Alim Qasımov analara həsr edilmiş klipin təqdimat mərasimində göz yaşlarını saxlaya bilmədi - VİDEO
Bizi izləyin

Art

Alim Qasımov analara həsr edilmiş klipin təqdimat mərasimində göz yaşlarını saxlaya bilmədi - VİDEO

Bu gün Azərbaycanın məşhur şairi və dahi dramaturqu Cəfər Cabbarlının “Ana” əsəri əsasında yazılan kompozisiyanın təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, layihənin müəllifi və musiqinin bəstəkarı Elçin İmanovdur. “Ana” əsərini "Şöhrət" ordenli tanınmış muğam ifaçısı, xalq artisti və YUNESKO mükafatının sahibi Alim Qasımov ifa edib. Musiqi əsəri C.Cabbarlının Ev Muzeyi və Cəfər Cabbarlı adına "Mədəniyyət, elm və təhsilin inkişafına yardım" İctimai Birliyinin birgə layihəsi əsasında hazırlanıb. Əsərin aranjemanını Əvəz Muradov edib.

Maraqlıdır ki, mini-film tərzində çəkilən klipdə ilk dəfə Cəfər Cabbarlının qızı və nəvəsi də çəkilib. Cəfər Cabbarlının qızı, əməkdar mədəniyyət xadimi 87 yaşlı Gülər Cabbarlı 1979-cu ildən 2012-ci ilə qədər dramaturqun ev-muzeyinin direktoru olub. İndi bu mədəniyyət ocağına Cəfər Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı başçılıq edir. Klipdə həmçinin Elçin İmanovun 81 yaşlı anası Svetlana xanım da rol alıb.

Klipin təqdimatında tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib, onların arasında Cəfər Cabbarlının nəvəsi, əməkdar incəsənət xadimi Qəmər Seyfəddinqızı, Azərbaycan bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, əməkdar incəsənət xadimi, kino tənqidçisi Aydın Kazımzadə, xalq artisti Məbud Məhərrəmov, əməkdar aktrisa Hüsniyyə Mürvətova, şair və ictimai xadim Vahid Əziz, Cabir Novruz mədəniyyət fondunun rəhbəri Cavanşir Qurbanov, tanınmış teleaparıcı və tarixçi Rahib Azəri və başqaları iştirak edib. Tədbirin aparıcısı tanınmış şair Vüqar Əhməd olub.

""ANA" əsəri 1916-ci ildə yazılıb və heç vaxt ekranlaşdırılmayıb. Bu əsəri Cəfər Cabbarlı öz anasına və onun timsalında bizim bütün analara həsr edib. Cəfər Cabbarlının zəngin irsinə müraciət bizim anaların isti əllərinə, zərif ürəklərinə məhəbbət və ehtiramımızı göstərmək imkanı, eləcə də gələcək nəsillərə çağırışdır” , - deyə Elçin İmanov bildirib.

Tədbirin qonaqları çıxışlarında qısa ömür yaşasa da, özündən sonra zəngin irs qoyan Cəfər Cabbarlı yaradıcılığının təbliği və qorunması istiqamətində layihənin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Musiqi əsərinə çəkilən klipin rejissoru Fuad Təhməzov, operatoru Sənan Eynullayevdir. Rejissor bildirib ki, klipdə konkret ana obrazı yoxdur: “Bunu yaşamaq lazımdır. Mən bu itkini yaşamışam. Ona görə də klipə ürəyimi qoymuşam. Ana obrazında konkret heç kim yoxdur. Sadəcə, Cəfər Cabbarlının qızı və Elçin İmanovun anası çəkilib. “Ögey ana” və “Aygün” filmlərinin kadrlarından istifadə olunub”.

Əsər xalq artisti Alim Qasımov təqdimat mərasimində əsərdən bir parça da ifa edib. Dünya şöhrətli xanəndə yeni mahnısında öz anasını xatırlayaraq çox duyğulandığını gizlətməyib. Onun sözlərinə görə, bu şeiri illər əvvəl əzbərləyib. Lakin heç bir əsərdə ifa etməyib: “Muğamda istifadə edə bilmədim. Uzun çıxırdı. Amma təklif gəldi və oxudum. Cəfər Cabbarlının nəvəsi də zəng elədi. Onun sözündən keçə bilmədim. Elçin müəllimdə ifada kömək elədi, amma şeirə olan eşq olmasa idi, razılıq verməzdim”.

Cəfər Cabbarlının erkən dövrlərdə yazdığı satirik şeir və hekayələri qadın hüquqsuzluğu, inkişafı və sosial bərabərsizliyinə qarşı yönəlib. Onun "Nəsrəddin-şah" (1916 il) və "Od Gəlini" tarixi dramları, (1927) "Aydın" (1922), "Oqtay Əl-haşimi" (1923), "1905-ci İldə" (1931) pyesləri, və "Qız Qalası" (1923-1924) poeması cəmiyyətdə və ədəbi dairələrində böyük əks-səda doğurub.

Cəfər Cabbarlı "Şahsənəm" operasının libretto müəllifi və Azərbaycan kino ssenaristi məktəbinin banisi sayılır. Onun "Sevil" və "Almaz" pyesləri motivləri əsasında müvafiq olaraq 1929 və 1936-ci illərdə filmlər çəkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm