Təxəyyül və məntiqin vəhdəti - SU ÜZƏRİNDƏ RƏSM - - FOTOLAR
Bizi izləyin

Art

Təxəyyül və məntiqin vəhdəti - SU ÜZƏRİNDƏ RƏSM - - FOTOLAR

Əvvəlcə suyun üzərinə kiçik damcılar tökülür.

Türk xalqı vətənpərvərliyi və adət-ənənələrə sadiqliyi ilə daim digər millətlərdən seçilib. Xalq öz qürur mənbəyi sayılan folklor nümunələri, tarixi abidələri və digər dəyərlərini bu gün də göz bəbəyi kimi qoruyur. Dekorativ tətbiqi sənət nümunəsi sayılan ebru buna sübutdur.

Ebru - su üzərində rəsm çəkmə sənətidir. Bu söz çağatay dilində “dalğavari”, farsca “bulud” və ya “suyun üzü”, ərəbcə isə “üz üçün su” mənalarını daşıyır.

Ebru sənətinin yaranması haqda heç bir mənbədə səhih məlumat yoxdur. Lakin bir sıra tarixi qaynaqlarda XIII əsrdə Səmərqənddə, daha sonra isə, İranın Herat ərazisində yaşayan sənətkarların ebru ilə məşğul olduqları haqda məlumatlar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar bu sənəti hindlilərdən, osmanlı türkləri isə farslardan öyrəniblər.

Yaranma tarixi

Maraqlı bir mənbəyə görə, bu sənəti Türkiyədə azərbaycanlılar dəb halına salıb. XVI əsrdə Şah İsmayılla Yavuz Sultan Səlim arasındakı müharibədən sonra, Azərbaycan sənətkarlarının çoxu İstanbula köçüb. Nəticədə ebru sənəti Azərbaycandan türklərin əlinə keçib. Hərb müdaxiləsindən sonra ebru sənətində də müəyyən üslub dəyişiklikləri baş verib. Hazırda bu sənəti türk ebruzənləri qoruyub yaşadırlar.

Ebru sənəti də kağız kimi, “İpək yolu” vasitəsi ilə şərqdən qərbə doğru yayılıb. Ən qədim ebru nümunəsi 1447-ci ilə aiddir və Topqapı Sarayında qorunub saxlanılır. Ebru sənətinin çiçəklənmə dövrü Osmanlı imperiyasının hakimiyyəti illərinə təsadüf edir. Bu dövrdə yaşamış ebruzənlərin əsərləri ebru tarixinin ən dəyərli inciləri hesab olunur.

Osmanlı imperiyasının hakimiyyəti dövründə rəsmi sənədlər və müqavilələrdə ebrulu kağızlardan istifadə olunurdu. Əsas məqsəd isə sənədlərin təhrif edilməsinin qarşısını almaq idi. Çağdaş dövrün kağız pulları və digər əhəmiyyətli sənədlər üzərindəki qarışıq naxış və ornamentlərin olması da bundan qaynaqlanır.

Ebru tarixində bugünədək araşdırılan ilk ebruzən “şəbək” təxəllüsü ilə tanınan Mehmet Əfəndidir. Şəbəkin yaradıcılığından başlayan yolu bu gün türk ebruzənləri layiqincə davam etdirirlər.

Sevindirici haldır ki, son illər bu sənət Azərbaycanda da yetərincə məşhurluq qazanıb. Artıq vətənimizdə ebru dərnəkləri fəaliyyət göstərir.

Ebru necə hazırlanır

Ebru sənəti tamamilə təbii materiallardan ərsəyə gəlir. Bu əməliyyat qatılaşdırılmış su üzərində aparılır. Boyalar isə çox vaxt torpaqdan hazırlanır. Sonra bu boyalar ən azı 4-5 saat ərzində mərmər üzərində əzilir və üzərinə öküz ödü əlavə olunur. Öküzün öd hissəsi boyanı incəldir və suyun üstündə daha uzun müddət qalmağına kömək edir. Ödün sayəsində boyalar bir-birinə qarışmır və daha yaxşı yapışır.

Ebrunu hazırlayarkən su kifayət qədər qatı olmalıdır. Bunun üçün isə gəvən ağacı adlanan təbii tikan otundan istifadə edilir. Vətənimizdə bu bitkinin əsas mənbəyi Naxçıvan və İsmayıllı hesab olunur. Gəvən otunun gövdəsindən çıxan nişastaya bənzər maddə suyu qatılaşdırır və nəticədə boyalar suyun üzərində dağılmır. Boyalar qatılaşdırılmış suyun üzərinə özü at quyruğundan, gövdəsi isə gül ağacından hazırlanan fırça ilə düzülür. Bu fırçalar əllə düzəldilir.

Əvvəlcə suyun üzərinə kiçik damcılar tökülür. Daha sonra isə, istənilən naxış çəkilə bilər.

Boyanı suyun üzərinə töküb heç bir müdaxilə etməmək olar. Bu üsulu ilk dəfə işləyən sənətkarın şərəfinə ona Battal adı verilib.

Ebru kağızları əsasən Quranın üz qabığına yapışan səhifələrdə, xətt yazılarının fonunda, divarda asılan uluların, peyğəmbərlərin sözlərinin yazılışında, Quran səhifələrinin yan tərəfinin fonunda istifadə olunurdu. Ebrunun mahiyyəti bu gün də eyni qalır.

Təxəyyül və məntiqin vəhdətindən yaranan ebru sənəti zərifliyi və mükəmməliyi ilə hər kəsi özünə heyran qoyur.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm