Qəpik-quruşa satılan QİYMƏTLİ XƏZİNƏLƏR - FOTOLAR
Bizi izləyin

Art

Qəpik-quruşa satılan QİYMƏTLİ XƏZİNƏLƏR - FOTOLAR

Kolleksionerlər bundan külli-miqdarda pul qazanırlar.

Bu gün misilsiz, qiymət biçilməz hesab olunan əsərlər var ki, zamanında müəllifləri tərəfindən qəpik-quruşa satılıb. Daha doğrusu ucuz satmağa məcbur olublar. Təəssüf ki, çox vaxt ədəbiyyat, incəsənət adamlarının taleyinə sağlığında maddi korluq çəkmək düşür. Onların ölümündən çox-çox illər sonra əsərləri qiymətə minir. Vaxtilə min bir əziyyətlə, yuxusuz gecələr hesabına ərsəyə gəlmiş bu əsərlər hesabına indi hansısa iş adamları, kolleksionerlər külli-miqdarda pul qazanırlar.

Publika.az hazırda dünya ədəbiyyatı və mədəniyyəti inciləri sayılan əsərlərin vaxtilə müəllifinə oxunmuş ilkin qiymətləri diqqətinizə çatdırır:

“İtirlmiş cənnət” kimi dünyəvi bir şedevr müəllifi Con Milton tərəfindən 10 funta satılıb – 1667-ci ilin məhz 27 aprelində. Milton bunu satarkən artıq kor olmuşdu, səfil vəziyyətdə yaşayırdı.

Dünya şöhrətli ABŞ mistifikatoru Edqar Allan Po “Qarğa” şeirini 1845-ci ildə 9 dollara satıb. Hazırda isə bu şeirin əlyazmasının qiyməti 662 min dollardır. Vaxtilə bu şeiri qətiyyən anlamayan naşirlər guya yazıçı-şairi başdan etmək üçün bu şeiri dərc etməyə razılıq veriblər.

Ömrünün çox hissəsini ac-yalavac keçirmiş fransız rəssam Pol Qogen “Toy nə vaxtdır?” rəsmini bir naharlıq qiymətə satıb. İndi isə şəklin qiyməti 300 milyon dollardır! Rəssam dostlarının birinə vaxtilə belə yazmışdı: “Mənim quru çörək almağa pulum yoxdur. Heç olmasa, bədənim bir az gücə gəlsin deyə yeməyə bir şey tapsaydım... Rəsm çəkmək üçün qollarımı qaldıra bilmirəm. Ancaq su içirəm”...

Stendal təxəllüsü ilə yazan Anri Mari Beyl özünün sonralar çox məşhur “Qırmızı və Qara” əsərini heç bir pul almadan, hətta xahiş-minnətlə çap etdirib. Dövrünə görə çox irəli getmiş yazıçının əsərləri o zamana sığmırdı. Onun əsərlərində yeniyetmə qızların, yaşlı qadınların, hətta keşişlərin məhrəm həyatı öz əksini tapırdı. Ona görə də nəşriyyatlar Stendalı yaxın buraxmırdılar. Yazıçı dəfələrlə aclıqdan, çarəsizlikdən özünü öldürmək həddinə çatmışdı.

Daha bir dahi rəssam Vinsent Vanqoqun əziyyətli, faciəli həyatı çoxlarına məlumdur. Qardaşı olmasaydı Vanqoq çoxdan məhv olardı. Amma həmişə qardaşa arxalanmaq olmur. “Arlda qırmızı üzümlük” əsəri əslində rəssamın ən baha satdığı rəsmdir. 1890-cı ildə təşkil olunmuş sərgidən sonra Anna Boş adlı kolleksioner bu və bir neçə digər rəsm əsərinə ümumilikdə 350 frank pul saymışdı.

Böyük bəstəkar Frans Şubert də az yaşamış dahilərdəndir. Amma qısa həyatına bir ömrə bəs edən gözəl bəstələr sığdıra bilib. O, indi məşhur “Serenada” bəstəsinə görə qapılar gəzib. Axırda isə qəpik-quruşla bəstəkarı yola salıblar.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm