• USD 1,7000 0,00% EUR 2,0120 -0,37%
    • GBP 2,2300 -0,13% RUB 0,0232 -0,43%

Brejnevin “MAFİOZ” QIZI: brilyant məsələsi, oğru sevgili və mənimsənilən milyonlar - FOTO/VİDEO

  • Art
  • 14 Aprel 2017 12:09
  • 2 391 Baxış
Brejnevin “MAFİOZ” QIZI: brilyant məsələsi, oğru sevgili və mənimsənilən milyonlar

Real hadisələrə əsaslanmış bu film detektiv janrındadır. Aleksandr Kottanın rejissorluğu əsasında çəkilmiş filmdə Aleksey Serebryakov, Yevgeni Mironov, Vladimir İlyin və Mariya Aranov kimi istedadlı aktyorlar iştirak edir. Serialın süjet xətti Brejnev və durğunluq dövründə, 70-ci illərin sonu, 80-ci illərin əvvəlində baş verir, SSRİ tarixinin ən böyük soyğunçuluğuna həsr olunub. Həmin dövrdə müxtəlif soyğunçuluq növləri yayılmışdı ki, onlardan da ən genişi brilyant ovçuluğu idi. Elə məhz filmin adı da buna əsasən qoyulub. O dövrdə ölkədə çox böyük “Brilyant” mafiyası mövcud idi, hansı ki, həmin mafiayaya Siyasi büro üzvlərinin qohumları daxil olurdular. Geniş imkanlara və çoxsaylı əlaqələrə malik olan bu şəxslər Sovet ittifaqının ərazisində antik və qiymətli zinət əşyalarını alıb, xaricə satırdılar. Bir neçə il keçdikdən sonra həmin bu “Brilyant” soyğunçuluğu SSRİ üzrə yayılmağa başlayır və bu soyğunun ən böyük və ən birinci qurbanı Aleksey Tolstoy olur. Onun evindən çox dəyərli antik zinət əşyaları, qədim dövrə məxsus brilyantlar, sırğa və lilya gülünə bənzər, çox dəyərli “Şah lilyası” adlanan, eyni zamanda da, XVlll əsrdə fransız şahı XV Lüdovikin sifarişi ilə hazırlanmış brilyant yaxa sancağı oğurlanır. Bu dəyərli zinət əşyaları bir neçə dəfə öz sahiblərini dəyişib və sonda bir yazıçı tərəfindən öz həyat yoldaşı üçün hədiyyə alınıb. Əslində bu brilyantların kassada qorunub saxlanmasına baxmayaraq, soyğunun baş verdiyi gün brilyantlar Tolstoyun həyat yoldaşı Lyudmila İlinçnanın masasının üstündə olub. Çünki onlar həmin günü evlərində böyük ziyafət gecəsi təşkil edəcəkdilər və Lyudmila həmin ziynət əşyalarını taxacaqdı.

Bu iş üzrə müstəntiq Mayor Nikolay Şahov və onun köməkçisi gənc, kiçik leytenant İqor Latışov təyin olunur. Onlar ilk öncə, həmin gecəyə dəvət olunan qonaqları dindiriblər və sonda Buryatse soyadı daşıyan bir nəfərdən şübhələnirlər. Boris Buryatse Böyük teatrın solistidir və o, qaraçı baronudur. Buryatse 70-ci illərdə, o dövrün “şahzadəsi” olan Brejnevin qızı Qalina Brejnevanın ən yaxın dostu və sevgilisi idi. Buryatse gözəl həyatı, bahalı amerikan avtomobillərini, müxtəlif xəzlər, kürklər və brilyantları çox sevir. İstintaq zamanı aydın olur ki, Buryatse “Brilyant” mafiyaları ilə sıx əlaqədə olub. Hətta bu istintaq zamanı fransız diplomatının həyat yoldaşı Veronika Pordeo da nəzarət altına alınır, onunla bərabər ən məşhur oğrulardan Odessadan olan “Bes” ləqəbli Anatoli Bessonov da nəzarət altına alınır.

Bəhs etdiyimiz “Brilyant ovçuları” serialında sual yaranır ki, Boris Buryatse törətdiyi bu əməli sevgilisi üçün edib, yoxsa Qalina Brejneva özü bu işin içindədir?! Ümumiyyətlə, “Brilyant ovçuları” serialının çəkilişində rol almış bütün aktyor və aktrisalar çox mükəmməl ifa nümayiş etdiriblər, lakin onu da qeyd etmək lazımdır ki “Boris Buryatse” obrazının ifaçısı Yevgeni Mironovun üzərində çox çətinlik çəkilib. Bu aktyorun qrimi üzərində demək olar bütün komanda, vizajist komandası çox çalışıb. Onun bütün barmaqlarında brilyant üzüklər, əynində parlaq kostyum var idi, çünki Mironov o dövrün “zəngin həyatı sevən” obrazını özündə əks etdirməli idi. Eyni zamanda, Yevgeni Mironovun bütün bədəninə xüsusi hazırlanmış süni tüklər yapışdırılıb ki, bu da onun qaraçı baronu olduğunu daha yaxşı əks etdirirdi. Mironovla bağlı olan bir çox səhnələr qızmar istilərdə çəkildiyi üçün, bu Mironovun həyatında əsil sınaq kimi özünü göstərib. Bundan əlavə bu aktyor, filmdə oğurladığı qızılları gizlətmək üçün şirlərin qəfəsinə girmək məcburiyyətində də olub.

Böyük məmnuniyyətlə mən bu seriala baxdım, həqiqətən burada “Brilyant” mafiyası vardı və şahidlərin dediklərinə görə, həqiqətən də, Qalina Brejneva oğru imiş və stollarda rəqs etməyi xüsusi sevirmiş. Bir çox nüansları çıxmaq şərtilə, o zamanın sovet şəraitinin bütün detalları bu filmdə doğruluqla və çox ustalıqla təsvir olunub. Personajların ifaları da çox böyük tərifə layiqdir, xüsusilə Mironovun çıxışları, qaraçı obrazını təsvir etməsi və Qalina Brejneva rolunu ifa edən aktrisanın çıxışları tamaşaçılar tərəfindən çox maraqla izlənilir. Əlbəttə ki, burada ən çox çalışanlar aktyor və aktrisalar oldu. Pyotr Fyodorov, Mariya Aronova, Yevgeni Mironov xüsusilə yadda qaldı. Birinci ən gözəl ifanı “Odessadan olan Bes ləqəbli oğru” canlandırıb. O ki qaldı, Mayor Şahovun rolunu oynayan aktyora, yəni Aleksey Serebryakov, o da yaxşı ifa etdi rolunu, amma çox təəccübləndirmədi. O, ifa etdiyi bu cür rol ilə birinci dəfə deyil qarşılaşır, bundan əvvəl də belə ciddi rollar canlandırıb.

Siyasi detektiv janrında çəkilən filmdə ciddi sosial mesaj sonda SSRİ-nin dağılması ilə verilir. Yəni “bu quruluş gözəl idi, amma cinayətkar acgözlər dağıtdılar bu cənnəti”. Budur əsas ideya.

Rusiya televiziyaları SSRİ tarixinin müxtəlif dövrlərini əhatə edən, siyasi hadisələri, xadimləri əks etdirən telefilm və serialların nümayişi ilə ən yeni tarixi canlandırmağa çalışırlar. Ümumiyyətlə, rus telemədəniyyətində nostalji mövzusu aparıcı mövqe tutur. Hətta bu mövzuda – “Nostalji” adında xüsusi telekanalın olması da deyilənə sübutdur. Parfyonovun layihələrindən başlamış, Yeni il efirində mühüm yer tutan nostalji tematikası daha böyük ölkə arzusu ilə yaşayanların təbliğat maşınına bənzəyir. Bu məsələ Putinin təklifiylə SSRİ himninin musiqisinin yenidən Dövlət himni kimi qəbul edilməsindən sonra daha da şiddətləndi. Yaxın keçmişə baxış dəyişdi, bu dönəmi tarix kimi dəyərlədirmə baş verdi. Digər tərəfdən SSRİ tarixi ümumrus tarixinin tərkib hissəsi kimi təqdim olunmaqla həmin tarixin bədii üsullarla öyrədilməsi işinə başlandı. Son on il ərzində SSRİ dönəmini əhatə edən bir-birindən fərqli bədii əsərlərin, publisistik qeydlərin, xatirələrin çapı bu tendensiyanın kitab işində geniş vüsət almasını göstərir. Hər zaman yeni mövzu axtarışında olan, sirr açmaq, sensasiyanı təqdim etmək istəyi ilə yaşayan telesənaye üçün bu mövzular yeni üfüqlər açdı. Beləcə barələrində hələ də müəmmalarla danışılan situasiya və şəxsiyyətlər yenidən gündəmə gəlməklə teleserialların mövzusu oldular.

Bəs bu ekran işlərində SSRİ və həmin dönəmdə baş verənlər necə göründü? Birincisi, bu təqdimatda çoxtərəfli, çoxrəngli yanaşma dərhal nəzərə çarpdı. Dövrün ziddiyyətləri, müsbət tərəfləri əsas götürülməklə ayrı-ayrı talelərin axarında təqdimat həm maraqlı, həm də plakatçılıqdan uzaq görünməyə imkan verirdi. Trotski, Stalin, Xruşşov, Beriya, Brejnev, Jukov, Tuxaçevski, Furtseva kimi siyasi simaların obrazları dövrlərinin mədəniyyət, ədəbiyyat adamlarının paralelində verilir. Yesenin, Qumilyov, Axmatova, Pasternak, Yefremov, Çuxray kimi simaların həyatında, yaradıcılığında siyasi proseslərin siyasət adamlarının təsiri mübahisəli olsa da, bu, belə təqdim edilirdi.

Bu tendesiyanı hansısa siyasi proseslə izah etmədən ideoloji boşluq dönəmində müəyyən doldurucu vasitə kimi dəyərləndirə bilərik. Hazırlanan bədii, sənədli filmlər və təqdim olunan analitik, əyləncəli verilişlər SSRİ-ni unutmağa qoymayaraq onu şərəfli tarix kimi tamaşaçılara təqdim edir. Burada vahid konsepsiyanın mövcudluğunu da qeyd etmək lazımdır. “SSRİ-nin süqutu və səbəbləri”nin mühüm mövzu kimi telekanalların efirində duyulması televiziyanın təbiətindən irəli gələn cəhətdir. Postmodernist mahiyyəti televiziyanın təqvim yaradıcılığına meyil etməsinə səbəb olur. Təqvim yaradıcılığı termin olaraq sovet məkanında mətbuat və ədəbiyyatın xüsusi əhəmiyyətli günlərə həsr olunmasının inikası kimi yaranıb. Mahiyyətində kütləvilik olan televiziya təqvimi hadisələrlə özünə mövzular seçir. ABŞ və Avropada da müxtəlif bayram və hadisələrin şərəfinə efirlərin qurulması ənənəsi mövcuddur.

Nostalji hisslər barədə müxtəlif rəylər söylənilir və bu rəylərin ən geniş yayılanı da bu hissin zəif iradəli, pessimist insanların son sığınacaq yeri olmasıdır. Lakin televiziya manipulyasiyasında nostalgiya “hər keçən gününə şükr et və onun qədrini bil” konsepsiyasına xidmət edir. İnsan psixologiyasında “dünən bu gündən yaxşı idi” kimi yalançı ümidverici hiss kütləvi mədəniyyətin istinad etdiyi silahlardan biridir. Rusiya misalında SSRİ-dən sonrakı onillikdə əgər hədəf “kommunizmdən öncə hər şey yaxşı idi” fikrinin aşılanmasına yönəlmişdisə, kommunist tərbiyəsi görən insanların dəmir inamınn yenilməzliyini görən təbliğat maşını bu quruluşu təbliğ etməklə bərabər, mənfisini də göstərməyə başladı. Məsələn, məişət planında “insan bir sözünə görə həbsxanaya düşər, əzizlərini güdaza verər” konsepsiyası bugünkü mövcud azadlığa rəğbəti artırmağa xidmət etdi. Ən maraqlı cəhət bu təbliğatın birbaşa deyil, dolayısı ilə aparılmasıdır.

Misal üçün, Parfyonovun “Kakiye naşi qodı” proqramından dərhal sonra hansısa repressiya qurbanına həsr olunmuş sənədli və ya bədii film nümayiş etdirilirdi. Yaxud V.Şalamovun həyatından bəhs edən “Leninin vəsiyyəti” serialı və ya Poznerin Qorbaçovla “SSRİ-ni niyə dağıtdınız” kimi ikibaşlı keçən tok şousunu göstərmək olar. Bu təzad əslində düşünməyə, ən ülvi hisslərə toxunmaqla seyrçini lazım olan səmtə yönəltməyə xidmət edir. Siyasi proseslərə baxsaq, elə Putin hakimiyyəti də Yeltsin dövründən fərqli olaraq SSRİ ilə rus dəyərləri arasında dura bilən ortaq konsepsiya axtarırdı. Təbliğatın kökündə də bu qızıl orta durur. Unutmayaq ki, son seçkilərdə belə RKP kifayət qədər uğur qazandı və bu, rus insanının qəlbində kommunizm inamının hələ də yaşadığının göstəricisidir.

Elçin Əlibəyli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR