• USD 1,7000 0,00% EUR 1,9164 0,00%
    • GBP 2,1547 0,00% RUB 0,0263 0,00%

Çingiz Əlioğlu bütün CAVANLIQ SİRLƏRİNİ AÇDI: “Sevilməyimlə bağlı...” - FOTO/VİDEO

  • Art
  • 26 İyun 2017 17:56
  • 2 756 Baxış
Çingiz Əlioğlu bütün CAVANLIQ SİRLƏRİNİ AÇDI: “Sevilməyimlə bağlı...” - FOTO/VİDEO

Bir neçə gün sonra, iyunun 29-da Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, poeziya seksiyasının rəhbəri, Azərbaycan Respublikasıın Fəxri Mədəniyyət İşçisi və poeziyamızın ən görkəmli nümayəndələrindən olan şair Çingiz Əlioğlunun 73 yaşı tamam olacaq. Bu münasibətlə şairi yad edərək onun evində qonaq olduq. Görkəmli şairlə ədəbiyyat, poeziya, həmçinin onu narahat edən məsələlər ətrafında geniş söhbət etdik. Sözünə-söhbətinə doymaq bilmədiyimiz şair bizi “Payız milyonçusu” şeirinə də qonaq etdi.

Publika.az şairlə müsahibəni təqdim edir:

- Hər bir yaradıcı insan gördüyü işlərlə insanlara müəyyən mesajlar ötürməyə çalışır. Bu baxımdan sizin çatdırmaq istədiyiniz mesajlar ünvanlarına yetişir?

- Şübhəsiz ki, bədii ədəbiyyat hər şeydən öncə yaradıcı insanın özünü ifadəsi, bu və ya digər mənada özünü təsdiqidir. Digər tərəfdən bəddi yaradıcılıq yaradıcı fərdin gördüyü, dərk etdiyi, duyduğu dünyanı göstərmək və ona öz izahlarını vermək cəhdidir. Hesab edirəm ki, istedadlı yazıçılar və şairlər oxucunu gözəlliyə səsləyir. Biz çox vaxt adi oxucunun görüb dərk etmədiyi məqamları onlara agah etmək istəyirik. Həm də bu dünya xaosdan yaranıb, yaradıcı insanlar o xaosu və fəzanı öz əsərləri ilə nizama salmağa çalışır. Gözəl şairimiz Əli Kəriminin də bu barədə “Qayıt sahmana sal bu dünyanı” misralı şeiri var.

“İstedadlı yazıçılar bütün sınaqlardan keçə bilmək üçün özlərində qüdrət və imkan tapdı”

- Bu gün sosial şəbəkələr istedadlı gənclərin üzə çıxmasında və populyarlaşmasında böyük rol oynayır. Maraqlıdır ki, sosial şəbəkənin mövcud olmadığı sizin dövrdə istedadlı şəxslər necə məşhur ola bilirdi?

- Mən bir qədər qədimi adamam, sosial şəbəkələrlə o qədər də maraqlanmıram və ona çox vaxt sərf etməyi xoşlamıram. Ömrümün müəyyən bir çağında yaşayan adam kimi vaxta daha qənaətlə yanaşmağa adət etmişəm. Digər tərəfdən hesab edirəm ki, sosial şəbəkələr bataqlıqdır. O bataqlığa gömülməyə nə həvəsim, nə də ki, vaxtım var. Sosial şəbəkələrdən heç bir bədii əsər oxumuram.

Ömür boyu naşir olmuşam, uşaqlıqda da oyuncaqlarım kitablar olub. Ötən əsrin birinci 50 illiyində anadan olduğumu nəzərə alsaq, aydın məsələdir ki, oyuncaqlarımız yox idi. Nəhəng evimizdə Azərbaycanın böyük yazıçısı, anamın böyük qardaşı və dayım İlyas Əfəndiyevin qoyub getdiyi çoxsaylı kitablar idi oyuncaqlarımız. Özü də o kitabların böyük əksəriyyəti rus dilində idi. İlk oyuncaqlarım da həmin kitablar olub. Avtomatika və telemexanika üzrə təhsil alsam da, ömrüm boyu naşir olmuşam. Həyatım kitablarla keçib. Kitab oxucusu olmaqla bərabər öz kitablarımı da çap etdirmişəm. Çağdaş ədəbiyyatla daha çox qəzet və jurnal vasitəsilə tanış oluram. İndi azadlıq dövrüdür, şükür Allaha ki, Azərbaycan Respublikası suveren dövlətdir, mətbuatımıza basqı, hər hansı senzor nəzarəti yoxdur. Bu baxımdan gənc şairlər özlərini ifadə etməkdə müstəqildirlər və bu, çox yaxşıdır. Olsun ki, elə bu səbəbdən də Azərbaycan ədəbiyyatında çox sürətlə istedadlı yazarlar nəsli yetişməkdədir.

Bizim dövrümüzdə isə çox böyük çətinliklər vardı. Məlum ideolagiya və o idealogiyanın bədii yaradıcılıqla məşğul olan insanlara qarşı özünün təzyiq mexanizmi mövcud idi. İlk şeirlərimin 67-68-ci ilə dərc olunduğunu, ilk kitabımın isə 68-ci ildə çıxdığını nəzərə alsaq, 70-ci illərin şairi hesab olunuram. Bizim nəsilə aid olan şair və yazıçıların bu və ya başqa şəkildə özünü təsdiqi, kitablarının çıxması çox çətin idi. Buna baxmayaraq, bu nəslin istedadlı yazıçıları bütün sınaqlardan keçə bilmək üçün özlərində qüdrət və imkan tapdılar.

- Onda müəyyən mənada sizin nəslin təhsil baxımdan bəxtinin gətirdiyini demək olar. Çünki bu gün gənclərin əksər faizi bədii ədəbiyyata maraq göstərmir, ruhunu qidalandırmadan yaşayırlar.

- Bu yaxınlarda mənə 10-cu sinfdə oxuyan şagirdin şeirlər kitabını hədiyyə etdilər. Ümumiyyətlə, indiki gənclər 17-18 yaşında öz kitablarını, romanlarını buraxır. Onların cürət və iddiası daha yüksəkdir, hətta seçilmiş əsərlərindən danışırlar. Mənim 65-dən çox müxtəlif dillərdə tərcümə olunmuş, eləcə də Azərbaycan dilinə tərcümə etdiyim kitablarım var. Amma bu günə kimi seçilmiş əsərlər kitabımı nəşr etdirməmişəm. “İndi və bu saat” devizi cavanlanrın əxlaqını bir qədər yumşaq desək, korlayır. Bu mənada təvazökarlıq hissi aradan çıxır.

- Bu, sizi narahat edir?

- Xeyir, tarixin, zamanın öz gərdişi və öz qanunları var. Hər bir şey öz məntiqi əsasında inkişaf edir. Ola bilsin ki, işlər elə belə də olmalıdır. Sözsüz ki, kitabla təması daha çox sevirəm, əslində onlara ehram kimi yanaşıram. Şəxsi kitabxanamda 10 mindən çox kitab var. Buraya bütün dünya ədəbiyyatı, incəsənəti, fəlsəfəsi və tarixi özündə dolğun əks etdirən kitablar daxildir. Həqiqətən də kitabdan uzaq düşən insan bədbəxt şəxsdir.

“Böyük şair onun əzab və ağrısını yaşamır”

- Necə düşünürsünüz bizim cəmiyyət şairə layiq olduğu dəyəri verir?

- Yaxşı şair və yazıçı gec-tez öz dəyərini alır. Ola bilər ki, onu müəyyən zaman kəsiyində düzgün başa düşməsinlər və anlamasınlar. İnsanın qəbul edilməməsi mexanizmində çox məqamlar var. Bu, həsəd, qibtə və ya paxıllıq ola bilər. Böyük oxucu auditoriyası günahımı bağışlasın, bu, bəzən oxucu kütlüyü, savadsızlığından da qaynaqlır. Eyni zamandan vaxtını, zamanını qabaqlayan şairlər də vardır. Poeziyanın sürətli inkişanın ən yeni çağırışlarına öz yaradıcılıqlarında cavab verən şairlər olur. Hansı ki, onların axtarışları müasir oxucuya çatmır. Çünki müasir oxucunun əsas hissəsi o çağırışlar səviyyəsində deyil. Bu səbəblərdən dolayı şair layiq olduğu dəyəri görməyə bilər. Lakin bu, öməmli deyil, böyük şair onun əzab və ağrısını yaşamır. O, öz yaradıcılığı ilə məşğuldur, o, öz uçuşundadır. Şairin öz qanadları, öz fəzası var... Şairin qəlbi geniş olduğu üçün ucaldığı məqamdan hər şeyi görməyi bacarır. Əsl istedad həmişə lütfükar, əfvedici və bağışlayandır! Şair onu başa düşməyənləri də əfv etməyi bacarır!

- Müsahibələrinizin birində poeziyanı ayağı sürüşkən dua adlandırmısınız. Bəs nəsri nəyə bənzədərdiniz?

- Nəsr və şeir haqqında maraqlı fikirlər bildirən böyük insanlar olub. İngilis yazıçılarından biri deyib ki, nəsr lazımi sözlərin, lazımi qaydada düzülüşüdür. Şeir isə ən gözəl sözlərin, ən gözəl qaydada düzülüşüdür.

- Sizin üçün poeziya daha müqəddəsdir.

- Əlbəttə ki, şeir yaradılışı etibarı ilə daha qədimdir, hətta sözlər olmayanda insanlar səslər vasitəsilə əlaqə qurub. Bu da poeziyanın bir təzahür formasıdır. Böyük alman mütəfəkkiri Höte də deyib ki, elm poeziyadan başlayır.

- Şairi şeirləri dolandıra bilir?

- İndiki halda xeyr. Yaradıcılığımın böyük hissəsi sovetlər dönəminə düşüb, o vaxtlar jurnallar, dərgi orqanları, nəşriyyatlar şair və yazıçılara qonorar ödəyirdi. Çoxsaylı kitablarım başqa respublikalarda çıxırdı və bunlara görə, çox yaxşı qonorarlar alırdıq. Məsələn, uzun illər əvvəl Moskvada “Cоветский писатель” nəşriyyatında rus dilində nəşr olunan ikinci kitabımdan o vaxtın pulu ilə 2300 rubul qonorar almışdım. Qonorarı aldıqdan sonra nəşriyyat redaktoruna, kitabın bir-iki nəfər tərcüməçisinə və başqa dostlarıma Moskvada Mərkəzi Yazıçılar Evinin məşhur restoranında nahar qonaqlığı verdim. Sonra məclis böyüdü və bitənə yaxın məclisdə oturanların yarısını artıq tanımırdım. Böyük ziyafətin qonaqlığı 270 rubul yəni, aldığım qonorarın cəmi 7-8 faizi etmişdi.

O vaxtlar “Литературная газета”, “Известия” , “Комсомольская Правда” qəzetlərində, “Дружба народов”, “Молодая гвардия”, “Смена”, “Знание” və s. jurnallarda il ərzində şeirlərim çap olunurdu. Həmçinin mərkəzi radioda şeirlərim səsləndirilirdi. Bundan əlavə Rusiyanın digər vilayətlərinin almanaxları ilə əməkdaşlıq edirdim. Şeirlərim sayəsində mütəmadi olaraq SSRİ-nin hər yerindən böyük pullar qazanırdım. İndi bunu etmək olmur. İlk kitabım Moskvada “Молодая гвардия” nəşriyyatında 28 min tirajla çıxmışdı. Son kitabım isə inişil Moskvanın “Художественная литература” nəşriyyatında 500 nüxsə ilə nəşr edilib. Bu, Moskvanın və sovetlər birliyinin ən sanballı nəşriyyat evi sayılırdı. Ömrümdə ağlıma gəlməzdi ki, orada kitabım nəşr oluna bilər. Amma heç bir qonorar əldə etmədim. Moskvada keçirilən beynəlxalq kitab müsabiqəsində Qran-Pri alan “Çərçivə” kitabıma görə isə 33 min dollar civarında pul mükafatı almışdım. İndi qəzetlərdə şeirlərim çıxanda qonorarla heç maraqlanmıram, çünki çox cüzi olur. Ədəbiyyata indi gələn cavan şairlərin qonorar hesabına yaşaması və dolanması isə çətin məsələdir. Bundan əlavə onların kitablarını nəşr etdirib satması da asan deyil. Buna baxmayaraq, dövlətimiz jurnalların və qəzetlərin çıxması üçün böyük qayğı göstərir. İnşallah gələcəkdə yaxşı olar.

“İnsan özündən razıdırsa, deməli, yaradıcılıq bitdi”

- Əvvəl yazdığınız şeirlərlə indikilər arasında nə kimi fərq var?

- Heç şübhəsiz ki, böyük fərq var. İndiki Çingiz Əlioğlu ilə 50 il əvvəlki Çingiz Əlioğlu eyni deyil. İlk növbədə onu qeyd edim ki, özündənrazılıq mənlik deyil. Daxilən daim özü-özü ilə əlləşən adamam. Bu və ya digər dərəcədə özündənrazı ola bilərəm, amma özündən tam razılıq hissi mənə yaddır. Əgər insan özündən razıdırsa, deməli, yaradıcılıq bitdi. Təbii ki, şeir yaradıcılığımın öz mərhələləri var, artıq onları izləmək, izah etmək və təqdim etmək ədəbiyyat nəzəriyyəçilərinin və tənqidçilərinin işidir. Bu baxımdan öz taleyimdən çox razıyam. Çünki Azərbaycan tənqidçilərinin ən böyük simaları - Tofiq Hacıyev, Kamil Vəliyev, Vilayət Quliyev, Nadir Cabbar, akademik Nizami Cəfərov, Bəkir Nəbiyev, Rəsul Rza, Cəlal Abdullayev, Aydın Məmmədov, Qulu Xəlilli, Rüstəm Kamal, Əsəd Cahangir, yazar həmkarlarım Siyavuş Məmməmzadə, Sabir Rüstəmxanlı, Məmməd Oruc və bir çox başqaları yaradıcılığım haqqında böyük-böyük məqalələr yazıb. Buna görə onların hər birinə minnətdaram.

- Şairliyinizə qısqanclıqla yanaşanlar olub?

- Bəlkə də olub, bu mövzuda illər öncə “Şöhrəti şairə bağışlamazlar, qeyrəti şairə bağışlamazlar” şeirini yazmışam. Yəqin ki, onun yaranması səbəbsiz deyil. Paxıllıq, qibtə və həsəd hissi ilə yaşayan adam ilk növbədə özü öz həyatını mürəkkəbləşdirir, dünyasını gərginləşdirir. İstənilən halda belə xırda məqamlara fikir verən adam deyiləm.

- Adətən deyirlər ki, şairlər vəzifə tutmalı deyil. Bu, onun yaradıcılığına mənfi təsir göstərir. Siz bununla razısınız?

- Qətiyyən, razı deyiləm, yəqin bunu əli vəzifəyə çatmayan adamlar deyib. Dünyanın ən böyük şairləri həm də vəzifə sahibi olub. Rus poeziyasının klassiki Fyodr Tütçev nazir olub, hətta prezident olanları da var. Şair özündə vaxt, qabiliyyət, güc-qüvvə tapırsa, xalq və dövlətçilik naminə yaşayan biridirsə, müəyyən sahələr üzrə çalışa bilər. Əgər onun qabiliyyəti və istedadı varsa, onu vəzifəyə layiq görürlər. Şair də özünü şərəflə doğruldur. Ömrüm boyu müxtəlif vəzifələrdə çalışmışam: həm Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimiyəm, həm də Əməkdar mədəniyyət işçisiyəm, eyni zamanda pensiyaya çıxanda Mədəniyyət və Turizm naziri, hörmətli cənab Əbülfəs Qarayevin əmri ilə mənə Respublikanın Fəxri mədəniyyət işçisi adı verildi. Fəxri mədəniyyət işçisi adını yüksək qəbul edirəm, çünki bu, birbaşa adıçəkilən sahədə göstərdiyim əmək faəliyyətimlə bağlıdır.

Belə fikirlər əlindən bir iş gəlməyən, təşkilatçılıq qabiliyyəti olmayan, bədii yaradıcılqıdan başqa cəmiyyətə, xalqa xidmət etmək arzusu olmayan insanların düşüncəsidir. Bəzən də şairi fetişləşdirirlər. Guya əsl şair daim xəyallarda olmalı, əzab çəkməli, pis yaşamalı və acından ölməlidir. Bunlar hamısı boş sözlərdir. Şair də insandır və insan ilk növbədə özünü təsdiq etmək üçün yaşayıb, vuruşub və çaba göstərməlidir. Əgər şair ailə sahibidirsə, o, ailənin rifahı və bütün gələcəyi şairin son dərəcədə böyük maraq dairəsi olmalıdır.

“Sevilməyimlə bağlı heç bir nagümanlığım olmayıb”

- Çingiz Əlioğlunun özü, yoxsa şeirləri sevilməyə daha çox layiqdir?

- Bu barədə heç bir fikir deyə bilmərəm, bunu oxucu bilər. Lakin nə şeirlərimin, nə də özümün sevilməyimlə bağlı heç bir nagümanlığım və şikayətim olmayıb.

- Şeirlərinizdə çox yalan danışırsınız, yoxsa həyatda?

- Güman edirəm ki, şeirlərimdə yalan danışmamışam. Bolşevik mişarının kəsəkəs vaxtında mövcud vəziyyətlə bağlı hətta “Bu ölkəyə mən ad qoymuşam yalandan” adlı şeirimi çap etdirmişəm.

Yalanlar həyatda kiməsə təsəlli vermək istədikdə köməyimə gəlir. Məsələn, adını çəkmək istəmədiyim nəhəng, qabaritli bir dostumu hər dəfə görəndə “Xeyli arıqlamısan” deyirəm. Belə yalanlar “N” qədərdir.

“Təəssüf edirəm ki, Azərbaycan gəncləri lüzumsuz yerlərə vaxt itirirlər”

- Bir şair kimi sizi cəmiyyətimizdə ən çox narahat edən problem hansıdır?

- Şübhəsiz ki, birinci Qarabağ məsələsi. Mən ana tərəfdən füzulili, ata tərəfdən şuşalıyam. Qarabağın mənim üçün nə olduğunu izah etməyə başlasam, artıq olar. O mənim canım, vətənim və anamdır... Şükürlər olsun ki, indi Qarabağın başının üstündəki duman sozalır, qara buludlar seyrəlir. Ümidimiz böyükdür, çünki bizim böyük ordumuz və iradəli dövlət başçımız var.

Məni narahat edən ikinci problem səhiyyə və təhsil sistemində olan bəzi nüanslardır. Hərçənd ki, bu sahələrdə də böyük işlər görülüb. Çox müasir xəstəxanalar tikilib, eyni zamanda həkimlərin xaricdə təhsil alması üçün şərait yaradılıb. Ölkəmizdə insan sağlamlığının ən müxtəlif fəsadlarını aradan qaldıran həkim kollektivimiz var. Ağrı gətirən odur ki, özəl klinikalarda müalicə qiymətləri yüksək olduğundan sadə camaatın bunu ödəməyə gücü çatmır.

Həmçinin təhsil sistemində də güclü və lazım olan islahatlar aparılır. Lakin bu problemlərin kökü o qədər dərindir ki, bir neçə günün içərisində düzələn deyil.

Növbəti məqam gənclərimizin əxlaqı ilə bağlıdır. Çox təəssüf edirəm ki, Azərbaycan gəncləri lüzumsuz yerlərə vaxt itirirlər. Hər dəfə çayxanaların yanından keçəndə görürsən ki, oturub siqaret fısıldadıb nərd, domino oynamaqla məşğuldurlar. Azərbaycanlılar həqiqətən istedadlı xalqdır. Valideynindən keçmə hansısa ruhi və psixoloji xəstəliyi olmayan, normal və sağlam doğulmuş hər bir uşaq anadangəlmə istedadlıdır. O, doğru-düzgün mühitdə tərbiyə alıb həyata atılsa, onun görə biləcəyi işlər hədsiz dərəcədə çoxdur. O, elmin, idmanın, bədii yaradıcılığın istənilən sahələrində böyük məqamlara çata bilər.

Sevindirici məqam isə ondan ibarətdir ki, idmanla kütləvi şəkildə məşğul olan gənclərin sayı artıb. Azərbaycan idmanın əldə etdiyi mərtəbə çox yüksəkdir. Təsadüfi deyil ki, dünyanın bir çox mötəbər idman tədbirləri ölkəmizdə keçirilir. Bu tədbirlərdə Azərbaycan gəncləri son dərəcə yüksək nailiyyətlər əldə edir. Bu, eyni zamanda idmanın təbliğidir.

- Bir şeirinizdə “Bakını ürəyimdə daşıyıram mən” demisiniz. Bakının yükünü çəkmək ağır deyil ki?

- Qəti şəkildə yox. Əvvala qarabağlı olsam da, Bakıda doğulmuşam. Dünyaya gəlməyim müharibə illərinə təsadüf edib. Müharibə vaxtı rayonda dava-dərman çətin tapıldığı üçün dayılarım anamı Bakıya gətirib. Qəribədir ki, insan harada doğulursa, o yerin ab-havası, aurası genetik səviyyədə onun canına, qanına hopur. Buna görə də özümü tam bakılı kimi qəbul edirəm. 17 yaşından sonra bütün həyatım Bakıda keçib. Dünyanın 40-dan çox ölkəsini gəzmişəm, gözəl şəhərlərin çoxunda aylarla qalmışam. Bunlara baxmayaraq mənim üçün ən gözəl şəhər Bakıdır.

“Mərhəmət sevginin təzahür formalarından biridir”

- Bəyəndiyim şeirlərinizdən biri də “Məhəbbətin resepti” -dir. Burada məşəqqətlə mərhəməti müqayisə etmisiniz. Sizcə, mərhəmət sevgini alçaldır?

“Heç kimə dərs deyil, olub-olacaq.

Həzz ilə zülm edir özünə millət.

Səndən gördüklərim bunlardır ancaq

Üstəgəl məşəqqət, çıxaq mərhəmət.

Hər şeydə günahkar tək məni saydın.

Biz necə olaydıq səninlə xoşbəxt?!

Cəbrinin cavabı öncədən aydın,

Üstəgəl haqsızlıq, çıxaq ədalət!”

- Mərhəmət sevgini alçaltmır, əksinə onun təzahür formalarından biridir. Mərhəmət olmayan yerdə sevgi də yoxdur. Əgər lütf etməyi, günahdan keçməyi bacarırsansa, bağışlamağı bacarırsansa, deməli, sevirsən. Lap uzun illər əvvəl “525-ci qəzet” məndən məhəbbətin formulunu soruşmudşu. Onda formulu “1+1=1” şəklində təqdim etmişdim. Yəni, sən sevdiyin obyekti özündən artıq qiymətləndirirsən.

- Bəs ədalətli, yoxsa mərhəmətli olmaq?

- Ədalətli mərhəmət. Çünki ədalətsiz mərhəmət bəzən özünü doğrultmur. Hər hansı cinayət törətmiş insana mərhəmətlə yanaşmaq düzgün deyil. Amma ona layiq olduğu cəzanı vermək üçün ədalətli mərhəmətli davrana bilərsiniz.

- Həyat yoldaşınız bu yaxınlarda verdiyi müsahibədə “Ailə qurduqdan sonra qənaətə gəldim ki, rəfiqəm olmasa da olar. Çünki həyat yoldaşım ən yaxı dostumdur” demişdi. Sizcə, xanımınız bütün dostlarından imtina etməklə özünə qarşı haqsız davranmayıb ki?

- Hər insanın öz seçimi var. Həyat yoldaşımdan 12 yaş böyüyəm, biz ailə quranda mənim 33, onun 21 yaşı var idi. Onda artıq cəmiyyətdə tanınan, müəyyən dərəcədə mövqeyi olan biri idim. İllər ərzində o, gördü ki, istənilən məsələdə, istənilən problemlə bağlı mənimlə məsələhətşə bilər. Mən də onu bacardığım dərəcədə başa düşmüşəm, duymuşam. Ona görə də, o, rəfiqə ehtiyacı duymayıb. Məni özünün dostu adlandırdığı üçün də ona minnətdaram.

- Şairin sevdiyi xanıma sevgisinin ən böyük sübutu nədir?

- Niyə məhz şair? Sevgini sənətlərə ayırmıram. Şairlə şairəni də bir-birindən fərqləndirmək doğru deyil. Ən çox xoşum gəlməyən sözlərdən biri də şairədir. Şairə qeyri-qanuni yaranmış sözdür.

Sevən fərd birinci növbədə insan olmalı, insanlıq adına, tələbatına və mövqeyinə cavab verə biləcək bütün müsbət keyfiyyətləri özündə daşıya bilməlidir. Sevgi son dərəcə səxavətli məhfumdur, son dərəcə zəngin xəzinədir. Və o xəzinədən hamı qidalanır. Bəziləri bu xəzinəyə ürəyinin duaları təmiz və pak, bəziləri isə çirkli patavaları ilə girir.

- Bu hisslərin sübuta ehtiyacı var?

- Kimə və nəyi sübut edəcəksən?

- Sevdiyin şəxsə.

- Başa düşmürsə, bu, onun bədbəxtliçiyidir. Belə olan təqdirdə əslində ağıllı adam oturub düşünməlidir ki, beləsi sevgiyə layiqdirmi?

“Dostlar dünyasını dəyişəndə sənin həyatının da bir parçasını özü ilə aparır”

- Sizin Nüsrət Kəsəmənli və Sabir Rüstəmxanlı ilə dostluq münasibətlərinizi “Üç Muşketyor” romanının qəhrəmanlarına bənzədirlər. O da məlumdur ki, Nüsrət Kəsəmənlinin həyatının son illərində onunla aranızda soyuqluq yaranmışdı. Şairin ölümündən sonra onun yoxluğunu hiss etdiniz? Ümumiyyətlə, aranızda olan məsələlərə baxmayaraq onun üçün darıxırsınız?

- Təbii ki, onu zaman-zaman xatırlayıram. İş belə gətirdi ki, müəyyən soyuqluq yarandı. Lakin onun nəşini yazıçılar ittifaqına gətirəndə çıxışım zaman özümdən asılı olmayaraq gözlərimdən yaş axmağa başladı.

Biz gənclik dostu idik, sonralar zamanla insanlar və onların həyata baxış bucağı, o cümlədən bu və ya digər dəyərlərə yanaşma mövqeyi dəyişir. Bu da təbii bir prosesdir. Dostlar, tanışlar dünyasını dəyişəndə sənin həyatının da bir parçasını özü ilə aparır. İnsan həyatından qopan qəlpələrsə onun üçün dəyərlidir...

- Şeirlərinizə mahnılar yazılıb?

- Çox. Ayrıca mahnı yaradıcılığı ilə məşğul olmamışam, çünki kiminsə diktəsi ilə yazmağı xoşlamıram. Bəstəkarlar kitablarımdan götürdükləri şeirlədən istifadə edib. Məsələn, “Karvan” qrupunun oxuduğu mahnılarının çoxunun sözləri mənə və rəhmətlik Malik Fərruxa aiddir. Röya da mahnılarında mənim şeirlərimə müraciət edib.

Ümumiyyətlə, sevgi şeirləri az yazmışam, ciddi, həyati problemlər, xalqın tarixi məni daha çox düşündürüb. Buna görə özümü qüsurlu saymıram. Mahnı yaradıcılığı ilə məşğul olmaq başqa bir peşədir.

- Röyadan söz düşmüşkən onun ifalarını bəyənirsiniz? Eləcə də bir yaradıcı insan kimi müasir Azərbaycan mahnılarına yazılan sözlər sizi qane edir?

- Röya ilə bağlı bir əhvalat danışım. Bir gün nahar fasiləsində işdən evə qayıdırdım, maşında radionu açmışdım. Röyanın mahnısını səsləndirdilər, əvvəlcə musiqisini bəyəndim, sonra isə sözlərinə diqqət etdim. Qeyri-təvazökar çıxsa da, olanı deyəcəm. Ürəyimdə fikirləşdim ki, deyəsən, şairlər mahnı sözü yazmağı öyrənib. Bir müddət keçəndən sonra xatırladım ki, sözləri mənimdir.

Yerli ifaçılardan Röyanı, Sevda Ələkbərzadəni, İlqar Muradovu, eləcə də muğam müsabiqəsindən çıxan gənc xanandələri bəyənirəm.

“Rep üstündə yazdığım şeirlər var”

- Bəs repə qulaq asırsınız? Sizcə, repi ədəbiyyatın bir janrı adlandırmaq olar?

- Bəli, hətta rep üstündə yazdığım şeirlər var. Hüseyn Dərya istedadlı oğlan idi, Allah ona rəhmət eləsin. Qeyd etməliyəm ki, ardıcıl olaraq repə qulaq asmıram, aşıq və muğam mahnılarından sonra ən çox simfonik musiqiləri dinləyirəm. Klassik musiqiləri dinləyəndə istirahət edirəm. Maşınla uzaq səfərə gedən zaman yol boyu Vivaldiyə qulaq asıram. O və Şopen kimi dahi bəstəkarların musiqiləri insana daxili səbat və rahatlıq gətirir.

- Çingiz bəy, bu gün Azərbaycanda oxucu zövqünü kimlər korlayır?

- Ersaz poetik nümunələr və poeziyaya iddialı bəsit, psevdo məntlər yaradanlar. Belə adamlar saysız-hesabsızdır. Müasir Azərbaycan oxucusu klassik irsimizin və çağdaş ədəbiyyatın ən zəngin nümunələri ilə bəhrələnir. Onları psevdo ədəbiyyat nümunələri ilə korlamaq qeyri-mümkündür. Oxucu kütləsinin müəyyən hissəsinin meşşan, bayağı zövqünə sığal çəkmək istəyən mətn yaradıcıları həmişə olub və olacaq. Amma belə yaradıcılar kütləvi şəkildə oxucu zövqünü korlamaq iqtidarında və qüdrətində deyil. Ədəbiyyatın qanunlarından biri də odur ki, istedadla yaradılmış hər hansı bədii nümunə gec-tez ürəklərdə əks-səda tapır. Müxtəlif dövrlərdə müxtəlif qanunlar yazılıb, sonra isə ona düzəlişlər edilib və yaxud onları başqaları əvəz edib. İstedadın qanunları isə əzəli və əbədidir.

“Ürəkdə olanlar ürək üçündür”

- Siz Məmməd İsmayılı, Musa Yaqubu, Ələkbər Salahzadəni poeziyamızın imamları və peyğəmbələri adlandırmısınız. Bəs Çingiz Əlioğlu ədəbiyyatımızda hansı mövqeyə sahibdir?

- Bunu oxucu və tənqidçilər bilər. Mən öz yerimi bilirəm, lakin hökmən deyil ki, hamı ilə bölüşüm (Gülürük). Ürəkdə olanlar ürək üçündür...

- Xoşbəxt insansınız?

- Xoşbəxt insanam, hər şey qaydasındadır. Həyatımla bağlı çox ciddi sınaqlardan keçmişəm, ürəyimdə əməliyyat aparılıb, bundan sonra ciyər əməliyyatı keçirmişəm. Bunları qanuni hesab edirəm çünki dünyaya gələnlər hər hansı bəhanə ilə bu dünyadan getməlidir. Fironların əbədi yaşamadığı dünyada kim qalacaq ki? Xəstə olmaq da insana xasdır, lakin dünyadan sağlam getmək çox kədərlidir. Eyni zamanda xəstəliklə mübarizə aparmaq üçün insanın daxilində güc, bütün çətinliklərə qalib gəlmək üçün qarşısıalınmaz inam olmalıdır. Qorxaq olmaq lazım deyil. Qorxaq insan heç nədən ölür.

Həyatımı istədiyim kmi yaşayan, başa düşən və özünü ifadə etmək üçün bütün imkanları olan, ömrünün əsas hissəsini bu xalqa, bu torpağa, bu dövlətə sərf edən biri kimi öz həyatımdan da, Allahdan tam razıyam. Ümumiyyətlə, insan xoşbəxtlik anlayışını başa düşdüyü dərəcədə xoşbəxt və ya bədbəxtdir. Taleyindən narazı olanların böyük əksəriyyəti özləri öz həyatını məhv edir. Şükürlər olsun ki, Allah mənə gözəl övladlar və nəvələr bəxş edib. Təsəvvür edin ki, nəvələrimin ikisinin adı Çingizdir.

“Taleyindən narazı olanların böyük əksəriyyəti özləri öz həyatını məhv edir”

- Allah saxlasın. Çox maraqlıdır ki, niyə ikisinə eyni ad qoyulub?

- Oğlumun biri öz övladına adımı qoymuşdu, o biri oğlum da: “Mənim də atamın adı deyil? Bu adı qoymağa mənim də ixtiyarım var” dedi. Beləcə iki nəvəm də mənim adımı daşıyır.

- Bu vaxta qədər aldığınız ən dəyərli məsləhət nə olub?

- Azərbaycanda akademik uşaq tərbiyə məktəbi yoxdur. İngiltərədə, Fransada və başqa ölkələrdə akademik uşaq tərbiyə məktəbləri fəaliyyət göstərir. Gənc ailələr o məkbətin qanunları əsasında övladlarını necə tərbiyə etməli olduğunu öyrənir. Bizdə isə uşaqları hər ailə özü başa düşdüyü şəkildə tərbiyə edir. Məsələn, “Böyüyün üzünə ağ olma”, “Qonaq gedəndə sakit otur” kimi pastulalar səviyyəsində uşağı yetişdirməyə çalışırlar. Hesab edirəm ki, tərbiyə kəlamlar şəklində deyil, nümunələrlə verilməlidir. Nümunə obyekti ilk növbədə valideyn özü olmalıdır. Uşaq nəyi görürsə, o cür də əxz edir. Həyatımın müəyyən mərhələlərində məsləhətlər eşitmişəm, xalq ədəbiyyatı nümunələrində də tərbiyəvi əhəmiyyəti olan məsləhət formaları ilə rastlaşmışam. Xüsusən müqəddəs kitablardan, bu kitabın təfsirlərdən, həmçinin atalar sözlərindən özüm üçün müəyyən nəticələr çıxarmışam. Dünya təcrübəsindən qazandığım biliklər yaşam tərzimdə bu və ya başqa şəkildə öz inikasını tapıb. Onlar arasında özümə uyğun olanları götürmüşəm. Həyatımı məsləhətlər üzərində qurduğumu deyə bilmərəm. Daha çox müşahidə etdiklərimdən nəticə çıxarıram. Ən güclü silahım da müşahidədir. Bu proses məndə qəribə şəkildə gedir. Söhbət edəndə, yolla gedərkən, teatra baxanda və başım hər hansı əhvalata qarışanda təhtəlşüur səviyyəsində kənardan hər şeyi görür, müşahidə edir və diqqətəlayiq olan nə varsa, hamısını beynimə yazıram. Bu proses iradəmdən xaric gedir. Bütün həyatım boyu sutka ərzində özümlə 3-4 saat tək qalmasam, yaşaya bilmərəm. Onda özüm üçün nəticələr çıxarmağa başlayıram.

- Nələri müşahidə edirsiniz?

- Alt qatda olanları görürəm. Bəzən insanlar yanımda yalan danışır və ya özünü şirin göstərmək istəyir. Onda gülməyim tutur, tərəf müqabilim də elə zənn edir ki, dedikləri xoşuma gəlir. Əslində isə belə deyil. Bu xüsusiyyətim həyatım boyu mənə çox kömək edib. Əks halda çox situasiyalarda yanıla bilərdim.

Sovet respublikarında aylarla qalmışam, Baltikyanı ölkələrin altından vurub, üstündən çıxmışam, özümə görə yaraşıqlı oğlan idim. Qızlar üzüm salxımı kimi çiyinlərimdən asılıdı, amma evlənmək məqamının çatdığını hiss edəndə azəri qızı ilə ailə qurdum. Bu, qəhrəmanlıq deyil, təbii haldır, sadəcə dediklərimə əlavə olaraq illüstrasiya kimi vurğuladım.

Gənclərə məsləhət verməyi xoşlamıram. Əvəzində məşhur əsərdəki bir əhvalatı xatırladacam. Cavan bacıoğlu pul üçün öz dayısının yanına gəlir, dayısı da cavabında ona “Sənə pul yox, əvəzində nə qədər istəsən məsləhət verə bilərəm” deyir (gülürük).

Dediyim kimi, məsləhət verməkdənsə nümunə olun. Ağlı kəsən sənə baxıb nümunə götürəcək. Bu yolla da özümü məsləhət vermək missiyasından azad etmişəm. Gənclərin gələcəyi ilk növbədə özlərindən asılıdır. Bu gün özlərinə necə yanaşırlarsa, sabah da o qismətin sahibləri olacaqlar.

Aytən,

Fotolar: Elçin

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR