"Səməd Vurğunun nəfəsi də Stalinlə gedib-gəlirdi" - “Vaqif” qalmaqalı davam edir
Bizi izləyin

Art

"Səməd Vurğunun nəfəsi də Stalinlə gedib-gəlirdi" - “Vaqif” qalmaqalı davam edir

Ötən gün Sərdar Cəlaloğlunun Molla Pənah Vaqif haqqındakı fikirləri ictimaiyyətdə sərt reaksiya ilə qarşılandı. Mövzunun maraqla qarşılandığını nəzərə alaraq, davam etdirmək qərarına gəldik. Vaqif həqiqətən Qarabağı satıb? Səməd Vurğunun onu təbliğ etməsi nə dərəcədə düzgündür? “Vaqif” pyesi tədris olunmalıdır, ya yox? Bu və digər sualları bu dəfə tanınmış ədəbiyyatçı-araşdırmaçı Əlisa Nicat və Ədəbiyyat İnstitutunun şöbə direktoru Mahirə Quliyevaya ünvanladıq.

Əlisa Nicat Publika.az-a açıqlamasında bildirdi ki, Vaqifi siyasətçi kimi dəyərləndirmir, amma şair kimi əvəzsizdir:

“Mən bilmirəm Vaqif necə siyasətçi olub. Mənə görə bir şair kimi Vaqifin misli-bərabəri yoxdur. Vaqif təmiz Azərbaycan dilini poeziyaya gətirən ilk ədibimizdir. Nizami və Füzuli fars dilində yazırdısa, Nəsimi həm fars, həm Azərbaycan dilində yazırdı, Vaqif isə sırf öz dilimizdə”.

"Səməd Vurğunun nəfəsi də Stalinlə gedib-gəlirdi"

Ə.Nicat S.Vurğunun “Vaqif” əsərini isə şairə yaraşmayan bir iş adlandırıb:

“Səməd Vurğunun “Vaqif” pyesinə gəlincə, əsərdə sosializm ruhu var. Mənə görə, yaxşı əsər deyil. Orada Məhəmməd Qacarı qara boyalarla göstərir. Səməd Vurğun dövrün tələbindən də artıq, boğaza qədər sosializmi, leninizmi təbliğ edir. Dövrün tələbinə görə yazsam, mənim indi villalarım var idi. Mən ayda 150 manatla dolanıram. Şair dövrün tələbinə uyğun yazdısa, onda o nə şairdir, necə sənətkardır? Şair gərək sabahı fikirləşsin. Düzdür, o vaxt heç kim inanmırdı ki, kommunizm dövrü bitəcək. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Süleyman Rəhimov kommunizmə xidmət etməkdə bir-biri ilə yarışırdı. Vurğun deyirdi ki, nə qədər sağam, Stalin eşqinə yazacam. Bu adamın nəfəsi də Stalinlə gedib-gəlirdi. Amma baxın Stalin başımıza nə oyunlar açdı. Zəngəzuru məcbur etdi, verdik. Dağlıq Qarabağ vilayətini o yaratdı. Nərimanov yazığın başına nələr gətirdi... Düzdür, Vurğun bir şair kimi peşəkar idi. “Azərbaycan” şeiri dillər əzbəridir. Amma hər şeyi son nəticədə gətirib kommunizmə bağlayırdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dünyada Kommunist Partiyasına poema həsr edən yeganə azərbaycanlı şair Səməd Vurğundur. Leninə poema həsr edən yeganə Azərbaycan şairi Rəsul Rzadır. Dünyada Mərkəzi Komitəyə şeir həsr edən yeganə şair Süleyman Rüstəmdir. Bilirsiz, məddahlıq bunların içində idi. Odur ki, bunları danışmağa dəyməz. Ədəbiyyata dəxli yoxdur onların”.

Ədəbiyyat İnstitutu: Sərdar Cəlaloğlunun əlində əsas varsa, ortaya qoysun

Bu ilin aprelində Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunda Molla Pənah Vaqifin 300 illiyi ilə bağlı simpozium keçirilib. Konfransı təşkil edən institutun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi olub. Burada Vaqiflə bağlı bir çox məqamlara toxunulub. Şöbənin direktoru Mahirə Quliyeva bu barədə Publika.az-a danışıb:

“Vaqif istər isctimai xadim, istər vətənpərvər şair, istər realizm cərəyanının banisi kimi görkəmli şəxsiyyət olub. Qarabağın parçalanmasında iştirak edib deyirlər. O dövrdə yaşamamış insan bunu necə dəqiq bilə bilər? Biz Vaqifin həyatı və ya ictimai-siyasi fəaliyyətilə bağlı o zaman danışa bilərik ki, əlimizdə tarixi sənəd olsun. Əlimizdə Vaqifin Qarabağın bölünməsində iştirakını sübut edən sənəd yoxdu. Vaqifi tarixi şəxsiyyətdən daha çox ədəbi şəxsiyyət kimi təbliğ etməliyik. Vaqif nəinki realist ədəbiyyatın banisidir, o eyni zamanda klassik ənənələri yaşadan şair olub.

Ədəbiyyatı tarixə gətirmək üçün əvvəlcə onun əlyazmalarını öyrənməliyik. Bu gün polemikaya qarşı çıxmıram. Amma Sərdar Cəlaloğlunun əlində əsas varsa, ortaya qoysun.

Yekaterinadan alınan hədiyyə məsələsi bəzi kitablarda qeyd olunub. Amma o hədiyyənin hansı səbəb və şəraitdə verildiyi bəlli deyil. Bu gün mən dəyərli bir layihə həyata keçirsəm və UNESCO-dan mükafat alsam, deməli 10 il sonra bu mükfafatı mənim qeyri-qanuni yolla aldığımı deyəcəklər.

Vaqif Azərbaycan dilini sadələşdirən şairdir. Ədəbiyyatımızı ərəb-fars dilinin təsirindən çıxarıb Azərbaycan dilinə yönləndirən şairdir”.

Amin Nəzərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm