Ölkəni tərk etmək istəyən gənc ALİMİN QUMAR OYUNU - FOTO/VİDEO
Bizi izləyin

Art

Ölkəni tərk etmək istəyən gənc ALİMİN QUMAR OYUNU - FOTO/VİDEO

Ölkədən getmək üçün bunu edir və...

“Fırıldaqçı” miniserialı gənc və dahi qumarbaz olan Kostik Voloşinin həyatından bəhs edir. Bu qumarbaz Elmi-tədqiqat institutunun əməkdaşı olaraq hər zaman mötəbər insanlarla qumar oynayır və həmişə udur. Çünki fırıldaqları, biclikləri bilir, hiylələri öyrənib və bu hiylələri çox ağılla tətbiq edir. Lakin bir dəfə Kostik ciddi şəkildə uduzur və öz həmkarına məğlub olur, təcili sürətdə Moskvanı tərk edir. Onun üz tutduğu şəhər isə təbii ki, Odessa olur. Odessa SSRİ-nin o dövr üçün “Dəniz mirvarisi” adlandırılırdı. Burada qumarlar oynanılır, restoranlar işləyir, bura sanki SSRİ-nin kapitalist bir cənnətidir. Odessa Kostik üçün doğma şəhərdir, çünki onun uşaqlıq dövrü burada keçib və təbii ki, uşaqlıq dostları onun ətrafına toplaşır. Kostik burada da öz fəaliyyətini davam etdirməyə başlayır və yerli quldur sayılan “Tacir” dayısı ilə əməkdaşlıq etməyə başlayır. Lakin onların dostluğu uzun sürmür, çünki sonradan məlum olur ki, Kostikin öz dayısı qızı Mayadan xoşu gəlir. Bundan sonra Kostik təqiblərə məruz qalır, amma onun fırıldaqçılığı bununla da bitmir. O, Odessanın cinayətkar aləminin idarəçiləri ilə güclü kart oynamağa başlayır və nəticədə Odessa təmsilçisinə qalib gəlir. Bundan sonra o, öz pullarını yığaraq xaricə getməyə cəhd etsə də, Mayaya olan yüksək hissləri onu yolundan saxlayır. Bax belə bir dram filmidir. Bir fırıldaqçının həyatından bəhs edir.

O, çox gənc, cazibədar bir oğlan, yaxşı alimdir. Və öz həyatını qurmaq istəyir, məntiqi var, ağlı işləyir və başa düşür ki, sovet ittifaqında o, adi alim maaşı ilə heç bir şey əldə edə bilməyəcək, xaricə getməlidir. Xaricə getmək üçün isə pul lazımdır. Pulu əldə etmək üçün qumar oynamaq ona çox rahat gəlir, çünki o, məntiqi bilir, kartın məntiqini tutur, ona görə də, bu oyuna girişir. Təbii ki, hər şey onun istədiyi kimi deyil və istədiyi kimi də ola bilməz, arzular hər zaman gerçəkləşmir. Elə bizim qəhrəmanımız Kostikin də arzuları birdən-birə gerçəkləşə bilməzdi.

Filmə böyük miqdarda vəsait qoyulub, istər məkanların fərqliliyi, genişliyi, bir neçə məkanın anturajının qurulması, istər geyimlər, bütün bunlar filmə ciddi vəsaitin ayrıldığını göstərir. Eyni zamanda demək lazımdır ki, aktyor seçimi də uğurludur. Aktrisalar, xüsusən də, Natalya Kovalyova “Kostikin anası” öz rolunun öhtəsindən çox uğurla gəlir. Eyni zamanda, digər qadın ifaçıların da oyunu çox maraqlıdır. “Oksa Aloçka” rolunu Yuliya Qalkin ifa edib və o da çox maraqlıdır. “Kostikin sevdiyi qız Maya” rolu da çox gözəl, maraqlı alınıb. Onun gözəlliyi, məlahəti, ifası həqiqətən də, tamaşaçıda maraq doğurur. Bu rolun da ifaçısı Olya Lermandır.

Odessada 80-ci illərin əvvəli çox maraqlı bir dövrdür. Bu dövr artıq Brejnevin ömrünün son illəridir. Demək olar ki, nisbətən azadlıq var, olimpiada olub və artıq xarici mallar gəlməyə başlayıb, Odessa daha çox avropalaşıb, çünki dəniz limanında yerləşir, Türkiyə ilə əlaqəsi, gediş-gəlişləri var. Belə deyək ki, Odessanın anturajı filmdə çox gözəl göstərilir. Serial lovğa, cazibədar oğlandan bəhs edir. Bu barədə bayaq danışdıq, hansı ki, bütün vaxtını boş-boş işlərə sərf edir və öz həyatını fırıldaqçılıq etməklə keçirir. Bunu sovet gəncinə yaraşmayan bir hərəkət kimi dəyərləndirmək lazımdı. Axı o, komsomolçu, kommunist olmalı, partiyaya qulluq etməli idi. Əslində “Şuler”i çox zaman fırıldaqçı, yalançı kimi hesab edirlər, lakin serialda Kostikin fırıldaqçılığı aydın şəkildə tamaşaçıya göstərilmir. O, əslində, fırıldaq eləmir, tamamilə məntiqlə, sxemlə oyuna girir və həqiqi oyun oynayır.

Ona görə də, bu mənada onu “Fırıldaqçı”, “Dələduz” adlandırmaq düzgün deyil. “Şuler” filmində biz əsas hədəf kimi dövrün quruluşunu və quruluşun yaratdığı vəziyyəti görürük. Sovet quruluşu əslində, mahiyyət etibarilə çürümüşdü. Durğunluq dövrü özünün pik həddinə çatmışdı. İnsanların əlində az-çox vəsait, qazanc vardı, təbii ki, insanlar geyinmək, müəyyən bir həyat qurmaq istəyir, lakin sovet hakimiyyəti buna mane olur. Mağazalar boş olur, məcbur olurlar insanlar hansısa malı dəyərindən çox baha qiymətə alsınlar. Bunun üçün də daha çox pul lazım olurdu və daha çox pul əldə etmək üçün təbii ki, rüşvət mexanizmi işə düşürdü. Qeyri-leqal gəlirlər əldə etməyə cəhd olunurdu.

Digər tərəfdən də istedadlı insanlar çalışırdı ki, hansısa bir şəkildə ölkəni tərk etsin, amma bunun üçün də pul lazım idi ki, gedib bir iş qura bilsinlər. Biri var dissident olasan, aydındır ki, onlar dövlətlər tərəfindən xüsusi bir qayğı ilə qarşılanırdı, ancaq adi bir vətəndaşın qaçıb xaricdə bir iş qurması qeyri-mümkün idi. Ona görə də Kostikin bu addımı, Şulerlik etməyi çox məntiqlidir və o, böyük bir oyuna girir, bu oyunda bütün Qafqazın mafiya başçılarının iştirakı məlum olur. Biz filmdə, müxtəlif epizodlarda onların da iştirakını görürük. Ümumiyyətlə, serialda mafiaların oyunu, onların müharibələri çox ciddi göstərilir.

Demək lazımdır ki, fəaliyyət gizli idi, sovet insanları bilmirdi ki, belə bir mafiya var və onlar da idarəçilik edirlər. Atmosfer düzgünlüyü və süjet baxımından çox gözəl filmdir. “İnsanlara güvənmək, inanmaq olmaz” ideyası ön plana çəkilsə də, “Dostluq, taleyin gözlənilməz dəyişikliklərinə baxmayaraq köhnə dostların bir-birilərinə dəstək olması” hissləri də aşılanır bu filmdə. Hesab edirəm ki, baxmalı bir filmdir, çünki pozitivlə və romantikayla doludur. Aktyorların üz ifadələrindən də bilinir ki, onların bu cür mehriban kollektivlə işləməkdən xoşları gəlir. Filmin musiqisi Q.Kotova və Aleksey Ostapçuka məxsusdur. Onlar 40 illik şlyagerləri yenidən canlandırıblar. Yuliya Qalkinanın ifalarını eşidirik. Film komediya janrındadır və biz Ostap Benderin başqa bir müasir formasını görürük. Xüsusən də Odessada o, daha çox parlayır.

Film ümumiyyətlə, müsbət cəhətlərlə zəngindir, çünki pozitiv enerji bəxş edir. Gizli dediyimiz ideya isə, istedadlı bir insanın rejim tərəfindən sıxışdırılması, onun öz istedadını satmaq imkanının məhdudlaşdırılmasının ön plana çəkilməsidir. Bu baxımdan demək lazımdır ki, Azərbaycanda da 70-80-ci illərdə belə istedadlı insanlar olub və onlar çalışıblar öz ideyalarını, fantaziyalarını işlətsinlər, lakin rejim özü bütün bunların qarşısını alıb, imkan verməyib. Biz bundan əvvəlki yazılarımızın birində “Pul” serialı haqqında danışdıq. Necə istedadlı bir insan “Qosznak”dan daha keyfiyyəti pul çap etməyə başlamışdı. Yəni belə fərdi insanlar olub və onlar öz istedadlarını göstərməyə, nümayiş etdirməyə yer axtarıblar, lakin alınmayıb. Ona görə də onlar qeyri-qanuni yollara əl atmaqla azadlığa qaçmaq istəyiblər.

O, Türkiyəyə gedir ki, azadlıq əldə etsin. Türkiyədən Avropaya getmək istəyir. O istəyir ki, müstəqil, azad yaşasın, istədiyini geyinsin, yesin. Azadlıq arzusundadır, təbii ki, o bilmir hələ başına nələr gələcək. O, kapitalizmin qəddarlığını, amansızlığını bilmir və hələ ki xülyalardadır. Necə ki, Ostap Bender xülyalarda idi. Biz sonralar, SSRİ dağıldıqdan sonra anlayacağıq ki, bu xülyaların arxasında çox acı bir gerçək durur, öz acıları, dözülməzlikləri var. Bu dözülməzliklərin, bu acıların daha dəhşətli olduğunu biz sonra biləcəyik. Kostik isə həmin dövrdə bilmirdi bunları, o, Şulerlik edərək öz azadlığının ardınca gedirdi və düşünürdü ki, xoşbəxtlik ordadır. Ancaq o, təbii ki, indiki dövrü görsəydi, bütün bunları etməzdi və fəaliyyəti ilə məşğul olardı. Bəlkə də, daha çox uğur qazanardı, çünki alim kimi şöhrət qazana bilərdi, çünki onun istedadı vardı.

Bütün bu fikirləri ümumiləşdirərək sonda demək istəyirəm ki, serial həqiqətən çox baxımlı və maraqlıdır. Sizə uğurlu bir baxış arzu edirəm. Baxın və Şulerin həyatı ilə tanış olun. Bu fırıldaqçının başına gələn macəralar sizi daha çox səksəkədə saxlayacaq, həyəcan yaradacaq, həm də çox rahatlıq bəxş edəcək. Uğurlu baxışlar.

Elçin Əlibəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm