Dörd millətin iddia etdiyi Azərbaycan romanı: "Əli və Nino" kimin oldu? - II HİSSƏ - ARAŞDIRMA
Bizi izləyin

Art

Dörd millətin iddia etdiyi Azərbaycan romanı: "Əli və Nino" kimin oldu? - II HİSSƏ - ARAŞDIRMA

“Əli və Nino” romanının müəllifinin kimliyi barədə apardığımız araşdırmanı davam etdiririk. Əvvəlki yazıda əsərin Y.V.Çəmənzəminliyə aid olduğunu qismən təsdiqləyən paralellərə yer vermişdik. Bu dəfə Qurban Səid imzasının əsl sahibi olduğu iddia edilən şəxslərdən biri, Məhəmməd Əsəd bəy haqqında danışacağıq. Eyni zamanda, Əlyazmalar İnstititunun arxivində məsələyə dair nələrin olduğunu öyrənəcəksiz.

Məhəmməd Əsəd kimdir?

Məhəmməd Əsəd bəy və ya Lev Nussimbaum – azərbaycanlı mühacir jurnalist və yazıçı. 1905-ci ildə Kiyevdə doğulan Əsəd bəy 14 yaşınadək Azərbaycanda yaşayıb. Kiyev Dövlət Arxivindəki sənədlər göstərir ki, 1920-ci ildə bolşeviklərdən qaçmaq məqsədilə Bakıdan Almaniyaya köçüb. Əsərlərini alman dilində Əsəd Bəy adı altında yazıb.

Bir versiyaya görə, atası Abraam Leybusoviç Nussimbaum yəhudi olsa da, Gürcüstan vətəndaşı idi. Anası Basya Davidovna Nussimbaum nikah haqqında şəhadətnaməsinə əsasən Belarusdan gəlmə yəhudi idi. Lev hələ 5 yaşında ikən anası 16 fevral 1911-ci ildə zəhər içərək özünə sui-qəsd etmişdi. Sonralar atası onun qayğısına qalması üçün milliyyətcə alman olan Alis Şulteni dayə olaraq tutmuşdu.

1918-ci ildə Lev və atası küçələrdə ermənilərin törətdiyi qətliamlar səbəbindən Bakıdan qaçmışdılar. Bolşeviklər 1920-ci ilin baharında Bakıda hakimiyyəti ələ keçirdikdən sonra Nussimbaum və onun atası Bakıya geri dönmüş, daha sonra isə Gürcüstana qaçmış və bolşeviklər Tiflis və Batumini ələ keçirənə qədər orada qalmışdılar.

Nəhayət Berlində məskən salmış (1921-1933), eyni zamanda orta məktəbə və Friedrich-Wilhelms Universitetinə yazılmışdı. O, bunlardan heç birini bitirməsə də, hamıya fəlsəfə elmləri namizədi olduğunu deyirdi.

Lev Nussimbaum "Şərqdə neft və qan" (“Oel und Blut im Orient”, alman dilində) adlı ilk kitabını 1929-cu ildə 24 yaşında ikən Əsəd Bəy adı altında yazmışdı. O, kitabın avtobioqrafik olduğunu iddia etsə də, Azərbaycan və Gürcüstanda görkəmli tarixçilər bunu təkzib etmiş və kitabın səhvlərlə, inanılmaz faktlarla dolu olduğunu və ən əhəmiyyətli "tarixi" hekayənin tamamilə səhv olduğunu bildirmişlər. Əsərdə Əsəd Bəy uşaq ikən, 14 yaşında Azərbaycanı tərk etməyin məmnuniyyətindən söhbət açır. Kitabın son hissəsində o yazır: "Həmin anda mənim üçün Avropa başladı. Qoca Şərq isə öldü".

1926-cı ildən o, Berlinin məşhur ədəbi jurnalı olan "Die literarische Welt" (Ədəbiyyat dünyası) jurnalı üçün Əsəd Bəy təxəllüsü ilə əsərlər yazmağa başladı. Ən azı 120 məqalə bu ad altında dərc olunub. Bu məqalələrin dəqiq ekspertizası aşkar edir ki, Azərbaycana yalnız üç məqalədə ötəri yer verilmişdir. 1930-cu illərin əvvələrində Əsəd Bəy əsasən, müasir tarix və siyasi məsələlər haqqında yazaraq Qərbi Avropa üzrə məşhur müəllifə çevrildi.

1938-ci ildə almanlar Avstriyanı işğal etdikdən sonra Nussimbaum İtaliyaya qaçır, Pozitano şəhərinin dəniz sanatoriyasında məskən salır və ömrünün sonunadək burada yaşayır. İddialara görə, Lev ətrafların qanqrenasına səbəb olan və Aşkenaz soyuna mənsub yəhudi kişilərində müşahidə olunan bir xəstəliyə yoluxma nəticəsində ölmüşdü.

Əcnəbi tarixçilər nə deyir?

Bəzi tarixçilər və ədəbi tənqidçilər Əsəd Bəyi etibarlı mənbə kimi nüfuzdan salıblar. Bu gün Əsəd Bəyin yazmaq üçün seçdiyi mövzuların hələ də aktual olmasına baxmayaraq, tarixçilər bu təxəllüs altında nəşr olunmuş kitabları etibarsız hesab edir və nadir hallarda ona istinad edirlər. Bundan başqa, Əsəd Bəyin ədəbi məhsuldar olması və sonralar məşhur olan əlyazmaları saxtalaşdıraraq onları öz adı altında satışa buraxması və broker kimi fəaliyyət göstərməsi bu kitabların müəllifliyini sual altına qoyurdu.

1937-ci ildə bəzi insanlar “Əli və Nino” romanının ona aid olduğunu qeyd edirdilər. Lakin Əsəd bəyin bu əsəri yazmasında inandırıcılığı azaldan fakt, onun 14 yaşında Azərbaycandan getməsi və bir daha qayıtmamasıdır. Tənqidçilər 14 yaşlı bir uşağın Qafqaz haqqında biliyinin sevgi romanı yazacaq qədər geniş olmadığını iddia edirlər.

Gürcüstanda "Əli və Nino" abidəsi

“Azerbaijan İnternational” jurnalının 2011-ci ildə çıxan sayında qeyd olunur ki, “Əli və Nino”nun əlyazmaları əsəd bəyə ötürülmüş, o isə əsərə əlavələr edərək onu cilalamışdır.

ABŞ mənbələri əsasında məsələni araşdıran müstəqil tədqiqatçı Aron Makkin isə qəribə bir məqama toxunur. O, Y.V. Çəmənzəminlinin həyatda içkiyə nifrət edən biri olduğunu yazır. Lakin məlum olduğu kimi “Əli və Nino” romanında içkinin təbliğ olunduğu hissələr çoxdur. Məsələn, o, hətta Ninonun atasının şərəfinə badəni qaldırıb şərab içdiyi hissəni qeyd edir. Lakin bu şərq mentalitetinə görə normal davranış sayılmır. Bu aspektdən çıxış edən Aron Makkin əsəri şərq düşüncəli Çəmənzəminlinin yox, Şərqi görmüş, lakin qəlbi hər zaman Qərblə döyünən Lev Nussimbaumun yazdığını iddia edir.

Həmid Herisçi: “Əsərin Çəmənzəminliyə iynə ucu qədər belə dəxli yoxdur”

Mövzunu araşdırmış şəxslərdən biri olan yazışı-publisist Həmid Herisçi əsərin qətiyyən Y.V.Çəmənzəminliyə aid olmadığını deyir. H,Herisçi bildirdi ki, Məhəmməd Əsəd bəyin yaradıcılığı elə “Əli və Nino”nun müəllifi olmasından xəbər verir:

“Əsərin Çəmənzəminliyə iynə ucu qədər belə dəxli yoxdur. Məhəmməd Əsəd bəy “Əli və Nino” əsərinin bir növ məşqini, anonsunu hələ 1929-cu ildə yazdığı ilk “Şərqdə neft və qan” əsərində sərgiləyib. Hər iki əsərdə eyni mövzular, eyni qəhrəmanlar çoxdu, az deyil. Misal üçün “Şərqdə neft və qan” əsərində Məhəmməd Əsəd bəy 1918-ci ildə Bakının Umbakı kəndində baş vermiş cüzam xəstələrinin üsyanından danışır. Cüzamlıların Bakıya hücumu səhnəsi hər iki əsərin məncə kulminasiya nöqtəsi, ən yaddaqalan hissəsidir.

Ancaq, “Şərqdə neft və qan” əsərində hələ vahid süjet yoxdur. Bu sujeti öz ətrafında yaşadan sevgi məcarası da. Müəllif, sonralar bu nöqsanını aradan götürür. “Əli və Nino” romanında bu köhnə süjeti yeni pilləyə, zirvəyə qaldırır. Roman janrının bütün qanunları əsasında bu romanı yazıb öz qələminə böyük uğur qazandırır.

O vaxt “Şərqdə neft və qan” mövzusu, indiki kimi, dünya siyasətinin bir saylı hədəfi idi. O vaxtkı Almaniyada Karl Haushoffer adlı bir alim “geopolitika” adlı bir siyasi nəzəriyyəni yaradıb təbliğ edirdi. Həmin nəzəriyyənin bir sütunu da “Torpaq və qan” adlanırdı. Həmin ad, Məhəmməd Əsəd bəyin “Şərqdə neft və qan” əsərində bir başqa cür təkrarlanır. Göstərir ki, Məhmməd Əsəd bəy məhz bu siyasi dəstənin məxfi sifarişlərini yerinə yetirib. Misal üçün, yalnız bu xətlə 1935-ci ildə Məhəmməd Əsəd bəy İrana gedib orda Almaniya ilə İran arasında başlanan məxfi danışıqlarda iştirakçı ola bilərdi. Səfər nəticəsində o vaxtkı İran hökmdarı Rza şahın bioqrafiyasını yazma sifarişi qazanır. Eyni zamanda şahidi olduğu bir çox mənzərələri iki il sonra çap etdiyi “Əli və Nino” romanına salır.

Karl Haushofferin “Geopolitika” dərgisi o vaxt Məhəmməd Əsəd bəyə yazmaq üçün çox mövzular verib. Məncə, onun qələmindən süzülmüş bütün bioqrafik əsərləri məhz bu jurnal sifariş edib. Bu məxfi “Torpaq və qan” cəmiyyətində Məhəmməd Əsəd bəy ilk olaraq Qafqaz cəngavəri kimi tanınırdı. Şərq dillərinə, həyatına yaxşı bələd olan bu yazar Karl Haushoffer üçün göydəndüşmə hədiyyə idi. Onlar öz aralarında xeyli əməkdaşlıq ediblər”.

Hitlerə məktub: “Mən yəhudi deyiləm”

Araşdırmalar zamanı məlum oldu ki, Əsəd bəy Almaniya lideri Adolf Hitlerin yəhudilərə qarşı qəzəbinə görə də təxəllüsünü dəyişmiş ola bilər. Belə ki, anası yəhudi olan yazıçı özünü azərbaycanlı kimi hiss etdiyini dilə gətirir və bu məqsədlə Hitlerə məktub yazır. O, hətta bildirir ki, yəhudi olmadığını sübüut etmək üçün sümük iliklərindən belə analiz verməyə hazırdır. Həmid Herisçi Haushofferlə əlaqələrini nəzərə alaraq, Əsəd bəyin Hitlerə belə bir məktub yazmasını mümkün sayır:

“Almaniyada Hitleri hakimiyyətə gətirən pərdəarxası siyasi fiqur da məhz bu şəxs olub.

Buna söykənərək Məhəmməd Əsəd bəyin Hitlerə məktub yazmasının həqiqət olduğuna inanmaq mümkündür. Yəni vaxti ilə Hitleri hakimiyyət Olimpinə məhz Haushoffer qaldırıb. Bu insanlar arasında yaxın əlaqələrin olması mümkündü. Məktub da istisna deyil”.

“New York Times” müəlliflər haqda bunu deyir...

Nüfuzlu “New York Times” qəzetinin 1971-ci il 27 iyun nömrəsində bu haqda geniş bir məqalə çap olunub. Məqalədəki bəzi hissələri olduğu kimi təqdim edirik:

“Apreldə “Random House” “Əli və Nino”nu yayımladı. Bu əsər ilk dəfə 1937-ci ilde Vyanada Qurban Səid imzası ilə çap olunub. Sonralar bu əsər unuduldu. Ta ki, Genia German təsadüfən onu tapıb tərcümə edənədək.

Kim idi Qurban Səid? Con Vein çox da güclü dəlillərə əsaslanmasa da, bu haqda bəzi məlumatlar verir. Qurban Səid Ermənistan və Gürcüstanın da yerləşdiyi Cənubi Qafqazda kiçik bir ölkə olan Azərbaycandandır. Əsərdə baş verən hadislər də həmin ölkədə cərəyan edir. Qurban Səidin Sovet Hakimiyyətinin Azərbaycanı işğalından sonra Avropada mühacir həyatı yaşadığı düşünülür. 1937-ci ildə faşistlərin İtaliyaya gəlişindən sonra Vyanaya qaçır. Onun harada və nə vaxt ölməsi naməlumdur.

“Lakin bir şey dəqiqdir ki, o dahi idi” - Veyn söyləyir. Bir az sıxıcı şəhərdə müsəlman aristokrat Əli daha çox qərb baxışlı gürcü şahzadəsi, gözəl Ninoya aşıq olur. Proseslər Bakı üzərində gedir. Ən boyük sual isə “Bakı şərqəmi, yoxsa qərbəmi aiddir” sualıdır. Əli bu suala qırmızı orduya qarşı cəsarətli savaşıyla cavab verir.

Daha bir varianta görə, bu əsəri azərbaycanlı yazar Yusif Vəzir yazıb. Lakin romanı şübhəli şəkildə itirib. Yusif Vəzir başqa əsərlərini “Çəmənzəminli” imzası ilə yazıb. O, 1887-ci ildə Şuşada doğulub. Gözəl yaşıllıqlar içində bir şəhər... Hansi ki, romanın əvvəlində Əli bu şəhərə səyahət edir. Yusif Vəzir aristokrat linqivist və siyasi aktivist olmuşdur. O, tələbə olarkən satirik jurnal olan “Molla Nəsrəddin”də köhnəlik və dini mövhumat əleyhinə idi. Sonra cümhuriyyət dövründə o Xarici İşlər Nazirliyində müəyyən bir post tutmuşdur. Sonra Yusif Türkiyəyə səfir kimi göndərilir. Cümhuriyyətin süqutundan sonra o, Bakıya qayıtmaqdansa, Avropaya gedir. Bir müddət Parisdə, sonra Berlində, daha sonra Vyanada yaşayır".

Əlyazamalar İnstitutu: “Faktlar var, əsər Çəmənzəminlinindir”

20 il Çəmənzəminlinin yaradacılığını araşdırmış, Əlyazmalar İnstitunun böyük elmi işçisi, fililogiya elmləri üzrə fəlsəfə doktoru Şəlalə Ana Hümmətli isə əsərin birmənalı şəkildə Çəmənzəminliyə aid olduğunu göstərən faktlar olduğunu bildirdi:

""Əli və Nino"nun müəlliflik məsələsi ilə əlaqədar geniş məqaləm hələ 2001-ci ildə, “Azərbaycan” jurnalının 12-ci sayında dərc edilib. 2011-ci ildə “Azerbaijan İnternational” jurnalının “Əli və Nino”ya həsr olunan xüsusi nömrəsində digər tədqiqatçılarla bərabər, mənim də bu barədə əldə etdiyim tapıntılar dərc olunub. Mənim fikrimcə, əsər Yusif Vəzirindir. “Qurban Səid” imzası onun çoxsaylı təxəllüslərindən biridir. Mən 2003-cü ildə Çəmənzəminlinin o vaxtadək naməlum qalan “Zərəsb” imzası ilə də yazdığını üzə çıxardım. Onun bu imza ilə “İqtisadi xəbərlər” jurnalında məqalələri dərc olunub. Və yaxud “Əli xan” imzası ilə yazdığını və bu imzanın 1911-ci ildə çap olunan ilk kitabının titul səhifəsində olduğunu üzə çıxarmışam. İlk olaraq “Molla Nəsrəddin” jurnalında “Miryusif Vəzirov” imzası ilə məktubu çap olunduqdan sonra ona təzyiqlər olunub. Ona görə də sonrakı yazılarını Yusif Vəzir fərqli imzalarla dərc etdirib.

“Əli və Nino” bu günə gəlib çıxana qədər yəqin ki, tərcümə zamanı dəyişilib, təhrif olunub. Ona görə bəzən Yusif Vəzirin dəsti-xəttinə xas olmayan kiçik hissələr də görə bilərsiz. Amma bir faktı deyim ki, Çəmənzəminlinin İstanbulda çıxan bir elmi əsərinin - “Azərbaycan ədəbiyyatına bi nəzər”in ön sözündə Firudin bəy Köçərlinin şəhid edilməsi ilə əlaqədar işlətdiyi cümlələr Qurban Səidin “Əli və Nino” əsərinin məhz Yusif Vəzir qələminə xas olduğunu söyləməyimə əsas verir.

Əsərin üslubu bəsdir ki, Çəmənzəminlinin müəllif olduğunu başa düşək.

Deyirlər ki, əsər ilk dəfə Avstriyada çap olunubsa (1937), Yusif Vəzir Avstriyaya nə vaxt gedib? Niyə də getməsin? Onun kitabı haqqında ilk dəfə rəylərdən birini Avstriyada çıxan jurnalda veriblər. Daha da vacibi, mən araşdırmalarım zamanı onun şəxsi arxivindəki qeydləri içərisindən avstriyalı bir professorun ünvanını tapdım. Bəlkə də həmin professorun çalışdığı universitetdəki arxivini tapsaq, orada Yusif Vəzir izinə rast gələ bilərik”.

Yazının I HİSSƏSİ

(Davamı var)

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm