Elçin Mirzəbəyli: "Bəlkə də Müşfiq bir qadının qurbanı olub"
Bizi izləyin

Art

Elçin Mirzəbəyli: "Bəlkə də Müşfiq bir qadının qurbanı olub"

Bu gün tanınmış şair, analitik Elçin Mirzəbəylinin 50 yaşı tamam olur. Onunla söhbətimizdə təkcə doğum günü haqda yox, həm də son dövrlərdə Azərbaycan ədəbiyyatında gündəm mövzusu olan nəsillər arası mübarizə, Qarabağ problemi və dünyada gedən böyük ictimai-siyasi proseslərdən danışdıq.

Publika.az kult.az-a istinadən Elçin Mirzəbəyli ilə müsahibəni təqdim edir:

- Bir yaş da yazıldı yaşının üstə
Qırışlar çoxaldı qaşının üstə
İllər qılıncını başının üstə

oynadır, ya yox?

- Yox, oynada bilmir. Ona görə ki, başımın üstündə heç nə yoxdur. Bircə Allah var, onu da kəsib ata bilməz.

- “Başımın üstündə Allahdan başqa heç nə yoxdur”, - dediniz... İnsan həyatında müəyyən dövrlər olur ki, onun karyerası, yaradıcılığı ön plana keçir. Hazırda sizin üçün necədir?

- Şəxsi həyatla, ailə ilə yaradıcı fəaliyyətimi ayrı-ayrı tuturam. Əlbəttə ki, ilk növbədə ailə dayanır. Müəyyən şeylər var ki, onlar insana qəribə hisslər yaşadır. Məsələn, bir neçə il əvvəl nəvə yolu gözləməyin nə olduğunu bilmirdim, ancaq indi fərqli duyğular yaşayıram. Ədəbiyyat, siyasət, jurnalistika – bunların hərəsinin öz yeri var. Zamanla biri ön plana çıxır. Siyasi proseslər aktiv olanda təbii ki, siyasət önə çıxır. Eləcə də digərləri... Hər şeyin öz yeri var. İnsan davamlı olaraq poetik ovqatda ola bilməz. Əgər insan hər gün poetik ovqatdadırsa, o, xəstədir, müalicəyə ehtiyacı var. Mən rasional adamam. Siyasətdə olduğu kimi, ədəbiyyatda da məntiqə söykənirəm. Məncə, hazırda irrasional ədəbiyyat dünya tərəfindən qəbul olunmur.

Fikrimi ümumiləşdirərək deyim ki, siyasətdə ədəbiyyatla, ədəbiyyatda siyasətlə məşğul olmuram.

- Sizin 50 yaşınızın tamam olduğunu eşidəndə təəccübləndim. Mənə elə gəlir ki, siz 50 ildir ictimai fəaliyyətdəsiniz.

- İnsanın ömrü onun illəri ilə deyil, yaşantıları ilə ölçülür. Yəqin ki, siz mənim yaşımı yaşantılarımla ölçmüsünüz. Ona görə belə düşünürsünüz ki, 50 ildir aktiv ictimai fəaliyyətdəyəm.

- Elçin bəy, çağdaş Azərbaycan ədəbiyyatını izləyirsinizmi?

- Əlbəttə. Mən gəncləri daha çox oxuyuram, çünki onlar daha çox Azərbaycan dilində yazırlar. Onların dili daha səmimidir, təmizdir. Artıq 60-cı illərin publisistikasının qoxusundan yorulmuşam.

- Amma gənclərin bir qismi tez-tez özündən əvvəlki nəslin yazıçı-şairləri haqda neqativ fikirlər səsləndirir. Təbii, buna yaşlı nəsildən qoşulanlar da var. Məsələn, Hikmət Hacızadənin Səməd Vurğun haqqında fikirləri...

- Hadisələrə, proseslərə həmin zaman kəsiyindən, həmin dövrdə baş verən hadisələr və reallıqlar çərçivəsindən yanaşmaq lazımdır. Yəni bu gün müstəqil Azərbaycanda yaşayırıq. Bizə təzyiq göstərən hər hansı ideologiya yoxdur. Bu azad çərçivədən 37-ci il olaylarına tam obyektiv yanaşa bilmərik. Tutaq ki, Səməd Vurğunu və digərlərini satqın adlandıranlar var, ancaq ortada fakt yoxdur, sadəcə şayiələr gəzir. Mən bəzi şeyləri əksinə eşitmişəm. Məsələn, eşitmişəm ki, həmin donosların altında Səməd Vurğunun imzası olmayıb, bizim bu gün qəhrəman elan etdiyimiz bəzi şəxslərin adı yazılıb. Səməd Vurğun elə bir dövrdə yaşayırdı ki, özü də repressiyaya məruz qala bilərdi. Onun “Boyasız, çadrasız türk qızlarından...” misrası yetərlidir ki, Azərbaycan xalqı öz milli kimliyini dərk etsin. Eləcə də “Azərbaycan” şeiri... Onun yazdığı bəzi şeirlər çağdaş dövrün ədəbi reallıqları prizmasından yanaşanda kiməsə, xüsusən sevimli gənclərimizə zəif görünə bilər. Məhz Azərbaycan şeiri xalqımızda milli ruhun qorunub saxlanılmasında rol oynayıb.

İdeoloji şeirlərə qalanda Mikayıl Müşfiqdə də, Hüseyn Caviddə də Sovet ideologiyasını təbliğ edən ədəbiyyat nümunələri var. Caviddə qismən var, amma çox azdır.

- Müşfiqin sovetləri təbliğ edən şeirləri var. Lakin sonu faciəli oldu... Bunun səbəbi haqda məlumatınız varmı?

- Mən bu mövzuda materiallar da oxumuşam, sənədli filmlərə də baxmışam. Lakin heç kim həmin dövrdə baş verənləri dəqiqliyi ilə deyə bilməz. Ola bilsin ki, Müşfiqə qarşı hansısa bir qadın məkri bu prosesdə rol oynayıb.Və ya Müşfiqə qarşı qısqanclıq...Təəssüf ki, biz hadisələrlə bağlı tam informasiyaya malik deyilik. Ona görə də ən doğru yol tarixi yerində saxlamaq və nəticə çıxarmaqdır. Bu hadisələr niyə baş verdi? Ona görə ki, Azərbaycan öz müstəqilliyini itirmişdi və ideologiya maşını sağına-soluna baxmadan onu doğrayırdı. Səməd Vurğun nə etməli idi? Qılınc götürüb təkbaşına o boyda SSRİ ilə vuruşmalı idi?!

- Təkcə Səməd Vurğuna və onun müasirlərinə yox, hazırda yaşayan ciddi fiqurlara da hücumlar olur.

- Bunun müxtəlif səbəbləri var. Təəssüf ki, bunlardan biri də gündəmə gəlmək məsələsidir. Sizə deyim ki, çox pis nümunələri ortaya çıxır. Məsələn, bu yaxınlarda ikinci bir Əkrəm Əylisli hadisəsi yaşandı. Gənclərdən biri (yazıçı-şair Əsəd Qaraqaplan – red.) Mübariz İbrahimovu qəhrəman hesab etmədiyini yazdı. Onlar iddia edirlər ki, insan öldürmək bəşərilik prinsipini pozur. Amma başa düşmək istəmirlər ki, Mübariz qatil erməni hərbçisini öldürməklə öz xalqının üzvlərini – neçə-neçə dinc azərbaycanlını qətliamdan, ölümdən xilas etdi. Yəni o bu xilasla bəşəriliyə xidmət edir. Kimdir qarşındakı düşmən?! Sənin övladını, qızını qətlə yetirən, gözü qanla dolmuş amansız bir qatil! Heç bir mənəvi dəyəri olmayan bir vəhşi. Əgər sənin o əsgərin düşmənə qarşı mübarizə aparıb, Zəhraların ölməyinə imkan vermirsə, o, qəhrəmandır. Onlar nə dediklərini özləri də bilmir. Onlarda dərin məntiq yoxdur. Necə ədəbiyyatlarında dərin məntiq yoxdur, eləcə də fikirlərində. Bunun kökündə təhsilsizlik, savadsızlıq dayanır. Əgər ədəbiyyat adamının analitik təhlil etmək qabiliyyəti yoxdursa, o, ədəbiyyatçı deyil. Çünki sən yazdığın romanda qəhrəmanlarını, hadisələri təhlil edib yazmalısan.

- Sizcə, Aprel döyüşləri, Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq xalqımızın psixologiyasında hansı dəyişikliklərə səbəb oldu?

- Xalqın özgüvəni artdı. Amma bu, təkcə Aprel döyüşləri və Mübariz İbrahimovla bağlı məsələ deyil. Bu istiqamətdə dövlətin uzun illərdir yürütdüyü bir siyasət var. Azərbaycan bayrağının ayrı-ayrı tədbirlərdə, yarışlarda qaldırılması da bunda rol oynayır. Bütün bu proseslər bizim yavaş-yavaş məğlub olmuş cəmiyyət kompleksindən qurtulmağımıza səbəb oldu. Əslində, biz məğlub xalq deyilik. Biz sadəcə olaraq, imperiyanın parçalandığı dövrdə imperiya tərəfində dəstəklənən silahlı ordunun qarşısında silahsız olaraq davam gətirə bilməyən xalqıq. Biz formalaşmış sovet - rus ordusunun qarşısına silahsız çıxmışdıq.

Lakin Aprel savaşı, Mübariz İbrahimovun qəhrəmanlığı göstərdi ki, biz döyüşən xalqıq. Ermənistan tərəfi reallığı açıq-aşkar gördü və başa düşdü ki, Azərbaycan ordusu çox güclüdür.

Bir mütləq fikir deyim: bu, dövlət artıq əbədidir. Dövlətimizin genişlənmək imkanı var, kiçilmək imkanı yoxdur!

- Azərbaycanın bir dövlət kimi dünya siyasi xəritəsində böyüməsi deyəndə ağla ilk gələn məsələ Güney Azərbaycandır. Sizcə, hansı siyasi proseslərdən sonra bütöv Azərbaycandan danışa biləcəyik?

- Gəlin ordan başlayaq ki, bu gün İran adlandırılan dövlət klassik türk dövlətidir. O dövlətin sahibi azərbaycanlılardır, onu azərbaycanlılar yaradıb, formalaşdırıblar. Hazırda Güneydə millətin şüurunun formalaşması prosesi davam edir. Orada Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə bağlı çox ciddi, böyük addımlar atılır. Məsələn, Təbrizdə Azərbaycan Mətbuat Muzeyi açılıb. Bu, çox böyük hadisədir. Artıq bizim mədəniyyətimiz orada kütləvi hal alır. Bildiyimiz kimi, mədəniyyət də bir xalqın özünü dərk etməsi bazasıdır. Biz tarixə baxıb Səttarxan, Xiyabani, Pişəvəri hərəkatının nə üçün süquta uğramasından nəticə çıxarmalıyıq.

Nəzərə alaq ki, güneydə daha çox azərbaycanlı yaşayır. Ona görə də onların bizə birləşməsi məsələsi kökündən yanlışdır. Qoy onlar orada öz müstəqil dövlətlərini yaratsınlar və ya bacarırlarsa, İrana sahib çıxsınlar. Düşünürəm ki, onlarda bu potensial var.

- Elçin bəy, dünya həyəcan təbili çalır. Şimali Koreya ilə ABŞ arasında olan nüvə hücumu söhbətləri insanlar arasında böyük narahatlığa səbəb olur. Bir peşəkar politoloq kimi bu haqda nə deyə bilərsiniz? Böyük savaş gözlənilirmi?

- Şübhəsiz ki, bu iki ölkə arasında sözügedən müharibənin olması gözlənilən deyil. ABŞ və Şimali Koreya ayrı-ayrı dövlət quruluşlarına malik olsalar da, hər ikisinə xarici düşmən lazımdır. Şimali Koreya ac-yalavac xalqını aldatmaq üçün ABŞ-dan istifadə etməyə çalışır. ABŞ-ın da bu konfliktdə öz maraqları var. Şimali Koreyanın ballistik raketləri ancaq yaxın hədəfləri vura bilər. Bu nüvə savaşı bəşəriyyət üçün böyük fəsadlara səbəb ola bilər. Ancaq əgər Koreya bu yola əl atsa, bir ölkə kimi yer üzündən silinəcək.

- Çalışdıq ki, sizin siyasi biliklərinizdən, analitik qabiliyyətinizdən faydalanaraq cəmiyyətə müəyyən mesajlar ötürək. İndi isə yenidən qayıdaq yubileyinizə... Maraqlıdır, 25 yaşınızda həyat, ədəbiyyat, gələcək haqqında nə düşünürdünüz, indi nə düşünürsünüz? Yəni hansı dəyişikliklər oldu?

- Çox şey dəyişdi... Nəinki 25 yaşımda, hətta 49 yaşımdan 50 yaşıma qədər olan vaxtda da xeyli şey dəyişib. 25 il ərzində özümü inkişaf etdirməklə məşğul olmuşam. Hesab edirəm ki, bunun nəticəsini almışam. Əgər insanın təfəkkürü dəyişmirsə, demək, onda inkişaf yoxdur.

- Elçin bəy, müəyyən illərdə bizim qarşımıza qoyduğumuz planlar olur. Siz 25 il əvvəl qarşınıza qoyduğunuz hansı planları həyata keçirə bildiniz?

- Məsələ burasındadır ki, qarşıma başqa planlar qoymuşdum, tamamilə başqa nəticələr əldə etmişəm. Amma mən bu nəticələrin daha xeyirli olduğunu düşünürəm. Həm mənim, həm də cəmiyyət üçün. Ona görə də artıq heç bir hədəf qoymuram. Ümumi strateji hədəflərim var, o da millətin, dövlətin maraqlarına xidmət etməkdir.

50 yaşdan sonra insanın hansı hədəfləri ola bilər? Ailənin, övladların, nəvələrin xoşbəxtliyi... Məncə, bunlar çox gözəl hədəflərdir.

İnsan daim öz üzərində işləməli, çalışıb özünü inkişaf etdirməlidir. Çox istərdim ki, gənclərimiz məhz bu məsələyə xüsusi diqqət göstərsinlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm