Yalan məlumatlarla məşhurlaşanlar: onlar bu faktlarla insanları aldadıblar - FOTOLAR
Bizi izləyin

Art

Yalan məlumatlarla məşhurlaşanlar: onlar bu faktlarla insanları aldadıblar - FOTOLAR

Ədəbiyyat maqnit kimi nəinki onunla məşğul olanları, hətta tamamilə başqa sahənin insanlarını da özünə cəlb edir. Bankir, həkim, müəllim, idmançı, pilot – hər kəs ya vaxtaşırı, ya da ömrünün müəyyən dönəmində özünü ədəbiyyatın qoynuna atıb. Bizə təqdim olunan ədəbi və tarixi məlumatları gerçəkliyinə şübhə etmədən oxuyuruq. Amma tarix yalanları öz qoynunda çox gizlətmir, əvvəl-axır üstü açılır.

Publika.az bu günə qədər tarixə keçmiş ədəbi hiylələri diqqətinizə çatdırır:

Saxta Şekspir

Naşir Samuel Eyrlandın oğlu Uilyam Henri Şekspir sənətinin vurğunu idi. 1794-cü ildə o, atasına bildirir ki, keçmiş məktubların arasında Şekspirə aid olan əlyazma tapıb. Atası sevincindən göyə tullanır. Çünki belə bir məktubu dərc etmək artıq bütün rəqibləri üstələmək demək idi.

Üstündən bir müddət keçmiş Henri guya qəfildən daha bir neçə tapıntı ortaya çıxardı. Onların arasında “Kral Lir”in və “Hamlet”in əlyazmaları varmış. Ekspertlər bunu araşdırıb əlyazmaların saxta olduğunu üzə çıxardıblar. Ata-oğul isə İngiltərədə hoqqabazlığa görə məşhurluq qazanıblar.

Balkan mahnıları toplusu

Fransız yazıçı Prosper Merime Balkanlara səfər etməyi planlayırdı. Məqsədi burada yaşayan xalqların folklorunu toplamaq idi. Amma səfər üçün lazımi pulu yox idi. Ona görə də guya Balkan xalq mahnılarının mətnlərini tərcümə edibmiş kimi şeirlər yazıb çap etdirdi. “Qusli” (Kanon alətinə bənzəyən slavyanların milli aləti) adlı həmin kitab 1827-ci ildə çap olunub. Həmin kitabın puluna isə Merime Balkanlara yollanıb bu dəfə həqiqi Balkan xalq mahnılarını topladı. Bu işin üstünü isə iki dahi – Viktor Hüqo və Aleksandr Puşkin açmışdı.

Hitlerin gündəliyi

1980-ci illərin əvvəllərində nüfuzlu alman jurnalı olan “Stern”də Adolf Hitlerin gündəliyi nəşr olunur. Bu gündəliyi isə guya tapıb üzə çıxaran rəssam Konrad Kuyayu olub. Rəssam deyirdi ki, bu gündəliyi o vaxt ikiyə parçalanmış Almaniya Demokratik Respublikasından Almaniya Federativ Respublikasına uçan təyyarənin qəzaya uğramasından sonra həmin ərazidə tapıb. Təyyarə məxfi sənədləri daşıyırmış. Qəzetə bu gündəliyi gətirdən isə 32 illik təcrübəsi olan jurnalist Herd Heydemann olub. Gündəliyin müqabilində redaksiya rəssama 9,3 milyon frank pul ödəmişdi. Qəzetin ilk dərcindən sonra tirajı xeyli artmışdı. Amma bir ay gedən qızğın araşdırmadan sonra gündəliyin saxta olduğu üzə çıxıb. Qrafoloqlar dəqiqləşdirmişdilər ki, əlyazma fürerə aid deyil. Üstəlik XX əsrin 30-cu, 40-cı illərində belə kağız və mürəkkəb işlənilmirdi. Odur ki, Konrad Kuyayu və Herd Haydemannı həbsə yollamalı oldular.

Qondarma tərcümeyi-hal

1971-ci ildə amerikalı jurnalist və yazıçı Klifford İrvinq belə bir riskli addım atdı. Guya məşhur milyonçu Hovard Hyuz bu jurnalistə müraciət edərək onun tərcümeyi-halını yazmağı xahiş edib. Buna görə də jurnalist McGraw-Hill nəşriyyatı ilə əməkdaşlıq quraraq bu bioqrafiyanı dərc etmək üçün xeyli pul almışdı. Halbuki Klifford heç milyonçunun üzünü də görməmişdi. Yaşlı milyonçu artıq 10 il idi ki, gözdəniraq bir yerdə yaşayır və cəmiyyət həyatından uzaq gəzirdi. Jurnalist də buna hesablanıb belə bir addım atmışdı ki, kişinin onsuz da xəbəri olmayacaq. Amma sən demə, qoca kənarda yaşasa da hər şeyi yaxşı izləyirmiş. O, dərhal medianı toplayıb bildirmişdi ki, nəşr olunan tərcümeyi-halla bağlı heç bir əlaqəsi yoxdur. Klifford buna görə 2,5 illik həbs cəzası alımışdı.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm