatmadı. Mən son bir neçə ayımı Mövludun sentimentallıqdan və iradəsizlikdən xilas olmasına həsr etdim. Hər gün görüşürdük, yazışırdıq, telefonla danışırdıq... Onun ilahi duyumu və həssaslığı vardı, ancaq bu duyum və həssaslığı daşıyacaq möhkəmliyi yox idi. Bundan çox narahat idim. Ona son bir neçə ayda yazdıqlarım və dediklərim yüz səhifəlik kitab eləyərdi. Amma nə xeyri?! Razılaşırdı, qəbul etdiyini deyirdi və məni arxayın salırdı. İntihar etdiyi gün də görüşməli idik. Gəlmədi. Gəlsəydi, belə olmazdı. Hər şey bir yana, Mövlud mənim xətrimə intihar etməməliydi. Onun hərəkətini xəyanət kimi qəbul edirəm. Biz əl-ələ verib ən çətin vəziyyətlərə dözməli və bütün murdarlıqlar üzərində mənəvi qələbə çalmalı idik. Mövlud məndən ağır günlər yaşamamışdı. Özü də bilirdi və deyirdi. Yanımda olmalı idi. Biz bir yerdə olanda heç nəyi vecimizə almaya bilirdik. Onu araq içməyə də qoymurdum. Kitablardan və filmlərdən təskinlik tapmağın mümkünlüyünü izah etməyə çalışırdım. Onunla güclü idim. Adi bir işarəmdən on səhifəlik mətləb anlayırdı. Ona nə qədər ehtiyacım vardı, bir bilsəniz... Bu dünyada qucaqlayıb ağlaya bildiyim yeganə adam idi. Mövlud indi mənə dostunu səngərdə qoyub qaçan fərari kimi görünür. O, tənha deyildi axı. Ona pulunu, malını, ev-eşiyini, canını fəda edəcək dostları vardı və bu barədə bəlkə də ən varlı adam idi. Qızğınam, bəli, həm də küskün və üzgünəm. Amma təbii, bütün dediklərim şəxsi zəmində olan münasibətdir. Mövludun intiharının digər – daha geniş və daha dərin tərəflərinə qalanda bu barədə əziz dostuma və onun körpə övladına yüksək ehtiram əlaməti olaraq susmaq qərarı vermişəm. Bir dəqiqəlik yox, bir ömürlük! Hər şey bitib və danışmağın əhəmiyyəti yoxdur.

- Əslində, ağrılı mövzudur. Onu məndə körpəliyindən tanıyırdım, son illər də eyni holdinqdə çalışırdıq. Mənim üçün də üzücü oldu. Amma deyəsən, dostumuzun ölümünü hansısa bir qrup cılızlaşdırmağa, məişət probleminə qədər endirməyə çalışdı. Bu haqda nə deyə bilərsən?

- Tanınan imza idi. Hərə bildiyi kimi yoza və yaza bilər. Sadəcə tövsiyə edərdik ki, bilmədiyi məsələlərdən yazmasınlar.

- Əsasən, xanım jurnalistlər, yazarlar idi, bunu edənlər. Burda qadın həmrəyliyi nümayiş etdirib bir gəncin ölümünü adiləşdirmək meylləri yox idi ki?

- Azad dünyadır, hər kəsin öz fikrini yazmaq ixtiyarı var. Nə deyəsən? Kimdən kimə şikayət edəsən? Belə məqamlarda hər kəsi öz vicdanı ilə baş-başa buraxmaq lazımdır.

- Şərif, bu ədəbiyyatımızın yaralarındandır. Sərdar Əsəd, Hüseyn Kürdoğlu da vaxtı ilə intihar edib. Mövluddan sonra Rizvan adlı gənc bir yazarımız və daha kimlərsə intihara əl atıb. Bu intiharların ədəbiyyatımızın yaralanmasına, hardasa bütöv görünməməsinə təsirli ola bilərmi? Yoxsa hər şey unudulur və yaralar qaysaq bağlayır, kəsilmiş, yanmış ağacların yerindən təzə pöhrələr bitir deyə təskinlik tapmaq olar?

- İntihar çox ağır, dərin, eyni zamanda çox intim bir mövzudur. Bu mövzuda danışmaq mənimçün çətindir. O ki qaldı unutmağa... Kimsə kiminçünsə unudulur, kiminçünsə yox. Baxır münasibətə, insana. Bütün mövzular kimi intiharın da ədəbiyyata birbaşa dəxli yoxdur. O, yalnız bədii əsərə çevriləndə ədəbiyyatın malı olur. Ədəbiyyatı heç nə yaralaya bilməz. Yaralanan da, əzab çəkən də, unudan da, unudulan da insandır. Ədəbiyyatın əzəli-əbədi subyekti və obyekti!

- Pərviz Cəbrayıl deyir ki, bizim iztirablarımızın perspektivi yoxdur. Sən necə fikirləşirsən? Bütün bu imkansızlıqla Azərbaycan yazıçısı haçansa peşəkar ola bilərmi? Yəni sırf ədəbiyyatla dolanmaq baxımından...

- Məncə, ciddi ədəbiyyat perspektivi vəd edən iztirablarımızın sənət kimi reallaşması üçün lazım olan mühit və şəraitin yaranmasını istəməyən və buna mane olan qüvvələr var. Deyəsən, ciddi yazıçı bizim cəmiyyət üçün başağrısıdır. Ona görə balaca-balaca fiqurlarla keçinməli oluruq. Amma ümidsiz deyiləm. Məncə, bir adam, elə dostumuz Pərviz Cəbrayılın özü klaviatura arxasına keçib ədəbiyyat naminə iki layiqli cümlə yazırsa, bu da qazancdır və bunun üçün yaşamağa dəyər.

- Yaş fərqi qoymadan perspektivinə inandığın hansı yazarlarımızın adını çəkə bilərsən? Yəni nəsrdə fakt hesab etdiyin kimlər var?

- Gəl ad çəkməyək. Sənə səmimi deyim ki, son vaxtlar ədəbiyyatdan danışmağa ehtiyat edirəm. Bilmirəm yaşla bağlıdır, yoxsa getdikcə yazmağın danışmaqdan faydalı olduğunu anlamışam. Bütün hallarda yazmaq lazımdır. Oxumaq və yazmaq. Ədəbiyyatın dəyişməyən əbədi qaydası budur. Zaman özü ələyəcək. Bəzən heç zamana ehtiyac qalmır, oxucular özü həll edir məsələni.

- Ötəri də olsa cavablarında toxundun. Ümumiyyətlə, ədəbiyyatımızın durumu, səhhəti necədir? Profilaktik və yaxud stasionar müalicəyə ehtiyacı varmı?

- Kitab industriyası yaradılmamış ciddi heç nədən danışmaq olmaz. Söhbət kağıza, kitaba qanunla müəyyən olunan güzəştdən, mümkün qədər aşağı qiymətə çapından tutmuş, reklamına, satışına və Azərbaycanın hər tərəfində oxuculara ulaşmasınacan mürəkkəb bir sistemdən gedir.

- Şərif, bəzən mənə və digər oxuculara, həmkarlarına elə gəlir ki, sən ədəbiyyata, ədəbi əsərlərin müzakirəsinə, yazarlara münasibətdə obyektivlikdən çox subyektivliyə söykənirsən.

- Subyektiv ola bilərəm, amma riyakar deyiləm (gülür). Bir söz deyim: mən ədəbiyyatla bağlı heç vaxt yalan danışmamışam və danışmayacam. Bu zonanı həmişə təmiz saxlayıram və bu zonada havanı çirkləndirən, suyu bulandıran adamları bağışlaya bilmirəm.

- Bayaqkı suala qayıdaq... Məsələn, sosial şəbəkədə, elə işlədiyiniz, əliniz çatan saytlarda ancaq öz yaxın ətrafınızın üstünə işıq salır, yanan barmaqlarına su tökürsünüz. Bəlkə başqalarını oxumağa vaxtınız yoxdur, həvəssizsiniz, ancaq iş yoldaşlarınızı və dostlarınızı izləyirsiniz...

- Mən mətnləri dostlara görə seçməmişəm, dostları mətnlərə görə seçmişəm. Yaxın dostlarım kimlər olub? Rövşən Naziroğlu – şeirini sevib dostlaşmışam. Mövlud Mövlud - ədəbiyyat duyumuna heyran olmuşam, sonra münasibətimiz yaranıb. Zahir Əzəmət də, Mübariz Örən də, Şəhriyar del Gerani də, Qismət də, Kəramət Böyükçöl də eləcə... Hətta bizdən əvvəlki nəsildən olan Əlisəmid Kür, Murad Köhnəqala, Salam Sarvan, Həmid Herisçi, Rasim Qaraca, Xanəmir ilə də yazılarını sevdiyim üçün münasibət qurmuşam. O cümlədən “Kulis”dəki iş yoldaşlarım... Biz dost olmamışdan yazılarımızla tanış olub biri-birimizin diqqətini çəkmişik. Bunu, məncə, kim olmasa da, sən bilməlisən. Bu öz yerində. İkinci, dünyada düşüncə etibarı ilə biri-birinə yaxın insanlar bir dərgi, bir sayt ətrafında birləşiblər həmişə. Mirzə Cəlilə necə demək olardı ki, sən həmişə Sabiri çap edirsən? Üçüncü, məni bundan əvvəlki kitabıma görə Mirmehdi Ağaoğlu qədər sərt tənqid edən olmadı. Ayxan Ayvaz yazılarında hamı kimi mənimlə də sərt zarafatlar edib. Hətta büruzə verməsəm də, incidiyim də olub. Ədəbiyyatla bağlı Qan Turalı qədər mübahisə etdiyim, bəzən tutaşdığım adam yoxdur. Dördüncü, bu sözü deyən adamların əksəri bizim kimi sayt işçiləridir, bir mühit də onlar yaradıb özlərini təbliğ etsinlər. Yaxud bizim təqdimatı bəyənməyən o adamlar kimlərdirsə, heç yerdə yox, eləcə Feysbuk profilində göstərsinlər məharətlərini. Pətəkdə balın olsa, arısı Bağdaddan gələr. İstedadlı əsər harda olsa, özünə yol tapır və istedadlı adam bir cümləlik statusundan da bilinir. O ki qaldı vaxta, bu doğrudan da yoxdur. Gündə iki saat mütaliə edirəm, səkkiz saat işləyirəm... Bunun üstünə gəl şəxsi problemləri, ailə qayğılarını, öz yazılarımı və s. Yaşamağa vaxt yoxdur. Ancaq çağdaş ədəbi mühitimizi maksimum izləyirəm. Elə bir ciddi yazı və kitab yoxdur ki, ondan ən azı xəbərim olmasın. Sənin də kitabını oxuyacam... Əsəbiləşmə (gülür).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm