Bitməyən sənətkar ömrü - Toğrul Nərimanbəyov
Bizi izləyin

Art

Bitməyən sənətkar ömrü - Toğrul Nərimanbəyov

Tarixdə öz dövrünü qabaqlamış şəxsiyyətlər az olub. Zamanın hər pilləsində mütəfəkkir insanlara ya dəli kimi baxılıb, ya da onlar müxtəlif amansız üsullarla məhv edilməyə çalışılıb.

İsa peyğəmbərin çarmıxa çəkilməsi, Məhəmməd peyğəmbərin daş-qalaq edilməsi, Avropanın orta əsr inkvizisiya məhkəmələrində neçə-neçə müdrik şəxslərin tonqallarda yandırılması, İ.Nəsiminin diri-diri soyulması və digər misallar göstərməklə bu fikri bir daha təsdiq etmək olar. Yaxşı bir el məsəli var. “Dağın dibində olanda onun böyüklüyünü hiss etməzsən, dağdan aralandıqca onun necə böyük olduğunu hiss edə bilərsən”. Nə yaxşı ki, artıq bu misal Toğrul Nərimanbəyov (1930-2013) timsalında düz çıxmayıb. Sənətkar sağlığında ikən böyük şöhrət qazanıb, qədirbilən xalqımız və dövlətimiz tərəfindən həmişə hörmətlə qarşılanıb.

Toğrul Nərimanbəyov çağdaş Azərbaycan təsviri sənətinin yetişdirdiyi, böyük şəxsiyyətlərdən biri olub. Qeyd edək ki, hələ sovetlər dönəmində Azərbaycan təsviri sənət ustalarından SSRİ-nin ən yüksək fəxri adı sayılan SSRİ xalq rəssamı adına layiq görülən üç azərbaycanlı rəssamdan - M.Abdullayev, T.Salahovla bərabər biri də o olub. Doğma diyarımızı, milli xüsusiyyətlərimizi, etnoqrafiyamızı sözlə yaradan dahi yazıçımız Cəlil Məmmədquluzadə kimi, Toğrul Nərimanbəyov da bunu rənglərlə tərənnüm edib, özümüzə və başqalarına tanıda bilib.

İstedadlı rəssam, görkəmli incəsənət xadimi Toğrul Fərman oğlu Nərimanbəyov 1930-cu ildə anadan olub. 1950-ci ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1955-ci ildə isə Vilnüs şəhərində Litva Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1950-ci ildən etibarən bir çox yerli və beynəlxalq sərgilərdə iştirak edib. 1955-ci ildə SSR Rəssamlar İttifaqına üzv qəbul edilib. 1964-cü ildə Azərbaycan SSR-nin əməkdar, 1967-ci ildə isə xalq rəssamı fəxri adlarına layiq görülüb. 1974-cü ildə Azərbaycan SSR-nin, 1980-ci ildə isə SSRİ-nin Dövlət mükafatına layiq görülüb. 1989-cu ildə SSRİ xalq rəssamı adını alıb. Bir sıra ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Dəfələrlə doğma Respublikamızda və xarici ölkələrdə fərdi sərgiləri keçirilib. Dünyanın müxtəlif ölkələrinin muzey, qalereya və şəxsi kolleksiyalarında T.Nərimanbəyovun əsərləri saxlanılır.

T.Nərimanbəyov uzun müddət xarici ölkələrdə - Amerika, Lüksemburq, Fransada yaşasa da, bütün yaradıcılığı boyu öz əsərlərində Azərbaycan gerçəkliyinin yaddaqalan “bədii güzgü”sünü yaradıb desək, yanılmarıq.

T.Nərimanbəyov hələ Vilnüsdə təhsil aldığı illərdən özünü istedadlı rəssam kimi göstərməyə başlayıb. Onun ixtisasca monumentalçı rəssam olması ona həm asanlıqla novatorluq meyllərini büruzə verməyə şərait yaradıb və həm də rəssamda mövzuların bədii həllinə başqa prizmadan yanaşma üsulları formalaşdırıb. Rəssam müəllimi, məşhur litvalı rəssam Xouzas Mikenası həmişə hörmətlə xatırlayardı. Eyni zamanda rəssam incəsənətin digər bir sahəsi olan musiqi ilə də ciddi surətdə maraqlanıb. Müsahibələrinin birində deyib: “Özümü dərk edəndən musiqi ilə maraqlanıram. Mən oxumağı çox xoşlayıram. Bəzən hətta oxuya-oxuya işləyirəm. Mənə belə gəlir ki, rəssam kimi yetişə bilməsəydim, vokalçı olardım...”. Bu gün cəsarətlə demək olar ki, rəssam hələ yaradıcılığının erkən dövrlərindən başlayaraq tapdalanmış cığırla getməyib, yenicə yaratmağa başladığı “Toğrul Nərimanbəyov yolu” ilə irəliləməyə başlayıb. Təbii ki, bu “yol”la irəliləmək rəssam üçün heç də asan olmayıb. Lakin hər şeyə rəğmən tutduğu mövqedən çəkinməyən rəssam sonda öz “yol”unu və dəst-xəttini yarada bilib.

Toğrul Nərimanbəyov yaradıcılığı çoxşaxəlidir: tematik tablolar, portretlər, mənzərələr, natürmortlar, qrafika əsərləri, divar boyakarlığı, teatr dekorasiyaları və s. Onun yaradıcılığının başlıca xüsusiyyətləri kimi obrazların monumentallığını, kompozisiyanın dolğunluğunu, obrazlar bolluğunu, bədii şərti dekorativliyi, zəngin koloriti, personajların ustalıqla bilərəkdən qeyri-mütənasib işlənməsini və perspektivanın həllində isə çox zaman predmetlərə çoxbucaqlı baxış istiqamətinin seçilməsini göstərmək olar. T. Nərimanbəyov yaradıcılıq prosesində çox sərbəst idi. Rəssam çox vaxt təsviri sənət nəzəriyyəsində qəbul olunmuş kanonların və məlum bədii çərçivələrin ustalıqla əksinə gedərək, sonda peşəkarlar tərəfindən rəğbətlə qarşılanan sənət əsərləri yaratmaq qabiliyyətini təsdiqləmiş nadir sənətkarlardan idi.

T.Nərimanbəyov yaradıcılığının ilk dövrünə aid əsərlərdən “Bayıl mənzərəsi”, “Fırtınadan da güclü”, “Səadət”, “Sevinc”, “Həyat naminə”, “İşıqlı gələcək uğrunda” və başqalarını qeyd etmək olar. Əsərlərin mövzu dairəsinin zənginliyindən də göründüyü kimi o, axtarışdadır. Rəssam ona yaradıcılıq sevincinə bələnmiş uğur gətirəcək işıqlı arzularının zirvəsini tezliklə fəth etmək naminə sanki mübarizəyə başlayıb.

Bu istək sonradan da rəssamı bütün həyatı boyu müşahidə edəcəkdi. “Şair Fikrət Qoca”, “Rəssamın ailəsi”, “Yazıçı Anar”, “Səttar Bəhlulzadə”, “Ana” və s. portretlərində rəssam ona yaxın olan “məslək dostları”nın, “silahdaş”larının canlı obrazlarını yaradıb. S.Bəhlulzadə ilə çox yaxın dost olan T.Nərimanbəyov rəssamın bir neçə yaddaqalan obrazını yaratmağa nail olub. Doğrudan da, S. Bəhlulzadə dünyasını onun qədər yaxından duya və tanıya biləcək sənətkar tapmaq çətin olardı. Bu, bəlkə də ilahinin lütfi idi ki, S.Bəhlulzadə ömrünün və sənətinin sirlərini daşıya biləcək gənc rəssamı elə S.Bəhlulzadəyə tuş gətirmişdi. Ona həsr olunmuş əsərlərinin birində - kompozisiyanın mərkəzində çılğınlığı duyulan, çərçivələrə sığışmayan, barmağından əskik olmayan papirosunun tüstüsü ərşə qalxan, dərin fikirlərə dalmış S.Bəhlulzadə sanki hansısa yaradacağı yeni əsəri barədə düşünür. Əsərin obraza canlılıq bəxş edən kolorit həlli də son dərəcə ustalıqla işlənilib. Son nəticədə o dostunun süni zahiri keyfiyyətlərdən, aldadıcı poza təəssüratından uzaq, rəssamın daxili aləmini, iç dünyasını, psixoloji xüsusiyyətlərini açan diqqətçəkici obraz yaradıb. Bundan başqa, özündə yaradıcı adamlara xoş keyfiyyətləri yaşadan “Şair Rəsul Rza”, “Gənc rəssam Səhhət Veysov” və “Maqsud İbrahimbəyov” portretlərində də T.Nərimanbəyov bədii təxəyyülünün xüsusiyyətləri qabarıqdır.

T.Nərimanbəyov çoxsaylı mənzərələrində Bakımızı, doğma diyarımızın digər gözəl guşələrini tərənnüm edir. “Doğma şəhər”, “Bakı”, “Qədim Naxçıvanın ponaramı”, “Göyçay bağlarında”, “Dağların mahnısı” və s. mənzərələrində təbiətimizin zəngin gözəlliklərinin, bərəkətli torpağımızın yetirdiyi bol nemətlərin insanda yaratdığı sehrkar assosiasiyanın təsiri altına düşməmək mümkünsüzdür. “Qədim Naxçıvanın panoramı” adlı əsər adama doğma Naxçıvanımızın qədim tarixi və əski mənzərəsi haqda çox şey deyir. Əsərə bir qədər diqqətlə fikir yetirdikdə tamaşaçıda bu əfsanəvi diyar barədə olduqca maraqlı duyğular yaranır. Kompozisiyanın mərkəzində dəvə karvanı ilə hərəkət edən sarvan təsviri əsrarəngiz şərq dünyasının “nağıl”ını xatırladır. Əsərin fonunda isə qədim şərq memarlığı üslubunda inşa edilmiş “köhnə” binalar təsvir olunub. Səmaya ucalan dağların zirvələri buludlarla əhatələnib. Rəssam məharətlə Naxçıvan təbiətinə məxsus xüsusiyyətləri az qala topoqraf dəqiqliyi ilə göstərə bilib. Əsərin kolorit həlli o qədər ustalıqla tapılıb ki, insan Naxçıvan iqliminin qovurucu istisinin mehini belə özündə hiss etmiş olur. Bu əsərlə Soltan Hacıbəyovun yaratdığı “Karvan” süitası bədii fəlsəfi və estetik mahiyyəti etibarı ilə səsləşir, desək yanılmarıq.

Rəssamın “Emalatxanada”, “Kafedə”, “Qız Qalası”, “Talış dağlarında”, “Yaylaqda”, “Çoban ailəsi”, “Məhsul bayramı”, “Bağda çayxana”, “Bakıda bazar” və s. əsərlərinin hər biri haqqında geniş söz açılmağa layiq sənət nümunələridir. Belə tablolara rəğbətini gizlətməyən S. Bəhlulzadənin “Toğrulun əsərləri bərəkətli bir süfrəni xatırladır. Bu süfrədə hər cür nemət var. Özü də bu, doğma Azərbaycan torpağının nemətləridir! Toğrulun əsərlərindən torpağımızın ətri gəlir...” fikrini söyləməsi də həmin əsərlərin sənətkarlıqla yaradıldığını təsdiqləyir.

T.Nərimanbəyovun yaradıcılığının səciyyəvi xüsusiyyətlərini özündə əks etdirən natürmortlar da bu janrın onun yaradıcılığında yeni bir zirvəyə yüksəldiyindən xəbər verir. Müxtəlif əşya və predmetləri, ləziz Azərbaycan nemətlərini və xüsusən də narı natürmortlarında məhəbbətlə əks etdirən rəssam tamaşaçıda xoş duyğular yaradan, özünün sehrli və duyğulandırıcı aləminə aparan bitkin əsərlər qalereyası yaradıb. Rəssamın bu cür əsərlərinə “Natürmort. Narlar”, “Narlar”, “Natürmort. Nar ağacı” v əbaşqalarını göstərmək olar.

T.Nərimanbəyov Abdulla Şaiq adına Dövlət Kukla Teatrının, Milli Məclisin binasının və keçmiş “Moskva” mehmanxanasının foyelərini bənzərsiz rəssam təxəyyülünün şahanə fantaziyası ilə qədim incəsənətimizdən gələn ənənələrə tapınmaqla misilsiz sənət inciləri ilə bəzəyib.

Rəssam televiziya çıxışlarının birində etiraf etmişdi: “Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, ifa edərkən gözlərimdən yaş axır”. “Muğam”, “Musiqiçilər” adlı əsərini hələ muğam sənətimizin zəif təbliğ edildiyi vaxtlarda yaratdığını nəzərə alsaq, sənətkarın muğam sənətinin alt qatlarında gizlənən fəlsəfi mahiyyətinə dərindən bələdliyini bir daha duymuş oluruq. Kompozisiyada musiqiçilərin ifa zamanı müxtəlif pozalarda yerləşdirilməsi, xüsusi ilə xanəndənin keçirdiyi hissləri, tərkidünyalığının verilməsi, tablonun ekspressiv dinamikliyi tamaşaçını sanki muğam musiqisinin ecazkar ritmi altında kökləmiş olur.

T.Nərimanbəyov eyni zamanda gözəl səs tembrinə malik olub. O, Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa etməkdən yorulmurdu.

1998-ci ildə Bakıda təşkil olunan möhtəşəm konsertində ümummilli lider Heydər Əliyevin iştirak etməsi, orada rəssamla görüşməsi T.Nərimanbəyov ömrünün ən yaddaqalan məqamlarından idi. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin “Toğrul Nərimanbəyovun 80 illik yubileyi haqqında” imzaladığı Sərəncam (22 iyun 2010-cu il) rəssamın yaradıcılığına verilən yüksək qiymətin, göstərilən diqqət və qayğının bariz nümunəsidir. T.Nərimanbəyov həmçinin müstəqil Azərbaycanın “İstiqlal” (2000) və “Şərəf” (2010) ordenləri ilə təltif edilib.

Daim yüksək sənət amallarına sadiq, ülvi hisslərlə yaratmaq şövqünə malik və tükənməz yaradıcılıq şövqü ilə bədii əsərlər yaratmış T.Nərimanbəyov Azərbaycan təsviri sənət tarixində və onu tanıyanların xatirəsində həmişə yaşayacaq. Sözlərimi rəssamın məşhur fikri ilə bitirirəm: “Hər bir sənətdə, yaradıcılıqda yenilik, bənzərsizlik olmalıdır. Bunlar ki, olmadı, demək, sənət öldü... Sənətdə məni ruhlandıran, yaradıcılığa sövq edən cəhətlər bilirsinizmi nədir? Bir çox məlum, hətta özümün də inandığım həqiqətləri rədd etmək. Daima axtarmaq, nə isə yeni bir şey tapmaq...”

Əsəd QULİYEV
sənətşünas, Rəssamlar İttifaqının üzvü, AMEA-nın dissertantı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm