Bir gecədə böyük yazıçının başına gələn DƏHŞƏTLƏR
Bizi izləyin

Art

Bir gecədə böyük yazıçının başına gələn DƏHŞƏTLƏR

Səhərə kimi ağlayır.

Böyük rus yazıçısı Nikolay Qoqol təkcə rus və dünya ədəbiyyatına bəxş etdiyi gözəl əsərlərlə yadda qalmayıb. Yazıçının fobiya və hobbiləri də tez-tez müraciət olunan mövzulardandır. Xüsusən də onun ölümü çoxları üçün müəmma, ədəbiyyatsevərlər üçün isə təəssüf doğurur. Belə bir iddia ver ki, Qoqol diri-diri basdırılıb. Müasirləri və sonrakı nəsil ədiblər Qoqola birdən-birə nə baş verdiyini anlamaqda çətinlik çəkiblər. Yazıçıda psixoloji dəyişiklik, güclü qorxu hisslərinin yaranması (o, həmişə diri-diri basdırılmaqdan qorxub) və s. onu sevənləri narahat edirdi.

Publika.az bildirir ki, Qoqol 1839-cu ildə Romaya səfər edərkən Malyariya xəstəliyinə tutulur. Bu xəstəlikdən müalicə alsa da fəsadları uzun müddət sonra yenidən büruzə vermiş və onun aqibətini acınacaqlı etmişdi. Tez-tez baş verən qızdırmalar səbəbilə huşu gedir, hallüsinasiyalar görməsi ilə nəticələnirdi. 1850-ci ildə yazıçı “Ölü canlar” əsərinin ikinci hissəsini yoldaşlarına göstərəndə çox sevincli idi. Dostları onu çoxdandır ki, belə şən görmürdülər. Amma kitabı bitirəndən sonra o, yenidən ruh düşkünlüyünə qapılır. Nə vaxtsa atasında olduğu kimi o da ölüm qorxusunu canında hiss edir. 1852-ci ilin 12 fevral gecəsində nə baş verdiyini heç kim bilmir. Bircə o bəllidir ki, Qoqol gecə saat 3-qə qədər çılğıncasına dua edib. Sonra “Ölü canlar” kitabının ikinci hissəsini götürüb yandıraraq, səhərə kimi ağlayıb.

Diri basdırılmaq qorxusu o qədər güclü idi ki, yaxınlarına yalnız bədənində həyat əlamətləri tamamən yox olduqdan sonra basdırılması haqqında dönə-dönə yazılı tapşırıqlar verirdi. Hətta onun “Vəsiyyətnamə”si də belə bir cümlə ilə başlayırdı ki, ağlım və düşüncəm üstümdə olduğu halda sizə son vəsiyyətimi bildirirəm: vəsiyyət edirəm ki, bədənim çürüməyə başlamayana kimi məni dəfn etməyəsiniz.

Qoqol 1852-ci il fevralın 21-də vəfat edib və xristian adətinə görə 3 gün sonra dəfn edilib. Amma 1931-ci ildə qəbiristanlığın ərazisində yeniyetmələr üçün təcridxana tikiləndə başqa qəbirlərlə yanaşı, Qoqolun da qəbri buradan köçürülüb. Yazıçının qəbri açıldığı zaman guya onun arxası üstə deyil, yanakı uzanması, qəbrinin qapağının cızıqlar içərisində olması kimi fikirlər sürətlə yayılmağa başlayıb.

Bəs Qoqolun daha hansı qəribəlikləri vardı?

Yazıçı ildırım çaxmasından uşaq kimi qorxarmış.

Həddən artıq utancaq imiş. Hər hansı bir dost kampaniyasında yad qadın görən kimi otağı tərk edirmiş.

Əsər yazanda ağ çörəyin içindən kürəciklər düzəldib dığırladırmış. Özünün dediyinə görə bu, ona mürəkkəb süjet xəttindən baş açmağa kömək edirmiş.

Cibində həmişə qənd olarmış. Dostları ilə söhbət edə-edə qəndi xırçıltı ilə yeyərmiş.

Bundan başqa Qoqolun əl işlərinə böyük marağı varmış. Yun saplardan toxuduğu şarf və corablara qadınlar belə həsəd çəkərmiş.

Bir vaxtlar məşhur “Qoqol-moqol” içkisi (yumurtanın sarısı şəkər tozu ilə yaxşıca çalınmaqla hazırlanır) onun adı ilə bağlıdır. Çünki bu içkini ilk dəfə Qoqol hazırlayıb dostlarına təqdim edib. Bundan başqa o, keçi südü ilə spirtli içkiləri də qarışdırmaqla maraqlı kokteyllər hazırlayırmış.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm